Hiyləgər marketinq gedişləri

Hiyləgər marketinq gedişləri

Nəyə görə istifadəçilər çox saylı seçim olduğu halda məhz müəyyən bir brendə üstünlük verirlər?
Biz sizə bu məqalədə kiçik bir reklam sayəsində məhsulun satışlarını necə artırmağın nümunələrini təqdim edirik. 

Məhz Marlboro şirkəti bugünkü gündə siqaretlərin qablaşdırma standartı olan qablaşdırma üsulunu icad etmişdi. Şirkət bunu reklam xatirinə etmişdi. Belə ki, əksər insanlar siqaretin qutusunu ciblərindən çıxarmayaraq siqaretin özünü çıxara bilirdilər. Və belə olduğu halda siqaret istifadəçisinin ətrafında digər insanlar həmin şəxsin hansı siqaret brendindən istifadə etdiyini bilmirdilər.

Este Lauderin öz ətirlərini necə satmağa başladığı haqqında bir əfsanə var. Belə ki, əfsanəyə görə, Este Lauderin işləri yaxşı getmirdi və parfümeriya və salonlar onunla müqavilə bağlamaq istəmirdilər. Lauder Nyu-Yorkda ən böyük parfümeriya mağazalarından birinə gələrək “təsadüfən” öz ətir şüşəsini yerə salır, şüşə qab sınır və hər tərəfə ətirin qoxusu yayılır. Mağazada olan xanımlar ətiri bəyənir və onunla maraqlanmağa başlayırlar.

Nəticədə, parfümeriya mağazası Este Lauder ilə müqavilə bağlamağa məcbur qalır.

1896-cı ildə Henri Hayns Nyu-Yorkda gəzişərkən ayaqqabı mağazasının reklamına rast gəlir. Onlar müştərilərə “21 növ ayaqqabı” təqdim edirdilər.

Analoji olaraq Henri Hayns istehsal etdiyi ketçuplar üzərində “57 növ” yazır. Bu rəqəm ketçupun həqiqi çeşidlərinin sayını əks etdirmirdi. Lakin Henri bu rəqəmi sevirdi və alıcılar bu rəqəmdən təsirlənirdilər.

Uzun zamandır hesab edilirdi ki, Tefal tavalarının alınmasının əsas səbəbi onlarda yemək bişirərkən bir qram belə yağın istifadə edilməməsidir. Lakin tədricən bəlli oldu ki, tavaların əsl alınma səbəbləri onların asanlıqla yuyulmasındadır, çünki yeməklər tavanın dibinə yapışmır.

Reklam kampaniyasının mətninin dəyişdirilməsi Tefal tavalarının satışlarının yüksəlməsinə səbəb olmuşdu.

1960-cı illərdə Alka-Seltzer-in reklamlarında bir stəkan suya iki həb dərman atıldığı göstəriləndən sonra dərmanın satışları iki dəfə çoxalır.

Bu reklam gedişin üzərində Tinker&Partners reklam agentliyi işləmişdi.

Dahi bir marketoloq şampunun üzərində təlimatda “iki dəfə yuyun” yazmaqla şampunun satışlarını iki dəfə çoxaltmağa müvəffəq olmuşdu.

Saqqız reklamlarını yada salın. Reklamlarda insanlar ağızlarına neçə saqqız qoyurlar?

1980-ci illərin əvvəllərində Timberland ayaqqabı istehsalçısının işləri pis gedirdi. Onların buraxdığı ayaqqabıların qiyməti rəqib şirkətin buraxdığı ayaqqabıların qiymətindən aşağı idi.

Lakin sonra Timberlandda sadə bir qərar qəbul edirlər: onlar məhsullarının qiymətini yüksəldirlər və satışlar artır.

Bu hal Devid Ogilvinin sözlərini təsdiq edir: “Qiymət nə qədər yüksək olarsa, alıcı bir o qədər həmin məhsula dəyər verər”.

banker.az
Top