Venesiya İtaliyanın şimalında bir- birilə 150 kanalla əlaqələndirilmiş 118 adada yerləşir. Onu Adriatik dənizinin şahzadəsi, kanal və saraylar şəhəri də adlandırırlar. Əsası V əsrin ortalarında qoyulub. Buranı idarə edən ilk hökumət 12 nəfərdən (hər kənddən bir nəfər) ibarət olsa da, iki əsr sonra bu iş yalnız bir nəfərə-doja həvalə olundu. Bir müddət şərq və qərbin sərhəddində yerləşdiyinə görə ticarət mərkəzi rolunu da oynayıb. Bu şəhərdə heç zaman tikinti işləri aparılmadığından orta əsrlərdəki görünüşünü olduğu kimi saxlayıb. Burada 400 körpü var. Onlar kifayət qədər hündür olduqları üçün hətta daşqın zamanı qayıqların hərəkətinə maneçilik törətmir. Şəhərdə gediş-gəliş yalnız kanallar vasitəsilə həyata keçirilir, sahildəkiləri narahat etməmək məqsədilə hərəkət sürətinə məhdudiyyət qoyulub. Hal- hazırda Venesiya demək olar ki, turistlər üçün tamaşa şəhərinə çevrilib. Buraya dünyanın hər bir nöqtəsindən insanlar axışır. Ona görə də çox bahalı şəhər sayılır.
Venesiya karnavalı
Venesiyalılların dünyada məşhur olan karnavalı fevral ayında keçirilir və 10 gün davam edir. Bu adət romalıların keçirtdikləri Saturinalilərdən qaynaqlanır. Həmin yığıncaq bərabərlik və tərəqqinin hökm sürəcəyi qızıl əsrin şərəfinə keçirilirdi. Bayram ərəfəsində qullar azad vətəndaşlarla bir sürfə arxasında əyləşir, sahibləri isə onlara şərab gətirərdi. Lakin şərti qaydaların şənliyi pozmaması üçün iştirakçılar sifətlərinə maska taxırdılar. Mərasimdə seçilən yalançı şah özünü öldürməli idi. Birinci karnavalın keçirilməsi ilə əlaqədar müxtəlif versiyalar var. Onun haqqında ilk məlumat XI əsrə aiddir. Başqa bir rəvayətə görə isə bu daha əvvələ, gənc venesiyalıların öz nişanlılarının dəniz quldurlarından xilas etdikləri tarixə, yəni 998-ci ilə gedib çıxır. Venesiya karnavalları öz çiçəklənmə dövrünə XVIII əsrdə çatdılar. Düzdür 200 il unudulsa da yenidən 1980-cı ildə dirçəliş dövrü başlandı. Bir şeyi də unutmayın ki, hər il bu buraya səfər edən 7 milyon turistdən məhz 500 mini karnavala qoşulmaq üçün gəlir.
Görməli yerlər
Venesiyanın görməli yerləri çoxdur. Onlardan biri də San-Marko meydanıdır. Yalnız nabələd adam Napaleon tərəfindən işlədilən kəlməni eşitməmiş olsun: «Avropanın ən qəşəng mehmanxanası San Markodur». Meydan dəniz səviyyəsindən aşağı yerləşdiyindən daşqın zamanı o kiçik gölü xatırladır. Burada qədim stullarda oturub asta-asta qəhvə içirlər. Fincanı da 10 evroya. Soruşa bilərsniz niyə belə baha? Ona görə ki, burada vaxtilə Hemunquey və Bayron qəhvə içiblər. Hələ körpülərini demirik. Misal üçün Rialto körpüsünü götürək. O burada ən qədim körpüdür. Əvvəllər taxtadan olsa da, XVI əsrdə uçqundan sonra daşdan tikilir. Qot üslubundakı Dojlar sarayını isə Venesiyanın vizit kartı adlandırırlar. Şəhərin kanallarında qondallarla səyahət romantik insanlara daha uyğundur. Xüsusən də Böyük kanalda. Bu uzunluğu 4 metrə bərabər olan su yolu şəhəri 2 hissəyə ayırır. Venesiyanın görməli yerləri sırasında Kampanilla, saat qülləsi, La Feniçe teatrı və s. adını çəkmək olar.
Mətbəxi
Venesiyada sözün əsil mənasında özü kimi hər bir şey bahalıdır. Yaxşı pul xərcləmədən burada dadlı xörək yemək mümkün deyil. Ənənəvi mətbəxtdə balıq və dəniz məhsullarından hazırlanan xörəklər üstünlük təşkil edir. İndi onlardan bir neçəsinin adını çəkirik. Zuppa di pesce- balıq şorbası, grigliata mista-qril aparatında bişirilən müxtəlif növ balıqlar, granseola- yağda qızardılmış limonlu dəniz hörümçəyi, sarde in saor- soğanlı sousunda siyənək və s. Ət yeməklərindən ən maraqlı dadı fegato alia veneziana adlanan və zeytun yağında hazırlanan soğan və cəfərili xırda doğranmış mal ətinin ciyəridir. Məşhur xörəklərindən biri də ançous sousunda bişirilən vəhşi ördək ətidir. Reqionda böyük populyarlıq qazanmış Rizottinin (düyü və balıq ətindən hazırlanan xörək) də adını çəkməliyik. Polenta (qarğıdalı unundan hazırlanan xörək) ilə də tanışlıq xoşunuza gələ bilər. Uunutmayın ki Venesiya həm də tərəvəz yetişdirilməsi ilə də tanınır. Burada qabaqdan bişirilən xörəklərə də önəm verilir.
Venesiyada turistlərə məsləhət
Venesiyada nəqliyyat vasitəsi kimi kiçik paroxod və qondallardan (Venesiya qayığı) istifadə edə, San Marko meydanındakı göyərçinlərə yalnız burada satılan yemdən verə bilərsiniz. Onun içərisində elə şey qatıblar ki, quşların sonradan nəsil verməsinin qarşısını alır. Bu yolla şəhər hökuməti təmizliyin qayğısına qalır. Məşhur italiyan siestası (naharsonrası fasilə) haqqında da unutmayın. Buradakı mağazaların çoxu şəxsi olduğundan oraya daxil olarkən açılma və bağlanma vaxtlarını mütləq öyrənin. Bir çox kafe və restoranlar isə saat 15:00-dan 18:00-a kimi işləmir. Mağazalarsa saat 9:00-dan 19:00-a kimi fəaliyyət göstərir. Onlarda nahar fasiləsi 13:00-la 16:00 arasındadır. Bir çoxları isə şənbə və bazar günləri işləmir. Əsas ticarət mərkəzləri San Markoda yerləşir. Klassik və modern maskaları onların satıldığı xüsusi mağazalardan ala bilərsiniz. Venesiya lampaları, Muranodan şüşə, Buranodan krujeva burada keçirdiyiniz anları daim sizə xatırladacaq. Ən əsası isə özünüzlə lüğət götürməyi də unutmayın
Mənbə: Anspress.com