Marketinq planı nədir?

Marketinq planı nədir?

Marketinq planı sizə öz marketinq səylərinizi formalaşdırmaqda, istiqamətləndirməkdə və əlaqəlandirməkdə böyük kömək edəcəkdir. Marketinq planının hazırlanması üçün siz, bazarınızda gedən prosesləri qiymətləndirməli və onların fəaliyyətinizə təsirini  tədqiq etməlisiniz.
Səyahət zamanı yol xəritəsi sizin üçün bələdçi rolu oynadığı kimi, marketinq planı da sizi və işçi heyətinizi qarşıya qoyulmuş məqsədə doğru yönəldir. Sizə borc vəsati verməyi və ya biznes fəaliyyətiniz üçün investisiya ayırmağı planlaşdıran təşkilatların nümayəndələri biznes planı tələb edir və sizin tərtib etdiyiniz marketinq planı həmin biznes planının əsas komponenti hesab olunur.

Marketinq planı şirkətiniz və onun məhsulları, marketinq məqsədləri və strategiyaları, eləcə də marketinq işlərinizin nailiyyətləri haqqında məlumatları özündə əks etdirir. Bu plan konkret bir dövr, adətən birillik dövr ərzində sizin həyata keçirdiyiniz bütün marketinq işlərindən ibarət olur. Siz bu plana həmçinin həmin marketinq işlərinin seçilməsində istifadə etdiyiniz tədqiqat nəticələri haqqında məlumatları da daxil edə bilərsiniz. Çox vaxt  marketinq planı fəaliyyət proqramının komponenti olur. Marketinq planı aşağıda sadalanmış dörd əsas suala cavab verməlidir:
  • şirkət nə satacaqdır?
  • şirkət kimə satacaqdır?
  • şirkət nə qədər satacaqdır?
  • şirkət hansı qiymətə satacaqdır?
Siz ideya baxımından ilk marketinq planınızı fəaliyyətə başlamazdan əvvəl ümumi fəaliyyət planının tərkib hissəsi kimi işləyib hazırlamalısınız. Əgər siz heç bir yazılı fəaliyyət planı olmadan hər hansı fəaliyyətə başlamısınızsa,  bu halda nəzərdə tutduğunuz növbəti 12 (on iki) ay üzrə məqsədlərinizi əks etdirən plan işləyib hazırlamalısınız. Planınızı mütəmadi olaraq təzələyin. Keçən ilki strategiya bu ilki bazar konyunkturası ilə uyğunlaşmaya bilər. Hər bir, ən azı hər bir rüblük fəaliyyətiniz barədə marketinq planı hazırlamaq və onu təkrar nəzərdən keçirmək üçün yaddaş qeydləri yazıb saxlayın.
Top