Bu gün Azərbaycanda turizm ,o cümlədən beynəlxalq turizm sahəsi diqqət mərkəzindədir. Turizm insan kütləsini özündə birləşdirən bir sahə olduğu üçün burada insanların mədəni ünsiyyətinin və onların maarifləndirilməsinin də böyük ictimai-siyasi və kulturoloji əhəmiyyəti vardır. Turizm təkcə insanların səyahatlərinin təşkilinə onların mənəvi həzzinə xidmət etmir, eyni zamanda turizm insanların müxtəlif bilgilərlə maarifləndirmək, onların dünyagörüşlərini inkişaf etdirmək funksiyalarını yerinə yetirir . Bu gün turizmin təşkili prosesini kulturoloji proseslərdən ayrı təsəvvür etmək düzgün deyildir. Turizmin təşkili forması istirahət və əyləncənin əsas iştirakçıları olurlar. Tətbiqi kulturologiya elmi turizmə kulturologiyanın böyük bir sahəsi və asudə vaxt şəraitində sosial mədəni fəaliyyətin bir növü kimi yanaşır.Onun da tərbiyəvi əhəmiyyəti birbaşa olaraq aşağıdakılardan asılıdır:
Turist – ekskursiya işinin istiqaməti və nəzəri-ideoloji səviyyəsi müasir tələblərə nə dərəcədə cavab verir?
Səyahət və ekskursiya zamanı kütlələrin sosial- mədəni fəaliyyətinin təşkilində istifadə olunan formalar hansı pedaqoji yanaşma və metodlarla təmin olunur?
Bu fəaliyyət nəticəsində insanların əldə etdikləri yeni bilik və bacarıqlar gələcəkdə onlara lazım ola bilərmi?
Səyahət və ekskursiyalar zamanı şəxsiyyətin sosial özünüdərketmə kollektivçilik hissinin möhkəmlənməsi ictimai fəallığın artması istedadların üzə çıxarılması müasir tələblərə cavab verirmi?
Azərbaycanın turizm profilli ölkəyə çevirməsi və dünya arenasında öz sözünü deməsi üçün böyük potensialı vardır. Zəngin təbii sərvətləri , qədim tarixi və memarlıq abidələri özünəməxsus mentaliteti əlverişli ictimai coğrafi mövqeyi , xəzərin sahil zonaları turizmin inkişafında xüsusi əhəmiyyət kəsb edir . Bu halda bizi belə bir sual düşündürə bilər. Bu qədər təbii sərvətləri olan ölkəni inkişaf etmiş turist ölkəsinə çevirmək üçün nə çatmır? İlk öncə Azərbaycanın bu sahədə düzgün siyasəti , strategiyası olmalıdır.Məlumdur ki , turizm milli maraqların və iqtisadi inkişafın əsas istiqamətlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı bu gün tam əmin olmalıdır ki, turizm insanın sosial-iqtisadı problemlərini həll etməyə qadirdir. Turizm həmçinin cəmiyyətdə gedən polyarizasiya-qütbləşmə və təbəqələşmə prosesinin də qarşısını alır. Bu sahə milli gəlirin əhali arasında bərabər bölünməsinədə müəyyən şərait yaradır. Aydın məsələdir ki, turizm iqtisadiyyatla qarşılıqlı əlaqədədir.
