Turizm - sirli, sehrli bir aləm yox, bu sahədə çalışan insanların məsuliyyət tələb edən, işguzar fəaliyyətinin məhsuludur. Bu, bir daha sübut edir ki, turizm özünəməxsus spesifikaya malikdir. O, fəal istirahət və əyləncənin əlverişli və səmərəli formalarından biri olub insanların fiziki cəhətdən kamil və hərtərəfli inkişafında, mədəni asudə vaxtının mənalı təşkilində ən effektli vasitələrindən biridir. Məhz elə buna görə də turizm özünəməxsus xüsusiyyətlərə malikdir. Turizm təkcə təbiəti seyr etmək, ondan mənəvi həzz almaqla bitmir. O eyni zamanda sosial hadisə kimi çox aktual və hərtərəfli sahə hesab edilir.
Turizm qurumlarının əksəriyyəti kiçik müəssisələrdir. İri turist müəssisələri isə sıx əhalisi olan rayonlarda təşkil edilir ki, bunlar da turizm sənayesinin formalaşmasına əlverişli şərait yaradır. Turizm sənayesinin tərkibinə çoxlu sayda turist müəssisə, idarə və təşkilatları daxil edilir ki, onlar da vahid regional idarəetmə sistemi ilə qarşılıqlı fəaliyyət göstərirlər. İdarəetmə obyekti kimi turizmin ikinci xüsusiyyəti vacib ola bilən məqsədlər kimi təsəvvür edilə bilər. Belə ki, özəl turist müəssisələrinin menecment fəaliyyətinin əsas məqsədləriniн əldə olunması, artırılması təşkil etsə də, regional səviyyədə bu məqsədlər mövcud deyil. Ona görə də, gəlir göturməyi qarşısında məqsəd qoymayan turist təşkilatlarının fəaliyyət məhsuldarlığını və müvəffəqiyyətini obyektiv şəkildə qiymətləndirmək qeyri-mümkündür. Söhbət turist sənayesində baş verən proseslərin məzmun və xarakterindən gedir. Bu, o deməkdir ki, turizmdə baş verən hadisə və prosesləri əvvəlcədən dəqiq şəkildə planlaşdırilması çətinliklər yaradır. Bir çox sosial, təbii, fövqəladə hadisə (ictimai şəraitin qəflətən dəyişməsi, iqlim dəyişmələri və s.) belə proseslərə əhəmiyyətli dərəcədə təsir göstərir.
Turizmin digər xüsusiyyəti bu işə marağı olan müştərilərin maraqlarının nəzərə alınması ilə əlaqədardır. Hər bir turist müəssisəsi fəaliyyətini əhalinin müxtəlif qruplarından olan və bu sahəyə maraq göstərən müştərilərlə qurur. Bütün bunlarla yanaşı ayrılıqda götürülmüş müştəri qruplarının da özünün maraq və istəkləri vardır. Lakin bir məqamı da nəzərdən qaçırtmaq lazım deyil ki, turist təşkilatları turistlərə öz tələblərini diktə etməkdən məhrumdur. Odur ki, təşkilatın üzvləri maraq dairəsinə görə də üç-dörd qrupa ayrıla bilərlər. Məsələn, mehmanxana nümayəndələri birgünlük turizmin ixtisarını tələb edə bilər, qaldırıcı liftlərin sahibləri turist axınlarının genişləndirilməsi tələbi ilə çıxış edə bilərlər. Hətta eyni qrupun daxilində də (məsələn, mehmanxana komplekslərinin nümayəndələri arasında) müxtəlif maraqların olduğunu izləmək olar.
İri mehmanxanalar çox vaxt kurort servisi təklifi ilə az maraqlanırlar. Çünki qonaqları qəbul edən bu müəssisələr (iri mehmanxanalar) onların yerləşdirilməsi, istirahəti üçün bütün zəruri imkanlara malikdir. Gələn turistlərin hesabına yaşayan kiçik mehmanxanalar isə turist təşkilatlarının, kurort təkliflərinin çoxaldılması, yaxşılaşdırılması, müvafiq tədbirlərin keçirilməsi məsələsində çox maraqlıdır. Dünyanın bir neçə turist regionlarında yerli əhali ilə istirahət edən turistlər arasında bəzən anlaşılmazlıq yaranır. Yaşlı turistlər sakit, rahat istirahət arzusunda olur. Onların dincəldiyi regiona digər turistlərin gəlməsini arzu etməyən bu insanların maraqları pozulduqda onlar güclü bir qrupda birləşərək, həmin ərazidə turizmin bu və ya digər növünə qarşı etiraz edə bilərlər.
