4.2. Əzmlə çalışmaq

4.2. Əzmlə çalışmaq

Sizə müvəffəqiyyətin ən böyük sirrini açıqlayıram: İsrar etmək! Hədəflərinizə doğru irəliləyərkən inamınızı artıracaq bundan daha güclü yol bilmirəm. Polşa milli qəhrəmanı Marşal Yozef Pilsudskinin tərif etdiyi kimi "Məğlub olmaq, ancaq əsla təslim olmamaq... Zəfər budur" ədası ilə fiasko ilə nəticələnən hər həmlənin sonunda yenidən inamla yolunu davam etdirmə, gündüzlərin eşqinə gecələrə sinə gərmə, şərtlər necə olursa, olsun, vəziyyət nə tələb edirsə-etsin, dayanma bilmədən israr etmə...
Konfutsinin bir sözü var: "Ən böyük müvəffəqiyyət yıxılmamaq deyil, yıxıldıqdan sonra yenidən dirçəlməkdir". Baxın insanlara, çoxunun ilk uğursuzluqda vaz keçdiyini görəcəksiniz. "Quru Məmulatlar üzrə Milli Pərakəndə Satış Assosiasiyası”nın (National Retail Dry Goods Association) apardığı bir araşdırmaya görə satıcıların 42%-i ilk, 25%-i ikinci, 15%-i isə üçüncü həmlələrindən sonra vaz keçirlər. Sadəcə geriyə qalan 12%-lik qisim israrla işlərini davam etdirir və bütün satışların 80%-ni həyata keçirirlər.
İsrarın uğur gətirdiyini göstərən minlərlə yaşanılmış həyat hekayəsi mövcuddur. Əllərinizi cibinizdən çıxarın və israr edin, çünki israr nəticəni dəqiqləşdirir.
Əgər Henri Ford vaz keçmiş olsaydı, hal-hazırda avtomobillərdən xəbərdar olmaya bilərdik. Əgər Rayt qardaşları vaz keçmiş olsaydı, təyyarə nədir bilməzdik. Əgər Edison vaz keçmiş olsaydı, elektrik lampaları yerinə qaz lampası işlədərdik. Əgər Aleksandr Qreham Bell vaz keçmiş olsaydı, telefonla danışmaq yerinə hər məsələ üçün məktub yazardıq. Ya siz vaz keçsəniz, nələr itirəcəyinizin fərqindəsinizmi?

 

İsrar edən insanlar uğursuzluqlardan və xətalardan dərs alarlar.
Tomas Edison 999 uğursuz təcrübəsindən sonra ancaq 1000-ci təcrübəsində düşüncələrini reallaşdıra bilmişdir. 700-cü təcrübəsindən sonra assistenti "Artıq yeddi yüz dəfədir, uğursuz oluruq", - dedikdə Edison qaşlarını çatıb, ona "Xeyir, uğursuz olmadıq. Edilməsi lazım olmayan 700 şey öyrəndik." cavabını verir, "çünki vaz keçilən hər yanlış həmlə, əslində irəli doğru atılmış yeni bir addımdır".
Həyatımızda yanlışlıqlar mövcud ola bilər. Kimsə xətasız deyildir. Əsas olan, eyni yanlışı yenidən təkrarlamamaqdır. "Sony" Şirkətinin məşhur idarəçisi Akio Morita uğursuzluqlardan dərs alma mövzusunda önəmli məqamlara toxunur:
"İşçilərimə daima bunları tövsiyə edərəm: "Doğru bildiyinizi reallaşdırın, yanlış etsəniz, dərs alarsınız. Yalnız eyni səhvi ikinci dəfə təkrarlamayın". Xətaların səbəbini səhv edən adama zərər vermək üçün deyil, hər kəsin dərs alması üçün araşdırdığınızı bildirsəniz, nəticədə itkidən daha çox, qazanc əldə edərsiniz. Bu qədər müddətlik iş həyatımda səhv etməsi səbəbilə kimsəni işdən çıxartdığımı xatırlamıram."
Antoni Robbins də "Hədsiz güc" adlı kitabında xətaların bir dərs kimi qəbul edilməsi mövzusunda yaşanılmış bir hekayədən bəhs edir. İBM-in qurucusu Tom Uotsonun köməkçilərindən birinin səhvi üzündən şirkət 10 milyon dollarlıq zərərə uğrayır. Köməkçi Uotsonun bürosuna çağırılır. Məyus halda içəri daxil olan adam "Zənn edirəm ki, istefamı tələb etməyim üçün məni bura çağırmısız", - deyə sözünə başlayır. Uotson isə köməkçisinə baxaraq "Zarafatmı edirsən? Biz 10 milyon dolları sadəcə təhsilin üçün xərclədik" sözləri ilə cavabını bildirir.
Xətalarınızdan dərs almağa çalışın. Yanlışlarınızı vaz keçirici yox, əksinə öyrədici vasitə olaraq görün. Uğursuzluqlarınız əsla, inamınıza kölgə salmasın.

