Ətraf mühitin təsiri

Ətraf mühitin təsiri

Fərdin xarakterinin formalaşmasında ətraf mühitin rolu böyükdür. Belə ki, fərdin duyğu və düşüncələri ətraf mühit potasından süzüldükdən sonra öz nəhayət təşəkkülünü tapmaqdadır. Nəzər yetirsək, mütəmadi olaraq təhqir edilən insanlarda ümidsizliyin və öz güvən yoxluğunun şahidi olarıq və ya əksinə. Bu, birmənalı olaraq insanların böyük əksəriyyətinin həyat arenasında ətraf mühitin tələb etdiyi rolu ifa etdiyini göstərir.

Piqmalion effekti
Harvard Universiteti professoru Robert Rosental və ibtidai məktəb direktoru Leonore Yakobson tərəfindən 1968-ci ildə aparılmış araşdırma məzkur fikrin təsdiqi mahiyyətindədir. Beləki, onlar tədris ilinin əvvəlində San-Fransiskoda yerləşən ibtidai məktəblərin birində şagirdlər arasında qabiliyyət imtahanı keçirir və təsadüfi olaraq seçdikləri şagirdlərdən ibarət eksperimental qrup düzəldirlər. İmtahanın keçirilməsindəki məqsəd müəllimləri seçilmiş şagirdlərin istedadlı uşaqlar olduğuna inandırmaqdır. Əslində isə eksperimental qrupa tələbə seçimi imtahanın nəticələri əsasında aparılmamışdır. Buna baxmayaraq tədris ili sonunda aparılan yoxlamada eksperimental qrupdakı tələbələrin digərlərinə nisbətdə daha müvəffəq olduğu görülmüşdür. Bunun səbəbi, müəllimlərin bəhs edilən şagirdlər haqqında müsbət fikirdə olmaları və onlara daha fərqli münasibət göstərmələridir.
Rosental və Yakobson, Bernard Shounun "Piqmalion" əsərindən ilham alaraq bu təsiri "piqmalion effekti" olaraq adlandırırlar. Öz növbəsində "Piqmalion" əsərində aşağı təbəqəyə mənsub bir qızın professorun səyi nəticəsində elit təbəqəyə xas keyfiyyətli yiyələnməsindən danışılır.
"Piqmalion effekti" çox vaxt insanların xarakterində mövcud olan müsbət keyfiyyətlərin koralmasına, təşəbbüskarlıq ruhunun sönməsinə gətirib çıxardır.