Turizmin inkişafına maraq göstərən, onun fəaliyyətində yaxından iştirak edən əhali qrupu ilə yanaşı turist təşkilatı kreditorlarla, siyasi strukturlarla, şəhər idarəetmə orqanları ilə əməkdaşlıq edir. Öz fəaliyyətində qəbul olunmuş ümumi normaları, prioritetləri, regionun gələcək inkişafı üçün geniş miqyaslı məqsədləri rəhbər tutan turist təşkilatı xidmət sahəsində bütün vəzifələrin yerinə yetirilməsinə nail ola bilər. Məhz ona görə də turizm sahəsi menecmentində normativ sənədlərdəki tələblərin gözlənilməsi (turist təşkilatı səviyyəsində müəssisənin siyasəti, region səviyyəsində - fəaliyyətin planlaşdırılması və əlaqələndirilməsi) mühüm əhəmiyyət kəsb edir. İdarəetmə obyekti kimi turizmin digər vacib xüsusiyyəti turist məhsulunun spesifikası, onun formalaşma mənbəyindən ayrılmazlığı təşkil edir. Maddi formadakı məhsul (qida, geyim və s.) onu istehsal edəndən asılı olmadan mövcuddur.
Turist xidməti isə (bu da özünəməxsus məhsuldur) onu yaradan mənbədən ayrılmazdır. Məsələn, əgər turist məhsulunun istehlakçısı aprel ayında iyun ayı üçün hansısa yeyinti məhsul növünü sifariş versə, may ayında isə turist firması fəaliyyətini dayandırsa, bu o deməkdir ki, istehlakçının tələbi mənbə olmadığına görə təmin olunmamış qalır. Turist məhsulu xidmət növündə təzahür tapır, bu xidmətin poçt vasitəsilə reallaşması düzgün hesab edilmir. Bununla əlaqədar turist məhsulunun reallaşması zamanı şəxsi amil üstünlük təşkil edir. Turist xidmətlərinin yerinə yetirilməsi prosesinin çox az səviyyədə avtomatlaşdırılması məqbul hesab edilir. Turistin davranışını əvvəlcədən proqnozlaşdırmaq düzgün deyil, çünku bu obyektiv şəraitdən əlavə subyektiv amillərlə də bağlıdır. Məhz bu səbəbdən turizm menecmentində personalın idarəedilməsinə və şəxsiyyətlərarası münasibətlərin nizamlanmasına diqqəti artırmaq zəruri şərtdir. Turist məhsulunun zahiri effektləri də turist sənayesinin xüsusiyyəti kimi dərk olunur. Bu mənada turistin onu əhatə edən insanlarla ünsiyyətinə sərbəst, azad münasibətlər kompleksi kimi baxmaq lazımdır.
Turizm iqtisadiyyat, ekologiya, siyasət, kulturologiya kimi sahələrə də çox böyük təsir göstərir. Eyni zamanda turist regionu qonaqlardan gəlir əldə edir. Xidmət nəticəsində əldə olunan gəlir ilkin mənfəət kimi daha əhəmiyyətlidir. Turizmdən əldə olunan gəlir yeni axınla yerli iqtisadi dövriyyəyə cəlb olunaraq artırılma səmərəsi verir. Məsələn, mehmanxana baqqaldan çörək alır, hər ikisi turistdən qazandığı vəsaiti yenidən dövriyyəyə buraxmaq imkanı əldə edir. Xidmətin bilavasitə yerlərdə satılması hesabına həmin ərazidə qalan pulun miqdarı artır. Turizmin region üçün əhəmiyyəti ekoloji cəhətdən də əlverişlidir. Turizmdən daxil olan vəsaitin bir hissəsi landşaftın saxlanılması, qorunmasına da sərf edilə bilər. Çox vaxt turizmin inkişafının ilkin mərhələsində əldə olunan vəsait hesabına müxtəlif tikintilər həyata keçirilir. Eyni zamanda turizm avtonəqliyyat yollarında iş rejiminin gərginləşməsinə, tullantıların çoxalmasına, ekolоji tarazlığın pozulmasına səbəb olur. Cəmiyyət turizmdən mənfəət əldə etsə də, bu çox vaxt yerli əhalinin narazılığı ilə müşayət olunur. Ona görə də yerlərdə turizmin planlaşdırılması və formalaşdırılmasındа ictimai rəy nəzərə alınmalıdır. Bu prosesdə bütün maraqlı qrupların (iqtisad-çılar, ekoloqlar və s.) iştirakı zəruridir. Bununla yanaşı turist fəaliyyəti üzrə müxtəlif tərəflər arasında vasitəçi rolunu oynayan təşkilat da mövcud olmalıdır.