İsrar edən insanlar səbr və səbat içində olarlar.
Çinlilərin Bambuk ağacını necə yetişdirdiyini bilirsinizmi? Əvvəlcə ağacın toxumları torpağa əkilir, sonra sulanır və gübrə verilir.
Birinci il toxumda heç bir dəyişiklik olmaz. Toxum yenidən sulanıb gübrələnir. İkinci il də heç bir dəyişiklik müşahidə olunmaz. Üçüncü və dördüncü illərdə eyni işlər yenidən təkrarlanır, lakin "inadkar" toxumda əsla cücərmə görülməz. Çinlilər böyük bir səbirlə beşinci il də bambuka su və gübrə verməyə davam edərlər. Nəhayət, beşinci ilin sonlarına doğru toxum cücərməyə başlayar və altı həftə kimi qısa müddət ərzində 27 metrlik hündürlüyə qədər yüksələr.
Sizcə Bambuk ağacı 27 metr hündürlüyə altı həftədə, yoxsa beş il içində yüksəldi? Təbii ki, beş ildə. Böyük bir səbr və israrla beş il müddətinə toxum sulanıb gübrələnməsəydi, ağacın böyüməsindən, böyümək bir yana ağacın varlığından söz edilə bilinərdimi?
Elə isə fəaliyyətləriniz tez bir zamanda öz bəhrəsini göstərməsə, əsla vaz keçməyin. Bir müddət çalışın, bir müddət səbr edin, hər zaman inanın və heç bir zaman geri dönməyin.
Bambuk ağacının yetişməsi üçün çinlilərin sərgilədiyi səbr və davamlılıq təqdirə layiqdir. Lakin mən səbrin nələrə qadir olduğunu "Şouşenkdən qaçış" filminə baxdıqdan sonra daha yaxşı anladım.
Stefen Kinqin "Rita Heyvort Şouuşenkdən qaçış" adlı qısa hekayəsinə uyğunlaşdırılan "Şouşenkdən qaçış" filmi həyat yoldaşını öldürməklə ittiham olunan Andi Dufren ilə ömürboyu həbsə məhkum olan Ellis "Red" Reddinqin 20 illik qaçış planından bəhs edir və sanki "səbrin sonu salamatçılıqdır" sözünü bir daha təsdiqləyir.
Andi (Tim Robins) obrazı diqqətimi daha çox çəkmişdi. Qnun kiçik bir alətlə tam 20 il divarı qazıb, qarışqa addımı kimi kiçik hərəkətləri sonunda div qurtuluşa imza atmasına heyran qalmışdım. Bütün çətinliklərə baxmayaraq 20 il müddətində səbirlə fikirlərini həyata keçirməyə çalışması həqiqətən gözdən qaçacaq kimi bəsit hadisə deyildi.