İlk növbədə turizmin infrastrukturu formalaşmalıdır. Bu iqtisadiyyatın başqa sahələrinin də inkişaf etmasi üçün zəmin yaradır. Dövlətin turizmin idarə edilməsində götürdüyü istiqamət turizmin bazar münsibətləri şəraitində özü-özünü maliyyələşdirməsi üçün imkan yaradır. Bunun reallaşdırması üçün dövlət özünün müxtəlif dövlət və yerli icra hakimiyyəti orqanlarının turizmin işinə qarışmadan turoperatorların (Turoperator – turların komplektləşdirilməsi, turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı ilə məşğul olan turizm təşkilatı ) sayının artmasına şərait yaradır.Turoperator və turagentliklərin(Turagentlik – turizm və ekskursiya yollayışlarının satışı, habelə turizm-ekskursiya fəaliyyətinin təşkili üzrə informasiya, reklam, marketinq və s. digər xidmətlər göstərilməsi ilə məşğul olan vasitəçi təşkilat) hüquqları qanunla qorunur. Azərbaycan höküməti ölkədə turizmi inkişaf etdirmək üçün xüsusi layihələr işləyib hazırlayır. Təbii ki, mütəşəkkil və düzgün turizm siyasətinin formalaşması və bunun uğurlu surətdə həyata keçirilməsi heç də asan məsələ deyil. Çünki bu məsələdə ölkənin yalnız turizm resurslarının və potensial imkanlarının olması hər şeyi həll etmir. Kifayət qədər turizm resurslarına malik olan ölkəmizin beynəlxalq aləmdə turizm regionu kimi tanınması üçün isə turizm sahəsində dövlət siyasəti beynəlxalq standartlara uğunlaşmalıdır. Bu sektorun inkişafı üçün siyasi iqtisadi və sosial-mədəni imkanların yalnız son illərdə yarandığı nəzərə alsaq , gələcəkdə Azərbaycanda turizmin perspektivlərinə nikbin baxmaq olar. Milli turist siyasətinin əsas mahiyyəti ölkədə turist bazarının formalaşmasıdır. Bazara çıxarılan məhsul orijinal və rəqabətli olmalıdır. Mehmanxana və nəqliyyat qiymətləri turistlərin maliyyə imkanlarına və zövqünə uyğun gələn turist məhsulunun qiymətinin bir hissəsidir. Burada turist məhsulunu yaratmaq arzusu və təşəbbüsü regionlarda əmələ gəlir.Riskə gedərək təşəbbüs göstərən şəxslər öz sərmayəsini sərf edərək turist müssisəsi açır, alıcıların imkanını nəzərə alaraq turist məhsulu yaradır. Onu münasib qiymətlərlə satır gəlir götürür və götürdüyü gəlirin bir hissəsini yenidən öz biznesnin genişləndirilməsinə sərf edir. Ölkəmizin turizm sənayesi inkişaf dövrünə qədəm qoymuşdur. Hüquqi bazası Ümummilli liderimiz Heydər Əliyev cənablarının təşəbbüsü ilə 1999-cu ildə “Turizm haqqında Azərbaycan Respublikasının Qanunun qəbulu ilə qoyulmuş turizm 2001-ci ilin 18 aprelində Gənclər İdman və Turizm Nazirliyinin yaradılması , 2002-ci ilin avqustundə təsdiq olunmuş Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) “ Dövlət Proqramı ilə güclü təkan almışdır. Bütün dünyada olduğu kimi Azərbaycan Respublikasında da turizm inkişaf etməkdədir. Rəsmi statistikaya görə 2004-cu ildə dünyada səyahət edənlərin sayı 703 milyon nəfər gələn gəlir isə 470 milyard dollar olmuşdur. Azərbaycan Respublikası Gənclər İdman və Turizm Nazirliyinin (İndi Turizm sözü götürülmuşdur) açıqlamalarına görə 2003-cu ildə ölkəmizə 1.066 min 2004-cü ildə isə 1.348 min nəfər əcnəbi gəlmişdir.Rəqəmlərdən göründüyü kimi ölkəyə gələn əcnəbilərin sayı artmaqdadır.Bu isə turizm sənayesi üçün peşəkar kadrların hazırlanmasını labüd edir. Turizm fəaliyyəti ilə məşğul olan hər bir şəxs turizmin hüquqi bazası ilə BMT və ÜTT-nin sənədləri Milli Qanunlar turizmlə əlqəli sahələrin hüquqi sənədləri ilə yaxından tanış olmalı öz fəaliyyətində onların əməl etməyə borcludur. Turizm fəaliyyətinin tənzimlənməsinin predmetini ölkələr ayrı-ayrı təşkilatlar, firma ilə turistlər arasında münasibətlər təşkil edir.