Turist məhsulunun xüsusiyyəti turist tələbatının əlamətləri ilə bağlıdır. Müxtəlif kateqoriyalı turistlər səfərlərin məqsədinə, şəxsi maraqların və tələblərin müxtəlifliyinə və digər xüsusiyyətlərə görə bir-birindən fərqlənirlər. Hər bir turist tipinə turist bazarının müvafiq tipi uyğun olmalıdır. İstirahət edənlərin müxtəlif kateqoriyalarını (dağ sanatoriyalarında və ixtisaslaşdırılmış klinikalarda müalicə kursu keçənlər, yaxud istirahət ocaqlarında dincələnlər) nəzərə alsaq, bu mənzərə müxtəlif planlı görünə bilər. Turizm bazarının ən yeni metodlardan biri istirahət etmək istəyənlərin yeni qrupunun həyat tərzinə, üslubuna görə (məsələn, «elit», «gənclər» və s.) müəyyən edilməsidir. Turist xidmətləri üzrə istehsalçılar istirahət edənlərin tipinin dəqiq müəyyənləşdirilməsinə mühüm yer verirlər. İstehsalatçılar onların tələbatlarını çox yaxşı bilir və bu tələblərin təmin edilməsi onlara böyük xeyir gətirir. Gəlir, mənfəət, ailənin strukturu, onun üzvlərinin yaşı, təhsili və peşəsi və s. amillər turist tələbatına güclü təsir göstərir.
Gəlir - turist tələbatına təsir göstərən vacib amillərdən biridir. Yalnız maddi durumu imkan verən insanlar səyahət edə bilərlər. Başqa sözlə desək, turist tələbatının təmini üçün maddi vəsaitin olması zəruridir. Elmi tədqiqatlarda turist xidmətlərinə görə gəlir və tələbatın qarşılıqlı əlaqəsi iki mühüm komponent (1.Həyat tələbatlarını ödəyə bilən gəlir; 2. Yüksək kateqoriyadan olan məhsulların alınmasına imkan verən gəlir) kimi müəyyən edilir. Birinci gəlir növü təəccüb oyatmamalıdır - tamamilə aydındır ki, yalnız ailənin güzəranını təmin edə biləcək gəlir turist xidmətlərinə ehtiyac mənbəyi ola bilməz. Ailənin say tərkibi də turist tələblərinin həcm və növünə təsir göstərə bilər.
Tədqiqatların nəticələri göstərir ki, tənha insanlar və ya iki nəfərdən ibarət olan ailələr daha çox səyahət edirlər. Az saylı imkanlı ailələrdən ibarət olan cəmiyyətlərdə (tənha, uşaqsız ailə, qoca ər-arvad, müstəqil uşaqlar və s.) turist xidmətlərinə tələbat daha yüksəkdir. Çünki bu halda insanlar istənilən səviyyədə səyahət edə bilirlər. Onlar üçün xidmətin qiyməti ikinci dərəcəli rol oynayır. Belələri istirahət və xidmətin keyfiyyətinə yüksək tələbkarlıqla yanaşırlar. Yaş həddi - turist xidmətləri tələbatlarına təsir edən üçüncü amildir. Təqaüd yaşlı insanların bir çoxu, xüsusilə, aktiv əmək fəaliyyətindən uzaqlaşmış insanlar turist xidmətlərinə yüksək tələblərlə yanaşırlar. Turist xidmətlərinin tələblərini müəyyən edən amillərdən biri də insanın təhsili və peşəsidir.
Səyahətlərin müntəzəmliyi insanın öz peşəsinə və sənətinə bağlılığı ilə bilavasitə əlaqədardır. Kiçik müəssisə sahibkarları və onların ailələri digərlərinə nisbətən azlıq təşkil edirlər. Qulluqçu və məmur ailələri isə səyahətə müntəzəm getməyə daha çox üstцnlük verirlər. Təhsilin səviyyəsi və peşə dərəcəsi ediləcək səyahətlərin məzmununa və sayına, turist xidmətlərinin növünə və keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Turist xidmətlərinə tələbatın digər səbəblərindən biri də ölkənin iqtisadi şəraiti, ekologiyası və digər sosial amilləri əhatə edən ictimai faktorların yüksək olmasıdır. Cəmiyyətin hər bir üzvünün iqtisadi vəziyyəti ölkədəki ümumi iqtisadi, şəraitlə bağlıdır. İqtisadiyyatın ümumi vəziyyəti nə qədər yüksək olsa, turist xidmətlərinə tələbat bir o qədər də artar. Aydındır ki, regionun ekologiyası insanların dincəlmək və əylənmək üçün yer seçimində ilkin rol oynayan amillərdən biridir. Eyni zamanda turizmin özü də ətraf mühit üçün müəyyən təhlükə yaradır. Ekoloji meyarlar cəmiyyətin şüur səviyyəsindən asılı olaraq turist tələbatına ikili təsir göstərir. Ətraf mühitə vurulmuş ziyan turistləri maraqlandırmır,halbuki ətraf mühitin korlanması turistləri müvafiq xidmətlərdən imtina etməyə sövq edir. Turist xidmətlərinin tələbatına təsir göstərən amillərdən biri də sosial problemlərdir.