İsrar edən insanlar rədd cavablarına məhəl qoymazlar.
Müvəffəq olan insanların həyatlarına baxın, böyük əksəriyyətinin çox vaxt rədd cavabı ilə qarşılaşdığını görəcəksiniz.
Silvester Stallone artistlik bürosuna baş vurduğunda "Hey, sən bizim tam axtardığımız adamsan. Bura gəl, sənə bir filmdə rol verək", - dediklərinimi zənn edirsiniz? Xeyr. Stallone müvəffəqiyyətə qovuşana qədər rədd cavablarına dayanma əzmi göstərdi. İşə başladığında minə yaxın rədd cavabı ilə qarşılaşdı. O, Nyu-Yorkda tanıdığı bütün artistlik bürolarına baş vurdu. Xeyr cavabı alsa, da, yenə israrla müraciətini davam etdirdi. Və nəhayət də "Rokki" filminin çəkilişinə nail oldu.
Bütün gücünü inandığı şeyə həsr edəndə hər şeyin dəyişəcəyini bilən başqa bir adam - Kolonel Sanders.
Sanders avtomobil yolunun kənarında restoran işlədirdi. Avtomobil yolu başqa bir yerə köçürülüncə artıq işi iflasa uğradı. Lakin o, narahatçılığa qapılmadı, çünki təlaş və gələcək haqqındakı əsassız düşüncələrin bir şey qazandırmayacağının yaxşı fərqində idi. Yeni planladığı işə nə qədər sərmayə ilə başladığını bilirsinizmi? Sadəcə bir toyuq yeməyi resepti. Restoran sahiblərinə toyuq yeməyi tərifi satıb prim almaq sizə necə, məntiqli gəlirmi? Ancaq Sanders bütün düşüncələrini bu fikrin üzərinə cəmləşdirmişdi. Təsəvvür edin ki, belə bir işi siz planlaşdırmısınız, bu tərifi satmaq üçün neçə restorana gedərdiniz?
Sanders bütün Amerikanı iki il dolaşmasına baxmayaraq hər yerdən rədd cavabı alırdı. Gecələri maşınında yatırdı. Bütün həyatı alt-üst olmuşdu. Lakin o, məqsədinə elə bağlanmışdı, nə olursa-olsun, ondan resepti alacaq restoranı tapmağı düşünürdü.
1009-cu restoran sahibilə görüşərkən Sandersin istədiyi şey oldu. Restoran sahibi bu layihəyə maraq göstərdi. Saatlarca danışdılar və nəhayətdə restoran sahibi bu xəyalpərəst adama "OK" cavab verdi. "OK" cavabını ilə birlikdə "Kentucky Fried Chickens" (KFC) əfsanəsi yazılmağa başladı. Hal-hazırda 750 min işçisi olan "KFC" dünyanın onlarla ölkəsində fəaliyyət göstərir.
"Disneylend". Yəqin ki, haqqında aranızdakı hər kəsin məlumatı var. Disneylend parkı Avropada isə sadəcə Parisdə yerləşir. Bəzən adama qəribə gəlir: "Disneylend"in qurulması üçün Avropa şəhərləri arasında niyə məhz Paris seçilib?"
"Disney"in indiyə qədər olan ən iddialı təşəbbüsünü başladacağını eşitdikdə dünyanın bir çox yerindən 200-dən çox yerli idarəçi "Disney"in ecazkarlığını öz şəhərlərinə gətirmək üçün şirkətə aramsız olaraq müraciətlər edir. Fransa hökuməti isə Parisin "Disney"in Avropadakı məkanı olması üçün o qədər həvəsli olur ki, şirkətə rədd edə bilməyəcəyi bir təklif irəli sürür. Həmin dövrdə Parisin bələdiyyə başqanı vəzifəsində olan Jak Şirak bu layihəyə 1 milyard dollardan artıq güzəştli kredit ayıracağını vəd edir.
Zənn edirəm, aramızdakı hər kəs "Disneylend"də olmaq və oranın ecazkarlığını duymaq arzusundadır. Lakin Uolt Disney belə bir park qurmağı planlaşdırdıqda kredit almaq üçün bir çox banka müraciət edir. Lakin dəfələrlə rədd cavabı alır. Ən sonunda baş vurduğu 300-cü bank(!!!) ona kredit ayıracağına dair razılıq verir.
Rədd cavabı verən tam 299 bank və israrın illər sonrakı bəhrəsi - "Disneylend".
Elə isə düşüncələrinizin reallaşmasına yönəlmiş rədd cavabları sizi məyus etməsin. İnamla yolunuzu davam etdirin. Unutmayın ki, güləşdən vaz keçməyən pəhləvan əsla məğlub olmaz.