İngiltərəli keşiş Tomas Kuk tərəfindən ilk təşkil olunmuş turizm səfərlərindən (1841) keçən dövr ərzində turizm agentləri ilə turistlərin turizmə cəlb olunmuş ölkələrin qarşılıqlı münasibətlərini tənzimləyən çox saylı hüquqi sənədlər işlənib hazırlanmışdır. Turizmin hüquqi bazası , sahibkarlıq fəaliyyətin dövlət tənzimləməsi, turizm sahəsində dövlət siyasətin tərkib hissəsini təşkil edir. Bu gün ölkəyə gəlir gətirən, əhalinin sosial-mədəni səviyyəsini yaxşılaşdıran bütün iqtisadi sahələrin inkişafı Azərbaycan dövlətinin maraq dairəsindədir. Dövlətin bilavasitə dəstəyi olmadan hər hansı bir sahənin inkişaf etdirilməsi mümkün deyildir. Bu baxımdan turizmin inkişafı da dövlət tərəfindən dəstəklənir. Qeyd etmək lazımdır ki, beynəlxalq təcrübəni öyrənmədən turizmin inkişaf etdirilməsi yollarını düzgün müəyyənləşdirmək, onun səmərəli inkişafına nail olmaq mümkün deyildir. Ayrı-ayrı ölkələrin təcrübəsinə nəzər yetirdikdə görürük ki, bir sıra ölkələrdə turizmin inkişafının dövlət proqramı hazırlanır, vergi güzəştləri edilir, sərhəd-gömrük rejimi sadələşdirilir.Dövlətin büdcəsindən turizmin inkişafına vəsait ayrılır, şəxsi turist şirkətlərinə az faizli ödənişlə kreditlər verilir. Görülən bu islahatların hesabına turizmin maddi-texniki bazası ildən-ilə genişləndirilir. Azərbaycan dövləti də beynəlxalq təcrübədən istifadə edərək turizmin infrastrukturunun inkişafı üçün əsasən investisiya siyasətindən istifadə edir. Azərbaycan hökuməti respublikanın icra və qanunverici hakimiyyət orqanlarının, xüsusilə Mədəniyyət və Turizm nazirliyinin diqqətini kommersiya strukturlarının birgə səyindən istifadə etməklə turizmin infrastrukturunun inkişafını müasir tələblər səviyyəsində qurmağa yönəldir. Lakin hələ beynəlxalq miqyasda istifadə olunan metodların ölkəmizdə turizmin inkişafına tətbiq olunması istiqamətində çox az işlər görülmüşdür. Təəssüflər olsun ki, investorların hüquqlarının müdafiəsini təmin edən investisiya siyasətinin aktual problemləri ilə bağlı olan bir sıra hüquqi sənədlər hazırlanmamışdır. Bu hal isə turizmin inkişafını ildən-ilə ləngidir. Turizmin inkişafına mane olan halların aradan qaldırılması üçün dövlət səviyyəsində aşağıdakı addımların atılması təklif olunur: -dövlət turizm təşkilatçıları üçün vergi güzəştləri tətbiq etməlidir; -тurizm şirkətləri və təşkilatları gömrük rüsumlarından və əlavə gəlir vergisindən azad olmalıdır; -dövlət turist təşkilatçılarına güzəştli kreditlər verməlidir; -тurizm xidməti üçün xaricdən gətirilən texnika və avadanlıqlar gömrük rüsumlarından azad olmalıdır; -кorporativ vergilərə güzəştlər edilməlidir və s. Bu istiqamətdə turizmin inkişafına dövlət dəstəyi verilməsi hesabına həm turizm sürətlə inkişaf edə bilər, həm də əhalinin sosial iqtisadi vəziyyəti yaxşılaşa bilər. Əhalinin milli gəliri artar, ölkəyə daha çox valyuta kütləsi daxil olar, əhalinin böyük bir hissəsinin məşğulluğu üçün şərait yaranar. Doğrudur, Azərbaycan Respublikası hələ 1999-cu ilin iyun ayının 04-də «Turizm haqqında» qanun qəbul etmişdir. Həmçinin, ölkə prezidenti 2002- 2005-ci illərdə turizmin inkişafına dair 27 avqust 2002-ci il tarixli sərəncamla bölgələrdə turizmin inkişafı barədə proqram qəbul etmişdir. Həmin proqramda turizmin inkişafına dair bir sıra dövlət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu proqramda turizmin əhəmiyyəti qiymətləndirilmiş, onun inkişafının konkret yolları göstərilmişdir.