Turizmə həyat və əmək şəraiti, təhsilin səviyyəsi, asudə vaxtın olması kimi daha üç mühüm sosial amil də təsir güstərir. İqtisadiyyatı bazar münasibətləri təməlində qurulmuş demokratik cəmiyyətdə turizmin inkişafı üçün daha əlverişli şərait yaranır. Bu cür cəmiyyətləri istehlakçılar cəmiyyəti, azad, müstəqil cəmiyyət kimi də qiymətləndirmək olar. Bu tip cəmiyyətlərdə, məhz turizmə tələbat daha yüksəkdir. Cəmiyyətdə təhsilin orta səviyyəsi yüksək olduqda onun üzvlərinin istirahətə, yeni-yeni bilik və informasiyaların əldə edilməsinə tələb və marağı da güclənir. Asudə vaxtın həcmi isə, turizm subyektlərinin turist xidmətlərinin seçiminə əhəmiyyətli dərəcədə təsir göstərir. Asudə vaxtın mövcudluğu-səyahət üçün başlıca amildir. İdarəetmə obyekti kimi turizmin digər mühüm xüsusiyyəti turist xidmətlərinin kompleksliyindədir. Turist xidməti dedikdə, səyahət prosesində istirahət edənin istifadəsinə verilən xidmətlər sistemi nəzərdə tutulur. Ona görə də maddi və qeyri-maddi xidmətlərin kompleksi bu sistemə daxil edilir.
Turizmin digər mühüm xüsusiyyəti onun mövsümi xarakter daşıması ilə izah olunur. Bu isə bilavasitə təbiiiqlim şəraiti ilə bağlıdır. Yuxarıda deyilənləri Azərbaycan şəraitinə şamil etsək, ilk növbədə qeyd etməliyik ki, вətənimizdə həmişə gəzmək, istirahət etmək üçün gözəl şərait olmuşdur. Bunu görkəmli fransız yazıçısı Aleksandr Dümanın (1802-1870) fikirləri də bir daha təsdiqləyir. Tarixən Azərbaycana səyahət etmiş şəxsiyyətlər bu ölkənin mədəniyyəti və incəsənəti, ədəbiyyatı, coğrafiyası, habelə Azərbaycan xalqının qonaqpərvərliyi haqqında çox maraqlı və dəyərli fikirlər söyləmişlər. Yeni tarixi dövrünü yaşayan Azərbaycanda beynəlxalq turizmin, turizm xidmət sahəsinin hərtərəfli inkişafı günün aktual tələbinə çevrilmişdir. Bu gün turizm sahəsində atılan mühüm addımlar eyni zamanda bir çox problemlər də törədir. Bu problemlərin həll edilməsi turist təşkilatçısından şəxsi məsuliyyət tələb edir.
Hazırda Azərbaycan Respublikasında ölkədaxili və beynəlxalq turizmin inkişaf dinamikasının sürətləndirilməsinə yönəlmiş Dövlət Proqramı işlənib hazırlanmışdır. Respublikada turizmin bir elm sahəsi kimi təşəkkülü və formalaşmasında xüsusi xidmətləri olan bir çox tədqiqatçılar - S.Rəhimov, A.Salmanov, C.Məmmədov, Ə.Əliрzayev, İ.Ağakərimov, B.Bilalov, S.Aslanova və başqaları bu perspektiv sahə üzrə normativ sənədlərin təhlili, gələcəkdə reallaşması imkanlarını elmi-nəzəri və təcrübi cəhətdən araşdırmışlar. Turizm sahəsində böyük həyati təcrübəyə malik olan bu tədqiqatçıların proqnoz və fikirləri hazırkı işimizin əsas istinad mənbələrindəndir. Həmin tədqiqatçıların fikrincə Azərbaycanda yoxsulluğun aradan qaldırılmasında daxili turizmin mühüm rolu ola bilər. Bunun üçün BMT-nin İnkişaf Proqramında Mədəniyyət və Turizm Nazirliyinə maddi, texniki və metodoloji yardımın göstərilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə hazırlanmış xüsusi layihə 2004-cü il ərzində həyata keçirilib. Bakı şəhərində turizm informasiya mərkəzinin və ölkəmizin turizm potensialı yüksək olan 7 bölgəsində (Şəki, Şamaxı, Quba, Xaçmaz, Naxçıvan, Lənkəran və Gəncə) onun nümayəndəliklərinin açılması üzrə ilk addımlar atılmışdır. Azərbaycan Respublikasında mövcud olan turizm ehtiyatlarından səmərəli istifadə dövlət büdcəsinə xarici valyuta axınlarının güclənməsinə səbəb olmalıdır. Xarici, ilk növbədə turizm sahəsində nəhəng təcrübəyə malik ölkələrin təcrübədən və müasir xidmət texnologiyasından istifadə olunması, müasir tələblərə cavab verən turizm-rekreasiya kompleksinin yaradılması artıq bu günün zərurətidir.