 

İsrar edən insanlar bir gün üfüqlərində günəşin doğacağına inanırlar.
Bernard Şou yalnız beş il məktəbə getməsinə baxmayaraq elə məşhur yazar olmuşdu ki, 1925-ci ildə "Nobel" mükafatına layiq görülmüşdü. İlk olaraq bir mağazanın mühasibat qeydlərini aparmaqla işə başlamış, sonra dörd il kassir işləmişdir. Bu arada Bernard Şou yazıçılıqla dolanışığını qazanmaq qərarına gəlir, ard-arda tam beş roman yazıb, bunları İngiltərə və Amerikadakı yayım evlərinə yollayır, lakin onlardan heç bir müsbət cavab ala bilmir. Sonra teatr tənqidçiliyi ilə məşğul olmaya başlayan Şou bu işdə də müvəffəq ola bilmir, ancaq düşüncələrindən vaz keçməyərək öz üzərində işləməyə davam edir.
Antoni Robins "Müvəffəq olmuş bütün insanlar əngəlləmələrin digər tərəfində müvəffəqiyyətin boy atıb, böyüyəcəyini bilirlər",- deyir. Bernard Şou da bir gün üfüqündə günəşin doğacağına inanır və əzmlə çalışmalarına davam edir. Tam 21 illik zəhmətinin nəticəsi olaraq məşhur dramaturq olmağa haqq qazanır.
Morqan Frimen adı yəqin ki, çoxunuza tanışdır. Aldığı mükafatlar:
1987-ci il - "Oskar" mükafatına namizəd - "Street Smart" filmi,
1989-cu il - "Oskar" mükafatına namizəd - "Driving Miss Daisy" filmi,
1994-cü il - "Oskar" mükafatına namizəd - "Şousenkdən qaçış" filmi,
2003-cü il - Karlovi-vari Beynəlxalq Kino Festivalı - "Crystal Globe" mükafatı,
2005-ci il - "Oskar" mükafatı - "Million Dollar Baby" filmi.
Keçmiş günlərini "21 yaşından bu yana işlərim alınmırdı. Hər zaman yaxşı aktyor olmağı xəyal edirdim. Daima axtarış içində idim. Çarəsizlik içində yalvarırdım" ifadələrilə xatırlayan Morqan Frimen ilk ciddi səhnə uğuruna 50 yaşında oynadığı "Street Smart" filmi ilə imza atır. Hal-hazırda isə məlumunuz, Hollivudun ən məşhur aktyorları arasında yer alır.
Müvəffəqiyyət üçün yola çıxdınızsa, ümidsizliyi bir kənara atın. İstər çətin, istər asan, bütün məqamlarda ümidə sarılın. Çünki Tristan Bernardın dediyi kimi "Həyat dənizə, ümid limana bənzəyir. Fırtınalı günlərdə ona sığınaraq ayaqda qalmaq olur".

