4.1. İnanmaq və əzmlə çalışmaq

4.1. İnanmaq və əzmlə çalışmaq

Ağıllı və oyanıq olun, sizi ümidsizliyə götürən
hadisələr səadətə də götürə bilər.

Delaunay

Makedoniyalı İsgəndər imperator olduğu zaman atadan qalma bütün mirasını yaxınlarına bağışlamış, "Özünə nə saxladın?" - deyə soruşanlara da ümid adlı ən böyük varlığı cavabını vermişdi. Pay olaraq seçdiyi ümidi və əzmi sayəsində böyük əraziləri ələ keçirmiş, bir güruh insanın tanıdığı İsgəndər ikən, milyonların İsgəndəri olmuşdu.
Makedoniyalı İsgəndər bu sərvətə necə nail olmuşdu? Müvəffəqiyyətinin təməlində nə sirr yatırdı? Hansı ümid ona bu uğuru bəxş etmişdi? Və nə səbəbdən o, fizioloji olaraq onunla eyni xüsusiyyəti daşıyan milyonlarla insandan fərqli olmuşdu?
Çünki o, hər şeydən əvvəl bacaracağına inanmışdı. Siz də inanacaqsınız. Ətrafınıza baxın. Böyük bir ağac kiçik bir toxumdan, insan kiçik bir canlıdan və dərya bir damladan meydana gəlmirmi? Qıvılcım ikən atəş, şölə ikən günəş və zərrə ikən kainat olacağınıza inanacaqsınız.
Sadəcə bacaracağına inanan insanlar əzmlə çalışarlar. Yoxsa hansı səbəb sizi daha mükəmməl bir şeyi bacarmağa sövq edəcək ki?
Düzdür, böyük xəyallar və ideallar qovuşulmayacaq qədər uzaqda görünür. Lakin inamınızla məsafələrə meydan oxuyar, dağ kimi əngəlləri mum kimi əridərsiniz. Əks təqdirdə, müvəffəqiyyət kardioqramınız düz xətt göstərəcək, canlı ikən ölülərdən fərqlənməyəcəksiniz.
Türkiyə Cümhuriyyəti "İstiqlal marşı"nın yazarı Məhmət Akif Ersoy nə gözəl deyir:

Ümidsizlik elə bataqlıqdır ki, düşərsən, boğularsan,
Ümidə sarıl möhkəmcə, gör, nə olarsan.

Həyatınızda neqativliklərin olması labüddür. Əsas olan hər zaman ümidli olma və hədəfin reallaşacağı ana qədər mübarizəni dayandırmamaqdır.
Bir gün necə olursa, iki qurbağa içərisində süd olan bir qaba düşürlər. Nə qədər tullansalar da, qabdan kənara çıxmağa heç cür müvəffəq ola bilmirlər. Bir müddət sonra qurbağalardan biri "Artıq tullanmağımız mənasızdır. Bizimki bura qədər imiş" şəklində düşüncələrə qapılır, bütün cəhdlərindən vaz keçir və beləcə də süddə boğularaq ölür. Lakin digər qurbağanın inamı tamdır və o, ölüncəyə qədər tullanmaqda qərarlıdır. Heç bir işıq yolu görünməsə də, o, yenidən tullanmağa davam edir və o qədər tullanır ki, nəhayətdə südün üzərində yağ təbəqəsi əmələ gəlir, beləcə də südün səviyyəsi yüksəlir. Təbii ki, nəticə məlumunuzdur, yüksəliş qurbağaya qurtuluş gətirir.
Bəlkə sizin də üzərində hərəkət etdiyiniz zəmin canlılıq adına bir şey vəd etmir. Yoxluqlar içində qıvranır, yalnızlıq girdabında boğulursunuz. Şərtlər necə olursa-olsun, içində olduğunuz vəziyyət nədən xəbər verirsə-versin, yalnız və yalnız "Bitdim", - dediyiniz an bitməyə məhkumsunuz. Qərar almaq üçün əsla tələsməyin. İnamı artıracaq yollara baş vurdunuzmu?