Turizm sahəsinə aid normativ-hüquqi bazanın zəifliyi, turistlərin təщlükəsizliyi və hüquqlarının qorunması istiqamətində təminatın olmaması, daxili və gəlmə turizmin inkişafı üçün stimulun cazibəli olmaması, müvafiq infrastrukturun ləng inkişaf etməsi turizmin inkişafına mənfi təsir göstərən əsas amillərdir. Turizmin inkişaf istiqamətlərini təyin etmək və onun əsas iqtisadi göstəricilərini hazırlamaq məqsədilə yaxın gələcəkdə bu sahənin inkişafı üzrə ümumrespublika səviyyəli Məqsəd Proqramının həyata keçirilməsi reallaşır. Kompleks yeniləşmə xarakteri daşıyacaq bu proqram turizm sahəsinə müasir bazar münasibətlərinin və onlara müvafiq dövlət tənzimlənməsi mexanizmlərinin daxil edilməsi prosesini stimullaşdırmalıdır. Proqramın həyata keçirilməsi büdcə və büdcədənkənar maliyyələşdirmə mənbələrinə istinad edilməsini nəzərdə tutur. Proqramın tədbirlər sistemi indeksasiya, illik vəsait ayırmaları çərçivəsində respublika büdcəsindən maliyyə ayırmalarından ibarətdir. Büdcədənkənar mənbələrdən vəsaitin əldə edilməsi üçün də geniş imkanlar açılır. Proqramın həyata keçirilməsinin əsas nəticəsi Azərbaycan Respublikasında müasir, texniki cəhətdən hərtərəfli şəkildə təşkil edilmiş, həm yerli, həm də xarici vətəndaşların ehtiyaclarını ödəyən turist xidmətlərinin olmasıdır. Proqramda göstərilmiş tədbirlərin həyata keçirilməsi turizmin maddi bazasının möhkəmlənməsinə, turist marşrutlarının rəngarəngliyinin və coğrafiyasının genişlənməsinə gətirib çıxara bilər. Turizm kompleksinin yaradılması isə öz növbəsində iqtisadiyyatın digər sahələrinin inkişafına təkan verib, xalq təsərrüfatının yeni strukturunun təşkilinə yardım göstərməlidir.
Səmərəli və rəqabətə davamlı turizm kompleksinin yaradılması, bazar iqtisadiyyatı şəraitinə uyğun olan tənzimlənmə və təsərrüfat vasitələrinin turizm biznesi sahəsinə daxil edilməsi təşkilati yenidənqurma nəticəsində mümkün ola bilər. Özündə müxtəlif mülkiyyət formalarını və yüksək rentabelli müəssisələri birləşdirən turizm kompleksi dövlət büdcəsinə valyuta axını vasitəsilə yüksək gəlir gətirməlidir. Təbii ki, proqramın həyata keçirilməsi məşğulluq probleminin həllində mühüm amilə çevriləcəkdir. Proqramda göstərilən tədbirlər Azərbaycan Respublikasına xarici turist axınını nəzərə çarpacaq şəkildə artırmalıdır. Bu proqramın həyata keçirilməsi təbii və tarixi mədəni irs obyektlərinin qoruyub saxlamaq və bərpa etmək imkanı verəcək. Proqramın əsas sosial səmərəsi isə əhalinin istirahət və sağlamlığının möhkəmləndirilməsi, mədəni dəyərlərlə tanışlıq, dünyagörüşünün genişlənməsinə səbəb olmalıdır. Turizmin genişləndirilməsi ilə respublikanın ayrıayrı rayonları və regiondaxili bölgələrinin inkişafı səviyyəsində olan qeyri-bərabərliyi aradan qaldırmaq mümkün olacaq. Azərbaycanda turizmin inkişafı təkcə iqtisadiyyatımızın irəliləyişinə və dövlətimizin beynəlxalq aləmdə imicinin artmasına xidmət etmir. Ölkəyə turist axını həm də çox saylı soydaşlarımızın işlə təmin olunmasına, eləcə də nəqliyyat, rabitə, ticarət və digər sahələrin inkişafına güclü təkan verə bilər. Bazar iqtisadiyyatı şəraitində respublikamızın turizm bölmələrindən (dövlət, sosial və özəl) daxili turizmin və istirahətin inkişafına daha çox diqqət yetirmələri tələb olunur.