İsrar edən insanlar keçmişdə əldə etdikləri uğurlardan örnək alarlar.
Anlatacağım hadisə peyğəmbərimizin dostlarından Əbu-Aqilin hekayəsi...Hadisəni Yəmamə müharibəsində iştirak etmiş İbni Ömərdən dinləyək:
- Müharibənin başlanğıcında yaralı halda çadırın içinə aldığımız birisi vardı. Koma vəziyyətində imiş kimi anlar keçirirdi. Üzərinə ötrü örtmüş, ölməsini gözləyirdik. Bu şəxs Əbu-Aqil idi. "Mənə şəhidlik nəsib olmayacaqmı?", - deyə Yəmaməyə qədər gəlmiş, şəhidliyi aramışdı. Harada bir qılınc helezonu görsə, şəhadət var, deyə oraya qaçırdı. Mənə bir şəhidlik, deyirdi. İnsan nəyi bütün səmimiyyətilə istərsə, Allah onu nəsib edər. Əbu-Aqilin də duası ilahi dərgaha yüksəlmiş və qəbul olmuşdu. Lakin hələ onun edəcəyi başqa işlər vardı.
Bu arada islam orduları get-gedə geri çəkilirdi. Bu uzun müddətdir məğlubiyyət bilməyən ordu üçün nadir rastlanacaq hal idi. Hamı bütün varlığı ilə qələbə üçün çalışırdı. Lakin yaşanılan xaosa heç cür son qoyula bilmirdi.
İslam ordusunun bu durumu bəzi səhabələri çilədən çıxartmışdı. Birdən Əbu-Aqilin yatdığı çadırın önündə bir səs duyuldu. Bu, ənsardan (mədinəli müsəlmanlar) Ma'an İnbi-Adiyyin səsiydi. Keçmiş uğurları xatırladaraq, "Ya əl-Ənsar, kərratən kəkərartə Huneyn! Huneyndə olduğu kimi bir də, yenidən şahlanın", - deyirdi. Huneyndə də buna bənzər durum olmuş, islam ordusu yenidən hücuma keçərək qələbəyə imza atmışdı. Ma'an İnbi-Adiyy də bu hadisəyə toxunaraq yoldaşlarını qələbəyə səsləyirdi.
Əbu-Aqil də ənsardan idi. Bu səslənişi duyunca ölüm ayağında olsa belə durardımı orda?! Birdən-birə örtünün altında ölümünü gözlədiyim Əbu-Aqil xortlamış kimi oldu, örtünün altından qalxdı, nə əlini, nə də ayağını sürükləyəcək halda deyildi. Var gücü ilə irəliləyərək düşmən səfinə daldı. Arxasınca onu təqib edirdim. Yarı qopmuş vəziyyətdə olan əli qılınc istifadə etməyə mane olunca, əyildi, ayağı ilə əlini basdı, qopardı və yenə düşmən səflərinə daldı. Mənsə bir az sonra onu gözümdən itirdim.
Müharibə müsəlmanların lehinə qurtarmışdı. Mən Əbu-Aqili axtarırdım. Tapmışdım. Üzərində saya bilməyəcəyim qədər ox yarası, mizraq yarası, qılınc izləri vardı. Ancaq hələ ölməmişdi. Məhzun çöhrəsi, bulanıq baxışları, sonsuz üfüqlərdə bir şey axtarırdı. Yanına yaxınlaşdım, "Əbu-Aqil, necəsən?", - deyə soruşdum. O, sualıma cavab vermədi. Bir neçə söz söyləyəcək taqəti qalmışdı, onu da lazımi şəkildə işlədəcəkdi. "Məğlubiyyət kimə düşdü?", - deyə soruşdu. Görəsən müsəlmanlar məğlubmu oldular, narahatçılığını daşıyırdı. Mənsə ona: "Gözün aydın olsun. Düşmən məğlub edildi", - cavabını verdim. Birdən yara və qanlar içindəki o tərtəmiz, lakin hüznlü çöhrədə dəyişiklik oldu. Şəhadət barmağını qaldıra bildiyi qədər yuxarı qaldırdı, təbəssüm edirdi. Halından şükür elədiyi məlum olurdu.
Göründüyü kimi, keçmiş uğurlar yeni nailiyyətləri nəticə verəcək potensiala malikdir. Bacaracağınıza inanmadığınız məqamlarda yaşadığınız həyat kitabınızı səhifələyin. Əgər hər hansı bir işdə kiçik də olsa, uğurunuz varsa, əmin olun yeni uğurları qazanmağa namizədsiniz.

