Millət olaraq utanma duyğusu genlərimizə qədər işləmişdir. Bu, millətimizə xas nəcibliyin əlamətidir. Bununla belə, hər duyğunun yerində və tələb edildiyi şəkildə istifadəsi zəruridir. Məsələn, mərhəmət duyğusu. Canavara qarşı mərhəmət göstərmək, onun iştahanı açar, sonra da dişinin kirayəsini istədər. Azğına mərhəmət onu daha da azğınlaşdırar və başqasına təcavüzə təşviq edər. Əli qanlı, üzü qanlı, könlü qanlıya mərhəmət bütün məzlumlara göstərilən qorxunc mərhəmətsizliyə çevrilər. Halbuki mərhəmət varlığın ilk mayasıdır. Onsuz hər şey bulamac və xaosdur. Hər şey mərhəmətlə var olar və mərhəmətlə varlığını sürdürər. Utanma duyğusu da belədir. Yerində işlədilərkən abı-həyat bəxş edən bir iksir kimi, sui-istifadə edilərkən isə düşüncələrimizi ölümə götürən zəhər kimidir.
Bacara bilməmə qorxusu. Alçaldılma düşüncəsi. Səhv etmə narahatçılığı
Dəfələrlə iclaslara və konfranslara qatılarıq. Ağlımıza bir sual və ya hər hansı bir fikri irəli sürmək gələr. Utancaqlığımızdan yerimizdən belə qımıldanmarıq. Cəsarət etmək o qədər çətin gələr ki, bizə. Çıxış yolunu ertələməkdə, sonraya saxlamaqda görərik. Bir də baxaraq ki, iclasın qurtardığını elan edirlər. Nədənsə, bu bir neçə saatlıq zaman dilimində illərdir ən çox təkrarladığımız hərəkət olan danışmağı böyük fəlakət bilərik. Utancaqlığımızı ayaq altına almaq ölüm kimi gələr.
"Milyonçu" şouda iştirak edən vətəndaşlarımızın həyəcan qorxularını hərəkətlərindən sezmək mümkündür. Ancaq yarışmanın rus versiyanı "Kim milyonçu olmaq istər?" proqramında iştirak edən rusların cəsarətinə heyran qalmamaq mümkün deyil. Bizim vətəndaşımız dosta zəng şansını istifadə edərkən, ola bildikcə həyəcanlanır, tələsir, səs tonu dəyişir və hərəkətlərində bir başqalıq müşahidə olunur. Lakin ruslar sakit həyəcanlanmadan, aydın şəkildə suallarını soruşurlar. Hələ diqqətimi çəkən bir iştirakçı sualının cavabını aldıqdan sonra dostundan hal-xətir soruşur, vəziyyətini öyrənirdi. Cəsarətinə heyran qalmışdım.
Bəs, biz necə? Birdən müraciət edib, bizdən sual soruşarlar deyə qatıldığımız toplantıların çoxunda yerə baxar, toplantı aparanın nəzərlərinə tuş gəlməməyə can atarıq. Sanki faydalıymış kimi, utancaqlığımızdan vaz keçməməyə çalışarıq. Hər şeyi tərk edərik amma bizə hər şey tərk etdirən utanmağı, əsla...
Nədir, iliklərimizə qədər işləyib, mənliyimizi həbs edən utanmağın səbəbləri? Niyə çox vaxt içimizdə onunla apardığımız mübarizənin məğlub tərəfi biz oluruq? Utanmağa sarılmaq müvəffəq olmaqdan daha xoşdurmu?
- Bacara bilməmə qorxusu;
- Alçaldılma düşüncəsi;
- Səhv etmə narahatçılığı.
Susuzluqdan ləhləyən bir itin su içməyə yaxınlaşarkən dəfələrlə geri qaçması gölməçənin kənarında oturan mütəfəkkirin diqqətini çəkir. Sən demə, onu su içmə fikrindən daşındıran, öz əksini suda görüb qorxmasıdır. Dəfələrlə geri çəkilən it, axırda susuzluğa tab gətirə bilməyib özünü suya atır və öz əksini görmədiyinə görə sudan doya-doya içir.
Mütəfəkkir düşüncəyə dalır. Demək ki, bir insanın istəkləri ilə arasındakı əngəl çox vaxt öz içində böyütdüyü qorxularıdır. Əgər qorxularını aşmağa müvəffəq olsa, istəklərinə nail ola bilər.
