Elə bir insan göstərin ki, səyahət etməyi, dünyanın dörd bir yanını gəzməyi arzulamasın. Üstəlik, gedəcəyin ölkənin adət-ənənəsi, arxitekturası və ən əsası milli mətbəxi hər kəs üçün maraqlıdır. Bu məqamda bir növ bələdçiniz olmaq istədik.
Buddanın vətəni hesab olunan Şri-Lanka o qədər gözəl və əsrarəngizdir ki, hər yeri bir anda gəzmək istəyirsən. Ratnapura — dünyanın və Şri-Lankanın ən qiymətli yeri sayılır. Burada orta əsrlərdə inşa olunmuş və hər tərəfi zümrüd, yaqut, ametis, topazla bəzədilmiş sarayın işartısı adamın gözlərini hələ şəhərə girmədən qamaşdırır. Ratnapurda turistlərə qiymətli daşların emal olunduğu zavodları gəzməyə də icazə verirlər.
Yağışlı meşə SİNHARACA, dəniz mələyinin uçduğu sualtı Unavatuna qayalıqları, Kral botanika bağı Şri-Lankanın varidatıdır.
Mətbəx
Yeməklərində daha çox balıqdan, göyərti və ədviyyatlardan istifadə olunur. Şri-Lanka mətbəxi acı sevənlər üçün əsl tapıntıdır. Bütün yeməklərin yanında sous verilir. Xardal, zəfəran, qırmızı və qara istiot qatılmış sousun dadına mütləq baxın. O, dəniz məhsullarından hazırlanan yeməklərlə də təqdim olunur. Ən dadlı yeməklərdən biri «umbalakada»dır. Kakos, kakos şirəsi və yağından hazırlanan bu yeməyin tərkibi və dadı qəribə olsa da xoşagələndir. Şri-Lankada ən bahalı yeməklər ilan, meymun, kərtənkələ, timsah və tısbağa ətindən bişirilir. Spirtli içkilər bütün marketlərdə satılır. Amma ay bədirlənəndə onları alıb içmək olmaz. Həmin gün restoranlarda içki tələb edənlər cəzalandırılır.
Unutma
Turistlər ölkəyə özləri ilə 10 min dollardan artıq pul gətirə bilməzlər. Ölkədən aparmaq istədiyin hər hansısa bir əşyanın dəyəri 250 dollardan baha olmamalıdır.
Bitki, siqaret, cilalanmış dəyərli daşları çıxartmaq qadağandır. Buddanın qarşısında şəkil çəkdirmək ədəbsizlik sayılır. İnzibati binaların qarşısında şəkil çəkdirmək fikrinə düşmə. Bu istəyin sənə külli-miqdarda cəriməyə, hətta həbs cəzasına başa gələ bilər.
Kafe və restoranlara şortda girməyə icazə verilmir.