İsrar edən insanlar əngəllərə meydan oxuyarlar.
17 Dekabr 2003-cü ildə insanın təyyarə ilə ilk uçuşunun yüzüncü ildönümü qeyd olundu. Bu tarixdən tam yüz il əvvəl – 17 dekabr 1903-cü ildə Orvil və Vilbur Rayt qardaşları Şimali Karolinada ilk uçuşu həyata keçirmişdilər.
Velosiped istehsalı ilə məşğul olan qardaşlar 1899-cu ildə quşların necə uçduqları haqda onlara yol göstərəcək bütün qaynaqları sistemli bir şəkildə araşdırmağa başladılar. Berlin yaxınlarında bir təpə üstündən planerlə uçuş təcrübələri həyata keçirən və bu mövzuda önəmli qeydlər aparan alman mühəndisi Otto Lilientalın araşdırmalarından başqa elmi əsərlərdə və insanların qədim dövrlərdəki təcrübələri arasında işlərinə yarayacaq bir şey olmadığını anladılalar.
Quşların uçuşunu çox yaxından incələdiyi üçün Lilientalın planeri də, elə məhz quşa bənzəyirdi. Ancaq o, içlərində Leonardo da Vinçinin də olduğu cəzbedici tələyə, yəni quş uçuşunu təqlid edən qanad çırpma hadisəsinin cazibəsinə qapılmamışdı. Liliental araşdırmalarında uçacaq vasitənin hava ilə təmas halında olacaq sabit qanada ehtiyacı olduğunu vurğulayırdı. Uçuşu reallaşdırmaq üçün lazımi nəzarət yalnız onun söylədiyi sabit qanadlarla təmin oluna bilərdi. Rayt qardaşlarının bu mövzudakı düşüncələri Lilientalın fikirləri ilə üst-üstə düşürdü.
Vilbur və Orvil Rayt qardaşları reallaşdıracaqları işə müvafiq elmi təhsil almamış, məktəbdən daha yüksək tədris verən hər hansı qurumdan məzun olmamışdılar. Lakin qarşılarına qoyduqları məqsədə çatmaq üçün çalışır, bütün günlərini sərf edirdilər. Dörd il boyunca şiddətli küləyə və qəza ilə nəticələnən həmlələrə məhəl qoymayaraq layihələrini planladılar, çərpələng, planer və model təyyarələr ilə yüzlərcə variantı sınaqdan keçirdilər. Hətta iki yüzdən çox fərqli tipdə olan qanadları təcrübə etmək üçün külək tuneli belə hazırladılar. Əgər "Bu işlər çox çətindir, indiyəcən kimsə bu işdə müvəffəq olmamışdır. Artıq bu röyanı unutmaq lazımdır. Belə davam etsə, böyük çətinliklərlə qurduğumuz velosiped işi də əlimizdən gedəcək." desəydilər, o zaman dünyanın hər hansı bir yerinə getmək bu qədər asan olardımı?
Göründüyü kimi, böyük insanlar kiçik əngəllərin qurbanı olmazlar. Sonuna qədər israr edərlər. Əngəllərin artması, əsla onları dayandırmaz. Çünki onlar gecənin tam qaralmasının günəşin doğacağına dəlalət etdiyinin yaxşı fərqindədirlər.

İsrar edən insanlar hədəflərinə bütün varlıqları ilə bağlanarlar.
İsrar edən insanların həyat tərzlərinə baxın. Daimi israrlarını hədəflərinə bütün varlıqları ilə bağlanmalarına borclu olduğunu görəcəksiniz.
Anlatacağım hadisə Abdullah Doğanın “Başarı çocuk dogurdu" adlı kitabında keçir. Hadisənin qəhrəmanı çağ başladıb, çağ bitirən, İstanbulun fatihi böyük hökmdar Fateh Sultan Məhməddir. İstanbulun fəthilə tarixi gedişatı dəyişdirmişdi.
Hələ 16-17 yaşında ikən gənc şahzadə qaldığı otağın pəncərəsindən İstanbula aşiqlər kimi baxıb, "İstanbul, ya sən məni alacaqsan, ya mən səni", - deyirdi.
Bir gün anası Huma xatun Sultan Məhmədin yatağının hər zaman səliqə-sahmanla yığışdırılmış vəziyyətdə görüncə, "Şahzadəm, yatağını hər gün sən səliqə sanmana salıb özünü artıq zəhmətə salma, bu işin öhdəsindən xidmətçilər gələrlər", - dedikdə Sultan Məhməd həmişəki kimi, sevdalı ədası ilə İstanbula baxaraq, "Canım anam mən o yatağa altı aydır ki, bir dəfə də olsun, girmədim", - cavabını verir.
Bu necə gözəl məqsədə bağlanma və necə gözəl həyatı hədəfə həsr etmədir. Məhz, bu ruhdakı Fatih və əsgərləri idi ki, fəthə nail olmuş, illərin Konstantinopolunu tarix səhifələrinə İstanbul olaraq yazmışdılar.
Həyatını hədəfinə həsr edən və bütün varlığı ilə məqsədinə bağlanan bir başqa insan - Lui Paster. Həkim olmadığı üçün 1800-cü illərin həkimləri onun düşüncələrinə  barmaqarası baxırdılar. Lakin kimyaçı və bakterioloq olaraq fəaliyyət göstərən Paster isə onlara məhəl qoymayaraq çalışmalarını davam etdirirdi. Beləcə, gərgin çalışmalarının  nəticəsində quduz xəstəliyinin müalicəsini tapmışdı. Paster ayrıca, içdiyimiz südün uzun müddət xarab olmaması üçün yeni metod təklif etdi. Burada südü 60 °C-də otuz dəqiqə isidib, sürətli bir şəkildə soyutduqdan sonra südü qapalı və sterilizə olunmuş şüşə qablara qoymaq lazım idi. Məzkur metod hal-hazırda da istifadə olunur və onu Louis Pasteurun şərəfinə "pastorizə etmək" adlandırırlar.
Paster özünə inanan elm adamı idi. Başqalarının söylədiklərilə yox, öz doğruları ilə yaşayar və müvəffəq oluncaya qədər israr edərdi. Həm də elə israr ki, nikah mərasimi başlayınca onu ortalıqda görmədikdə axtarıb laboratoriyadan tapmışdılar. Həyatını hədəfinə həsr etmiş, çoxlarının sevimlisi olmuşdu... Və illər sonra Fransada "tarixin ən böyük fransızı"nı müəyyənləşdirmək üçün xalqın seçiminə baş vurduqda hər kəs onu göstərmişdi.