Azərbaycanda turizmin inkişafı məsələsi təkcə sosial-iqtisadi əhəmiyyət kəsb etmir. Çox mürəkkəb məkanda yerləşən ölkəmizin dünyaya daha real şəkildə təqdim edilməsinə də böyük ehtiyac vardır. Azərbaycanın ərazilərini tədricən işğal etmək istəyən Ermənistan dövlətinə qarşı əks təbliğat və təşviqat aparmaq, ölkəmiz haqqında reallıqları dünya xalqlarına çatdırmaq üçün turizm əlaqələrinin çox ümdə əhəmiyyəti vardır. Məlumdur ki, turizm səfərlərinə gələn xaricilərin çoxu öz ölkəsinin tanınmış, yaxud da yüksək intellektə malik olan vətəndaşlardır. Həmin insanlara ölkəmizin tarixi və mədəniyyəti, onun mənəvi dəyərləri haqqında geniş məlumatlar verməklə biz, Azərbaycanı bütün dünyaya tanıtmış oluruq. Onların çoxu öz ölkələrinə qayıtdıqdan sonra gördükləri və eşitdikləri haqqında ictimaiyyətə məlumatlar verir, kütləvi informasiya vasitələrində çıxışlar edirlər. Bütün bu reallıqları nəzərə alaraq Azərbaycan dövləti turizmin sistemli şəkildə inkişafına çalışır. Turizmin qloballaşması müasir dövrün reallığıdır. Turizmin təşkilinə üstünlük verən ölkələr dünyanı tam şəkildə qəbul edir, onun hər yerində sülhün, əmin-amanlığın qorunmasına çalışırlar. Çünki müharibələr, münaqişələr, terror hadisələri turizmin inkişafına mane olan ən başlıca amillərdir. Məhz bu amilləri nəzərə alaraq Azərbaycan dövləti isə öz turizm siyasətini erməni terrorizminin ifşası üzərində qurmalı, Ermənistan dövlətinin regionda həyata keçirtdiyi işğalçılıq siyasətini dünya ictimaiyyətinin nəzərinə çatdırmalıdır.
Məlumdur ki, Azərbaycan Avropa və Asiya qovşağında yerləşir. Məhz bu coğrafi yerləşmə ölkəmizin güclü turizm potensialına malik olduğunu bir daha təsdiqləyir. Respublikamızın iqlimi, rəngarəng təbii-coğrafi quruluşu bütün il boyu xaricdən turist qəbul etmək imkanına malikdir. Ölkəmizin ayrı-ayrı bölgələrində nadir memarlıq abidələri vardır. Qobustan qaya təsvirlərini dünya miqyasında görmək istəyən çoxlu insanlar vardır. Mezolit, neolit və eneolit dövrləri haqqında maraqlı məlumatlara malik olan bu möhtəşəm abidənin şöhrəti bütün dünyaya yayılmışdır. Qədim insan məskənlərini görmək, onlarla tanış olmaq hamı üçün maraqlıdır. XVIII əsrin gözəl sənət nümunəsi və incisi, özünəməxsus memarlıq quruluşuna malik olan Şəki xan sarayı, həmçinin bu ərazidə yerləşən möhtəşəm qalalar və məbədlər, eləcə də Şəkinin ecazkar təbiəti və s. turistlərin diqqətini özünə cəlb edən amillərdir. Neftin necə çıxması ilə maraqlanan milyonlarla insanlar vardır. Kəlbəcərin isti suyu, Şuşanın, Laçının sərin bulaqları və əzəmətli dağları, və meşələri erməni işğalı altındadır. Sözsüz ki, zaman gələcək bu ərazilərimizi erməni işğalından azad edəcəyik və həmin ərazilər beynəlxalq turizm marşrutuna daxil olacaqdır. Sovet dövründə Azərbaycanda müxtəlif turizm obyektləri yaradılmış, müalicəvi əhəmiyyət kəsb edən sanatoriyalar