Cəzasızlıq özbaşınalıq yaradır | Безнаказанность рождает вседозволенность

Cəzasızlıq özbaşınalıq yaradır | Безнаказанность рождает вседозволенность

Məlumdur ki, ölkənin milli iqtisadiyyatı bu gün ağır günlərini yaşayır. Neftin qiymətinin aşağı düşməsi, milli valyutanın devalvasiyası, dünya bazarlarında əlverişsiz konyuktura  tələb edir ki, uzun müddət yalnız neft və digər xammal gəlirləri ilə dolanan ölkə iqtisadiyyatının sağalması üçün təcili təxirəsalınmaz tədbirlər görülsün.
Bu kontekstdə  ilk növbədə iqtisadiyyatda ciddi struktur islahatlarını keçirmək, büdcə vəsaitlərinin xərclənməsi üzərində nəzarəti ciddiləşdirmək  və bununla yanaşı sözdə deyil, əməldə cəmiyyətimizin bəlası olan və onun inkişafını ləngidən məmur özbaşınalığını, korrupsiyanı, rüşvətxorluğu, inhisarlaşmanı kökündən yox etmək lazımdır. Bu xərçəng şişi kimidir, metastazlar cəmiyyətin əksər sahələrini tutub və onun çürümə əlamətləri aşkardır. Aydındır ki, kardinal islahatlar və məmur özünəbaşlığ əleyhinə total, güzəştsiz mübarizə lazımdır, amma islahatları köhnə düşüncə tərzi ilə keçirmək perspektivsiz məşğuliyyətdir.
Müxtəlif təbəqəli məmurlar öz vəzifələrini ailəvi mülkə çevirib və 1001 oyundan çıxırlar ki, bircə ciblərini dövlət hesabına doldursunlar və etdiklərinə, oğurladıqlarına görə heç bir əngəllə qarşılaşmasınlar – cəzasızlıq isə məlum olduğu kimi, özbaşınalıq doğurur.
Artıq uzun müddətdir ki, mütəmadi olaraq KİV-də Bakı ş. İcra hakimiyyətinin Reklam və İnformasiya İdarəsində baş verən özbaşınalıqlar və məmur özbaşınalıqları barədə dəfələrcə aktual  məqalələr yayımlanıb.  Bu dövlət strukturunun rəhbərləri Əli Əskərov və Zahid İsmayılov utanmayaraq öz xidməti mövqeyindən, dövlətin onlara həvalə etdiyi öhdəliklərdən istifadə edərək, bu İdarəni  faktiki olaraq şəxsi, ailəvi kommersiya strukturuna çevirərək, paytaxtımız Bakı şəhərində çöl reklamını ələ keçirərək inhisar yaradıblar.

Bütün bunlar bu cür məmurlarımızın həqiqətən unikal və analoqsuz olması faktını parlaq nümayiş etdirir.
Öz açıq bəyanatlarında və rəsmi müraciətlərində onlar qanunlardan, norma və qaydaların hamı üçün bərabər olmasından, ədalətdən ağızdolusu danışırlar. Amma öz qərəzli və tamahkar maraqlarına gələndə çirkin əməllərə, hiylələrə əl atır, heç kəsi və heç nəyi vecinə almırlar.
Həqiqətən də bu cür məmurların özbaşınalığı,  ikiüzlülüyü və riyakarlığının həddi-hüdudu yoxdur. Elə bir təəssürat yaranır ki, onlar Azərbaycan Respublikasının “Dövlət Xidməti haqqında qanunu”-nu heç bir dəfə də olsun əllərinə almayıblar. Axı bu qanunda dəqiq və birmənalı şəkildə qeyd olunub ki, dövlət qulluqçusuna işlədiyi sahədə kommersiya fəaliyyəti ilə məşğul olmaq qadağandır, bu zaman maraqların toqquşması meydana gəlir.
