Şri-Lankada turistlər ilin bütün fəsillərində özlərini bahardakı kimi hiss edirlər. Müxtəlif ağaclar, güllər ara vermədən çiçəkləyir və bar verirlər. Bir də görürsən yanaşı dayanan müxtəlifnövlü meyvə ağaclarından birinin üzərində meyvə yetişib, yeməlidir, digəri isə yenicə çiçəkləyib. Sanki meyvə ağacları bar vermək üçün növbəyə dayanırlar. Bu proses ilboyu təkrar olunur. Məhz bu səbəbdən ətirli Seylon çayı dünyada məşhurdur. Şri-Lankanın əsrarəngiz gözəlliyi ilə bağlı çoxsaylı rəvayətlər mövcuddur. Bu rəvayətlərdən birində deyilir ki, guya Allah ilk insanı Adəm və Həvvanı göydən məhz Şri-Lankada yerə endirib və əfsanəvi Edem bağı da bu adadadır.
Hindistan yarımadasının cənubunda ekvatordan 800 km məsafədə, Hind okeanında yerləşən Şri-Lanka (Seylon) dünyanın ən gözəl yerlərindən biri hesab edilir.
Şri-Lankada turistlər ilin bütün fəsillərində özlərini bahardakı kimi hiss edirlər. Müxtəlif ağaclar, güllər ara vermədən çiçəkləyir və bar verirlər. Bir də görürsən yanaşı dayanan müxtəlifnövlü meyvə ağaclarından birinin üzərində meyvə yetişib, yeməlidir, digəri isə yenicə çiçəkləyib. Sanki meyvə ağacları bar vermək üçün növbəyə dayanırlar. Bu proses ilboyu təkrar olunur. Ona görə də ada ilboyu təzə meyvələrlə boldur. Şri-Lankanın əsrarəngiz gözəlliyi ilə əlaqədar çoxsaylı rəvayətlər mövcuddur. Bu rəvayətlərdən birində deyilir ki, guya Allah ilk insanı Adəm və Həvvanı göydən məhz Şri-Lankada yerə endirib və əfsanəvi Edem bağı da bu adadadır. Yuxarıda qeyd etdiyimiz kimi, ekvator yaxınlığında yerləşməsi nəticəsində adada il boyu havanın hərarəti 26-28 dərəcədən yuxarı və ya aşağı olmur. Adaya ən çox yağıntı may-sentyabr aylarında düşür. Adada ilin bütün dövrlərində yaz fəslinin hiss edilməsi oraya daim çoxsaylı turist axınına səbəb olur. Bununla belə may-sentyabr ayları ilə müqayisədə noyabr-mart ayları turistlərin istirahəti üçün daha əlverişli hesab edilir. Turistlər üçün önəmli faktorlardan biri də sahilboyu uzanan yüzlərlə kilometr məsafədəki çimərliklərdə özlərini evlərindəki kimi rahat və təhlükəsiz hiss etmələridir. Çimərliklər səhərə kimi insanlarla dolu olur və günün 24 saatı ilıq sularda insanlar çimirlər. Gecə uzaqdan baxanda dənizdə çimənlər rəngbərəng gül dəstələrini xatırladırlar. Onlar hərəkət etdikcə dəniz sanki canlı insanlar kimi nəfəs alır. Dünyanın ən gözəl məkanlarından biri olan Şri- Lanka yalnız təbii gözəlliyi ilə diqqəti cəlb etmir, ada həm də gözəl şəhərləri, iri, məşhur ticarət mərkəzləri ilə də məşhurdur. Axı hər hansı bir turist getdiyi yerdən özü ilə yadigar şey aparmaq, alış-veriş etmək istəyir. Bu baxımdan Şri-Lanka müasir şəhərləri və ticarət mərkəzləri ilə də diqqəti cəlb edir. Şri-Lankanın paytaxtı Kolombo şəhəri ölkənin ən iri sənaye və mədəniyyət mərkəzidir. Şəhərdə ölkənin və dünyanın ən iri şirkətlərinin ofisləri və filialları yerləşir. Kolomboda neft-kimya, toxuculuq, ağac emalı, həmçinin zərgərlik emalı müəssisələri fəaliyyət göstərir. Kolombo dəniz limanı Cənubi Asiyada ən böyük limanlardan biri hesab edilir və dünyada elə bir ölkə yoxdur ki, onun gəmiləri bu limana yan almasınlar. Ona görə də Kolombonun alış-veriş bazarları olduqca zəngin, eyni zamanda ucuzdur. Turistlər bəzi məhsulları burada, demək olar ki, su qiymətinə alırlar. Kolomboda turistlərin diqqətini cəlb edən bir xüsusi faktor da müxtəlif dinlərə və dillərə məxsus xalqlar tərəfindən inşa edilən və arxitektura baxımından olduqca yaraşıqlı olan mülki və ictimai binalardır. Kolombodakı çoxsaylı qədim şərq məbədləri, yaraşıqlı məscid və kilsələrlə müasir göydələnlər qəribə, insanda xoş təəssürat bağışlayan bir ahəng təşkil edir. Kolomboda eyni zamanda turistlərin və ölkəyə gələn qonaqların bütün rahtlığını ən yüksək səviyyədə təmin etməyə qadir olan supermüasir mehmanxanalar, restoranlar, barlar, biznes mərkəzləri mövcuddur. Bir sözlə, Kolomboda insan günün bütün saatlarını yatmadan gəzmək və əylənmək istəyir.
Kolombodan sonra Şri-Lankanın ikinci ən böyük şəhəri Anuradxapuradır. Bu şəhər çoxlu sayda qədim mədəniyyət, o cümlədən buddist məbədləri və tarixi önəm daşıyan arxitektura abidələri ilə zəngindir. Ona görə də Anuradxapuranı tarixi abidələr şəhəri adlandırırlar. Siqiriya şəhəri isə daha çox bağları, hovuzları və göylərə ucalan fontanları ilə məşhurdur. Siqiriya şəhərinin ətrafındakı 183 metr hündürlüyü olan qayada əfsanəvi çar Kassapın zümrüd freskalarla işlənmiş sarayı var. Bu saray da turistlərin ən çox sevə-sevə ziyarət etdiyi məkanlardandır. Şri-Lankanın adət-ənənələri də onun təbiəti kimi ekzotik təsir bağışlayır. Xüsusilə, adada toy mərasimi qeyri-adi təntənə ilə keçirilir. Gənclərin toyu, nağıllardakı kimi, romantik təşkil edilir və mərasimdə ilk iştirak edən turistə və ya qonağa elə gəlir ki, o əsl min bir gecə nağıllarında təsvir edilənlərin canlı şahididir. Bir sözlə, Şri-Lankaya bir dəfə gələn buraya dəfələrlə gəlmək istəyir. Təsadüfi deyil ki, Şri-Lankada olan məşhur dövlət xadimlərindən biri: “Mən bu ecazkar ölkədə anadan olmadığım üçün təəssüf hissi keçirirəm. Əgər öləndən sonra bir də yenidən anadan olmaq imkanı mənə verilsəydi, onda uca Allahdan mənim üçün Şri-Lankanı seçməsini diləyərdim”,-demişdi. Mənbə: Zaman qəzeti Müəllif: Əziz Mustafa Həmçinin bax: Maldiv adalarıTəbiətin gözəlliyi
Sənaye və ticarət mərkəzi
Turistlərin sevimli məkanları