Kopenhagen-Danimarkanın paytaxtı

Kopenhagen-Danimarkanın paytaxtı

Danimarkanın paytaxtı Kopenhagen haqqında ilk məlumat 1043-cü ilə aiddir. Daniya dilində işlənən koben-havn sözünün mənası ticarət limanı deməkdir. Çox hissəsi Zellandiya, az hissəsi isə Amager adalarında yerləşən bu şəhərin belə adlandırılmasının əsas səbəbi onun Eresunn boğazının sahilində salınmasıdır. Öz mövcudluğuna görə şəhər həm də siyənək balığına minnətdar olmalıdır. Çünki yuxarıda adlarını çəkdiyimiz adalar arasındakı boğaz ta qədimdən balıq ovu ilə şöhrət tapmışdı. Və bu səbəbdən insanlar böyük məmuniyyətlə onun hər iki sahilində məskunlaşmışdılar. Hal-hazırda isə şəhər əhalisinin sayı 1,5 milyon nəfərdən çoxdur. Dünyada heç bir şəhər Kopenhagen qədər qonaqlarına nağıl danışmır. Hans Xristian Andersonun sayəsində bu məkan nağıl və möcüzə mücəssiməsinə çevrilib. Şəhərin dəyişməz atributlarından biri onun qvardiyasıdır. Onlar 1658-ci ildə kral III Frederikin zamanında təşkil olunub.

Kopenhagendə görməli yerlər

«Su pərisi» heykəli 100 ildən artıqdır ki, Danimarkanın simvolu sayılır. 1913-cü ildə salınan bu bürünc abidənin çəkisi 175 kq-dır. Helkəltaraş Edvard Eriksen üçün model rolunda çıxış etməyə onun həyat yoldaşı tanınmış daniyalı balerina Elen Prays razı olub. Buradakı Tivoli dünyanın ən məşhur əyləncə parklarından biri sayılır. Əsası 1843-cü ildə Georq Karstensen tərəfindən qoyulub. Parkda 30-a yaxın səhnəcik nümayiş etdirilir. Ərazisində müxtəlif restoran və kafelər fəaliyyət göstərir. Yeni Havan kanalı isə şəhərin daxilini dənizlə birləşdirmək məqsədilə saray mühəndisi B. Ruzenstin irəli sürdüyü lahiyə əsasında 1641-ci ildə salınıb. Kanalın sahilində yerləşən binaların əksəriyyətinin 300 ilə yaxın yaşı var. H. X. Andersen buradakı 18, 20, 65 nömrəli evlərdə yaşayıb. Sadaladıqlarıımızdan əlavə «Vikinqlərin gəmiləri» (5 gəmi saxlanılır), «Madam Tyusso» (mum fiqurlar), «İnanıram inanmıram» (13 qalereyaya bölünüb və dünyadakı insanların həyatında baş verən ən qeyri-adi hadisələri əks etdirir) adlı muzeylər də var.

Kopenhagen

Turistlərə məsləhət

Kopenhageni velosipeddə tədqiq etmək asan olduğu kimi rahatdır. İndi bu şəhərdə velosipeddən istifadə niyə bu qədər populyardır sualını cavablandırmağa çalışaq. Şəhərin bütün gözəlliklərini görmək üçün tələsmədən velosipedlə hərəkət etmək daha yaxşıdır. Apreldən dekabra kimi 110 stenddə 2000-ə yaxın velosiped insanların ixtiyarına verilir. Burada onları icarəyə götürmək də asandır. Belə ki 20 kron ödəməklə (təxminən 4 dollara yaxın) bunu edə bilərsiniz. Nəqliyyat vasitəsini yerinə qaytaranda isə ödədiyiniz pulu geri alacaqsınız.

Amma stendləri fəaliyyət müddətlərini də unutmayın. Səhər saat 9:00-dan 17:00-a, şənbə günü isə saat 9:00-dan 14:00-a kimi. Hər velosipedə xəritə yapışdırıldığı üçün şəhərdə hərəkət etmək asanlaşır. Burada oktyabr ayının 10-da turistlər üçün mədəniyyət gecəsi adlı bayram da təşkil olunur. Həmin vaxt saat 18:00-dan sonra bütün teatr, muzey və s. turistlərin üzünə açıq elan olunur. Küçələrdə müxtəlif müsabiqələr keçirilir. Hətta onlar üçün pulsuz avtobus da fəaliyyət göstərir.

Danimarka mətbəxi

Daniya mətbəxinin əsasını smorrebrot (hərfi mənası yağ çörəkdir) adlanan sendviç təşkil edir. Onlar yağ, ət və pendir dilimləri ilə süfrəyə verilir. Bir qayda olaraq, stol arxasında yeyilməlidir. Kopenhagendə müxtəlif balıq, ət, isti xörəklər, pendir və konfetlərdən ibarət koldt bord adlanan bufet səhər yeməyi də məşhurdur. Morgen-complet və ya adi səhər yeməyi qəhvə (çay), çörək, pendir, yumurta və peçenyedən ibarətdir. Daniyalılar müxtəlif xörəkləri bir- birinə qarışdırmır, onları xüsusi ardıcıllıqla yeyirlər. Coğrafi mövqeyini nəzərə alsaq, Danimarkanın mətbəxində mollyusk da mühüm rol oynayır. Burada bişirilən xörəklərdə əsasən balıq, ət və kartofdan istifadə olunur.
Ənənəvi xörəkləri isə bunlardır: qravad leks (şirin xardal sousunda verilən cəfərili duzlu qızılbalıq), xvid labskovs (mal əti və kartofdan hazırlanan raqu ilə dəfnə yarpağı), vinebrot (bütün dünyada tanınan daniya bişməsi). Burada içilən qəhvənin də öz yeri var. Ənənəvi xörəklərdən başqa Avropa mətbəxinə aid təamların da dadına baxa bilərsiniz.

Danimarkalılar

Daniyalılar həm şən, həm də fikirli də ola bilirlər. Lakin səbirli insanlardırlar. Həyatlarında sevdikləri 3 şey var: pivə, doğma şəhər Kopenhagen və şahzadələri. Onlar hər il şahzadənin doğum gününü milli bayram səviyyəsində qeyd edir və onun Amalienborq sarayının eyvanına çıxmasını böyük səbirsizliklə gözləyir və öz gözləri ilə bu səhnəni görməkdən məmun qalırlar. Şəhər sakinlərinə qədim evlərin divarlarının rəngini dəyişmək və fasadlarında bərpa işləri aparmaq qadağan olunub. Digər tərəfdən daniyalılar öz keçmişlərinə həmişə hörmətlə yanaşdıqları üçün qədim məhəllə və küçələrin görünüşünü, eləcə də atmosferini heç zaman dəyişmirlər. Axı, dənizçilərin xanımları həyat yoldaşlarını dənizə yola salanda pəncərənin qarşısına it və pişik heykəlcikləri qoyurdular. Onlar qayıdana kimi həmin heykəlciklərin üzlərini çevirmirdilər. Şimali Avropa sakinləri üçün daniyalılar temperamentli cənublular, Kopenhagen isə cənubi paytaxt şəhəridir. Ev sahibi üçün ən böyük kompliment ona gözəl və rahat istirahətə görə minnətdarlıq etməkdir.

Mənbə: http://anspress.com/index.php?lng=az

Top