"Hansı yollara?", - deməzdən əvvəl ətrafınıza nəzər yetirin, bütün kainatın sizi müvəffəqiyyətə səslədiyini görəcəksiniz. İçinizdəki səsə qulaq verin, müvəffəqiyyət dediyini eşidəcəksiniz.
İçiniz və çölünüz müvəffəqiyyət atəşilə yanıb tutuşarkən, irəliyə addım atmağın zamanı gəlmədimi?

Yaradıcınıza güvənin!
İnsan kainatın göz bəbəyidir. Doğulduğunuz andan etibarən beləsiniz. Sanki bütün varlıqlar ətrafınızda pərvaz edir. Günəş sizin üçün bir lampa və isidici vəzifəsini görür. Torpaq bağrındakı bitkiləri rəngarəng toxuyaraq sizə təklif edir. Arılar bir qram balı yeməyiniz üçün on minlərlə çiçəyi ziyarət edir. Ağaclar torpaqdan palçıqlı su içərkən, meyvələri vasitəsilə ən dadlı və xoş təamları sizə təqdim edir. Bulud susuzluqdan dodaqları çatlamış torpaqlara sizin üçün göz yaşı tökür və qupquru torpaqları sizin üçün güldürür. Hava sizin üçün modern maşınları, telefon və radioqəbulediciləri min dəfə geridə qoyacaq məharəti göstərib səs və görüntüləri cansız şüursuz molekulları ilə həm çoxaldır, həm də saniyəlik vaxtlar içində dünyanın ən uzaq nöqtələrinə nəql edir.
Makro aləmdən mikro aləmə geri dönün. Bədəninizə nəzər yetirin. 14 milyarda yaxın beyin hüceyrələrinizin hər biri 200 elektronik beyinə müqabil gəlir. Qaraciyəriniz kiçik bir orqan olmasına baxmayaraq beş yüzdən çox fərqli iş görür. Toplam uzunluğu 480 min km olan sinir telləriniz və 200 min km təşkil edən qan damarlarınız durmadan fəaliyyət göstərir. Ürəyiniz bir günlük fəaliyyəti ilə iki tankeri doldurub boşaldır. Daha necə qəribəliklər...
Şübhəsiz bütün sadalananlar fəaliyyətlərini şüurlu olaraq həyata keçirmir. Eyni son dərəcə önəmli bir vəzifə ifa etdiyi halda nə etdiyinin fərqində olmayan, lakin ustasının düzəltmə və tənzimləməsi vəzifəsini böyük bir incəlik və həssaslıqla yerinə yetirən saata bənzəyir. Qısacası hər şey həyata və həyat sahiblərinə, onlar da insana xidmət edir.
Digər tərəfdən insana elə qabiliyyət və özəllik verilmişdir ki, o, yer üzündəki bütün varlıqları öz istək və həndəsəsinə görə nizamlayır. Hətta hakimiyyət dairəsini genişləndirmək məqsədilə kosmosa səyahət edir. Yaradıcı kitabında bu aləmi bir saray kimi təsvir edib, göyü bir qübbə, günəşi bir lampa və soba, ayı müxtəlif görüntülərlə çöhrəsini göstərən bir təqvim, ulduzları çilçıraq, yer üzünü döşək və xalı, dağları sütun, gecəni daha yaxşı istirahət edilsin deyə bir örtü və yorğan, gündüzü rahat edilsin deyə aydınlıq bir meydan, insanları bir-birinə qaynaşıb hüzur bulsun deyə cüt yaratdığını söyləyərək bu sarayda qarşılanılan qonağın insan olduğuna işarə edir.
Lakin Yaradıcı sizi sınağa çəkə bilər. Görəsən istəklərinizi reallaşdırmaq üçün nə qədər səmimi və inamlısınız?
