Şimal qütbünə səyahət | Mehrac Mahmudovun təəssüratları

Şimal qütbünə səyahət | Mehrac Mahmudovun təəssüratları

Arktika, Şimal qütbü, ekspedisiya…. Bu sözlər Sovet dövrünün istənilən yeniyetməsini ovsunlayırdı. Qütbə səfər etmək şərəf sayılır. Planetin “başına”, 90 dərəcə şimal enliyinə çatmaq, əbədi buzları görmək bir çoxlarının arzusudur.
Bu baxımdan mənim bəxtim gətirdi – beynəlxalq Quark Expedition təşkilatından olan köhnə tanışlarım məni Arktikaya, Şimal qütbünə elmi ekspedisiyada iştiraka dəvət etdilər. Ekspedisiyanın məqsədi Arktika ilə tanışlıq və iqlim dəyişkənliyinin planetin ən ucqar şimal nöqtəsinə təsirini öyrənmək idi.
DSC_1435-3
Artıq uzun illərdir ki, Şimal qütbünə səfərlərin təşkili baxımından lider ölkələrdən biri Rusiyadır. Bu səyahət mənə dünyanın ən böyük atom buzqıran gəmisini – “Qələbənin 50 ili” buzqıranını görməyə imkan verdi. Kapitanın bizə dediyinə görə, buzqıran gəmi qalınlığı 3 metrdən çox olan qocaman arktik buzları yararaq keçmək iqtidarındadır. Bu gəmi ilk növbədə işçi buzqırandır və onun birbaşa funksiyası Şimal dəniz yolu akvatoriyasında yük və elmi gəmilərin hərəkətini təmin etməkdir. Fürsətdən istifadə edərək Azərbaycan bayrağını gəminin göyərtəsində qaldırmağa icazə verən kapitana minnətdarlığımı bildirirəm.
DSC_1346
DSC_1890
Şimal qütbünə səfər zamanı biz Frans-İosif torpağı arxipelaqına və Vrangel adasına çıxa bildik. Arxipelaqa 196 ada daxildir. Onlar 80 dərəcə şimal enliyində yerləşirlər, qütbdən buranı cəmi 10 dərəcə ayırır. Adada burda daimi yaşayan 11 heyvan növündən əlavə balinaları müşahidə etmək olar. Onlar düz elə sahildən aydın görünürlər.
DSC_2106
DSC_1025
Vrangel adası isə burada çoxlu sayda ağ ayıların yaşaması ilə məşhurdur. Ayılar adada sərbəst dolaşırlar və adamlardan demək olar ki, qorxmurlar. Mən hiss etdim ki, bu qorxunun olmamasının sirri əslində sadədir – bu ada ayınındır, insanlar isə bu buzlu diyarda hələ də qonaq statusundadırlar.
DSC_1830DSC_1809DSC_1923DSC00644
Adalardan Şimal qütbünə yaxındır. Şimal qütbündə heç bir koordinat yoxdur, hər tərəf cənubdur. Burada ağ rəng hökmranlıq edir. Ayaqların altında isə hərəkətli buz və onun altındakı bir neçə kilometr dərinlikli kristal təmiz və soyuq okeandır. Mövcud ənənəyə görə Şimal qütbünə gəlmiş insanlar planetin “başı” ətrafında dövrə vururlar, sanki yer kürəsini fırlanırlar. Bizim ekspedisiyamız da bu baxımdan fərqlənmədi, biz də bu mərasimdə iştirak etdik.
6J0A2653160629
DSC_1480
DSC_1526
Amma mənim üçün özəl və qürur verici məqam Azərbaycan bayrağını Şimal qütbünə sancmaq oldu.
DSC_1597
DSC_1574-2
Coğrafi baxımdan Şimal qütbü Yerin fırlanma oxunun keçdiyi virtual nöqtədir. Bütün meridianlar qütbdə kəsişdiyi üçün burada coğrafi koordinat anlayışı yoxdur. Formal olaraq Şimal qütbü 90 dərəcə şimal enliyində yerləşir. Burada heç bir vaxt zonası yoxdur. Onun üçün də burada olan insanlar hərəsi öz evindəki vaxtla yaşaya bilər. Arktikada qütb gecəsi və gündüzü bir-birini 6 aydan bir əvəz edir. Elə aylar olur ki, gün demək olar ki, ümumiyyətlə batmır, növbəti 6 ayda isə əksinə gün görünmür, qütb gecəsi başlayır. Bir səyahətçi kimi mən qütbdə Qütb ulduzunun əhəmiyyətini anladım. Şimal qütbündə bu ulduz daim ən yuxarı nöqtədədir.
DSC_1751
Bizim ekspedisiya Şimal qütbünə yayın əvvəlində yola düşmüşdü. Həmin vaxt havanın temperaturu mənfi 15 dərəcəyə yaxın idi. Yayın “cırhacırında” Arktikada havanın temperaturu 0 dərəcəyə qədər qızır. Yayda Şimal buzlu okeanda suyun hərarəti mənfi 2 dərəcədən aşağı düşmür. Okean buzlaqlar üçün termik tənzimləyici rolunu oynayır. Yazda suyun temperaturu mənfi 10 dərəcəyə, qışda isə mənfi 25-45 dərəcəyə çatır. Lakin qış mövsümündə Arktika yalnız qütbçü tədqiqatçılar üçün açıqdır. Qütbdə buz kimi Şimal buzlu okeanda çimmək ənənəsi var. Bir çoxları bu ekstremal üzgüçülüyə risk etmirlər, amma mən dişlərimi sıxaraq Şimal buzlu okeana girdim. Buzlu suya daxil olan zaman hiss etdiklərini sözlə təsəvvür etmək mümkün deyil.

