Atlantik okeanının şimalında yerləşən İslandiya əsrarəngiz təbiəti ilə tarix boyu insanların diqqətini özünə cəlb edib. Bu da təsadüfi deyil. Soyuq iqlim qurşağında yerləşən İslandiya istər yayda, istərsə də qışda özünəməxsus təbii gözəlliyə malikdir. Bu gözəlliyi İslandiyada ilboyu müşahidə etmək mümkündür. İslandiyanın ecazkar gözəlliyi onun özünəməxsus iqlim şəraitinə malik olması ilə bağlıdır. İslandiyanın havasına iki dənizin su axını (isti Şimali Atlantika, qolfstrim və soyuq Şərqi Qrenlandiya), həmçinin Arktikadan gələn üzən buzlaqlar təsir göstərir. İslandiyada ən isti aylar iyul və avqust hesab edilir. Ölkənin paytaxtı Reykyavikdə iyul ayında temperatur +20, yanvarda isə 0 dərəcə təşkil edir. Ölkənin sahil suları müəyyən istisnalarla ilboyu donmur. Bununla belə, İslandiyada hava tez dəyişir və bu da ölkəyə şimaldan və cənubdan gələn hava axınları ilə əlaqədardır. Noyabrın ortalarından başlayaraq, ölkə qaranlığa qərq olur və qütb gecələri başlayır. Bu, yanvarın sonlarına kimi davam edir.
İslandiyada rəsmi dövlət dili islandcadır, ancaq ölkənin hər yerində ingiliscə danışırlar. İslandiya prezident üsuli-darəli ölkədir. Burada həm icra orqanları, həm də parlament prezidentə tabedir. İslandiyada cəmi 319 min 756 nəfər yaşayır. Əhalinin 95 faizini islandlar təşkil edirlər. Bundan əlavə, ölkədə islandlara qohum olan danimarkalılar, norveçlilər və digər millətlərin də nümayəndələri yaşayırlar. Avropa və digər dünya xalqları ilə müqayisədə İslandiyada soyaddan, ümumiyyətlə, istifadə edilmir. Burada insanlara ancaq adları ilə müraciət edirlər.
İslandiya adası həm də vulkanların püskürməsi nəticəsində əmələ gələn və özünəməxsus ekzotik təbiətə malik olan bir ölkədir. Vulkanların sayına görə ölkə dünyada birinci yeri tutur. İslandiyada vulkanların əmələ gətirdiyi təpələr qışda sanki brilyant dona bürünür və nəticədə olduqca ecazkar bir mənzərə əmələ gəlir. Ölkədə vulkanlar yer səthinə çox yaxın məsafədə yerləşir. Bu da, öz növbəsində, torpağın səthinə yaxın hissədə yer altında qaynar göllərin əmələ gəlməsinə səbəb olub. Bəzi yerlərdə qaynar sular fontan vuraraq yer səthinə çıxır. Qaynar qeyzerlər ilboyu İslandiyadakı şəhərləri istiliklə təmin etməyə imkan verir. Sərt iqlimi olan İslandiyada bəzən adama elə gəlir ki, odla buz arasında mübarizə gedir və bu, özünəməxsus, təkraredilməz gözəlliyə malik olan bir mənzərə əmələ gətirir.
Əyalət mədəniyyəti
Amerikalı məşhur səyyah Con Ross Braun 1865-ci ildə İslandiyanı ziyarət etmiş və gördüyü mənzərə onda xoşagəlməz izlər buraxmışdı. O, Amerikaya qayıtdıqdan sonra İslandiya haqqında belə yazmışdı: “Bu ölkə sivilizasiyadan ayrı düşüb. Onun paytaxtı Reykyavik insanın ödünü ağzına gətirə biləcək qədər iylənmiş və qurudulmuş balıq iyi verir”.
Amma onun o vaxt ağlına gəlməzdi ki, bundan 135 il sonra YUNESKO Reykyaviki dünyanın mədəniyyət paytaxtı elan edəcək. Günümüzdəki Reykyavik təmiz küçələrdən, rəngarəng üç-beş mərtəbəli evlərdən ibarətdir. Binaların birinci mərtəbəsi, adətən, gecə klublarından və ya kiçik mehmanxanalardan ibarətdir. Reykyavikdə təmtəraqlı binalara rast gəlmək mümkün deyil. Hətta ölkə parlamenti belə, 1881-ci ildə inşa edilən iki mərtəbəli və diqqəti cəlb etməyən daş binada yerləşib. İslandiyada gəzərkən özünü tamam başqa bir planetdə hiss edirsən. Buna da səbəb hər yerdə vulkanların əmələ gətirdiyi kraterlər və küldür. İslandiyada mənzərə tez-tez dəyişir. Sən kraterlərin yaratdığı yad planet təsirindən asanlıqla çıxıb, ekzotik mənzərələrlə rastlaşa bilərsən. İslandiyanı fərqləndirən bir xüsusiyyət də oranın şəlalər ölkəsi olması ilə əlaqədardır. Hər bir şəlalələr də özünəməxsus gözəlliyə malikdir və insanlarda qəribə bir hiss əmələ gətirir. Qullofs şəlaləsi istər yerli əhalinin, istərsə də buraya turist kimi gələnlərin ən çox sevdiyi yerlərdəndir. Detifoss şəlaləsi isə Avropanın Niaqarası kimi məşhurdur.
