Məqsədi və ona çatmaq üçün zəhməti olmadan
heç bir insan yaşaya bilməz.
Fyodor Dostoyevski
Qoca yemir-içmir, böyük çətinliklərə qatlanaraq pul yığır və ev alır. Evi aldığı ilk gün "Evim, sən mənim illərdir çəkdiyim zəhmətin bəhrəsisən. Ömür boyu sənin üçün işləmiş, həyatımı tükətmişəm. Ona görə səndən bir xahişim var. Heç olmasa yıxılmazdan əvvəl məni xəbərdar et ki, ehtiyatımı görə bilim", - deyə səslənir. Evdən isə heç səs çıxmır, qoca da bunu razılaşmanın ifadəsi olaraq anlayır. Bu anlaşmanın üstündən bir il keçir. Bir gün pəncərə tərəfdəki divar çatlayır, qoca mala ilə ora sement vurur. Sonra qapı tərəfdəki divar çatlayır, qoca oraya da sement vurur. Bir müddət sonra başqa bir yer, qoca oranı da təmir edir.
Böyük hədəflər seçin. Dəqiq və konkret hədəflər seçin. Hədəfləriniz müəyyən plan çərçivəsində olmalıdır. Hədəfinizi yazın. Hədəfinizə bağlanın. Hədəfinizi sizə xatırladacaq yollar seçin. Hədəfinizi parçalara ayırın. Hədəflərinizi reallaşdırmağa bu gündən başlayın.
Bu minvalla illər keçir. Bir gün qoca işdən qayıdarkən evinin dağıldığını görür. Gördüyü mənzərə qarşısında çox üzülür və evin xarabalığına "Ay evim, axı demişdim sənə, yıxılmamışdan əvvəl mənə xəbər verərsən", - deyə səslənir. Elə bu zaman xarabalıqdan bir səs yüksəlir: "Nə edim, ay qoca. Nə vaxt ağzımı açdım ki, səni xəbərdar edim, sən də bir mala sementlə ağzımı qapadın. Nəticədə də belə oldu."
Həyatımız da eyni bu hekayəyə bənzəyir. Bir gün ağaran saçlarımız, başqa bir gün xəstəliklərimiz bunun bir gün bitəcəyindən xəbər verir. Çatlaqları sementləmə misalı saçlarımıza rəng vurmamız, nə də xəstəliklərdən qurtulma naminə dərman qəbul etməmiz, bu prosesi durdurmayacaq. Və olan olacaq. Bir kərə yaşanılacaq həyat, nəhayət bir gün bitəcək.
Şairin "Həyat sən nə şirinsən, kim səndən doydu getdi?", - deyə vəsf etdiyi bu həyat, madəm bizə bir dəfə veriləcək, o zaman onu ən gözəl şəkildə yaşamalıyıq. Hər anını belə qiymətləndirməli və yaşlanarkən onu "kaşki"lərə bürünmüş bir keçmiş olmaqdan qurtarmalıyıq.
Maksim Qorkiyə görə "Həyatın nə olduğunu onun gözəlliyində axtarmaq və onu daha gözəl hədəflərə yönləndirmək lazımdır".
Həyatda konkret yolumuzu və dəqiq hədəfimizi müəyyən etmək çox önəmli məsələ olduğu kimi, düşünülmədən atılmış hər bir hərəkətin də fiaskolarla nəticələnməsi labüddür.
Həyat böyük okean kimidir. Hara gedəcəyimizi bilməsək heç bir ruzigar bizə kömək edə bilməz... Və nəhəng su kütləsinin ortasında tək-tənha qalarıq. O zaman fırtınalara qurban getməmiz, Bermud üçbucağına rast gələrək əbədiyyən bilinməzlik aləminə yelkən açmamız möhtəməl olar. Yollar çox və qarışıq, rotası təyin olunmamış səyahətlərin qorxunc sonu isə qaçınılmazdır. Dolayısıyla, düşüncə platformasında hədəf və məqsəd daima ilk yeri tutmalıdır. Əks təqdirdə, çoxluğa gedilmiş və xaosa düçar olunmuş olar.
