Bp: Yüz üç ilin şöhrəti

Bp: Yüz üç ilin şöhrəti

British PetroleumBiznesdə 100 illik tarix olduqca böyük nailiyyətdir. Bütün bu illər ərzində bp ilkin cığır açan bir şirkət olub və indi də belə təşkilat olmaqda davam edir. Son aylar bp ətrafında söz-söhbətlərin ara verməməsinə baxmayaraq,  konsern bu gün də liderliyini əldən vermir. bp yaşayır, baş verən hadisələri araşdırır, tədbirlər həyata keçirir. 100 illik tarixi olan bu təşkilatın tarixi yəqin ki, çoxlarına maraqlı olar. Gəlin bu tarixi biz də vərəqləyək...
bp -nin rəsmi tarixi 1909-cu ildən başlansa da, şirkətin əsası 1901-ci ildə ingilis Uilyam Noks Darsinin cəhdləri sayəsində qoyulmuşdur. O, İran şahından müsbət cavab aldıqdan sonra qarşısında İranda neft ehtiyatlarının axtarışı və kəşfi ilə məşğul olmaq imkanı açılmışdı. Düzdür, şahın icazəsinə görə, Uilyamın  görəcəyi işlər yalnız Rusiya ərazilərinə yaxın olan beş əyalətdə məhdudlaşdırılmışdı. İlk vaxtlar o, Corc Reynolds adlı mühəndisi özünə köməkçi götürür. Corc İran ərazisində neft yataqlarının axtarışı ilə məşğul olur.
İran çoxlu mənfilikləri olan maraqlı ölkədir: XX əsrin əvvəllərində əlverişsiz iqlim şəraiti, çətin yolları, qeyri-sabit siyasi vəziyyəti olan bu ölkədə Reynoldsun missiyası həqiqətən ağır idi. Vaxt gedir, neft yataqları tapılmırdı. Tərslikdən də Uilyamın səhhəti gündən-günə pisləşirdi. Neft axtarışlarını davam etmək üçün o, investisiya axtarmağa başlayır.  1905-ci ildə Burman Oil şirkəti ona bu işləri davam etdirmək üçün xeyli vəsait ayırır.
Yalnız üç ildən sonra Corc Reynolds öz komandası ilə birlikdə təsadüfən İranın cənubunda, Məscidi-Süleymanda kifayət qədər böyük neft yatağı aşkar edir. Bu neft yataqlarının işlənməsinə dərhal başlanıldı ki, bu da həmin ərazinin neft regionu kimi tanınması ilə əlamətdar oldu.
1909-cu il aprelin 14-də İranda Məscidi-Süleyman yatağının işlənməsi üçün Anqlo-Fars Neft Şirkəti (Anglo-Persian Oil Company) yaradılır ki, bu şirkət sonradan bp adlandırılır. Qeyd edək ki,  məhz Məscidi-Süleyman yatağı tarixən Yaxın Şərqdə ilk kommersiya əhəmiyyətli neft kəşfidir. Neft kəmərində paylar - Burman Oil (səhmlərin 97%-i) ilə lord Stratkon arasında bölüşdürülmüşdü. Qeyd edək ki, lord Stratkon şirkətin ilk sədrlərindən biri olmuşdur.
Gəlin bir daha ilk neft yatağının yaradıcısı Uilyams Darsiyə qayıdaq. Yeni şirkətdə ona direktor rolu ayrılmışdı və o, Direktorlar şurasının siyahısında idi. Buna baxmayaraq, onun müəssisənin fəaliyyətində önəmli rolu az idi. Uilyam ömrünün axırına qədər (1917-ci ilə qədər) şirkətdə qalmışdır.
Şirkətin neft yatağının kommersiya işlənməsi  müəssisənin direktorlarından və yaradıcılarından biri olan Çarlz Qrinveyin üzərinə düşür. 1910-cu ildə o icraçı direktor vəzifəsinə seçilir və dörd ildən sonra Stratkonu əvəz edərək, onun sədri olur. Qrinvey yeni vəzifədə şirkəti maliyyələşdirmək üçün Britaniya hökumətinə müraciət edir. Məsələ burasında idi ki, o vaxt səhmdarların çoxu şirkətin  nəhəng Royal Dutch Shell tərəfindən udulması təhlükəsindən ehtiyat edirdi. Şirkət isə nəyin bahasına olursa-olsun, inkişaf etməli idi. Ona görə də, Britaniya hökumətinə qarşılıqlı əməkdaşlıq təklif etmək qərara alınmışdı ki, bu əməkdaşlığın şərtlərinə görə neft şirkətinə böyük miqdarda kapital və yanacağın Britaniyada satışı üçün imkan yaradılmalı, hökumət isə ölkənin hərbi qüvvələri üçün «qara qızıl» ehtiyatını təmin etməli idi. Britaniya hökuməti şirkətə 2 milyon funt vəsait qoymuş, əvəzində neftçıxarma istehsalı kapitalında iştirakçı payı və ölkəyə yanacaq tədarükü əldə etmişdi.
