Çili

Çili

Cənubi Amerikanın cənub qərbində dövlətdir. Onu «Antraktidaya açılan darvaza» da adlandırırlar. Dünyanın ən cənub şəhəri Puerto-Uilyams, ən hündür dağ gölü Çunqara (dəniz səviyyəsindən 4570 m hündürlükdədir) və daimi fəaliyyətdə olan vulkanı Ualyatiri (6064 m) buradadır. Şimalda Peru, şimal şərqdə Boliviya, şərqdə Argentina, cənubda isə Dreyk boğazı ilə həmsərhəddir. Uzunluğu 4329 km, eni isə 170 km-ə bərabərdir. Sahəsi 756 min km2-dir. Paytaxtı Santyaqo şəhəridir. İqlimi müxtəlifliyi ilə seçilir. Əhalisi 17 milyon nəfərdir. Onların 25%-ni avropalılar (alman, ingilis və italyanlar), 70%-ni metislər, 3-%-ni (şimalda aymara, cənubda isə Konsepsiyon və Mont şəhərləri arasında araukana hinduları yaşayır) hindular təşkil edir. Ərazisi 13 regiona onlar da öz növbəsində 50 əyalətə bölünür. Rəsmi dili ispan dilidir. Bununla yanaşı, əhali ingilis, alman və müxtəlif etnik qrupların dilində (aymara, arakuana, mapuçe) də danışır. Pul vahidi Çili pesosudur.

Çilinin görməli yerləri

Çili,cənubi AmerikaÇilinin görməli yerləri sırasında Çunqara və Miskantı gölü, Parinakota vulkanı, Atakama səhrası, El-Tatio qeyzeri, Kopakilya, Sapauira arxeoloji abidələri, sirli Pasxa adası, Amerika qitəsinin ən cənub rayonu və ölkəsinin sərhədlərindən çox uzaqlarda tanınan Pataqoniyanın adını çəkmək olar. Planetimizin ən isti nöqtələrindən biri olan Atakama səhrasından başlayaq. Elə olur ki, buraya yüz illərlə bir damla yağış belə düşmür. Buna baxmayaraq, ərazi iri lantşaftı, zəngin arxeoloji məntəqələri və unikal heyvanlar aləmi ilə tanınır. Burada160 kaktus, 200-ə yaxın heyvan növünə rast gəlinir. Çilinin ən sirli məkanlarından biri Pasxa adası sayılır. 5 saatdan sonra Santyaqodan qalxan təyyarənin illuminatorunda üçbucaq formasında olan vulkan mənşəli adanı görmək mümkündür. Ərazisində 3 min nəfər adam yaşayır. Burada tarixi V-VI əsrlərə aid və üzləri adaya baxan1000-ə yaxın heykəl var. Sanki onlar əhalini dənizdən gələn təhlükədən qoruyur. Çəkiləri bir-birindən fərqlidir. Ən böyüyününkü 90 tona yaxındır.

Çili mətbəxi

Yerli əhali toyuq ətinə üstünlük verir. Burada daha çox müraciət olunan və sevilən xörəklərdən biri kasuela de ave şorbasıdır. Bu toyuq əti, ədviyyat, kartof və düyüdən hazırlanır. Həmin xörək istənilən restoranın menyusuna daxildir. Xüsusilə də əyalətlərdə dadlı bişirilir. Əgər qarşınıza iri boşqabda cücənin yarısı, bir iki ədəd bütöv kartof və düyü gələrsə, bilin ki bu kasueladır. Mal əti, qızardılmış yumurta və kartofdan hazırlanan lomo a lya pobrenin də dadına baxmağı unutmayın. Milli kuranto şorbasının isə öz yeri var. Empanadas pirojkilərini isə mütləq yeməlisiniz. Onların içliyi ya mal əti, ya qaymaq, ya da balıqdan ibarət olur. Sevilən xörəklərdən biri də yodla zəngin olan dəniz kirpisinin şorbasıdır. Adları çəkilən xörəkləri qarğıdalı unundan bişirilən xumitas kökələri ilə yesəniz daha yaxşı olar. Çərəzdən sonra bir fincan qəhvə içilir. Çilililər qəlyənaltı etməyi də çox sevirlər. Onun tərkibinə salat, ətli şorba və ya empanadas daxildir. Bunun üçün sizə 2 dollar kifayət edər. Axşamlarsa adətən sendviç yeyilir.

Adət-ənənə

Çilinin sakinləri planetin ən qəribə insanlarıdır. İspan və hindulardan formalaşan əhalinin yaşadığı bu ərazi demək olar bütün millətlərin qarışığını özündə ehtiva edir. Onların hər biri isə ölkənin mədəniyyətinə özünəməxsus xüsusiyyətlər gətirib. Çilililər çox mehriban insanlardır. Əhali ilə siyasi mövzularda söhbət etməyə çalışmayın. Çünki söhbət saatlarla uzandığı kimi ətrafınıza kifayət qədər insan da toplaşa bilər. Küçədə spirtli içki içmək və siqaret çəkmək lazım deyil. Bu düzgün qəbul olunmur. Hətta, bəzi şəhərlərdə qadağan da olunub. Dövlət müəssisələrində, avtobus, stadion, məktəb, xəstəxana və bu kimi ictimai yerlərdə papiros çəkilməsini qadağan edən qanun 2006-cı ildən qəbul edilib. Qanunu pozan 15000 peso (30 dollar) dəyərində cərimə ödəməlidir. Şənbə və bazar günləri demək olar ki, hər yer bağlıdır. Ona görə də valyuta dəyişmək, mehmanxanada otaq kirayə etmək və təyyarəyə bilet almaq bu günlərdə tamamilə qeyri-mümkündür.

San Alfonso del Mar

San Alfonso del Mar-Chili,longest pool

Çilidə turistlərə məsləhət

Burada mobil telefonlardan istifadə geniş yayılıb. İstənilən müddətə istənilən telefonu icarəyə götürə bilərsiniz. Bunu etmək üçün qaldığınız mehmanxananın administratoruna yaxınlaşmalısınız. Beynalxalq zənglər burada çox ucuzdur. Çili restoranlarının özüməxsus cəhətləri sizi sadəcə təəccübləndirə biləcək. Elə masa arxasına oturan kimi sizə pulsuz isti bulkalar yemək təklif olunacaq. Nahar və ya şam yeməyi isə təsəvvür etdiyinizdən də dadlı olacaq. Çaypuluna gəlincə isə o, ödənilən məbləğin 10%-ni təşkil edir. Bundan başqa, müxtəlif suvenirlər də ala bilərsiniz. Məsələn, mapuçi hindularının gümüşü bəzək əşyaları buna misal ola bilər. Eləcə də əl işləri və misdən hazırlanan məmulatları da qeyd etmək olar. Unutmayın ki, ölkə misin ən iri ixracatçılarından biridir. Ümumi dövriyyədə onun payı 40%-dir. Yüngül sənaye mallarına gəlincə, ənənəvi olaraq keyfiyyətlidir və Latın Amerikasının sərhədlərindən kənarda da onlara tələb var.

Mənbə: anspress.com

Top