Reklam bizi hər yerdə əhatə edir. Reklam nümayəndələri davranışınıza təsir etmək üçün istənilən vasitədən istifadə etməyə hazırdırlar. Bu təsirə qarşı gəlməyə çalışmaq – öz müstəqilliyinizi, seçim haqqınızı və pulqabınızı qorumaq deməkdir. Lakin bunu etmək heç də həmişə asan deyil.
Hər gün, hər saat, hər dəqiqə beynimiz tonlarla reklam məlumatı ilə yüklənir. Müasir reklam sənayesi uğurla bizim üstünlüklərimizi, arzularımızı, fikirlərimizi, son nəticədə isə davranışımızı idarə edir. Adi “kiçik insan” bu təsirlərə necə qarşı gələ bilər?
Reklamı məhdudlaşdırın
Reklamın təsirinə qarşı mübarizə aparmağın ən sadə yolu ondan xilas olmaqdır. Görməmək, eşitməmək və oxumamaq. Təəssüflər olsun ki, reklamı tam olaraq həyatınızdan çıxarmaq mümkün olmayacaq. Lakin onu əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. İnternetdə mövcud reklamın əksəriyyətini Adblock Plus və yaxud Adguard kimi xüsusi proqramlarla blok etmək mümkündür. Televizorda izlədiyiniz reklamlardan xilas olmaq üçün isə televizora baxmaq üçün ayırdığınız zamanı məhdudlaşdırmaq məqsədəuyğundur.
Diqqət yetirin
Reklam texnologiyaları artıq uzun müddətdir ki, “al, al, al” primitivliyindən uzaqlaşıb. Reklam mütəxəssisləri artıq birbaşa olaraq şüuraltınıza təsir etməyi öyrənmişlər. Bu təsirlə mübarizə aparmaq isə çətindir. Belə ki, heç də həmişə bunun fərqində olmuruq. Kiçik, lakin effektiv təsirlərin fərqinə vardıqda həmin təsirlər öz gücünü itirməyə başlayır. Bunu reklama aid etdikdə isə təsir anlarına, vasitələrə, dürüst olmayan metodlara diqqət yetirmək lazımdır. Bunun üçü isə reklamın insalara təsiri mexanizmi barədə bir neçə məqalə oxumaq kifayətdir və bununla manipulyasiyalara daha az tabe olacaqsınız.
İmpulsiv alış-verişlərdən uzaq olun
İstehlakçıların dərhal, burada və indi alış-veriş etməsinə şərait yaradan xüsusi reklam fəndləri mövcuddur. Məsələn, mağazalarda və əksər olaraq internetdə mövcud olan reklam. Burada isə sizin köməyinizə impulsiv alış-verişdən necə xilas olmaq barədə məsləhətlər kömək edə bilər:
Belə ki, müasir cəmiyyət bizi durmadan yeni-yeni tələbatlar qarşısında qoyur. Biz daim alış-veriş etməyə ehtiyac duyuruq. Bunu ya ruhumuzdakı yaraları sağaltmaq, yaxud yeni emosiyalar qazanmaq məqsədilə edirik. Özümüzü dəyərli hiss etmək üçün daha çox əşyaya sahib olmağı arzu edirik.
Əgər yersiz və lazımsız alış-veriş etmək vərdişinin öhdəsindən gəlməyin mümkün olmadığını düşünürsünüzsə yanılırsınız. Aşağıdakı məsləhətlərə riayət edərək özünüzü bu müasir bəladan xilas edə bilərsiniz.
Əşyaların sayını məhdudlaşdırın. Fərdi olaraq sərhədlər təyin edin: çantanızda nə qədər əşya var, geyimləriniz qarderobda nə qədər yer məşğul edir, masanızın üzərində əşyaların sayı nə qədərdir. Bu yeni əşyalar və yaxud məhsullar almadan öncə artıq sahib olduğunuz əşyaları yenidən qiymətləndirməyə imkan qazandıracaq. Bu kiçik təhlillə yeni alacağınız əşyaya ümumiyyətlə ehtiyacınızın olmadığını anlayacaqsınız.
Hər anı qiymətləndirin. Alış-veriş etmək arzusu yeni emosiyalar əldə etməyə cəhd etməyimizdən yaranır. Bu isə o deməkdir ki, biz artıq sahib olduğumuzu qiymətləndirmirik. Biz sahib olduğumuzla qane olmuruq, ətrafımızda dünyanın nə qədər gözəl olduğunun fərqinə varmırıq və zamanımızı xəyali xoşbəxtliyin ardınca qaçmaqla keçiririk. Əslində isə xoşbəxt olmaq üçün hazırda yaşadığınız an kifayət edər. Sadəcə bunu dərk etmək lazımdır.
Kiçik şeylərdən həzz alın. Qarşınıza çıxan hər kəs bu cümləni təkrar edə bilər. Lakin sizin vəziyyətinizdə bu məsləhətə qulaq asmağınız yerinə düşər. Hər yeni açılan səhərdən, payız günündə günəşin istisini hiss etməkdən ilham və zövq alsanız həyatınız yeni emosiyalar ilə zənginləşəcək. Nə qədər bəsit səslənsə də, ətrafımızda dəyərli olan hər şey bizə ödənişsiz olaraq təklif edilir.
Üstünlüklərinizi təyin edin
Müqayisə etmək və seçmək – təbii ki, müsbət keyfiyyətdir, lakin çox zaman tələb edir. Etibar etdiyiniz istehsalçı, brend, mağaza, konkret məhsul təminatçısının siyahısına sahib olmaq çox faydalıdır. Belə olduqda, heç bir reklam sizi yolunuzdan döndərə bilməyəcək. Mahiyyət etibarilə, bu elə həyat tərzi adlanır. Lakin düzgün və məntiqli yanaşma əvvəlcədən hazırlanmış qərarların mütəmadi olaraq yenilənməsini tələb edir. Əks təqdirdə siyahı effektivliyinizi itirəcə, axı, zaman durmadan irəli gedir və yeni adətən köhnədən daha yaxşı olur.
Sonda qeyd edək ki, reklamın təsirinə qarşı gəlməyin uğuru güclü şəkildə individuallıqdan asılıdır. Hər bir kəs fərdi olaraq öz strategiyasnı seçir və yaxud öz davranış tərzini özü təyin edir.
banker.az