İsrar edən insanlar həmlələrinin bir gün tam isabət edəcəyinin fərqindədirlər.
- Uşaqlıq illəri böyük çətinliklərlə keçmişdi. Heç bir il də olsun, təhsil ala bilməmişdi.
- 1831-ci ildə iyirmi iki yaşına gəldikdə iş qurmaq istəmiş, lakin müvəffəq ola bilməmişdi.
- 1832-ci ildə parlament seçkiləri üçün namizədliyini irəli sürmüş, yetərli səs çoxluğu toplaya bilməmişdi.
- 1833-cü ildə iş həyatına atılmaq qərarına gəlmiş, bir ildən sonra iflasa uğramışdı.
- 1834-cü ildə bir daha parlament seçkiləri üçün namizədliyini irəli sürmüş, millət vəkili seçilmişdi.
- 1835-ci ildə nişanlısını itirdi.
- 1836-ci ildə əsəb xəstəliyi keçirdi.
- 1838-ci ildə parlament sədri olmaq istədi, lakin seçim onun əleyhinə nəticələndi.
- 1842-ci ildə evləndi, ancaq bu evlilikdən çox əzab-əziyyət çəkdi.
- 1843-cü ildə konqresə seçilmək üçün cəhd etdi, amma məqsədinə nail ola bilmədi.
- 1846-cı ildə yenidən konqres seçkilərinə qatıldı, bu dəfə istədiyini əldə etdi.
- 1848-ci ildə bir daha konqres seçkilərinə qatılsa da, bu həmləsi də uğursuzluqla nəticələndi.
- 1850-ci ildə ikinci oğlu Eduard Baker dünyasını dəyişdi.
- 1855-ci ildə senata üzv olmaq üçün çalışmağa başladı, bu cəhdi də istənməyən sonluqla nəticələndi.
- 1856-cı ildə prezident köməkçisi olmaq üçün namizədliyini irəli sürdü, ancaq istəyinə nail ola bilmədi.
- 1858-ci ildə senata üzv olmaq üçün kampaniya başlatdı, bu cəhdi də fiasko ilə nəticələndi.
- 1860-ci ildə inamını itirməyib, davamlı israr edən bu adam dünyanın ən güclü dövlətinin on altıncı prezidenti olaraq tarixə keçdi.
Bu Abraham Linkolndur. ABŞ-ın ən böyük liderlərindən biri...

 

Tətbiq etmək zamanı.
Öz inamınızı yeniləmək üçün sizə hər addımda həyati səhnələr  etdik. İnam və israrın nələr yaratdığının şahidi oldunuz. İndi  tətbiq zamanıdır.
Hazırsınızsa, xatırladım ki, müvəffəqiyyət yolçuluğunda əngəllərin varlığı qaçınılmazdır. Növbəti fəsil bu mövzudakı problemlərinizə işıq tutacaq.

Top