tikilmişdir. Hələ 1980-ci ildə Azərbaycan respublikasının rəhbəri olan Heydər Əliyevin təşəbbüsü ilə Xəzər sahillərində bir çox kurort zonaları yaradılmışdır. Eyni zamanda ayrı ayrı yaradıcı və əmək təşkilatlarının əməkdaşlarının istirahətini təşkil etmək üçün müxtəlif istirahət-əyləncə mərkəzləri inşa edilmişdir. Bu məqsədlə Abşeronun şimal sahillərində kurort-rekreasiya tipli binalar tikilmişdir. Lakin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış qaçqınlar ordusunun böyük bir hissəsi Mərdəkanda, Zaqulbada, Bilgəhdə və başqa yerlərdə inşa olunmuş pansionatlarda yerləşdirilmişlər. Hal-hazırda qaçqın və məcburi köçkünlərin öz doğma ərazilərinə yaxın yerlərdə yerləşdirilməsi üçün dövlət səviyyəsində əməli işlər görülür. Belə ki, son dövrlərdə Azərbaycan neft fondunun hesabına Ağdam, Bərdə, Füzuli və başqa rayonların ərazilərində qaçqın və məcburi köçkünlər üçün bütün şəraiti olan şəhərciklər salınıb. Dövlət 2006-cı ildə bu işin tam şəkildə həyata keçirilməsi üçün müxtəlif tikinti təşkilatları ilə müqavilələr bağlamışdır. Planlaşdırılmış olan bu iş sona çatdırıldıqdan sonra Abşeron ərazisindəki turizm-sanatoriya bazaları boşaldılaraq yenidən əvvəlki təyinatına uyğun istifadə olunacaqdır. Qeyd etmək lazımdır ki, 2002-ci ildə təsdiq edilmiş Dövlət Proqramında həm yerli, həm də xarici istehlakçıların turizm-əyləncə xidmətinin təşkili üçün bir sıra əməli işlərin görülməsi nəzərdə tutulmuşdur. Proqramda eyni zamanda aşağıda qeyd olunan məsələlərin həllinin vacibliyi göstərilmişdir: -тurizm sahəsində dövlət siyasətini həyata keçirmək və bu sahənin üstün cəhətlərinin inkişafını təmin edən zəruri bazaların yaradılması; -ölkədə turizmin proporsional inkişafının təmin edilməsi; -мövcud turizm sistemində əldə olunmuş mütərəqqi təcrübəyə əsaslanaraq müstəqil Azərbaycan Respublikasının strateji maraqlarına cavab verən müasir xidmət sisteminin formalaşdırılması; -тurizm sənayesinin yaradılması və idarə olunması istiqamətlərinin müəyyənləşdirilməsi; -тurizm sahəsindən əldə olunan vəsaitin artırılması və onların dövlət və yerli büdcələrə daxil edilməsi; -тurizm sahəsində xidmətin keyfiyyətinin yaxşılaşdırılması, onun beynəlxalq standartlara uyğunlaşdırılması; -ölkəmizin turizm müəssisələrinin beynəlxalq turizm proqramlarında iştirak etmələri üçün əlverişli şərait yaradılması. Turizm insanların sosial mədəni fəaliyyətinin əsas sahələrindən biri kimi dövlət tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Respublikasının əsas qanunu olan Konstitusiya sosial inkişafın dövlət tərəfindən qorunmasını, 16-cı maddədə aydın şəkildə təsvir etmişdir. Konstitusiyasının 16-cı maddəsində deyilir: 1. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. 