Keçmiş zamanlarda bir hökmdar saraya gedən yolun üzərinə böyük bir qaya parçası qoydurmuş, özü də pəncərəyə oturmuşdu. Məqsədi olacaqları müşahidə etmək idi. Ölkənin ən zəngin insanları, saray vəzifəliləri bir-bir gəldilər. Lakin daş onların saraya getməsinə mane olurdu. Saatlarca daşın önündə gözlədilər. Bir çoxu hökmdarı yüksək səslə tənqid etdi: "Xalqdan bu qədər vergi almasına baxmayaraq yolların təmizliyinə fikir vermir." Bir müddət sonra daşın yanında kəndli bir adam göründü. Saraya meyvə aparırdı. Belindəki torbanı yerə qoyub iki əli ilə qayanı itələməyə başladı. Qan-tər içində batmışdı, lakin qayanı yolun çəkməyə müvəffəq olmuşdu. Torbasını çiyninə alıb getmək istəyirdi ki, qayanın yerində bir kisə gözünə dəydi.
Kisəni açarkən çaşıb qalmışdı. Kisə qızıl dolu idi. Qızılların arasında hökmdarın yazdığı bir kağız vardı: "Bu qızıllar qaya parçasını yoldan çəkən adama aiddir".
Kəndli həmin gün böyük əksəriyyətimizin fərqində olmadığı bir dərs almışdı. Əslində hər əngəl Yaradıcının bizi sınaması və qarşımıza həyat şərtlərimizi dəyişdirəcək bir fürsət çıxarmasıdır.
Yolunuza çıxan əngəlləri dəf etməyə çalışın. Unutmayın, Yaradıcınızın qarşınıza çıxardığı hər hadisədə bilmədiyiniz hikmətlər gizlidir.

Özünüzə inanın.
Marşal Fok insan ruhunu dünyanın ən güclü silahı adlandırır. Bildiyiniz kimi silah düşmənlərinizi tələfata uğradan və istəklərinizi əmrinizə hazır edən vasitədir. Müvəffəqiyyətinizin qarşısında duran əngəllərinizi ruhunuzun böyüklüyü ilə məğlub edin. Özünüzə inanın.
Məşhur rəssam Sezar Dukornet doğuşdan hər iki qolda məhrum idi. Ancaq rəsmə qarşı böyük marağı səbəbdən hələ kiçik yaşda ayağı ilə tutduğu kömür parçaları ilə şəkillər çəkirdi. Hədəfi Parisdə əsərlərini sərgiləməkdi. Lakin hər kəs onun qarşısına qoyduğu məqsədə gülür, bunun reallaşa bilməyəcəyini söyləyirdi. Dukornet isə bacaracağına adı kimi inanmış, illər sonra bu inamının mükafatı olaraq çox məşhur rəssam olmağa haqq qazanmışdı.
Qədim Şərqdə mövcud adətlərdən biri ailələrin övladlarını tədris alma məqsədilə elm-təhsil mərkəzi şəhərlərə göndərməsi idi. İbni-Hacər də eyni amal uğruna səfərbər olmuş, məmləkətindən ayrılmış gənclərdən biri idi. Ancaq tədris olunan elmləri heç cür mənimsəyə bilməməsi ona bu şəhərdə qalmağının mənasız olduğunu düşündürür və beləcə İbni Hacər əşyalarını toplayıb geri dönməyə qərar verir.
Yolçuluğu əsnasında istirahət edərkən gördüyü mənzərə sanki ona bir şeylər pıçıldayırmış kimi diqqətini çəkir. Mağaranın yuxarısından enən su damlaları sərt daşı dəlmiş, çuxur açmışdır. Qarşılaşılan mənzərə İbni Hacəri dərin düşüncələrə sövq edir:
- Mənim başım bu daşdan daha sərt və qalın deyil. Su damlalarının daşa iz qoyması kimi, çalışdığım elmlər də zehnimə həkk oluna bilər. Elə isə su damlaları kimi davamlılıq sərgiləməli, əzmlə çalışaraq öyrənməyə davam etməliyəm.
