Misir

Misir

Misir - dünyada turistlərin ən çox diqqətini cəlb edən ölkələrdəndir. Şarm əl Şeyx Misirin səhralıq mənzərələri ilə Sinay yarımadasının cənubunda yerləşən kurortdur. Planetin ən təmiz məkanlarından biridir; burada mərcan flora və faunasının inkişafı üçün geniş imkanlar var. Bura sualtı ekzotikanı sevənlər üçün əsl cənnətdir. Burada həyat qaynayır, dünyanın dörd tərəfindən gələn turistlər şəhərə ayrıca gözəllik qatır. Misirdə xidmət əladır, çaypulu verməsən də olar, ancaq onların gəliri elə bundan çıxır. Xidmətçilər sakit, gülərüzdülər. Hava: Misirdə iqlimi qurudur, ona görə də tərləmirsən. Zəif külək əsir. Hər yanda kondisionerlər işləyir. Ola bilsin, biz Cənubdanıq, ona görə orqanizmimiz istiyə alışıb.

Su: Həmişə susuzluq hissi keçirirsən. Oteldə bir şüşə su 8 funta, şəhərin marketlərində isə 1,5 və ya 2 funtdur. Buna görə də xərcə düşməmək üçün şəhərə gəzməyə çıxanda özünüzə su alın.
Şarm əl Şeyx şəhərinin mərkəzi sayılan Naamy Bay şəhərin mirvarisi adlandırılır. Burada bir-birindən gözəl mağazalar, supermarketlər, restoranlar, kazino və 32 otel yerləşir. Naamy Bay diskotekaları ilə də məşhurdur - Hard Rock, Bus Stop, Mexican Bar, MDM, Castle. Gecə saat 2-3-ə qədər küçələr adamlarla dolu olur. Şarm əl Şeyx turizm şəhəri olduğundan, sərbəst geyinə bilərsiniz. Ancaqpaytaxt Qahirəyə gedəndə bağlı geyinmək lazımdır: şalvar, açıqrəngli uzun don, rahat ayaqqabı, başınızı mütləq bağlayın, gün vurmasın deyə. Qoruyucu krem də götürməyi unutmayın. Birdən qaralmaq eşqi ilə günün altında oturarsınız, əsla belə etməyin. Günün altında çox dayanmayın, heç az da dayanmayın. Çünki iki dəqiqəyə yana bilərsiniz. Burada turistlərin ən çox bəyəndiyi şeylərdən biri də qara xınadan edilən döymələrdir. Müddəti bir həftə olan döymələrin qiymət isə 5-10 dollardır.

Misirdə işıqforlar yoxdur. Bir neçəsi var idi, onlar da işləmir.Maşınların minimal sürəti 100-120 km/saatdır. Qahirə Afrika kontinentinin keçmişlə müasirliyin uğurlu sintezi olan ən böyük şəhəridir.
Avtobus turistləri gecə saat 1-də götürür. Avtobuslar hündür, rahat və hamısı da təzədir. Ancaq bunlara baxmayaraq, 12 saatlıq yol adamı yorur. Məsləhət: imkan varsa, özünüzlə yastıq və yorğan götürün. Çünki avtobusda dayanmadan işləyən kondisionerlər sizi dondura bilər. Ekskursiya proqramına Piramidalar, Sfinks, Misir Milli Muzeyi, parfüm muzeyi, papirus fabrikini gəzmək daxildir. Əgər Piramidaların içinə daxil olmaq istəsəniz, 20 dollar ödəməlisiniz. Ikigünlük ekskursiyaya həmçinin Məhəmməd Əli məscidini və Xan əl Xəlil bazarını ziyarət daxildir.

Unudulmaz təəssüratlardan biri də, Nilboyu səyahət olacaq. Gözəl teploxod, dadlı mətbəx, Şərq musiqisi və dünyaşöhrətli Nil. Teploxoddan gözəl otellər, qədim binalar görünür. Təcrübəli təlimatçının köməyi ilə dördtəkərli motosikletdə siz Sinay səhrasına gedəcəksiniz. Bu zaman unudulmaz mənzərələr- Sinay dağlarını, səhraları görəcəksiniz.

Delfinari: Şəhərin ən maraqlı məkanlarındandır. Burada fotoaparat və kameradan istifadə etməyə icazə verilir. Delfinlərlə bərabər üzmək isə nə az, nə çox düz - 85 dollara idi.
Tiran adasına səyahət 20 dollara başa gəlir. Tiran adasına yaxtada 2 saata çatmaq mümkündür. Üzməyi yaxşı bacarmırsınızca, özünüzə xilasedici jilet götürün (10 dollar). Ancaq çimərlikdə xilasedici jilet daha ucuzdur. Su şəffafdır, 25, 40, 60 metr dərinlikdə dənizin dibi görünürdü. Ancaq riflər adamı hərəkət etməyə qoymurdu. Bunun üçün sualtı ayaqqabılar (aquashoes) ala bilərsiniz, baha deyil. Həmçinin, sualtı birdəfəlik fotoaparat da ala bilərsiniz.

Misirlilər qonaqpərvər və şən insanlardır. Bu xoş əhval-ruhiyyə Misirə gələn turistlərə də sirayət edir. Bütün bu gözəlliklər bir dəfə Misirə gedən insanı bir daha oraya qayıtmağa sövq edir.
Top