İordaniya

İordaniya

İordaniya, rəsmi adı İordaniya Haşimi Krallığı Qərbi Asiyada yerləşir. Dövlət quruluşu konstitusiyalı monarxiyadır. Ərazisi Suriya Səhrasını və Aqaba körfəzini əhatə edir. İordaniya Suriya, İraq, Səudiyyə Ərəbistanı, Aqaba körfəzi, İsrail və Fələstinlə həmsərhəddir. Ölü dənizin idarə edilməsi hüququnu İsraillə, Aqaba körfəzini isə Səudiyyə Ərəbistanıyla paylaşır. İordaniyanin əksər hissəsi səhradır. Ölkənin paytaxtı Omman şəhəridir. İordaniyada dövlət dili ərəb dili, dövlət dini İslam dinidir. Əhalinin 95 faizini müsəlmanlar təşkil edir. Müsəlmanların 90 faizi sünniliyin şafii məzhəbinə aiddir. Az sayda şiə-imamlara və druzlara rast gəlmək olar (birlikdə 5%). Xristianlar əhalinin 5 faizini təşkil edirlər. Onlar əsasən şəhərlərdə məskunlaşıblar. İordaniya Krallığının ümumi ərazisi 89,342 km² , əhalisi isə 5mln-dan artıqdır. Şəhər əhalisi - 72%, kənd əhalisi - 28%-dir. Ən yüksək nöqtəsi Ram dağında (1754 m), ən alçaq nöqtəsi - 403 m-dir (dəniz səviyyəsindən). Qışı sərin, yayı isti və qurudur.
İordaniya,İordaniyanın xəritəsi

Turistlərə məsləhət

İordaniyanın pul vahidi İordaniya dinarıdır. Alış-veriş mərkəzlərinin xüsusi iş qrafiki yoxdur - hər bir dükan sahibi iş vaxtını özü müəyyənləşdirir. Ancaq supermarketlər, adətən saat 9-dan 13-ə qədər, 15-dən 20.30-a qədər işləyir (istirahət günü - cümə). Yerli əhalinin şəklini yalnız onların icazəsi ilə çəkmək olar. Strateji binaları çəkmək qadağandır. Qadın geyimləri mümkün qədər diqqətçəkən olmamalıdır. İordaniyaya səyahətdən yadigar nəsə saxlamaq istəsəniz mütləq alış-verişə çıxın. Turistlərin əksəriyyəti xalçalara, gümüş bəzək əşyalarına, müxtəlif heyvanların daş fiqurlarına, döyüş bəzəklərinə, qədim silahlara, zeytun ağacından hazırlanmış məmulatlara üstünlük verirlər. İordaniyadan hədiyyə almaq istəsəniz mütləq muncuqlu qadın geyimlərini (əl işi), balıqqulağından hazırlanmış mücrüləri seçin. Əgər sizə təcili pul lazım olsa, bilməlisiniz ki, İordaniyada banklar saat 8.30-dan 12.30-dək işləyir. Ramazan ayında banklar yalnız 8.30-dan 10.00-dək, bəzi böyük banklar isə nahardan sonra da işləyir.

İordaniyanın görməli yerləri

Əlbəttə ki, İordaniyada olub ecazkar gözəlliyə malik Qırmızı dəniz və Ölü dənizi görməmək günahdır. Ölü dəniz dünyanın okean səviyyəsinin ən dərin nöqtəsidir. Dəniz üzərindəki oksigenin miqdarı digərlərinə nisbətən 10 faiz çoxdur. Təmiz havası ilə yanaşı, dənizin 100% qara palçığı müalicəvi əhəmiyyəti ilə turistlərin diqqətini çəkir. Ölü dəniz sahilində istirahət üçün hər şey tapmaq olar: palçıq vannaları, idman zalları, restoranlar və s. Aqaba körfəzi isə Qırmızı dənizin ekoloji baxımdan ən təmiz zonasıdır. Burada turistlər üçün hər cür şərait yaradılıb. İstənilən zövqə uyğun müxtəlif otellər, restoranlar, mağazalar, qumlu çimərliklər tapmaq olar. Ən çox diqqət çəkən məkanlardan biri də Omman şəhərində olan “Roma teatrı”dır. Bu teatr öz qədimliyi ilə seçilir. Burada 33 sırada 5000-ə qədər tamaşaçı otura bilir. İordaniyanın məşhur yerlərindən olan Petra şəhəri də öz qədimliyi ilə turistləri cəlb edir. Bu şəhər Lut gölü ilə Aqaba körfəzi arasında yerləşir. Ceraş şəhəri də turistləri ən çox maraqlandıran şəhərdir. Burada Zevsin məbədi, eləcə də Artemidin məbədi adlı tarixi abidələr yerləşir. Şəhərdə Bizans dövrünə aid 17 kilsə də var.

Ölü dənizdə kef çəkirlər

Milli bayramlar

İordaniyaya səyahətiniz hansısa bayram günlərinə təsadüf etsə, burada gördükləriniz həmişəlik yaddaşınıza həkk olunacaq. Ümumiyyətlə, İordaniyada rəsmi istirahət günləri cümə, eləcə də bazar günləri sayılır. Cümə günü hətta mağazalar da işləmir. Burada İslam dini ilə bağlı bayramlarla yanaşı, Avropa təqviminə uyğun bayramlar da qeyd edilir. Bunlar: 1 yanvar - Yeni il, 1 may - Əmək günü, 15 yanvar - Ağac günüdür (Arbor Day). Ağac günü İsanın xurma ağacı altında doğulduğu gündür. Həmin gün bütün İordaniyada ağac əkirlər. 25 may (1946) - Müstəqillik günü kimi qeyd edilir. İordaniyanın yüksək səviyyədə qeyd edilən bayramları sırasında Müqəddəs Ramazan, Qurban bayramlarını göstərmək olar. Turistlər həmin bayram günlərinə xüsusi diqqət yetirməlidirlər. Çünki bayram günlərində iş olmur, heç yer işləmir.

İordan mətbəxi

İordaniyaya səyahət edənlər buranın yeməklərinin dadından doymurlar. Hər zövqə və cibə uyğun restoran tapmaq mümkündür. Buranın mətbəxi ərəb ənənələrinə söykənsə də, xüsusi üsulla hazırlanır və özünəməxsus dadı var. İordaniyanın hər yerində düyü, müxtəlif ot və göyərtilərdən istifadə olunur. İordaniya mətbəxində limon və zeytun da geniş yayılıb. Məşhur şirniyyatları fındıqlı paxlava, küncüt və peçenyedir. Bunları çayla içmək daha yaxşıdır. Eləcə də kanafa adlı desert - pendirli şirin vermişelin də dadına baxmaq lazımdır. İordaniyada mütləq şaurma yeməyi unutmayın. Şaurma təmiz toyuq və ya qoyun əti, göyərti, tərəvəzdən hazırlanır. Tipik İordaniya yeməyi isə mensaf adlanır. Bu bayram yeməyidir, düyü və qoyun ətindən hazırlanır. Adas isə sarı mərcimək və toyuq ətindən hazırlanır. Maraqlı yeməklərdən biri də maklyuba adlanır. Maklyuba kartof, badımcan, düyü, qoyun ətindən hazırlanır. Nəticədə kartoflu-düyülü-ət yeməyi alınır.

Mənbə: "Aysel" jurnalı

Top