Qabiliyyətlərin koralması
Hinin sözükeçən gənc toyuqlarından üçü bir gün yaxınlıqdakı dağı gəzmək arzusuna düşür. Bir fürsət tapıb, dağa doğru yönəlirlər. Düzü, hinin ən məharətli toyuqları olmalarına baxmayaraq, dağa çıxmaq, həqiqətən onları çox yorur və dincəlməyə qərar verirlər. Elə təzəcə oturmuşdular ki, bir də görürlər ki, yanlarında yekə bir yuva və içində böyük yumurtalar var. Təbii ki, onlar yumurtaların qartala aid olmasının fərqində belə deyildilər. Buna baxmayaraq, bu məram onlar üçün çox önəmli məram idi. Çünki həyatlarının ən böyük yumurtası ilə qarşı-qarşıya idilər.
Gözəl, artıq hində ballandıra-ballandıra danışacaqları mövzuları var idi. Amma hinin digər sakinlərinin toyuq ağılları bunu dərk etməyəcəyinə görə onlara inanmayacaqlardı. Bununla belə, yaşadıqları macəranın isbat etmələri artıq onlar üçün qürur məsələsinə çevrilmişdi. Nə olursa, olsun bir yolunu tapmalı, hinin qəhrəmanı olmalıydılar.
Uzun müzakirələrdən sonra ən yaxşı yolun, elə yumurtanı yuvaya götürmək olduğu qərarına gəlirlər. Dolayısıyla, cəld hərəkət etmək və yumurtaların sahibi gəlmədən onlardan birini götürüb qaçmaq lazım idi. Beləcə onlar vaxt itirmədən yumurtanın birini götürüb dabana qüvvət, üz tuturlar hinlərinə doğru. Böyük məşəqqətdən, əzab-əziyyətdən sonra, nəhayət ki, hinə varırlar.
Hin əhli onları alqışla qarşılayır. Tez bir zamanda hin məclis toplanır və bu qərara gəlir ki, digər təzə yumurtalarla birlikdə bu yumurtanın üstündə, elə onların çoxusuna da analıq etmiş qoca toyuq yatmalıdır. Bu qərar bütün sakinlərin ürəyindən olur.
Vaxt dolanır, vədə keçir və nəhayət yumurtalardan cücə çıxma vaxtı gəlib çatır. Digər cücələrdən seçilən, qara və bir azca da böyük cücə hər kəsin sevimlisi halına gəlir. Toyuq ana digər cücələr birlikdə bu iri "toyuq" balasına toyuqluğun bütün sirlərini öyrətməyə başlayır. Tez bir zamanda qartal balası toyuqlar kimi eşələnir, qurd tapıb yeyir, səhər lap tezdən oyanır, hava bir az qaralmağa üz tutmuş yatır və ilaxır ...
Bir gün yenə bala qartal həyətdə eşələnərkən göydə süzən qartalları görüb, onların məharətli uçuşuna heyran qalır və tez toyuq anasının yanına qaçır:
- Ana, o uçan quşlar hansı quşlardır?
- Oğul, onlar qartaldırlar.
- Nə gözəl uçurlar, mən də elə uça bilərəm?
- Yox, oğul. Onlar qartaldır, sənsə toyuq. Toyuqlar isə heç vaxt elə uça bilməzlər.
Qartal balası məyus halda eşələnməyə davam edir. Nə vaxt göydə qartal görsə, yanındakı toyuqlara içindəki uçmaq arzusundan danışır ancaq hər zaman eyni cavabla qarşılaşır:
- Boş-boş danışma, sən heç vaxt elə uça bilməzsən. Çünki, sən bir toyuqsan, onlar isə qartal. Yaxşı yadda saxla ki, toyuqlar qartallar kimi uça bilməzlər.
Hər zaman göydəki qartalları həsədlə seyr edən qartal balası ətrafdakıların təsiri nəticəsində bir müddət sonra inanır ki, o heç vaxt qartallar kimi uça bilməz. Beləcə də, varlığında qartal mahiyyəti gizli olmasına baxmayaraq, toyuq kimi yaşayır və toyuq kimi ömrünü başa vurur.
Həyatımıza baxaq. Əslində, Yaradıcı bizi hədsiz qabilliyyətlərlə təchiz etmişdir. Lakin varlığımızdakı zənginlikləri büruzə etməyə çalışarkən, fikirlərimizə hakim müvəffəqiyyət ab-havası ətraf mühitin qar-boranına məruz qalmış, içimizdə qımıldayan tumurcuqlamalar yan-yörəmizdəkilərin çovğununa uğramışdır.
Yoxlama naminə, qarşınıza məqsəd qoyun və ətrafdakılara bunu bəlli edin. Çoxları tərəfindən tənqidə məruz qalacaqsınız. Hərə bir söz deyəcək. Kimə və nəyə qulaq asmağın daha yaxşı olacağını müəyyənləşdirərkən çətinlik çəkəcəksiniz.