Məhz elə, içimizdəki qorxu bizi yeniliklərdən boyun qaçırmağa qımıldanmadan durmağa vadar edər. Bacara bilməmə narahatçılığı mənliyimizə hopmağa başlayar. Vücudumuz artıq qorxunun şoku altındadır. Elə, bu çətin anda utanma duyğusu imdadımıza yetişir, lakin onun təsiri qısa müddətlik ağrıları yatızdıran, lakin heç bir müalicəvi əhəmiyyət kəsb etməyən morfinə bənzəyər. Sadəcə bir anlıq qurtuluş kimi görünsə də, qabiliyyətlərimizi koralmağa məhkum edər.
Utanmaqdan qurtuluşun çarəsi hərəkətə keçməkdir. Müvəffəqiyyət mövzusunda ilk seminar verməzdən əvvəl günlərlə düşünmüşdüm. "Görəsən, alınarmı?" sualı beynimi ən çox məşğul edən mövzu idi. Sonunda qərarımı vermişdim. Nə olursa, olsun, bu seminarı verməliydim. Seminarın başlamasına çox az qalmışdı, on və ya on beş dəqiqə. İçimdəki səs alınmayacağını söyləyir, hələ vaz keçmək üçün vaxtın mövcudluğundan xəbər verirdi. Bir az sonra artıq düşünməyə də zaman qalmamışdı. Seminarın başlanğıcında həyəcan duysam da, sonralar keçib getdiyinin fərqinə vardım. İnsanların önündə danışmaq artıq mənim üçün əyləncəyə çevrilmişdi.
Utanmaqdan qurtulmaq üçün anında qərar verin. Hərəkət edin, qalxın, soruşun, danışın, düşüncələrinizi reallaşdırın, utancaqlığı ayaq altına alarkən müvəffəq olduğunuzun şahidi olacaqsınız.
İnsanların ən gözəl bacardıqları şey məlumat sahibi olduqları və ya olmadıqları mövzularda dayanmadan tənqid etmələridir. Türkiyədə reklam çəkilişləri ilə məşhur Əli Taranın BP Super V üçün hazırladığı reklamın sloqanı bunu daha gözəl əks etdirir. "Ağzı olan danışır". Tənqidlər, təhqirlər, alçaldılmalar...
- Dünyanı qurtarmaq sənəmi qalıb?
- Özünü nə zənn edirsən?
- Bu iş sənlik deyil?
- Sən hara, bu iş hara, boşuna vaxt sərf etmə?
Bu sözlər çoxumuza tanışdır. Görəsən, alçaldılamayan, kiçik görülməyən insan varmı?
Məşhur İngilis yazıçısı Gilbert Kiyt Çestertona müəllimi bir zamanlar "Əgər onun kəlləsi açılsa beyin yerinə böyük bir yağ parçası çıxar" demişdi.
Tomas Edisonun orta məktəb müəllimi ona "beyinsiz" bir uşaq olduğunu və heç bir zaman müvəffəq olmayacağını söyləmişdi. İlk kimyəvi təcrübəsi partlayışla nəticələndiyinə görə işdən qovulmuşdu.
İngilis senatı Benjamin Disraelinin məclisdə çıxışına qışqırıqlarla izin verilməmişdi. O da "Yaxşı, sözümü kəsirəm, amma məni dinləyəcəyiniz zaman olacaqdır", - demiş və həqiqətən də illər sonra eyni kürsüdən baş nazir olaraq çıxış etmişdi.
Məşhur Polşa pianoçusu İqnasi Paderevskiyə piano çalmağa başlamasının ilk illərində musiqi müəllimi "Əllərin pianonun dillərinə hakim ola bilməyəcəyin qədər kiçikdir", - demişdi
"Kiçik qadın" romanının yazıçısı Luiza Mey-Alkotta ailəsi xidmətçi və ya dayə olmasını tövsiyə etmişdi.
Eyni qədəri paylaşan milyonlarla insan. Lakin nədənsə dünyada kiçik görənlər deyil, alçaldılmağa məhəl qoymayanlar müvəffəq olarlar. Baxın sadaladığımız insanlar çoxları tərəfindən tanınarkən, onlar kiçik görənləri aramızda tanıyan varmı? Hansınız Tomas Edisonun müəlliminin və ya Luiza Mey-Alkottun valideynlərinin adını eşitmisiniz? Görəsən, müəllimləri Çestertonun və Paderevskinin kiçik görüldükləri sahələrdə bir gün onlardan daha önəmli insanlar olacaqlarını bilsəydilər, eyni hərəkətə cürət edərdilərmi?