Elə bu dövrdən də bp-nin fəal genişlənməsinə və inkişafına start verilir. İngilic-fars şirkətinin yanacağı artıq İraqa və İrana tədarük edilir. Bir qədər sonra dəniz stansiyalarının beynəlxalq zənciri meydana gəlir.  Şirkətin həmin vaxt bir neçə neftötürücü zavodu fəaliyyət göstərirdi, eyni zamanda yeni zavodlar tikilirdi.
1927-ci ildə Qrinvey şirkəti tərk edir. Bu o dövrə təsadüf edir ki, şirkət qarşıya qoyduğu məqsədə nail olmuşdu - ingilis-fars şirkəti onun başçılığı ilə neft məhsulları bazarında lider mövqe tutmuşdu. 8 ildən sonra şirkət adını dəyişib İngilis-İran Neft Şirkəti adını qəbul edir.
Avropa ötən əsrin 40-cı illərində böhran keçirir, neftə ehtiyac artır. Məhz həmin illər neftə olan tələbat şirkəti biznesini genişləndirməyə imkan verir. Beləliklə, Abadanda yerləşən neftötürücü zavodun gücü artırılır. Sonradan bu zavod dünyanın iri müəssisələrindən birinə çevrilir. İngilis-İran şirkəti təkcə neftçıxarma ilə kifayətlənməyərək, neft kimyası sahəsində işlərə başlayır və tezliklə, 1947-ci ildə British Hydrocarbon Chemikals  adı ilə məşhur olan müəssisə yaradır.
Eyni zamanda, bu dövrdə problemlərdən də yan keçmək olmur. İranda neft çıxarılması üzrə konsessiyanın müddəti başa çatır. Şirkətin rəhbərliyi icazənin müddətinin uzadılması barədə danışıqlar aparmasına baxmayaraq, bu nəticəsiz qalır. Yalnız 1951-ci ildə İran aktivləri milliləşdirilir, bu da bütün dünyada böyük rezonans doğurur. Münaqişəyə ABŞ-ın və Britaniyanın hökumətləri də qatılmış olur.
Üç il sonra neftçıxarma ilə məşğul olan şirkətlərin alyansı yaradılır və İran hökumətinin razılığı ilə bu ölkədə yenidən neft sənayesi bərpa olunur. 1954-cü ildə İngilis-İran şirkəti adını dəyişir.  British Petroleum Company  adlandırılan bu şirkətin alyansda payı 40% idi.
Bu gün bp həm də digər energetika sektorlarında fəaliyyət göstərən ən böyük neftçıxarma konsernidir. Buna həmçinin, Şimal dənizində - Alyaskada karbohidrogenlər yatağının kəşfi təsir etdi. Belə ki, 1959-cu ildə Shell kəşf edildikdən sonra Şimal dənizində, Qroningen yaxınlığında iri qaz yataqları tapılmışdı. 1965-ci ildə  şirkətin mütəxəssisləri Vest-Soulda qaz yatağı kəşf edirlər. Beş il sonra isə Britaniya yaxınlığında Fortis yatağı, dörd il sonra isə Alyaskada Prudo Bey neft yatağı kəşf edilir. Bu dövrdə aydın olur ki, ABŞ-da ən böyük neft yataqları bp-yə məxsusdur.
bp eyni zamanda, qida məhsulları istehsalçısıdır. Ötən əsrin 50-ci illərində şirkətin fransız bölməsinin mütəxəssisləri neftdən zülal alınması proseduru ilə məşğul olmağa başlamışlar. Sonradan bu işlər dondurulsa da, bp qida məhsulları sektorunu buraxmamış, 70-ci illərdən heyvanlar üçün yem, həmçinin istehlak malları buraxmağa başlayır. 1986-cı ildən Amerikanın  şirkətini Purina Mills  alaraq BP Nutrition bölməsini yaradır və həmin bölmə dünyanın ən iri un tədarükçüsünə çevrilir.
bp həm də dağ-mədən sahəsində fəaliyyət göstərir. 1981-ci ildə Amerikanın ən iri miss şirkəti olan  Kennecott-u da alaraq bu sahədəki fəaliyyətini xeyli genişləndirmişdir.British Petroleumun maraqları kimya sahəsində də artmaqdadır. Belə ki, 1978-ci ildə bp  Union Carbide-in də aktivlərinin bir qisminə sahib olmuşdur.
1990-cı illərin sonunda bp öz inkişaf strategiyasında bir qədər dəyişiklik edir. Şirkətin idarə heyəti diqqəti bp-nin tarixi başlanan sahədə - neftçıxarma və karbohidrogen sənayesində cəmləşdirməyi qərara alır. 1992-ci ildə şirkət bütün törəmə müəssisələrini satır.