İbni Hacər dərhal geri dönür, böyük bir əzmlə oxumağa davam edir. Məşhur alimlərdən biri olur. Yazdığı əsərlərdə isə İbni Hacər (Daş oğlu) təxəllüsünü istifadə edərək, inanma və əzmlə çalışma ilə hər şeyin bacarılacağını ağıllara həkk edir.
Özünüzə inandınızmı, bacaracaqsınız. Özünüzə inandınızmı, hər kəs sizin bacaracağınıza inanacaq. Özünüzə inanıb bacarmasanız belə, əsil müvəffəqiyyətsizlik bacarmayacağına inanmaqdır.
İstəklərinizə çalışmalarınızla canlılıq qazandırın.
Tomas Edison 84 yaşında həyata gözlərini yumarkən patentləri alınmış 1093 ixtiranın sahibi idi. Bu səbəbdən ona "Menlo parkının sehrbazı" deyirdilər. Bu bənzətməyə bəzən əsəbiləşən, bəzən də gülüb keçən Edison onda sehrli güc axtaranlara müvəffəqiyyətin formulu olaraq "Bir faiz qabiliyyət, yüzdə doxsan doqquz tər", - cavabını verirdi. Vaxtını elə qiymətləndirir və əzmlə çalışırdı ki, onun bu tempdəki fəaliyyətlərinə ayaqlaşan assistent tapılmırdı.
Bir gün Edison çalışdığı yerdəki divana uzanır və assistentinə "Artıq gözlərimi aça bilmirəm, dəhşətli şəkildə yuxum gəlir. Məni yarım saat sonra oyandır", - deyə səslənir. Yarım saat sonra Edisonun dərin yuxuya daldığını görən assistenti onu oyandırmağa qıymır. Bir saat sonra oyandırdığında isə artıq iş işdən keçmiş, qovulmuşdu. Edison çox əsəbləşmiş, "Nə haqla mənim yarım saatımı aldın", - deyirdi.
Müvəffəqiyyət gözlədiyiniz yerə gəlməyəcəkdir. Çalışmalı, zəhmət çəkməli, ona doğru irəliləməlisiniz. Bu, müvəffəqiyyət üçün ödəməniz lazım olan dəyərdir. Başqalarının uğruna qibtə ilə baxırıq, lakin onların bu nailiyyətləri əldə etmək üçün nələr çəkdiyindən bixəbərik. Məşhurlardan bəzilərinin çalışma tempinə baxın, nə qədər çalışsanız da, az çalışdığınızı düşünəcəksiniz.
Aleksandr Düma 40 il gündə 16 saat əsər yazardı.
İbni Cəzvi
- Bəzisi 20 cild olan 340-dan çox əsər yazmışdı.
- Bir ildə yazdıqları 50-60 cilddən ibarətdir.
- Gündə 4 dəftər doldururdu.
Sizsə, təbii ki, az çalışırsınız. İstəklərinizə çatmaq üçün onlara çalışaraq canlılıq qazandırın. Biçəcəkləriniz əkdikləriniz olacaq. Məhz bu səbəbdən Kitabımızda "İnsana ancaq öz zəhməti (səyi, çalışması əməli) qalar!", - buyurulur. [53:39]

Güclü kəlimlər və şüarlar işlədin.
Kəlimələrin həyatımızdakı təsirini inkar edə bilməzsiniz. Bütün duyğu-düşüncələrimiz onlarla şəkillənir. Sevgimizi onlarla bildirir, səmimiyyətimizi onlarla qururuq. Onlarla cuşa gəlir, onlarla ilhamlanırıq.