Hazırda ölkəmizdəki iş adamlarının turizm məqsədli yeni obyektlərin: pansionatların, istirahət zonalarının, turist bazalarının tikintisi sahəsindəki fəaliyyətlərində canlanma hiss olunur. Лakin turizm sahəsinin daha dinamik inkişafı üçün müvafiq infrastruktur - su təchizatı, kanalizasiya, telefon rabitəsi, müasir yollar və s. tələb olunur. Razılaşın ki, bu gün Azərbaycanın iş adamları təkbaşına belə infrastrukturu yaratmaq imkanına malik deyildir. Turizm sənayesi inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, dövlət turizminin üstün inkişafı üçün bölgə müəyyən edərək, ilk növbədə orada müvafiq infrastruktur yaradır, özəl biznes isə ondan istifadə etməklə həmin yerdə turist yönümlü obyektlər yaradır, belə hallarda yaxşı nəticə də əldə olunur. Bu cür qarşılıqlı əlaqə formasının Azərbaycanda da tətbiqi məqsədəuyğundur. Məlum olduğu kimi dünya ölkələrində yerli idarəetmə orqanları (bələdiyyələr) turizmin inkişafında çox böyük rol oynayır. Onlar öz ərazilərində turizm ehtiyatlarını öyrənir və ondan səmərəli istifadə etməklə yanaşı, yeni turist marşrutları müəyyən edir, turizm infrastrukturunun yaradılması üçün lazımi şəraiti yaradır. Ölkəmizdə yeni qurum olan bələdiyyələr ilk addıмlarını atır, turizm sahəsində onların təcrübəsizliyi nəzərə çarpır. Bu amil bələdiyyələrə maddi, texniki, metodiki yardım edilməsi, onların ixtisaslı kadrlarla təmin olunması məsələsini ön plana çəkir. Turistlərin təbiətlə ünsiyyətə, natural təsərrüfata malik olan kənd evlərində yaşamasına, xalq folkloru və yerli ənənələrlə tanışlığına imkan verən «kənd turizminə» və «ekoloji turizmə» olan böyük marağı nəzərə alınmalıdır. Bu iqtisadi cəhətdən möhkəm və gəlirli biznes sahəsi olmaqla yanaşı yeni iş yerlərinin yaradılmasına və yerli büdcəyə əlavə vəsait mədaxilinə səbəb ola bilər. Mədəniyyət və Turizm Nazirliyi, nazirliyin Turizm Baş İdarəsi son vaxtlar bu istiqamətdə bir sıra addımlar atmışdır. Yerli hakimiyyət orqanlarının bu işə yaxından cəlb edilməsi zəruridir.
