Yarımçıq yaşayanlar üçün həyat qısadır

Yarımçıq yaşayanlar üçün həyat qısadır

Beyninizdə bir ideya yarandı. Birdən-birə oldu. Heç gözləmirdiniz. Nəsə eləmək istədiniz. Nəsə yazmaq və ya nəsə çəkmək istədiniz. İş toplantısında nəsə demək istədiniz. Ani baş verən qığılcım sizin daxilinizi hərəkətə gətirdi. Super həyəcan yarandı. Hər dəfə etdiyiniz kimi bu dəfə də etmədiniz. İdeyanı tam düşünmədiniz. Yazmadınız. Çəkmədiniz. Demək istədiyinizi demədiniz. Gün keçdi. Günlər keçdi. İllər keçdi. Hər şey keçdi. Getdi. Əlinizdə olan əbədiyyən yaşamaq fürsəti əlinizdən qum dənəsi kimi sürüşüb yaxasını qurtardı.
 
“Həyat qısadır” deyənlər qələt edir. Həyat sizdən sonra qalan ideyalar, yazılar, şəkillər və fikirlər qədər əbədidir.
 
Sevdiyiniz kitaba, şəklə, yazıya, musiqi albomuna, sitatlara diqqətlə baxın. Onların hamısı sizin kimi olan insanlar tərəfindən ərsəyə gətirilib.
 
Bir anlığa təsəvvür edin:
Da Vinçi “daha bəsdir çəkmək istəmirəm” deyib Mona Lizasını yarımçıq qoyur.
 
Tolstoy “nəyimə lazımdır” deyib qələmi əlinə almır və əsərlərini bitirmir.
 
Henri Ford “onsuz da bu at arabasına öyrəşənlər bizim işi anlamayacaq” deyib istehsalatı dayandırır.
 
Texnoloji kəşflərin hamısı “çox qəlizdir və müşküldür” deyilərək dayandırılır.
 
Möhtəşəm göydələnlər və körpülər yarımçıq qoyulur. Tikilmir. Eyfel, Qolden Geyt və digər dünya inciləri bitməmiş vəziyyətdə qalır.
 
Minlərlə dahinin, həkimin, rəssamın, idmançının, sənətkarın öz işlərini yarımçıq qoyduqlarını düşünün. Bunun fəsadlarını yaşayacaq olan dünyamızı düşünün.
Əlinizdə, evinizdə və ətrafınızda olan cihazların sadəcə eskiz üzərində qaldığını düşünün.
 
Bəli alınmır. Təsəvvür etmək alınmır, çünki hər biri işlərini tam edib. Yarımçıq heç nə qalmayıb.
 
Həyat qısa deyil. Həyat yarımçıq yaşanırsa qısa olur. Onu tam yaşayanda təmiz fərqli mənzərə alınır. Ətrafına təmiz ayrı dəyərləri ötürürsən.
 
Bu dünyaya nə üçün gəlirik? Hər birimizin içində sırf bu planetdə qoyub getməli olduğumuz nəsə var. İşimiz var. İzimiz var. Əksəriyyət isə sadəcə tozunu qoyub gedir.
 
Bu yazını oxuyursunuzsa deməli sizin də içinizi narahat edən və burda bu planetdə qalmaq istəyən qeyri-adi ideyalar, işlər, şəkillər, yazılar, musiqilər var. Onların üzə çıxmasına icazə verin.
 
Sizə gülənlər olacaq. Sizi anlamayanlar olacaq. Sizi yarımçıq yaşamağa təşviq edənlər ordusu olacaq. Onlar olub və hər zaman olacaq. Ancaq tam yaşamaq şansınız bir daha olmayacaq.
 
Əbədiyyən yaşamaq üçün usanmadan iş görün və cəhd edin! Bir işi düz edin. Stallonenin dediyi min səhv işi silməyə qadir olan həmin bir işi düzgün şəkildə görün.
 
Ağzınıza gələni etməyin! Ürəyinizdən gələni edin! Ürəklərin döyüntüsünü dayandıracaq yaradıcı imzanınızı atın!



Müəllif: Coşqun Kərimov
 
Top