Bu başabəla məmurlar Ə.Əsgərov və Z.İsmayılov çöl reklamı sahəsində məhz onların rəhbərliyi dövründə yer alan obyektiv və subyektiv səbəblər üzündən yaranmış vəziyyətdən məharətlə və peşəkarcasına istifadə etmişlər. Məhz bu zaman Bakı şəhərinin, xüsusilə də mərkəzi küçələrində geniş miqyaslı abadlaşdırma işləri başladı. Onlar da qərara gəldi ki, bu onların şansıdır və bu şansı heç bir halda əldən vermək olmaz. Tələsik onlar yaxın qohumlarının adına rəsmiləşdirilmiş bir neçə  kommersiya strukturu yaratdılar və acgöz iştahla çöl reklamı bazarını zəbt etməyə başladılar.
Məhz onların dövründə reklam konstruksiyalarının şəhərin mərkəzi küçələrində görünməmiş demontajı başladı. Nəticədə bir çox xırda və orta reklam agentlikləri bu məmurların tədbirləri üzündən müflis oldu. Əslində isə konstruksiyaların belə irimiqyaslı demontajına heç bir əsaslı səbəb yox idi və ola da bilməzdi, çünki onların bünövrəsi çox kiçik sahə tuturdu və abadlıq işləri zamanı problem yarada bilməzdi. Məsələ onda idi ki, bunların hamısı İdarə rəhbərliyinin uzaqgörən məqsədləri naminə edilirdi ki, gələcəkdə bu yerləri asanlıqla ələ keçirsinlər.
Bu reklam yerlərinin keçmiş (şəhərin abadlıq işlərindən öncəki) reklam agentliklərinə qaytarılması barədə şifahi və yazılı, rəsmi müraciətlərə, bəyənatlara, tələblərə baxmayaraq Reklam İdarəsinin rəhbərləri Əli Əsgərov və Zahid İsmayılov müxtəlif və mümkün formal səbəblərlə tələsik şəkildə bütün reklam daşıyıcılarına, öz ailə üzvlərinin adına olan agentliklərin reklam lövhələrini yerləşdirdilər.
Çox güman ki, sıravi məmurun əmək haqqı ilə yaşamaq onların ürəyincə deyildi və buna görə də Reklam İdarəsini əlavə gəlir mənbəyinə çevirmək qərarına gəlmişdilər.
Reklam məmurlarının bu manipulyasiyaları nəticəsində bu gün bizdə faktiki olaraq bütünlüklə monopoliyaya məruz qalmış, məmurların idarə etdiyi, tənzimlədiyi və nəzarət etdiyi sahə var.
Reklam agentliklərini yaradarkən bu başabəla məmurlar düşünür ki, istənilən biznes onların əllərindən gəlir, sadəlövhcəsinə güman edirlər ki, reklam sadəcə şəkili çap etmək və onu göstərməklə bitir.
Heç bir peşəkar təcrübəsi, lazımi səriştəsi olmayan qohum-əqrəbalardan diletant kollektiv toplayaraq – onlar reallıqda çöl reklamı sahəsini dəhşət hala gətirib onu əsl “bazara” çeviriblər. Beynəlxalq reklam agentliklərinin, böyük reklamverənlərin Azərbaycanda çöl reklamı haqqında xoşagəlməz fikirlər söyləməsi və bu sahədə bütün təkliflərə şübhə ilə yanaşmaları da onların sayəsində oldu.
Belə bir vəziyyətdə korrupsiyanın olması qaçılmazdır, çünki heç bir bərabərlikdən, sağlam rəqabətdən, səmərəli şəraitdən söhbət də ola bilməz.  İnzibati resursların sayəsində bütün sərfəli şərtlər, bütün imtiyazlar, üstünlüklər aydın məsələdir ki, yalnız öz nəzarətlərində olan şəxsi kommersiya strukturlarına verilir və mərhələli şəkildə, sistematik olaraq paytaxtda bütün çöl reklamını öz əllərinə keçirirlər. Müxtəlif uydurma bəhanələrlə, öz səlahiyyətlərindən istifadə edərək məmurlar reklam bazarında hələ də  fəaliyyət göstərən digər iştirakçıları sıxışdırıb aradan çıxarmağa çalışırlar. Onların məqsədi aşkardır – bu bazarda şərtləri və qiymətləri diktə etmək, bazarda yeganə oyunçu olmaq və çox yüksək gəlir qazanmaq üçün 100% payla monopoliya yaratmaq.