Elin ağzı torba deyil, bükəsən.
Bir gün Molla Nəsrəddin səyahətə çıxır. Oğlunu eşşəyinin üzərinə mindirir, özü də irəlidə eşşəyin noxtasını tutub hərəkət edir. Yolüstü kəndlərin birindən keçərkən əhalinin bir araya gəlib onları tənqid etdiyinin şahidi olur:
- Mollaya bax, övladına verdiyi tərbiyə budurmu? Qoca ata piyada gedir, cavan oğul isə rahatçılıqla eşşəyin üstündə. Heç atasının yorğunluğuna da məhəl qoymur.
Molla Nəsrəddin kənd əhlinə qulaq asıb, oğlunu eşşəkdən düşürür, özü eşşəyə minir və oğlu yerdə, özü eşşəyin belində yoluna davam edir. Elə təzəcə, yolüstündəki növbəti kəndə çatmışdılar ki, Molla əhalinin bir yerə yığışıb, onlar haqda deyindiyini eşidir:
- Mollaya bax, özü eşşəkdə, oğlu isə piyada gedir. Uşağa yazıq deyilmi? Sən canlı-cəsədli adamsan, heç olmasa yanına oğlunu da al.
Molla bu adamların sözlərinə həqiqət payı olduğunu düşünüb, oğlunu da eşşəyə mindirir və yoluna davam edir. Bir az yol qət etdikdən sonra başqa bir kəndin içindən keçməli olurlar. Buranın da əhalisi onları görüb tənqidə başlayır:
- Mollaya bax, adamda insaf deyən şey yoxdur. İki nəfər miniblər cılız heyvanın üstünə. Heyvana yazıq deyilmi?
Molla çar-naçar bunlara da qulaq asıb, dediklərinə əməl edir. Bir əlində oğlunun əlini, digərində isə eşşəyin noxtasını tutur, oğlu və özü qabaqda, eşşək isə arxada yollarına davam edirlər. Yaxınlıqda bir kənd görünür, Molla "Görəsən bu kəndin camaatı nə söz tapacaq?" - deyərək kəndə yollanır. Bir az irəliləmişdilər ki, bu kəndin əhalisi sözü bir edib, başlayırlar onları məzəmmətə:
- Adamlara bax, hər ikisi də yorğun olmalarına baxmayaraq, piyada gedir, eşşəyi isə boş-boşuna arxalarınca dartırlar.
Molla çox əsəbiləşərək, oğluna dönür və yüksək səslə "Görürsənmi, oğul. Hərə bir söz danışır. Elin ağzı torba deyil ki, bükəsən", - deyir.
Hər hansı bir işi reallaşdırmağa çalışın, siz də eyni durumla qarşılaşacaqsınız. Bu, bütün insanların ortaq qədəridir. Ya birinin təşəbbüsünə qarşı çıxar, ya da öz təşəbbüsünüzdə qarşıdurmaların şahidi olarsınız.
Tomas Edison Henri Fordu avtomobil istehsalı fikrindən daşındırmağa çalışmış, "Bu işə yaramaz fikir", - demişdi. "Gəl, mənim üçün işlə və həqiqətən işə yarayacaq bir fəaliyyətlə məşğul ol".
Mütəxəssislər Benjamin Franklinə ildırımla əlaqədar bütün mənasız təcrübələrini dayandırmağı məsləhət görmüş, bu işlərin vaxt itkisindən başqa bir şey olmadığını söyləmişdilər.
1490-cu ildə İspaniya kralı Ferdinand və kraliça İzabella Xristofor Kolumbun Hind adalarına getmək üçün irəli sürdüyü yeni planı incələmək məqsədilə komitə qurur. Ölkənin ən qabaqcıl coğrafiyaşünasları və elm adamlarından ibarət bu komitə planı tədqiq edir və rəylərində planın mümkünsüzlüyünü qeyd edirlər.
Şübhəsiz, sizin də yeni fikirləriniz ətrafdakılar tərəfdən hər zaman xoş qarşılanmır. Əvvəlcə valideynləriniz sizi fikrinizdən daşındırmağa çalışır. Sonra qohumlarınız onlara dəstək verir. Siyahıya qonşular və tanışları da əlavə etsək, bir xeyli insan "Mənasız və mümkünsüz", - deyir. Diqqət edin, hər kəsin "olmaz" dediyi məqam da, bu cür olmazsa, bəs necə olacağını təklif edən varmı?

