Macarıstan Respublikası Mərkəzi Avropada yerləşir. Sahəsi 93 min kvadrat kilometr olan ölkə Slovakiya, Avstriya, Sloveniya, Xorvatiya, Yuqoslaviya və Rumıniya ilə həmsərhəddir. Paytaxtı Budapeşt şəhəridir. Dunay çayı ölkəni demək olar ki, iki regiona ayırır. Ölkənin dənizə çıxışı yoxdur. Əhalisinin 90%-ni macarlar, 4%-ni qaraçılar, 2,6%-ni almanlar, qalan hissəsini isə serblər, rumınlar təşkil edir. Dövlət dili macar dilidir. Macarların çoxu bir xarici dil bilir - ingilis, alman və ya rus. Macarıstan parlamentli respublikadır.
Macar mətbəxi müxtəlif ət yeməkləri ilə məşhurdur. Macarıstanda qida yağlı və ağırdır. Xörəklərə mütləq soğan və istiot vurulur. Ən məşhur xörəkləri leço, porkolt (ətdən hazırlanır) və paprikaşdır (xamanın içində ət). Ət xörəkləri arasında donuz əti və piyi dominantlıq təşkil edir. Macar mətbəxinə aid milli delikates müxtəlif cür qızartmadır. Bütün Avropada macar salyami kolbasası çox məşhurdur. Balıq xörəkləri də çox populyardır, məsələn, foqaş. Bu, balıq şorbasına bənzər xörəkdir. Onu müxtəlif balıq növlərindən hazırlayırlar. Burada fast-fud lanqoş adlanır. Desertə isə nazik blinçik verilir. Ən dadlı blinçik məşhur Karoy Qundelin şərəfinə adlandırılmış qundel blinçikləridir. Buraya gəlib «Doboş» tortu və «Riqo Yançi» pirojnasının dadına baxmadan qayıtmayın. Macarıstan şərabı ilə bütün dünyada məşhurdur. Burada hər xörəyə uyğun fərqli şərab verilir.
Macarıstana səyahət təşkil edən istənilən turoperator müştərilərini rahat ekskursiya avtobusu və bələdçi ilə təmin edir. Amma Macarıstanın ab-havasını yaxından hiss etməkdən ötrü qrup halında gəzintini minimuma endirmək və paytaxt küçələrini piyada və ya ictimai nəqliyyatla gəzmək daha yaxşıdır. Şəhərdə rahat hərəkət etmək üçün özünüzlə xəritə götürün və şəhərin ən qədim mərkəzinə yollanın. Oraya getmək ictimai nəqliyyatla - tramvay, avtobus və ya metro ilə daha rahat olacaq. Gediş haqqı bütün nəqliyyatlarda eynidir - 230 forint. Biletləri marşrutların son dayanacaqlarındakı köşklərdən və ya otel hollarından əldə edə bilərsiniz. Bir faktı bilməlisiniz ki, ictimai nəqliyyatlarda sürücü dayanacaqda avtomatik olaraq qapını açmır, bu yalnız son dayanacaqda edilir. Sərnişinlər özləri qapını açmalıdırlar. Bütün küçə və meydanların öz adları var. Macar dil qaydalarına görə, xüsusi adlarda əvvəl familiya, sonra ad gəlir. Macar dilinin oxunuşu və başa düşülməsi çətindir. Macarıstanda olarkən milli zooparka baş çəkməyi də unutmayın. Bura dünyanın ən gözəl zooparklarındandır. Macarıstan isti bulaqlarına görə Avropanın ən iri kurortlarındandır. Burada təqribən yüzə yaxın isti bulaq var. Onlar 40 növ xəstəliyə çarədir. Bu müalicəvi suların faydalı xüsusiyyətini ilk dəfə Roma imperiyası kəşf eləmişdi. O zaman Budapeştin yerində romalı sürgünlər yaşayırdı. Burada yaralı legionerləri müalicə edirdilər. Budapeştin bir çox otelində müalicəvi su bulaqları var. Ən qədim və gözəl çay hamamlarından biri Qellertdir. Onun xüsusi gözəlliyi ondadır ki, şəhərin ən qədim məkanlarından olan Azadlıq körpüsünün yanında yerləşir. Çay hamamı müştərilərə geniş xidmət spektri təklif edir: müalicəvi vannalar, palçıqla müalicə, sualtı masaj, inqolyasiya və s. Cakuzi və hovuzlarla yanaşı, damda tikilən solyarilər də çox məşhurdur. Daha bir məşhur dəniz hamamı Seçenidir. Onun interyerinin qurulmasına Macarıstanın ən məşhur ustaları cəlb olunub. Bu hamamın əsas bəzəyi heykəltəraşlıq kompozisiyaları və vitrajlardır. Macarıstana səyahət zamanı yaxınlarınıza nə almağı düşünürsünüz? Milli suvenirlər - keramika, naxış, milli paltarda kuklalar, əntiq əşyalar, «Xerendskoy» və «Jolnai» zavodlarının əl işləri ilə bəzədilmiş farforları, gipür, macar qırmızı bibəri, «Pick» kolbasası, şərab və s. ada bilərsiniz. Macarıstanda ərzaq mağazaları səhər 7:00-dan 19:00-dək, bazan günləri isə 7:00-dan 14:00-dək, sənaye malları mağazaları isə 10:00-dan 18:00-dək, bazar günləri isə 9:00-dan 13:00-dək işləyir. Bir çox supermarket və özəl mağazalar 24 saat ərzində açıq olur. Belə mağazaların üstündə «Ejjeli-nappali» yazılır. Budapeşt açıq bazarı isə 6:00-dan 18:00-dək, bazar günləri isə 6:00-dan 14:00-dək açıq olur.Macar mətbəxi
Turistlərə məsləhət
Dəniz hamamı
Şopinq