Başabəla məmurların üzündən haqları tapdalananların, müflisləşənlərin, bazardan sıxışdırılıb çıxarılanların, indiyədək sıxışdırılanların və dözülməz iş şəraitinə məruz qalanların müraciət etmədiyi yer qalmayıb, amma bütün ərizələr, müraciətlər, iddialar və tələblər əvvəlki kimi cavabsız və lazımi reaksiyasız qalır.
Reklam İdarəsinin rəhbərləri öz maraqlarını müdafiə etmək üçün yüksək maaşlı hüquqşünasları cəlb edərək (reklam bazarının miqyasını nəzərə alaraq bu işlər üçün maliyyə imkanları yetərlidir) faktiki olaraq özlərini araşdırmaların  gözlənilməz nəticələrindən (həm inzibati, həm də məhkəmə) sığortalayırlar.
Paradoks ondadır ki, söhbət qapalı çərçivədə məlum olan bir şeydən getsəydi, onda bu vəziyyətin indiyədək haqlı qiymətini almaması aydın olardı.
Dərd də burasındadır ki, bu məsələ üzrə qərəzsiz araşdırma aparıb ədalətli və obyektiv qərar verməli olanlar da daxil olmaqla, yüz minlərlə vətəndaş demək olar ki, hər gün reklam plakatlarına baxır.  Kommersiya strukturlarının mənsubiyyətini, onların sahiblərinin Əli Əsgərov və Zahid İsmayılovla qohumluq əlaqələrini, təəssüf ki, heç kim araşdırmır.
Amma bu halda belə sual peyda olur: neçə nəfər ifşa olunmalıdır? Neçə Akula Akiflər, Çovdarovlar, Zeynalovlar, hələ neçə yüksəkçinli məmur uzaqlaşdırılmalıdır, onlara cinayət işi açılmalı, neçə korrupsioner, dələduz,  reketir, rüşvətxor məmur əlindən tutularaq cinayət məsuliyyətinə cəlb olunmalıdır ki, başqalarına da dərs olsun?
İp nə qədər dartılsa da, axırda mütləq qırılacaq. Bəzən normal bir insan da məmurlarin həmrəyliyindən və ikitərəfli işindən heyrətə gəlir. Amma son vaxtların korrupsiya skandalları göstərir ki, məmurların bu zənciri müvəqqətidir və X anı gələndə onlar bir-birini dəyər-dəyməzinə satır,
Ölkə hakimiyyəti biznes mühitini yaxşılaşdırmaq, investisiyaların cəlb olunması və ölkənin qeyri-neft sektorunun inkişafı üçün əlindən gələni edir, amma Reklam İdarəsindəki kimi bəzi dövlət məmurları isə elə öz ciblərini doldurmaqla məşğuldur.
Məmurlarımızın diribaşlığı və zirэkliyi heyrətə gətirir, bu vəzifə sahiblərinin sözün əsl mənasında analoqu yoxdur, bütün xoşməramlı və yaxşı təşəbbüsləri qaralamağa və məhv etməyə qadirdilər. Bütün fərmanları öz maraq və istəklərinə uyğun anlamaq bacarıqlarına isə əl çalmaq düşür.
Belə bir özbaşınalığı, məmur acgözlüyü və həyasızlığı olan sarsılmaz bürokratik barrikada ilə qarşılaşdıqda sahibkarların çoxu təslim olub və qanunsuzluğa qarşı mübarizənin mənasızlığına əmin olaraq reklam bazarından uzaqlaşıb (buna görə onlara bəraət qazandırmağa və ya günahlandırmağa heç kimin haqqı yoxdur, bu onların seçimidir, onların qərarıdır).
Amma əgər bu azğın məmurlar həsəd aparılacaq bir inadkarlıqla öz maraqlarını qoruyub saxlamağa yenə də davam edirlərsə və heç bir halda geri çəkilmək istəmirlərsə – onlara “əhsən” demək lazımdır..
Davamı var…
Top