İslandiyada hava tez-tez dəyişir. Burada günəş və yağış ara vermədən bir-birini əvəz edir. Nəticədə hara baxırsan ətrafda göyqurşağı mənzərəsi ilə rastlaşırsan. Ona görə də İslandiyanı məhəbbətlə min göyqurşağı ölkəsi adlandırırlar.
Qoyunlar və atlar
İslandiyanın rəngarəng təbii mənzərəsinə özünəməxsusluq verən bir amil də hər tərəfdə atların və qoyunların otlamasıdır. Bəzən qoyunlar küçələrə çıxaraq sürücüləri qorxudurlar. İslandiyaya qoyunlar min il bundan əvvəl vikinqlər tərəfindən gətirilib. Onlar tədricən adanın sərt və tez-tez dəyişən şıltaq iqliminə uyğunlaşıblar. İslandiyada qoyunlar haqqında “Qoyunlar bizi həm yedirdir, həm də geyindirir”,-deyirlər. Bu, həqiqətən də belədir. İslandiya qoyunlarının yunu nəm keçirmir və çox möhkəmdir. Bu da yüksəkkeyfiyyətli paltar, şərf və əlcəklərin hazırlanmasında mühüm rol oynayır. İslandiyanın istənilən mağazasında qoyun yunundan toxunmuş rəngarəng geyimlərə, əl çantalarına rast gəlmək mümkündür. Turistlərin də adadan ölkələrinə apardıqları ən çox yundan hazırlanan geyimlərdir.
Atlara gəlincə, islandlar onlardan daha çox turist gəzintilərində, idman yarışlarında istifadə edirlər. Bundan əlavə, maşınlar gedə bilməyən ərazilərə də getmək üçün atlar əvəzedilməz minik vasitəsidir. Ona görə də elə bir islandiyalı fermer tapa biməzsən ki, onun azı 5-6 atı olmasın.
Turistlər ölkəsi
Əlverişsiz iqlim qurşağında yerləşməsinə baxmayaraq, İslandiya turistlərin sevimli yerlərindəndir. Turistləri cəlb edən İslandiyanın oksigen anbarı olmasıdır. Reykyavikdəki İncəsənət muzeyi turistlərin diqqətini daim özünə cəlb edir. Bu muzeyi hər il 200 mindən çox turist ziyarət edir. Muzeydə incəsənətin bütün növlərini özündə əks etdirən sənət inciləri nümayiş etdirilir.
Bayramlar
İslandiyada milli adət-ənənələrə söykənən bayramlar olduqca təmtəraqlı keçirilir. Məsələn, islandların sevə-sevə qeyd etdikləri bayramlardan biri “Trettaundaun”dur. Yanvar ayının 6-da qeyd edilen bu bayram Şaxta babanın dağlara gedişinə həsr edilir. Aprel ayının ilk günlərində isə islandlar “Sumardaqurinin Firtsi” bayramını qeyd edirlər. Bu bayram yayın ilk günü hesab edilir. Çünki məhz aprelin əvvəllərində İslandiyada qütb gecələri başa çatır. Bundan əlavə, Reykyavikdə ildə iki dəfə Folklor festivalı keçirilir.
İslandların mətbəxi kasıbdır. Mətbəx əsasən qurudulmuş və təzə balıq ətindən hazırlanan məhsullardan, həmçinin süddən ibarətdir. Balıqdan hazırlanan yeməklər islandların ənənəvi milli yeməyi hesab edilir.
Maraqlı faktlar
Reykyavik dünyanın ən şimalda yerləşən paytaxtıdır.
İslandiyadakı Vatnayekyudl buzlağı Avropanın ən böyük buzlağıdır.
Ölkə ərazisinin 10 faizi daimi buzlaqlarla örtülüdür.
Qekla vulkanı Avropada ən böyük vulkandır.
Detifoss Avropada ən böyük şəlalədir. Onun hündürlüyü 40, eni isə 100 metrdir.
İslandiyanın ən uzun çayı Tursaudur. Onun uzunluğu 237 kilometrdir.
Yazını internet materialları əsasında Əziz Mustafa hazırlayıb