Mel Qibsonun rejissorluq etdiyi və baş rolda oynadığı "Cəsur ürək" filminə baxmısınızsa, ingilis ordusunu görüb geri qayıtmaq istəyən şotlandiyalı əsgərlərlə Uilliam Uollesin arasında gedən dialoqu yaxşı xatırlayarsınız.
Uilliam Uolles: Bu sizin ordunuzdursa, nə üçün geri qayıdırsınız?
Birinci əsgər: Biz bura döyüşmək üçün gəlməmişik.
İkinci əsgər: İngilislər sayca bizdən çoxdurlar.
Uilliam Uolles: Ey Şotlandiya övladları. Mən Uilliam Uollesəm.
İkinci əsgər: Uilliam Uolles yeddi fut uzunluqda idi.
Uilliam Uolles: Eşitmişəm. Yüzlərlə insanı məhv edirdi. Mən Uilliam Uollesəm. Və mən burada bütün ölkə vətəndaşlarından ibarət ordunun istibdada qarşı mübarizəsini görürəm. Siz azad insanlar kimi vuruşmalısınız və siz azad insanlarsınız. Siz bu azadlıqla nə edəcəksiniz? Döyüşə hazırsınızmı?
Birinci əsgər: Buna görəmi? Biz qaçıb yaşamağa üstünlük veririk..
Uilliam Uolles: İndi vuruşsanız, bəlkə ölərsiniz. Əgər qaçsanız, bir neçə il daha yaşayarsınız. Ancaq illər sonra yatağınızda ölüm anınızı gözləyərkən yaşadığınız bu illəri sadəcə bir günlə, azadlığınızı qazanacağınız bu günlə dəyişmək istəyəcəksiniz. Sadəcə bir şans...Gəlin bir araya, düşmənlərimizə isbat edək ki, onlar bizim canlarımızı ala bilərlər, ancaq Azadlığımızı əsla!
Bu sözlər məğlubiyyətə razı şotland ordusunu ruhlandırır və mütləq qələbəyə imza atırlar.
Sözlərin təsirindən qaça bilməzsiniz. Hansı sözü israrla söyləsəniz, ruhunuz ona inanacaqdır. El arasında işlədilən "Bir nəfərə qırx dəfə ağıllı desən ağıllı, qırx dəfə də dəli desən dəli olma ehtimalı vardır" ifadəsi boşu-boşuna deyilməmişdir.
Hal-hazırkı durumunuzu fikirlərinizi hörməkdə olduğunuz kəlimələr müəyyən edir. "Bezdim", "Sıxıldım", Depressiya", "Stress", "Ürəyim sıxılır" kimi ifadələr düşüncələrinizi hörümçək toru kimi sarmışsa, artıq əhvali-ruhiyyəniz ona görə şəkillənəcəkdir. "Bacararam", "Mənim üçün asan işdir", "Öhdəsindən rahatlıqla gələrəm" kimi ifadələr işlədin. Qanadlanıb uçmağa başladığınızı görəcəksiniz.
Müsbət yüklü ifadələr müvəffəqiyyətə qovuşduran mayak kimidir, mənfi yüklü sözlər isə ölümə sürükləyən burulğan kimi. Nə çətinlikdə olursunuz olun, fikirlərinizi ümid dolu kəlimələrlə bəzəyin. Kəlimələrinizi dəfələrlə təkrarlayın. Tərəddüd xəyallarınıza belə qonaq olmasın. İnanın, bacaracaqsınız.
İnsanlarda olduğu kimi şirkətlərin də inkişaf mərhələlərində müsbət yüklü ifadələrə, şüarlara və devizlərə böyük ehtiyacı vardır. Aşağıdakı bəzi şüarlar buna əyani sübutdur.
Aselsan: Bizim üçün çətini bacarmaq asandır, imkansızı isə bir az zaman alar.
Bank Standart: Bacarığın hədsizdir.
Adidas: Mümkün olmayan heç bir şey yoxdur.
Apple Computer: Hər şey Mak üçün asandır.