2. Azərbaycan dövləti mədəniyyətin, təhsilin, səhiyyənin, elmin, incəsənətin inkişafına yardım göstərir, ölkənin təbiətini, xalqın tarixi, maddi və mənəvi irsini qoruyur. Qeyd etmək lazımdır ki, mədəniyyətin, eləcə də maddi və mənəvi irsin qorunması turizm obyektlərinin də qorunub mühafizə olunması kimi başa düşülməlidir. Eyni zamanda ölkəmizin müxtəlif ərazilərində olan tarix və mədəniyyət abidələrinin qorunması məsələsi də ölkəmizin əsas qanununda öz əksini tapmışdır. Bununla əlaqədar olaraq Konstitusiyanın 77-ci maddəsində göstərilmişdir ki, tarix və mədəniyyət abidələrinin qorunması hər bir şəxsin borcudur. Təbii ki, qeyd olunan bu və ya digər maddələrin turizmin ölkəmizdə inkişaf etdirilməsinə müsbət təsiri vardır. Azərbaycanda turizmin inkişaf etdirilməsi haqqındakı dövlət proqramında turizmin inkişafına təminat yarada biləcək maddi bazanın yaradılmasına, turizm sahəsinin proporsional inkişafının təmin edilməsinə, müasir tələblərə cavab verə biləcək sistemin formalaşdırılmasına və s. fəaliyyət istiqamətlərinin genişləndirilməsinə xüsusi yer verilir. Bütün bunları nəzərə alaraq dövlət proqramı aşağıdakı vəzifələrin həyata keçirilməsini bir məqsəd kimi qarşıya qoyur: 1. Turizmin hərtərəfli inkişaf etməsi üçün kiçik və orta sahibkarlığa geniş səlahiyyətlər vermək; 2. Turistlərə xidmət obyektlərini yenidən qurmaq və onu dünya standartlarına uyğunlaşdırmaq; 3. Respublikanın beynəlxalq və daxili turizm bazarında rəqabət aparmaq qabiliyyətini artırmaq; 4. Turizmin inkişaf etdirilməsi üçün daha mütərəqqi və səmərəli metodlardan istifadə etmək və s. Qeyd edək ki, 1992-ci ildə sahibkarlıq fəaliyyətinə sərmayə qoyuluşunu formalaşdırmaq üçün xüsusi fond yaradılması haqqında əmr verilmişdir. Lakin bu fondun real fəaliyyəti 1993-cü ilin ortalarından həyata keçirilməyə başlanılmışdır. 1997-ci ildə Respublikanın Nazirlər Kabineti tərəfindən iş adamlarına kömək məqsədi ilə dövlət büdcəsindən xüsusi vəsait ayrılması haqqında əsasnamə qəbul olunaraq təsdiq edilmişdir. 1998-ci ildə iş adamlarına sərmayə yardımı olunması məqsədi ilə 13 layihə qəbul edilmiş, bu layihələrə 1999-cu ildə 8-i də əlavə olunmuşdur. Beləliklə, 21 layihə Milli Fond tərəfindən sərmayə yardımı edilməsi məsələsi razılaşdırılmışdır. Bu razılaşmaya əsasən Respublikanın Maliyyə Nazirliyi tərəfindən 600000 manat həcmində sərmayə yardımı ayrılmışdır. Ancaq bütün bunlara baxmayaraq Respublikada turizmin inkişafına təsir göstərən ən başlıca dövlət sənədi Аzərbaycan Respublikasının «Turizm haqqında» dövlət qanunu olmuşdur. Bu qanunda turizmi inkişaf etdirmək məqsədi ilə həm əlaqədar dövlət strukturları, həm də özəl təşkilatlar qarşısında konkret vəzifələr qoyulmuşdur. Qanunda göstərilən vəzifələrə əsaslanaraq bütün əlaqədar təşkilatlara turizm potensialından səmərəli istifadə etmək, bu sahə üzrə orta və kiçik sahibkarlıqla məşğul olanların sayını artırmaq, güclü rəqabətə davam gətirə biləcək turizm bazaları yaratmaq