Biz də veriliş bir yana, reklam fasilələrində dilxor olmağı yox, əksinə maraqlı reklam çarxlarına baxaraq əylənmək istəyirik. Təəssüf ki, yerli televiziyalardakı milli reklamlar sadə, sönük,naşı hazırlanması səbəbindən tamaşaçı diqqətındən kənarda qalır. Axı biz qonşu tv, xüsusən də dilinə bələd olduğumuz türk tekanallarındakı reklamlardan aldığımız ləzzətı məgər döğma reklamlarımızdan ala bilmərikmi?
TV reklamlarının çəkilişi və yayımı kifayət qədər xərc tələb edir. Elə bu səbəbdən reklam sifarişçıləri çəkiliş etmədən öz məhsullarını xam şəkildə təriflətməyə üstünlük verirlər. Son vaxtlar yerli telekanallar da dəb halına düşmüş varianta əl atıblar. Sayı bilinməyən şadlıq saraylarının dəbdəbə və qəliz menyusunu tərif edən rolikləri təqdim etmək, veriliş adı altında qadın salonlarını tərifləmək, studiyanının içindəcə “Ərzaq malları” mağazasını açmaq. Sonuncunun ən “yaxçı” təqdimatını isə özünü sevimli aparıcı hesab edən ATV-nin Zaurudu. O,elə verlişindəcə tərif etdiyi məhsullarına dequstatorluq edir, reklam hesabına yaxşıca doyur.
Əsas məsələlərdən biri, bütün kanallarda sağlamlıq verilişi adı altında özəl klinikaların kütləvi şəkildə qiymətə mindirilməsidir. Ya da kobud desək reklam vasitəsiylə xəstə “ov”una çıxmaq. Deməli, proqramda verilişə dəvət olunan qonaq həkimin və aparıcının da yeğanə sözü budur: “Filan klinikaya buyurun, sizi müayinə etsinlər”. Güya tamaşaçıların qeydinə qalan veriliş ən sadə sualda, narahatçılıqda bu dəvəti səsləndirir, həkimlərsə kiçik məsləhət verməkdə belə simiclik edirlər. Telekanallardakı bu qəbildən reklamlara nəzər yetirsək reklamların çoxu insanları estetik cərrahiyyələrə səsləyir, görkəmində əyriliyi olanları, xüsusən qadınları silikonlaşmağa və girdəsifət yaratmağa səfərbər edir.
Bəli, tv reklamı nəğd pul deməkdir, amma proqramlaşdırma siyasətinin yanından belə keçməyən tv-lərimizin harda gəldi reklam vermək, qonağının sözü ağzinda qalaraq reklamı izlətdirmək xasiyyəti də var. Reklam üzündən bəzən aparıcıların verilişində qoyduğu mövzu dəyərini itirir, “Milli Televiziya və Radio yayım haqqında” qanunda nəzərdə tutulan şərtlər pozulur. Qanunun reklam bölməsində deyilir:
“Bədii film 45 dəqiqədən çox davam edərsə, yalnız 45-ci dəqiqədən sonra reklama kəsilə biər”. Halbuki ötən gün ANS-in təqdim etdiyi film göstərilən dəqiqədən qabaq kəsildi, özü də gecə vaxtı (2-yə işləmiş) daha çox kişilərin ekran qarşısında olduğu vaxtda qadın gigiyenik vasitəsinin reklamı getdi.
TV reklamı haqqında digər bənd.
35.6 Xəbər proqramları, dini, uşaq verilişləri, 30 dəqiqədən az çəkən seriallar, əyləncəli proqramlar, aktual-siyası verilişlır sənədli filmlər reklamla kəsilə bilməz. Efirlərini xarici seriallarla dolduran tv-lərin bu mənada qayda pozduqları nəzərə çarpır. Misal üçün, Space-in efirində gedən yarım saatlıq hind serialı hər 10 -15 –ci dəqiqədə kəsilir. Reklam üçün tamaşaçısının maraqlarını tapdalamyan verilişlərdən ən uğurlusu ATV-də Emin Musəvinin “22- ci saat”verilişinin adını çəkmək olar. Bu verilişdə seçilən mövzular səmimiliyini hələ ki qoruyub saxlayır. Milli Teleradio Şurasının ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin rəhbəri Təvəkkül Dadaşovun sözlərinə görə isə, reklam təqdim edən kanalları qınamaq olmaz, çünki həmin şirkətlər reklam hesabına yaşayır.
Teleradio Yayım Haqqında qanunda bir məsələ də qeyd olunur: “Xəbər buraxılışları və siyasi informasiya proqramları sponsorların maliyyə köməyi ilə hazırlana bilməz” Əslində tv məkana nəzər salsaq əsas xəbər buraxılışlarına müxtəlif şirkətlər tərəfindən sponsorluq edilir. Bu şirkət loqoları xəbər buraxılışlarına bir neçə saniyə qalmış ekranda canlandırılmış saat üzərində qeyd olunur.
Yeri gəlmişkən, Azərbaycanda tv reklamının yayım qiymətləri xarici ölkələrlə müqayisədə qat-qat aşağıdır. Reklamın 1 dəqiqəsi ABŞ və bütünlükdə Qərbi Avropada 120-300 min, Rusiyada 40-80 min, Türkiyədə 120-150 min manat olduğu halda, Azərbaycanda bu rəqəm 300-1800 manat təşkil edir.
Sosial reklam aclığı
Hamı şikayətlənir ki, xəstəliklər çoxalıb, yol-nəqliyyat hadisələri artıb, təhsilin səviyyəsi getdikə azalır. Bütün bunlara səbəb Azərbaycanda sosial reklamın azlığı, insanların maarifləndirilməsindəki boşluqdur.