Dünya təcrübəsi göstərir ki, turizm ehtiyatlarının mövcudluьu, hətta iqtisadi cəhətdən inkişaf etməmiş ölkələrə də dünya turizm bazarında mövqe əldə etmək imkanı verir. Lakin unikal və zəngin turizm resurslarına malik olan Azərbaycan öz potensial imkanlarından hələ zəif istifadə edir. Gəlmə turizm hər bir ölkə üçün iqtisadi cəhətdən sərfəli sahədir. Turizm iqtisadiyyatın sahibkarlar üçün ilk və tez mənimsənilən sahələrindən biridir. Bu gün respublikamızda turizm fəaliyyəti ilə məşğul olan təşkilatların sayının 120- dən çox olmasına baxmayaraq, bu istirahət qurğusunu hələ də tam qüvvəsi ilə işləmək iqtidarında deyil. Özəl biznes ən əvvəl «getmə turizm»i mənimsəməyə başladı. Belə ki, «getmə turizmi» ilə məşğul olmaq, «gəlmə turizmindən» daha sadə və sərfəlidir, çünki böyük reklama ehtiyacı yoxdur, reklam barədə qəbul edən tərəf düşünür. Hətta ən yoxsul ölkələr də öz turizm imkanlarının reklamı üçün vəsait ayırırlar. Güclü reklam olmadan dünya bazarında rəqabət aparmaq mümkün deyildir. Bir neçə iri turizm şirkətlərini çıxmaqla, bu istiqamətdə əksər turizm firmalarının fəaliyyəti nəzərə çarpmır. Turizm firmaları daha çox başqa ölkələrin turizm imkanlarını təbliğ etməklə məşğuldur, ona görə də beynəlxalq turizm sərgilərində iştirak etməkdən boyun qaçırırlar, çünki sərgi stendinə respublikamız haqqında nümayiş etdirməyə müasir səviyyəli turizm reklam məhsulu çıxara bilmirlər. Respublikamızın turist-rekreasiya regionlarında sanatoriya-kurort və turizm obyektlərinin tikintisi üzrə «Baş layihənin» olmamasından istifadə edən ayrı-ayrı şəxslər, son illərdə ən gözəl ərazilərdə şəxsi istifadə məqsədilə torpaq sahələri əldə etmişlər. Yalama-Nabran zonasını misal göstərmək olar. Burada dəniz sahili ərazisində boş sahə belə qalmamışdır. Başa düşmək olar ki, bu gün turizm üçün cəlbedici ərazilərdə müasir tur komplekslər tikmək üçün dövlətin maliyyə vəsaiti yoxdur. Amma belə ərazilərdə olan torpaq sahələrinin turizm üçün istifadə edilməsi məqsədi ilə ehtiyatda saxlanılması haqqında lazımi qərarlar qəbul etmək zəruridir. Respublika Prezidentinin 13 yanvar 2003-cü il tarixli 1122 saylı «Azərbaycan Respublikasında Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair» sərəncamı qəbul olunub, amma bu sərəncam yalnız dənizyanı sahil zolağına şamil edilir. Digər füsunkar guşələrdə olan yerlər haqqında da bu cür sərəncamın qəbul olunması vaxtı çatıb. Respublikada «Turizmin inkişafının Baş sxemi» layihəsi hazırlanaraq Nazirlər Kabineti tərəfindən təsdiq olunmalıdır. Yeni turizm obyektləri yalnız «Baş sxemə» əsasən tikilməlidir. Turizm obyektləri istənilən ərazidə kortəbii olaraq deyil, xüsusi ayrılmış sahələrdə və müvafiq orqanlarda layihə təsdiq olunduqdan sonra inşa olunmalıdır. Rayon icra hakimiyyəti orqanları, bələdiyyələr kütləvi istirahət yerlərinin abadlaşdırılmasına ciddi diqqət yetirməlidirlər. Əgər biz respublikamızın ərazisində idman turizmi marşrutları (dağ, piyada, su, avto, moto, velosiped) yaratmaq istəyiriksə, onda turist təhlükəsizliyi xidməti yaratmalıyıq. Onun tərkibinə idmançı turistlər və alpinistlər daxil edilməlidir. Turist marşrutlarının pasportlaşdırması, onun təhlükəsizliyi üçün profilaktik işlərin görülməsi, marşrut vaxtı çətinliyə düşən turistlərə yardım göstərilməsi həmin xidmətin əsas vəzifəsi olmalıdır. Bu xidmət respublika fövqəladə qərargahı tərkibində də fəaliyyət göstərə bilər. Turizmin inkişafı sahəsində fəal dövlət siyasəti yürüdən ölkələrə turizm bazarlarında uğur qazanmaq müyəssər olur. Səyahətçilərin, habelə yerli turist məhsulları istehsalçılarının hüquqlarının qorunması bu siyasətin əsas istiqamətlərinə aiddir. Nəticədə, büdcə gəlirləri artır və yeni iş yerləri açılır. Bu gün dövlətin turizm sənayesinin inkişafı siyasətinə yüksək peşəkar turist kadrların hazırlanması, elm və reklam-informasiya təminatı, milli turizm məhsullarının dünya bazarına çıxarılması, özəl sektordan sərmayə axınlarının cəlb edilməsi üçün vergi və gömrük güzəştləri və s. tədbirlər daxildir. Əminliklə demək olar ki, Azərbaycan Respublikasında turizm tədricən iqtisadi siyasətin ən qabaqcıl istiqamətlərindən birinə çevriləcək. Bunun üçün qarşıya qoyulmuş konkret vəzifələrin həyata keçirilməsinə ardıcıl surətdə çalışmaq lazımdır. Azərbaycan Respublikasının turizm sənayesini beynəlxalq səviyyəyə qaldırmaq üçün təbiət bizə bütün imkanları bəxş etmişdir, bundan sonrakı işlər isə insanların fəaliyyətindən və bu işə münasibətindən asılıdır.