Əsla... Reallaşdırmaq istədiyiniz planları, düşüncələrinizi, hətta bu sahənin çox önəmli insanlarının mövcud olduğu məkanda çəkinmədən söyləyin. Afrikanın ucsuz bucaqsız çöllərində yaz yağışları ilə meydana gələn, lakin yayın qızmar istisi ilə buxarlaşan müvəqqəti göllərdə su yüksəldikdə balıqlar qarışqaları, sular çəkildikdə isə qarışqalar balıqları yeyərlər. Beləki, üstünlük bu gün qarışqada ikən, sabah balığa keçə bilər. Dolayısıyla, balıq və ya qarışqa olmaq heç birinə üstünlük gətirməz, çünki burada kimin kimi yeyəcəyini suyun hərəkəti müəyyən edir. Elə isə kimsənin bugünkü durumu bizi fikirlərimizdən daşındırmamalıdır, beləki, kimin kim olacağını insanlar yox, qədərin Sahibi müəyyənləşdirər. Utanmayın, çəkinməyin, düşüncələrinizi reallaşdırın. Baxışların fərqli olduğu məqamda, düşüncələrin müxtəlif olması normaldır. Bunu artıq qəbullanın.
Səhv etmə insanlar xarakterində məhfuzdur. Peyğəmbərlər xaric, hər kəs səhv edə bilər. Məşhur insanların səhvlərinə nəzər yetirsəniz, gülüb keçər, bu xüsusiyyətin varlığımızın ayrılmaz parçası, olduğununun yenidən şahidi olarsınız.
"Radionun gələcəyi yoxdur."
(Lord Kevin - şotlandiyalı fizik alim)
"Artıq yeni olacaq bir şey yoxdur. İxtira ediləcək hər şey ixtira olunmuşdur."
(Çarles H. Duel - "Amerika Patent idarəsi"nin sədri, 1899-cu il)
"Dənizaltı gəmilərin müharibə zamanı nə işə yaraya biləcəklərini anlaya bilmirəm. Hər şey bir yana, içəridəki heyətin ölümünə səbəb ola bilər".
(Herbert Colc Uels - britaniyalı yazıçı, 1901-ci il).
"Atlar hər zaman istifadə ediləcəkdir. Avtomobil isə ancaq müvəqqəti dəb ola bilər."
(Henri Fordun kredit tələbinə əsasən avtomobil sektorunun gələcəyi haqqında düşüncələrini bildirən bank müdiri, 1903-cü il).
"Təyyarələr xoşagələn oyuncaqlardır. Ancaq hərbi dəyərləri yoxdur."
(Marşal Ferdinand Foş - I Dünya Müharibəsində Fransa ordusunun Baş Komandiri, 1911-ci il).
"Artistlərin səslərini kim eşitmək istəyər ki?"
("Harri M. Uarner" kino şirkəti rəhbərlərindən birinin o zamanlar yeni ixtira edilən səsli film çəkilişinə münasibəti, 1927-ci il).
"Televizorun ən gec altı ay içində satışları duracaq. İnsanlar hər axşam eyni qutuya baxmağı çox istəməzlər."
(Daryik F. Zanuk - "Tuenti Sençri Foks" film studiyasının rəhbəri, 1944-cü il).
“Soundlarını bəyənmədim, ayrıca gitara çalan qrupların modası çoxdan keçib.
(‘’Dekka Rekord" səsyazma studiyasının rəhbərinin "Bitls" qrupu haqqında dedikləri, 1962-ci il).
İnsanların evlərində kompüter olmasının əsas olacaq hər hansı bir səbəb görmürəm.
(Kennet Olsen - "Digital Eqvipment" kompüter şirkətinin rəhbəri, 1977-ci il).
Yaxın tarix etibarilə göstəriləcək səhvlər sadalamaqla bitməz. Brejnevin respublikamıza səfəri əsnasında tribunadan səhvən Daşkənd və özbəklər üçün yazılmış mətni oxuması, hələ də Azərbaycan insanın ağlından silinməmişdir.
Qısacası, səhv etmə insan olaraq təbiətinizdə vardır. Kimsə gəzməyi yıxılmadan öyrənməmişdir. Öyrəndiklərinizin böyük əksəriyyətini səhvlərinizdən aldığınız dərslərə borclusunuz. Amerika Milli Basketbol Assosiasiyasının (NBA) məşqçilərindən Rik Pitino bunu daha gözəl ifadə edir. "Müvəffəqiyyət gözəldir. Gübrə kimidir. Məşqçilik haqqında nə öyrəndimsə, yaşadığım səhvlərdən öyrəndim."
Sizə səhv etməyinizi təlqin etmirəm. Ən doğru işi reallaşdırmaq üçün var gücümüzlə çalışmalıyıq. Əsas odur ki, səhv etmə qorxusu zövqümüzü azaltmasın. Əks halda, möhtəməl doğrulardan da uzaq qalarıq.