Rənglərin ustasının sonuncu dərsi.
Hindistanın ən gözəl rəssamı idi. Ona rənglərin ustası mənasında "Ranqa Çarya" adını vermişdilər. Ranqa incəsənət məktəbi açmış və orada sənətinin incəliklərini öyrətməyə başlamışdı. Məktəbin bəlli bir tədris planı yox idi. İstedad və bacarığından, sadəcə Ranqanın razı qaldığı tələbələr məktəbdən məzun olur və sənət dünyasına təqdim edilirdi.
Həm qabiliyyətinə, həm də sənətin incəliklərini tez bir zamanda mənimsəməsinə görə Rajyev adlı tələbə digərlərindən fərqlənirdi . Bir azca da səbirsiz olan Rajyev bir gün ustasından məktəbdən nə vaxt məzun ola biləcəyini soruşdu. Ranqa sualı eşidib gülümsədi və sözünə davam etdi:
- Rajyev, sən mənim gələcək vəd edən tələbələrindən birisən. Çox qısa zamanda rəssamlıq sənətinin incəliklərinə yiyələndin. Zənn edirəm, artıq sonuncu imtahanın zamanı gəlib. Səndən bir əsər çəkməni istəyirəm. Bu əsər çox gözəl olmalı və baxan hər kəsi heyran qoymalıdır. Get, tələsmə və həyatının şah əsərini ərsəyə gətir.
Rajyev gecə gündüz çalışır və çox gözəl bir əsər çəkərək Ranqaya təqdim edir. Ranqa şəklə baxır və Rajyevə tapşırıq verir:
- Gözəl əsər çəkmisən. İndi əsərin altına böyük və qara hərflərlə “Bu əsər əhalinin baxıb qiymətləndirməsi üçündür. Xahiş olunur, rəsmdə səhv görənlər səhvin olduğu yerə "X" işarəsi qoysunlar" sözlərini yaz və rəsmi şəhər meydanına qoy.
Rajyev Ranqanın dediklərinə əməl edir. Əsərin altına lazım olan sözləri yazıb şəhərin mərkəzi meydanına qoyur. Bir neçə gün sonra Ranqa Rajyevdən gedib şəkli gətirməsini istəyir. Rajyev böyük həyəcanla şəhər meydanına yollanır, ancaq gördüyü mənzərə onu məyus edir. Əsər başdan-ayağa "X" işarələri ilə doluydu. Qabiliyyətsizliyi bütün şəhər tərəfindən təsdiq olunmuşdu.
Ranqa olanlara gülümsəyib, ona ümidsizliyə qapılmamağı və yeni bir əsər çəkməyi məsləhət görür. Rajyev gecə-gündüz çalışır, bu dəfə də əsəri gözəl alınır. Ranqa yenə eyni şeyləri söyləyir, lakin bu dəfə ona rəsmin yanına boya və fırça qoymağı və altına "Xahiş olunur, rəsmdə müəyyən etdiyiniz səhvləri aşağıdakı ləvazimatları istifadə edərək düzəldin" sözlərini yazmağı tapşırır.
Bir neçə gün sonra Rajyev şəhər meydanına gedərkən çaşıb qalır. Nə rəsmin üzərinə bir şey əlavə olunmuş, nə də yanındakı ləvazimatlara toxunulmuşdu. Rajyev çox sevinir və qaçaraq hər şeyi ustasına danışır. Ranqa ona qulaq asaraq gülümsəyir və sözünə davam edir:
- Rajyev, bu gün aldığın sonuncu dərslə birlikdə, artıq sən məktəbimizin məzunusan. Hər hansı sahədə mükəmməllik əldə etmək istəyirsənsə, sənətinin bilicisi olmağın kifayət etməz, insanların əllərinə fürsət düşdükdə heç bir şey bilmədikləri mövzularda belə tənqidə hazır olduqlarını da bilməlisən. Əvvəlcə əsərində səhvləri göstərmələri üçün insanlara şans verdin, əsərin "X" işarələri ilə doldu. Ancaq səhvləri düzəltmələrini tələb edərkən, kimsə dəyişikliyə cürət etmədi. Yadda saxla ki, əgər ətrafdakıların tənqidinə alışmazsan, hər zaman xəyal qırıqlığı yaşayarsan.
Gördüyün kimi insanların böyük əksəriyyəti plan və düşüncələrimizə qarşı çıxır, alternativ yol təklifinə gəldikdə isə kimsə fikir bəyan etmir. Atdığımız hər yeni addımda, tənqid yağmuruna tutuluruqsa, ya qurtuluş çarəsini nədə axtarmalıyıq.

Qurtuluş yolu.
Gölməçənin gənc qurbağaları dağın təpəsində yaşayan qırmızı qurbağaya aşiq olmuşdular. Lakin heç biri o yüksəkliyə çıxmağa cürət edə bilmirdi. Bir gün gölməçənin gəncləri bir araya gəlib, artıq bu işə içlərindən birinin son verməsinin vacibliyini görüşdülər və qərara gəldilər ki, sabah günəş doğduqdan sonra qırmızı rəngli qurbağa eşqinə birlikdə dağa çıxacaqlar.
Gənc qurbağalar düşüncələrini yaxınlarına danışdılar, lakin kimsənin yaxını bu işə razılıq vermədi. Dağda çox miqdarda sıldırım qaya var idi. Bu da qurbağalar üçün göz görə-görə ölümə getmək, demək idi.
Səhəri bütün gənc qurbağalar söz verdikləri kimi dağın dibinə toplaşmışdı. Görüş yerinə gələn yaxınları isə onları hər vəchlə fikirlərindən daşındırmağa çalışırdılar. Nəhayət, ölüm-dirim olan yolçuluğuna start verildi. Gənclər yüksəldikcə aşağıdakı yaxınlarının səsləri eşidilirdi:
- Aşağı en, oğlum. Dayan, getmə. Bizə qoca vaxtımıza oğul həsrəti çəkdirmə.
- Dayan oğlum, özünə yazığın gəlmir, barı bizə yazığın gəlsin.
- Onsuzda çox çıxa bilməyəcəksən. En aşağı, bu mənasız fikrin daşını at ətəyindən.
- Biqeyrət olma, ananın ürəyi getdi, o, ölə bilər, indi inad etməyin yeri deyil.
- ....
Hər yüksəlişdə, aşağıdakılar daha da coşur, yalvarışlara dözə bilməyən gənc qurbağalar isə bir-bir yolu yarı qoyub, geri dönürdülər.
Axırda dağın zirvəsinə çıxmağa bir qurbağa nail olur, onun da qulağı kar olub eşitmədiyinə görə.
Elə isə ətraf mühitin təsirindən, xüsusən də tənqidlərdən ən gözəl qurtuluş çarəsi deyilənlərə kar kəsilməkdir. Çalışın içinizdəki ümidə zərbə endirən sözlərə qulaq verməyin.

Top