Mən çox yerdə olmuşam, amma yalnız Şimal qütbündə insanın ram edə bilmədiyi təbiətin gücünü hiss etmək olur. Arktika sivilizasiyanın bitdiyi yerdir. Burada əsl filosof olmaq olar. Çünki Arktika insanı yalnız ətrafına deyil, öz daxilinə də nəzər salmağa vadar edir. Əbədi buzların monoton landşaftı, üfüqdən o yana keçən qarlı səhralar və ətrafda 700 kilometr məsafədə insan məskəninin olmaması insanı düşünməyə məcbur edir. Bu buzlu səhrada təbiətin möhtəşəmliyini və insanın kiçikliyini anlayırsan.
DSC_1748
Amma insan öz fəaliyyəti ilə bu təbii gözəlliyi dağıdır. Ekspedisiyamızın məqsədlərindən biri də iqlim dəyişikliklərini öyrənmək idi. Tədqiqatlar göstərir ki, qlobal istiləşmə nəticəsində okeandakı buzun sahəsinin və qalınlığının azalması prosesi baş verir. Alimlərin proqnozlarına görə artıq 2100-cü il üçün Şimal Buzlu Okean buzlardan tam azad ola bilər. Çoxillik qədim buzlaqlar əriyir və öz yerini gənc buza verir. Bu isə okeanın biomüxtəlifliyinə zərbə vurur. Gənc buzun altında xərçəngkimilərin toplaşması az müşahidə olunur. Xırda xərçəngkimilər qida xəttinin ən aşağı pilləsindədirlər və onların sıradan çıxması bir çox qütb quşlarının və heyvanlarının tələf olması deməkdir.
DSC_2030
Arktika dünya iqlim dəyişməsinin indikatoru hesab edilir. Bu planetdə insanın fəaliyyəti nəticəsində yaranan istixana qazlarının ilk növbədə təsir etdiyi yerdir. Eyni zamanda Arktika insanlığın öz fəaliyyətinin acı nəticələrini dadmağa başladığı yerdir. Təcili tədbirlər görülməsə ekoloji fəlakət qaçılmaz olacaq. 110 min il əvvəl yaranmış Qrenlandiya buz qalxanı əriyir və bu Antarktidadakı problemlərlə birlikdə ekoloji fəlakətə səbəb ola bilər.
Arktikanın iqliminin dəyişməsi ilə bağlı müxtəlif profilli alimlər həyəcan təbili çalırlar. Müxtəlif tədqiqatlar, ekoloji mövzularda sammitlər keçirilir, insanın ətraf mühitə dağıdıcı təsirini azaltmaq üçün qərarlar qəbul edilir. Amma hiss oluna biləcək nəticələr hələ də yoxdur. Arktika isə səbrlə insanın öz fəaliyyətinə yenidən nəzər salacağı anı gözləyir.
 
Müəllif: Mehrac Mahmudov, tanınmış səyyah
Top