Hazırda respublikamızda Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə, BMT-nin Statistika Komissiyasının standartlarına uyğun olan, dünya təcrübəsinə cavab verən statistik məlumatlar mövcud deyil. Azərbaycana gələn turistlərin dəqiq sayı, onlara göstərilən xidmətə görə büdcəyə daxil olan vəsait, turist vizası ilə xarici ölkələrə səyahətə gedən Azərbaycan vətəndaşlarının sayı haqqında müxtəlif göstəricilər verilir. Dəqiq statistik məlumatların olmaması isə öz növbəsində turizm sahəsində mövcud olan vəziyyəti təhlil etməyi çətinləşdirir. ÜTT-нын «Year book of tourism statistics» (Fiftieth edition-1998) illik statistik toplusunda 1992-1994-cü illər üçün Azərbaycana gələn və Azərbaycandan xarici ölkələrə gedən turistlər haqqında məlumatlar dərc etmişdir. Bu haqda 1995-2000-ci illəri əhatə edən statistik məlumatlar isə ÜTT-nin Compendium of Tourism Statistics (2001) mənbələrinə əsaslanır. Maraqlıdır ki, Azərbaycana gələn turistlərin böyük əksəriyyətini MDB ölkələrindən gələnlər təşkil edir. Beləliklə, əgər 1997-ci ildə MDB ölkələrindən Respublikamıza gələnlərin sayı 132 min nəfər olmuşdusa, 2000-ci ildə bu rəqəm 2.6 dəfə artaraq 346.5 min nəfərə çatmışdı. MDB ölkələrindən gələnlərin böyük əksəriyyətini Rusiya, Ukrayna, Orta Asiya Respublikaları və Gürcüstanda yaşayan azərbaycanlılar təşkil edirdi. Ölkəmizə gələn xarici qonaqlar içərisində ikinci yer İran İslam Respublikası vətəndaşlarına məxsusdur. Belə ki, 1997-ci ildə İrandan Azərbaycana gələn qonaqların sayı 2.3 dəfə artaraq 242.3 min nəfərə çatmışdı. İrandan Azərbaycana gələnlərin böyük əksəriyyətini sərhədyanı ticarət məqsədilə gələnlər təşkil edirdi. Qeyd etmək lazımdır ki, Azərbaycanda bu sahədə atılan ilk addımlar turizmin gələcək inkişafına şərait yaradır və onun perspektivlərini müəyyənləşdirir. Beynəlxalq standartlara uyğun olaraq istənilən ölkədə turizmin inkişafı turist-ekskursiya marşrutlarının və istiqamətlərinin müvafiq hüquqi sənədləşdirilməsini tələb edir. Hazırda Azərbaycanda, o cümlədən Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Naxçıvan, Lənkəran kimi böyük şəhərlərdə «etalon» adlanan məşhur ekskursiya marşrutlarının pasportlaşdırılması işi həyata keçməlidir. Avtonəqliyyat marşrutları, turistlərin şəhərətrafı gəzintisi marşrutları, istirahət günü marşrutları, turist yürüşləri və səyahətləri, macəra və ekoloji turizmin istiqamətləri və bununla bağlı təkliflər, habelə məşhur və cəlbedici tarixi, memarlıq, arxeoloji ekskursiya obyektlərinin pasportlaşdırılması zəruridir.
Xüsusilə, işğal altında olan Dağlıq Qarabağ ərazisində tarixi abidələrin və istirahət zonalarının pasportlaşdırılması tələb olunur. Vaxtı ilə bu işlə Azərbaycan Respublikası Turizm və Ekskursiyalar Şurasında xüsusi pasportlaşdırma Komissiyası, Turizm Federasiyası nəzdində isə ictimai marşrutixtisaslaşdırma komissiyası (İMİK) məşğul olurdu. Bu gün isə bu işi yenidən bərpa etmək lazımdır. Mədəniyyət və Turizm nazirliyi nəzdində Turizm Federasiyası yaratmaq, turist marşrutlarının və ekskursiya obyektlərinin pasportlaşdırılması üzrə müvafiq Komissiya təsis etmək məqsədəuyğundur. Əhalinin və onların ailə üzvlərinin, mədəni, mənalı istirahət və əyləncəsini təşkil etmək bu gün turist müəssisəsinin əsas və başlıca vəzifəsidir. İstirahət və əyləncənin bütün forma və növləri öz yüksək təşkili səviyyəsi ilə fərqlənməli, turistlərin maraq və mədəni tələbatını ödəməli, onlarda yüksək zövq və mənəvi keyfiyyətlər tərbiyə etməli, onların dünyagörüşünü genişləndirməlidir