Bu gün bp öz diqqətini həm də alternativ yanacaq və enerji növlərinin istehsalı və istifadəsinə yönəltmişdir. O, hazırda dünya günəş enerjisi bazarının 20%-ni öz nəzarəti altında saxlayan şirkətdir.
Bu gün bp 100-ə qədər ölkənin ərazisində fəaliyyət göstərən transmilli şirkətdir.
Keçən 100 il ərzində bp dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərən çoxmillətli bir şirkətə çevrilmişdir. Bu müddətdə çox işlər görülüb və bu tarixdə bp-nin Azərbaycanla əməkdaşlığı xüsusi bir yer tutur.
BP və Azərbaycan
1994-cü ildən Azərbaycan Respublikasının yeni neft strategiyası çərçivəsində Xəzərin ‎Azərbaycan sektorundakı neft və qaz yataqlarının iri xarici neft şirkətləri ilə hasilatın pay bölgüsü prinsipi ilə birgə ‎işlənilməsinə başlanıb. Azərbaycan hökuməti ilə birgə əməkdaşlığa dəvət olunan həmin iri xarici neft ‎şirkətlərindən biri də "bp" neft şirkətidir. Dünyada neft və qazın istehsal həcminə ‎görə üçüncü yerdə olan şirkət 1994-cü ilin sentyabrında imzalanan "Əsrin ‎müqaviləsi"ndə ən böyük pay (17,13%) alaraq həmin müqavilədə birgə işlənilməsi ‎nəzərdə tutulan üç neft yatağı üzrə kəşfiyyat və hasilat prosesinin vahid operatorudur. ‎‎1998-ci ilin sonunda ABŞ-ın "AMOKO" şirkətinin bu müqavilədəki 16%-lik payını ‎alan "Bi-Pi" hazırda "Əsrin müqaviləsi"ndə 34,1% paya sahibdir. Qeyd etmək lazımdır ‎ki, "Əsrin müqaviləsi" Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq" və "Günəşli" ‎yataqlarının 30 il ərzində birgə işlənilməsini nəzərdə tutur və digər tərəfdaş şirkətlərin ‎sayı 9-dur. Geoloqların son hesablamalarına görə bu üç neft yatağındakı ehtiyatların ‎həcmi bir milyard ton neft, 200 milyard kubmetr qaz kondensatından ibarətdir.
On səkkiz il əvvəl bp və Azərbaycan birlikdə yeni bir tarixi mərhələyə daxil oldu. 1994-cü ildə bp, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ), Azərbaycan hökuməti və tərəfdaşlarla birgə işləməklə Azərbaycanın neft sənayesi tarixində yeni bir eranın bünövrəsini qoymuş oldu.
1994-cü ildə müzakirə olunan əsas məqsəd və layihələrin hamısı artıq həyata keçirilmişdir. Dəniz platformaları nəzərdə tutulan müddətdə inşa edilmişdir və hasilatla bağlı texnoloji əməliyyatlar uğurla davam edir. Dünyanın ən böyük terminalı - Səngəçal terminalı və ixrac boru kəməri sistemlərinin hamısı səmərəli şəkildə işləməkdədir. Bir vaxtlar əleyhdarları tərəfindən "boru xülyası" adlandırılan BTC bu gün çox gözəl işləyir. Şahdəniz özünün dünya səviyyəli nəhəng bir yataq olduğunu sübut etdi və hələ neçə onilliklər bundan sonra da Azərbaycan xalqının mənafeyinə xidmət edəcəkdir. Azərbaycanın neft və qaz ehtiyatlarının böyük potensialının reallaşmasında xeyli işlər görülüb. Qazanılan uğurlar bilavasitə Azərbaycan hökuməti, ARDNŞ və bp arasındakı güclü tərəfdaşlığın nəticəsidir.
bp -nin belə uzun müddət uğurla mövcud olması heç də təsadüfi deyil. Şirkət bütün dünyada yenilik yaratmaq, hədsiz inam və əzmkarlığı ilə seçilən insanları özündə birləşdirir və bu insanlar da birlikdə dediyini yerinə yetirən, dəyişiklik etmək istəyən, sənayenin sərhədlərini daim ötüb keçən bir şirkəti yaradırlar.
100 il keçdikdən sonra da bp-nin bu gün və gələcəkdə hamını istifadə edə biləcəyi davamlı enerji ehtiyatları ilə təmin etmək qətiyyəti əvvəlki kimi güclüdür.
bp-nin nəhəng dəyər və sərvət mirası var və şirkətin bugünkü işi bu potensialı tam reallaşdırmaqdır. Şirkətin hazırda çox böyük aparıcı gücü var və bu da gələcək üçün əminlik yaradır.
Menbe:Banker.az
Müəllif: Yeganə Məmmədova , Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Top