Gülümsə, hədəf seç, mübarizə apar!

Gülümsə, hədəf seç, mübarizə apar!

Mənim həyatım konkret olaraq tərəfimdən müəyyən olunmuş prinsiplər üzərində qurulub. Bu prinsiplər əvəzedilməz, dəyişilməz və ləğvedilməzdir. Əks halda bu mənim sonumdur. “SON” olmamaq üçün düşünürəm.
Varsansa, gülümsə. Sadəcə şəkil çəkdirərkən deyil, şəkil çəkərkən də gülümsə. Gülümsə, müləq gülümsə! Sabah bundan da pis ola bilər. Amma sən hər zaman gülümsə. Uğurun gülüşündən asılıdır. Sən gülürsən və uğurun nə vaxt qazandığını hiss belə eləmirsən. Yəni, uğurun öz əlindədir.
Nə? Şans? Yox, qətiyyən inanma! O sənin də qapını döymüşdü, evdə yox idin, bəs harada idin?! Mən bilirəm, öz şansın və uğurunun arxasınca getmişdin.
İşini heç zaman şansa buraxma! Ondansa özünü tanı. Özünə sual ver – Mən niyə yaşayıram?! Mən nə üçün varam?! Mən bu gün güldümmü?! Mən bu gün uğur qazandımmı?! Axı sən ən ali və hər şeyə qadir varlıqsan. Hər şeyi ali edəcək gücün var. Bu gücü də sən və sənin gülüşün formalaşdırır. Əsla “mən bacarmaram”, “mənlik deyil” sindromuna girmə. Sən hər şeyi bacarırsan, sadəcə uğur üçün cəht eləmirsən. Yadınızda saxlayın, bala fili gücsüz ikən dirəyə bağlayırlar, nə qədər güc versə də xilas ola bilmir. İndi özün fikirləş, o böyüyüb nəhəng fil olanda da belə o zəncirli dirəyi gördükdə xilas ola bilməyəcəyini qəbul edir. Bu əsil faciədir. Sən mübarizə aparmalısan. Amma mütləq gülərək mübarizə aparmalısan.
YA MÜBARİZƏ APARIB ÖZ TALEYİNİ ÖZ İSTƏYİNLƏ YAŞAYACAQ, YA DA TƏSLİM OLUB KİMİNSƏ İSTƏYİNƏ UYĞUN YAZILMIŞ TALEYİ YAŞAMAĞA MƏCBUR OLACAQSAN! YALNIZ BU İKİ YOL VAR.
Haşiyə: Ata oğluna nəql edir: — Timsah tısbağanı qovur, tutar-tutmaz tısbağa ağaca çıxır.
Oğul: — Ata, heç tısbağa da ağaca çıxar?!
Ata:- Çıxmalıdır oğlum, başqa yolu yoxdur, xilas olmaq naminə mütləq çıxmalıdır.
Odur ki, geniş düşün, hər şeyi bacaracağına inan, hər şeyin MÜBARİZƏ`dən keçdiyini qəbul elə. Sən arzulara çatmaq üçün məqsədlər qoy qarşına! Hədəf Himalay olunca, Qafqazlar təpə kimi görsənəcək. Kor bir adamın dünyası yalnız onun toxunma hissiyatından ibarətdir. Sən ki, kor deyilsən. Amma kor ola bilərsən. Kor olmamış MÜBARİZƏ`yə qoşul, DƏQİQ və KONKRET hədəflər seç! Krilovun “Qu quşu, durnabalığı və xərçəng” təmsilini oxusan nə demək istədiyini anlayacaqsan. Hədəfə çatmağın ən qısa yolu onu parçalara ayırmaqdır.
Henry Ford hər səhər Nyu-York`un cənub məhəlləsindən şimalına piyada gedirmiş. Uzaq olmasına rəğmən hər yüz metrdən bir harasa (qəzet köşkü, gül dükanı) çatmağı hədəf seçirmiş. Beləcə də o uzunluqda yolu – hədəfi yüz metrdən çox böyütmədən bitirərmiş.
HƏDƏF`inə bağlan! Hələ 17 yaşda ikən Sultan Mehmet İstanbula aşiqlər kimi baxıb “Ya sən məni alacaqsan, ya da mən səni” deyirdi. Bir gün anası Mehmetin yatağının həmişəki kimi səliqəli olduğunu görüb: — “Şahzadəm, yatağını hər gün səhmana salıb özünə əziyyət vermə” deyəndə, Sultan Mehmet İstanbul`a sevdalı ədasıyla baxaraq:- “Canım anam, mən o yatağa 6 aydır ki, girmirəm” demişdi. Bax, budur HƏDƏF. Bax budur HƏDƏF`ə bağlanma.
Həyatını hədərə sərf etmə! Unutma, qaçmağa əzm etmiş bir atı bir neçə milçək sancması dayandıra bilməz.
GÜLÜMSƏ, HƏDƏF SEÇ, MÜBARİZƏ APAR!
Mənim bir neçə gün düşünüb yazdıqlarımı sən bir neçə dəqiqəyə oxudun. İndi düşün, analiz et, irəli addım at! Uğurlar!


Şəfi Şəfiyev

Top