TV-nin funksiyalarından biri olan bu məsələ də təəssüf ki, ürəkaçan deyil. Misal üçün, bu gün dünyanın siqaret kimi zərərli vərdişlə mübarizə apardığı bir vaxtda bizdə hətta məktəb yaşlı uşaqların da arasında siqaret çəkənlər artıb. Bunu məktəb tualetlərində atılmış çoxlu sayda siqaret kötüyü sübut edir. Lakin bununla bağlı nəinki ayrı-ayrı qurumlar, eləcə də övladına nəzarət missiyasını yerinə yerirə bilməyən valideyinlər səsini çıxarmır. Vaxtıylə 18 yaşdan aşağı uşaqlara siqaret satılması qadağan olunsa da, indi azyaşlı uşaqlar belə siqaret bazarlığı edir. Hər hansı efirdə antisiqaretlə bağlı çağırış belə eşitmək olmur. Sosial reklamın heç məqsədini bilməyənlər də var. Bu tip reklam insanların rifahını yaxşılaşdırmağı, sağlamlığını önə çəkərək kommersiya məqsədləri güdməməlidir. Xarici təcrübəyə nəzər salsaq, əcnəbi telekanllarda, eləcə də türk telekanallarında siqaret, narkotik əleyhinə, uşaqların sağlam qidalanması məqsədiylə sosial reklamlar çəkilir və efir qarşısında günün ən gur (pik saatında) tamaşaçı saatı olması hesabıyla yerləşdirilir. Bizdə isə sosial reklam nəinki tv-də eləcə də, ümumilikdə yol kənarında, insanların mövcud olduğu heç yerdə gözə dəymir. Hazırda tv-lərdə arada-sırada yalnız “Azəriqaz” şirkətinin təqdim etdiyi, vətəndaşların qazla ehtiyyatlı olmasıyla bağlı mövsümü xəbərdarlığı yayımlanır.
Yeganə rast gəldiyim sosial reklam İran-Azərbaycan sərhədinin bir neçə kilometrliyində, yol kənarında məlum səbəblərdən (narkotiklərin çoxu buradan daxil olur) yerləşdirilən “Narkotiklərdən uzaq olaq” kimi şüarlı reklam şitidir. Qadın saytlarından birində yerləşdirilən və bir qədər doğru kəlmənin seçilmədiyi reklam da var. Qadın zorakılığına qarşı nəzərdə tutulan sosial reklamda “Yoldaşınıza əl qaldırmayın” çağırışı yer alır. Burada yoldaş sözü xanımınızla əvəz olunsaydı daha dolğun olardı.
Niyə Azərbaycanda tv sosial reklamı yox dərəcəsindədir, yaxud çəkilmir. Ən əvvəl yenə də məsələ madiyyata dirənir. Maraqlı ssenarini tapmaq, insanları istənilən sos məsələlərə kilidləmək pul istəyir. Vizual effektlərinə görə, bu reklamların tv-də yerləşdirilməsi daha məqsədəuyğundur. Araşdırma zamanı məlum olur ki sən demə, sosial reklamlar qeyri-hökümət təşkilatlarının bir qismi tərəfindən daim diqqət mərkəzindədir. Sadəcə yerləşdirmə baxımından problemlər yaranır. Elə ötən il QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev də sosial reklam haqqında ayrıca qanunun işlənməsi məsələsini təklif etmişdi. Amma bu təklif heç də müsbət qarşılanmamışdı. Çoxu bu məsələnin “Reklam haqqında” qanunda əksini tapdığını deyirdi. Əslində qanunun yaradılması çözum deyil, o qədər qanunlar var ki, heç işləmir də. Sadəcə sosial reklamın hazırlanması və xüsusən tv-də yayımlanmasına nail olmaqdır. Yenə də xarici təcrübəyə əsaslanaraq onu demək olar ki, əcnəbi tv-lər bu reklamları vətəndaşlarını düşünərək ya havayı ,ya da cüzü pula efirində yerləşdirir.
Teleradio Şurası məsələylə bağlı tv-ləri qınamır, çünki hər şey yenə də reklam sifarişçısindən asılıdır. Reklam şirkətlərinin də çoxu bu fikirlə həmrəydir. “Fatiyev” reklam şirkətinin rəhbəri Vüqar Fatiyevin sözlərinə görə isə, hazırda tv reklamları bəsit, sifarışçinin fikrinə, istəyinə əsasən hazırlanır. “Azərbaycanda yol-hərəkət qaydaları, sağlamlıq, narkomaniya, siqaret, AİDS, fahişəlik kimi aktual məsələlər var. Bu problemləri əks etdirən sosial reklamları iri şirkətlər sifariş verməli, bu işi peşəkar prodakşınlara həvalə etməlidirlər. Bizə də dövlət idarəsi tərəfindən yol-hərəkəti, avtoşluqla mübarizə mövzusunda sosial reklam çəkilməsi sifariş olunmuşdu. Sadəcə qiymətdə razılaşmadıq” Deməli sosial reklam çəkilişlərində daha çox dövlət maraqlı olmalı, aidiyyatlı orqanlar ən azı bir sosial reklamın çəkilməsi və yerləşdirilməsi üçün əliaçıqlıq nümayiş etdirməlidir. Bunun üçünsə ən əsas istək, vətəndaş yanğısıdır.
Hamı bir nəfər kimi SOSiallaşmağa!
Müəllif: Raminə Eyvazqızı
Mənbə:
qafqazinfo.az