Mənası «qışqırmaq, səsləmək» olan reklam anlayışının kökü çox qədim dövrlərə gedib çıxır. Müasir dünyada isə reklam müstəqil KİV-in etibarlı maliyyə mənbəyi olmaqla yanaşı, medianın azad söz ifadəçisi kimi yaşamasını təmin edir. Çağdaş dünyada azad reklam işinin təşkili ilə bağlı zəngin təcrübə və hüquqi baza mövcuddur.
Beynəlxalq Reklam Məcəlləsinin əsas prinsiplərində göstərilir: "
Reklam qüsursuz, ədəbli, doğru-düzgün olmalıdır, reklam lövhəsi hazırlanarkən cəmiyyət qarşısında məsuliyyət hissi qorunub saxlanmalıdır, heç bir reklam müraciəti reklama ictimai inamı qırmamalıdır". Təbii ki, göstərilən tələblərə məhəl qoymanda inam qırılır. Reklam yayıcısı olan qurum və yaxud teleticarətlə məşğul olan kanal ictimai fikri, qınağı nəzərə almayıb para qazanmaq məqsədilə nəyi gəldi, necə gəldi verirsə və yaxud küçələdəki reklam lövhələri harada gəldi yerləşdirilirsə, onda beynəlxalq Reklam Məcəlləsinin prinsiplərindən danışmağa dəyməz.
Sivil bazar münasibətlərinin yetərincə formalaşmadığı postsovet məkanında reklam işi tək hüquqi bazanın çatışmazlığı və yaxud ona lazımı qədər riayət olunmaması ilə deyil, bu, yeni sistemin mahiyyəti və insanların təfəkkür tərzi ilə bağlıdır. Hazırda Azərbaycanın reklam bazarının həcmini gizli reklamların mövcudluğuna görə dəqiq demək çətindir. Bu sahədə fəaliyyət göstərən, reklam işi ilə məşğul olan şirkətlərin sayı isə 100-ə yaxındır. Reklamların bölüşdürülməsinə gəldikdə, 1-ci yerdə telekanallar, 2-ci meto ərazisi, 3-cü küçə reklamları, 4-cü yerdə internet şəbəkəsi, sonuncu yeri isə qəzetlər tutur.İnkişaf etməkdə olan ölkələrdə qəzet gəlirlərinin 70%-i reklamdan qazanılır və bu da mətbuatın rentabelli işləməsi üçün yetərlidir. Azərbaycanın media qurumlarının təmsilçiləri reklam bazarının darlığından, reklamların bölüşdürülməsində ədalət prinsipinin pozulmasından şikayətlənirlər.
Reklam bazarı ölkənin Ümum Daxili Məhsulunun 1%-i həcmində olmalıdır. Təbii ki, mövcud problemlər Azərbaycan jurnalistikasının inkişafını ləngitməklə bərabər azad bazar münasıbətlərinin prinsipləri ilə ziddiyyət təşkil edir. Bəs, problemdən çıxış yolu nədədir?
İlk öncə azad reklam bazarını formalaşdırmaq, iqtisadi rəqabəti gücləndirmək məqsədilə Reklam Şurasının yaradılmasına ehtiyac var. Bu qurumu necə yaratmaq, idarəetmə sistemini necə qurmaq olar? Bu artıq növbəti müzakirələrin mövzusu ola bilər. Bəziləri narahatçılıq keçirir ki, belə qurumun yaranması reklam bazarının tam nəzarətə düşməsinə, bəzi KİV-lərin kənarda qalmasına gətirib çıxaracaq. Mənə belə gəlir bu məsələ həmin qurumda təmsil olunacaq insanların hüququ məsuliyyyətini necə dərk etməsindən, işə səmimi və vicdanlı yanaşmasından asılıdır.
İkincisi, ondan başlamaq lazımdır ki,
«Reklam haqqında» Qanun müasir dövrün tələblərinə uyğunlaşdırılsın. Milli Məclisdə Rəqabət Məcəlləsinin qəbulu gözlənilir. Bu qanunun mahiyyətinə və azad iqtisadi mühitin yaradılmasına təsirini nəzərə alaraq 12 il bundan əvvəl qəbul edilən «Reklam haqqında» Qanun yenilənməlidir.
Ümumiyyətlə, bu sahə ilə bağlı inkişaf strategiyası işlənib hazırlanmalıdır. Digər tərəfdən, reklam verən şirkətlərin hər iki aydan bir reytinq göstəricisini göstərilməklə bərabər onlara müəyyən güzəştlərin tətbiqi səmərə verər. Nəhayət Reklam Şurası sosial reklam məsələsini qaldıra bilər. Əvvəlcə gəlin görək sosial reklam anlayışı, bunun cəmiyyət üçün xeyiri nədir?
1997-ildə qəbul edilən «Reklam haqqında» Qanunda sosial reklam belə xarakterizə olunur: «Sosial reklam-Azərbaycanın müstəqilliyi və dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində görülən tədbirlərin, həyata keçirilən islahatların mahiyyətinin açıqlanması, milli, hərbi vətənpərvərlik hissini gücləndirən, ictimai şüuru yeni iqtisadi münasibətlərə uyğunlaşdıran, sahibkarlıq və xeyriyyəçilik kimi milli ənənələri bərpa edən, əhalidə gələcəyə inam, təmkinlik ovqatlarını formalaşdıran, ekoloji mədəniyyət səviyyəsinin yüksəldilməsi məqsədi ilə dövlət orqanları, ictimai institutlar tərəfindən sifariş olunan və yayılan informasiyadır».
Qanunun tələblərinə görə şirkətlər ümumi reklam büdcəsinin 5%-ni sosial reklama ayırmalıdır.
Təəssüf ki, xeyriyyəçilik mahıyyətli sosial reklam anlayışı unudulur. Araşdırsaq görərik, ki, elə şirkətlər var sosial reklama nəinki vəsait ayırmır hətta bunu artıq hesab edirlər. Halbuki ətraf mühitlə, insan sağlamlığı ilə və yüzlərlə digər mövzu ilə bağlı sosial reklamlara ehtiyac hiss olunur. Reklam bazarının, reklam mədəniyyətinin formalaşması yalnız mediaya lazım deyil. Belə demək mümkünsə bu bütünlükdə cəmiyyətə, istehsalçıya, istehlakçıya lazımdır. Digər tərəfdən sivil reklam bazarının təşkili KİV-i təmiz iqtisadi gəlir götürməyə, ən azından gizli reklamın azalmasına, qanuni gəlirlərin vergiyə cəlb olunmasına yönəldər.
Mənbə:
modern.az