BMW: Sadəcə uçmaq daha yaxşı ola bilər
Audi: Güc nəzarətimiz altındadır.

Özünüzə referanslar tapın.
Müvəffəq olmaq üçün özünüzə referanslar tapın. Bu, inamınızın artmasında böyük rol oynayacaqdır. Məsələn, siqareti buraxmaq qərarına gəldiniz. Niyyətinizi sonuna qədər reallaşdırmaq sizə inandırıcı görünməyəcək. İnamınızı artırma naminə siqaret səbəbilə xəstələnən insanları ziyarət edin. Bu bir mənada siqaret çəkməyə davam etdiyiniz halda illər sonra düşə biləcəyiniz durumu göstərəcək. Ya da siqaretin zərəri haqqında yazıları oxuyun. Tərk etməyinizdə böyük faydalar görəcəksiniz. Və ya siqareti birdəfəlik tərk edən insanlarla görüşün, onlarla söhbətləşin. Unutmayın, dünyada bir işdə müvəffəq olan bir nəfər varsa, o işdə siz də müvəffəq ola bilərsiniz.
Elə isə hər hansı sahədə müvəffəq olmağı qarşınıza məqsəd olaraq qoydunuzsa, bu sahədə üzrə yaşanılmış müvəffəqiyyət modellərini araşdırın və önəmli məqamları həyatınıza tətbiq edin. Sizi müvəffəqiyyətə səsləyəcək gözəl sözlərə müraciət edin. Nə düşünürsəniz, düşünün, nəyə inanırsanız inanın, dünyada sizi haqlı çıxaracaq gözəl sözlər mütləq vardır. Tapın o sözləri və ruhunuzu hüzura qovuşdurun.
Məşhur yazar Monteyn əsərlərini divarlarında 57 dənə aforizmin olduğu otaqda yazardı. Təbii ki, tövsiyəm hər kəsin evinin divarlarına aforizmlər yazması deyil. Əsas olan bu ifadələr həyatınızın divarlarına həkk etmək, tətbiq etmək və yaşamaqdır.

Müvəffəqiyyətə xas çalarlarla xarakterinizi zənginləşdirin!
İçinizdə canlılıq əlaməti göstərən inamınızın bu xüsusiyyətini mütəmadi qoruması, kök atıb mənliyinizdə dərinləşməsi üçün müvəffəqiyyətə xas çalarları xarakteriniz halına gətirin.
Amerika psixoloqu və filosofu Uilliam Ceymsə görə "Cəsur olmaq üçün cəsur imiş kimi hərəkət etmək, bütün iradəmizi bu məqsədə müvafiq yönləndirmək lazımdır". Müvəffəqiyyət üçün eynisini düşünə bilərsiniz. Atdığınız hər addımda müvəffəq olmuş insanlar kimi hərəkət edin. Öz inamınızın artdığını görəcək, "Bacaracağam" düşüncəsini iliklərinizə qədər hiss edəcəksiniz.
Dik durun: Hal-hazırkı düşüncələrinizi durunuşunuz müəyyən edir. Ayaqüstə dayandığınız zaman dik durun. Oturursunuzsa, stol və kresloya tam əyləşib arxaya söykənin.
Gözlərə baxın: Qarşılıqlı söhbət zamanı, insanları narahat etməmək şərtilə, bacardığınız qədər gözlərə baxın. Bu, fikirlərinizin məqbul görülməsi və özünüzü güclü hiss etməniz üçün ən yaxşı vasitələrdən biridir.
Güc mərkəzlərinə yaxın durun: Məsələn, iclaslarda ön sıraların birində oturun. Qonaqlıqda ziyafət verən adamın masasında əyləşin. Söhbət edilən yerlərdə özünüzə əsas danışan adamın yanında yer tapın. İçinizdəki inamın oyandığını hiss edəcəksiniz.