tapşırığı verilmişdir. Həmçinin, turizmin infrastrukturunu genişləndirmək, onun maddi-texniki bazasını möhkəmləndirmək vəzifələri irəli sürülmüşdür. Eyni zamanda turizm işinin daima dövlət tərəfindən tənzimlənməsinin vacibliyi göstərilən qanunda xüsusi olaraq qeyd edilmişdir. Bu gün Azərbaycanda turizmin maddi-texniki bazasının möhkəmləndirilməsində onun infrastrukturunun inkişafında Azərbaycan Respubkikası Həmkarlar Konfedrasiyasının da xüsusi rolu vardır. Bu baxımdan Konfedrasiyaya daxil olan sahə ittifaqları turizm bazalarına əhalinin güzəşli şərtlərlə göndərilməsində onların istirahət və əyləncəsinin mənalı və səmərəli təşkilində mühum funksiyalar yerinə yetirir. Bu işdə Azərbaycan Respublikası Həmkarlar Konfedrasiyasının sədri millət vəkili cənab Səttar Mehbaliyevin rolu xüsusi qiymətləndirilməlidir. Bü gün turizm sahəsində dövlət siyasətin davamı kimi “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” qəbul olmuşdur. “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Turizm İnstitutunda (ATİ) Elmi Şuranın iclası keçirilib. Tədbirdə çıxış edən ATİ-nin rektoru Cəfər Cəfərov Dövlət Proqramının əhəmiyyətini qeyd edərək, onun icrasının ölkəmizdə turizm sektorunun inkişafına güclü təkan verəcəyini vurğulayıb. Dövlət Proqramı təkcə 2010-2014-cü illərin deyil, ölkədə turizm sahəsinin inkişafının uzunmüddətli strateji maraqlarını özündə ehtiva edir: «Proqramda nəzərdə tutulmuş problemlərin uğurlu həlli ölkəmizdə turizm sənayesinin və infrastrukturunun möhkəmlənməsinə, dövlət və bələdiyyə orqanlarının öz fəaliyyətlərini daha da gücləndirməsinə zəmin yaradacaq. Sənəddə turizm şəbəkəsinin coğrafiyasını və mövcud qorunan obyektlərdən istifadə hüquqlarının müəyyənləşməsi, turizm fəaliyyətinə başlama, ərazilərin hüquqi tənzimlənməsi, nəzarətin təşkili üsullarının təkmilləşdirilməsi bir vəzifə kimi qarşıya qoyulub». Azərbaycanda turizm sahəsində dövlət siyasəti yeni bir mərhələyə qədəm qoymuşdur.Və bu sahədə dövlətin apardığı siyasət turizmin inkişafına güclü təkan göstərir. Azərbaycan turizm sektoru sürətlə inkişaf etməkdədir. Ölkəmiz artıq dünya turistləri üçün cəlbedici məkana çevrilir. Ölkəyə gələn turistlərə yüksək standartlara uyğun xidmətin göstərilməsi isə bir çox faktorlardan asılıdır. Bu baxımdan turizm-ekskursiya işinin təşkilində bələdçilərin, bələdçi-tərcüməçilərin rolunu ayrıca qeyd etmək lazımdır. Coğrafi mövqeyinə görə əlverişli bir ərazidə yerləşən Azərbaycanda turizm ən perspektivli və yüksək potensiallı sahə hesab edilir. Dövlətin də turizmə yaxından diqqəti və qayğısı bu sahənin gələcək inkişafına zəmin yaradır. Təsadüfi deyil ki, dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsi nəzərdə tutulur. Onu da qeyd edək ki, Azərbaycanda turizm sahəsində dövlət siyasəti turizmin gələcək inkişafı üçün onun əsas prioritetlərini müəyyən edir.