Məhəmməd Bozadağın "Düşün və başar" adlı kitabında bu məsələ barəsindəki bir paraqraf diqqətimi çəkmişdi.
"İştirak etdiyim bir iclas salonunda arxa sıralarda kifayət qədər boş yer var idi. Mən isə ön sıralarda yer axtarıb, bütün cəsarətimi toplayaraq oralarda oturmağa çalışdım. Sağ tərəfimdə Ərzurum millət vəkili oturmuşdu. Mənə doğru yönəlib "Xoş gəldin!", - deyərək əlimi sıxdı. Ön sıralarda tanıdığım başqa millət vəkilləri və bürokratlar oturmuşdu. Onlarla uzaqdan təbəssüm edib, baş sallayıb salamlaşdım. Hətta arxa sıralarda oturan bəzi yoldaşlar məni önəmli biri zənn edib, özlərində səliqə-sahman yaratdılar. Ən ön sırada yer aldığım üçün kameraların ən çox çəkdiyi adamlardan biri idim. Özümü cəsur və güclü hiss edirdim. Heç kimə hörmətsiz yanaşmağı tövsiyə etmirəm. Başqalarının yerini tutmamaq şərtilə, daha yaxşı anlamaq və daha təsirli olmaq üçün bu şəkildə hərəkət etmək eyib deyildir."
Səsinizin tonunu yüksək tutun: Yüksək səs tonu ilə, yavaş-yavaş və aydın danışın. Səs tonunuzun zəif olması gücsüzlüyünüzün ifadəsidir. Əllərinizi sıxın, özünüzü rahat hiss edin və insanların gözlərinə baxaraq yüksək səslə danışın.
Gülümsəyin, təbəssüm üzünüzdən əksik olmasın: Dostlarınızı bir təbəssümlə də olsa, sevindirməkdən məhrum etməyin. Elə istiqanlı və səmimi olun ki, hər sıxdığınız ələ ruhunuzu da qatın. Düşmənlərinizi düşünüb də zaman itkisinə yol verməyin. Qorxuya qapılıb hədəf dəyişdirməyin. Fikirlərinizi hədəflərinizə cəmləşdirin. Güclü və faydalı olma düşüncəsini zehninizdə yaşatdıqca, həqiqətən elə olmağa başladığınızı görəcəksiniz. Siz israr etdikcə, qarşınıza saysız fürsətlər çıxacaq. Fikir inamla bağlanarsa qüdrət halına gələr. Hədəflərinizi inamınızla bağlayın. Cəsur və səmimi olun. Qəlbiniz nəyə bağlanarsa, varlığınız onun mahiyyətinə bürünər. Bürünəcəyiniz mahiyyəti doğru təsbit edin. Gülümsəmək üçün əlavə xərc tələb olunmur. Bu qədər kiçik bir sərmayə ilə əldə edə biləcəyiniz qazanclar isə böyük ola bilər. Qısa zaman diliminə sığışan bir gülümsəmə hafizələrdə ömür boyu yaşaya bilir.
Heç kim gülümsəmə ilə meydana gələn faydaları rədd edəcək qədər zəngin deyil. Heç kim gülümsədiyi üçün kasıb halına düşməz. Gülümsəmə qorxulara güc, dərdlilərə nəşə, xəstələrə sağlıq bəxş edir. Gülümsəmə yorğunları rahatladar. Onu satınla, dilənə və oğurlaya bilməzsiniz. Onu sizə ancaq könül rizası ilə verərlər. İçdən gəlməyən gülümsəmə kimsəyə fayda gətirməz.
Sizə gülümsəməyən bir insanla qarşılaşarsınız, siz yenə də gülümsəyin. Gülümsəməyi onlardan əsirgəməyin, çünki gülümsəmələrə ən çox ehtiyacı olan gülümsəyənlərdir. Gülümsəyin... Sadəcə şəkil çəkdirərkən deyil, şəkil çəkərkən də gülümsəyin.

Top