Hədəf müvəffəqiyyətə gedəcək yolun ən önəmli addımıdır. Minlərlə yolun arasından biri seçiləcək və əmin addımlarla irəli doğru gediləcək. Çəkinməyin! Düşünün və hədəfinizi müəyyən edin.
Yoxsa universitetə qəbul olmaq istəmirsinizmi? Yaxşı ailə başçısı olmağı düşünmədinizmi? Tərbiyəli övlad böyütmək arzusunda deyilsinizmi? Sahənizdə ən yaxşı mütəxəssis olmağı xəyal etmirsinizmi? Zəngin olmaq yuxularınızı qaçırmadımı?
İllər sonra miskin, aciz və əlibaxımlı olsanız, bu öz səhvinizin zərərli meyvəsi olacaq. Gələcək sıxıntılardan qurtulma naminə hədəfinizi bu gündən müəyyən edin. İtiriləcək günümüz yoxdur. Çünki biz hər insanın bir gündə iki günü olduğuna inanırıq. Biri hər kəsin özünə aid günü, digəri isə gələcək nəsillərə aid günü. İki qat məsuliyyət... Elə isə, vaxt keçirməyə lüzum yoxdur. Düşünün, daşının və hədəfinizi seçin. Siz hara gedəcəyinizi bilsəniz, yol vermək üçün bütün dünya bir yana çəkiləcək.
Nədənsə çox vaxt iç aləmimizdə saxladığımız, xəyalları ilə bütünləşdiyimiz hədəfləri söyləməkdən çəkinirik. Bəzənsə onların utopik çərçivədən çıxmayacağını fikirləşib birdəfəlik unutmaq üzrə qərar qılırıq. Halbuki, böyük nəticəyə gedən yolun ilk addımı böyük hədəfdir. Bacara bildiyiniz qədər böyük düşünəcəksiniz. Fransız siyasətçi Roques Montqayllard "Aşağıdan baxıldığında çox yüksəkdə görülən dağların zirvəsinə çıxdığımız zaman onların bir təpədən fərqli olmadığını anlayırıq", - deyir. Demək ki, hədəfiniz sərhəd tanımayacaq, yerlə çarpışıb, göylə əlləşəcəksiniz. Tam hədəfiniz reallaşarsa belə, çatdığınız məqam hədəfiniz nisbətdə böyük olacaq. Məhz buna görə Konfutsi əsrlər əvvəldən eyni şəkildə səslənir: "Əgər ağaca çıxmaq istəyirsinizsə, ulduzları hədəf alın."
Böyük düşünün! Hədəf Himalay olunca, Elbrus təpə kimi olacaq. Ayaqlarınızın altına alın böyük işlər görməkdən çəkinmə duyğusunu. Yüksəklərə dikin gözünüzü, əminlik və güvənlə. Rajneş Bhaqvanın dediyi kimi "Zirvələrlə oynayın! Enerjinizin nələrə qadir olduğunu dərk edə bilsəniz, müvəffəqiyyət sizi izləməyə başlayacaq".
Hədəfiniz dəqiq və konkret olmalıdır. Bu, planlarınızı reallaşdıracaq yollar müəyyənləşdirməniz üçün ən önəmli faktordur. Nə istədiyinizi dəqiq biləcək və əsla müxtəlif məcralarda, bir-birinə zidd hədəf və arzulara yanaşmayacaqsınız. Məşhur həkim olmağı göz önünə alarkən, mükəmməl mühəndis olmağı düşünməməlisiniz. Həyatınız bir-birindən uzaq hədəfləri reallaşdırmaq üçün mümkün qədər qısa, tələb və ehtiyaclarınız sonsuzdur. Əks təqdirdə, hər şeyi əldə etmək istərkən, heç bir şeylə qarşılaşacaqsınız.
İ.A.Krılovun "Qu quşu, durnabalığı və xərçəng" təmsilini bilirsiniz. Bir zamanlar qu quşu, durnabalığı və xərçəng dostluq edirlər. Bir gün onlar yüklərini araba ilə daşımaq qərarına gəlirlər. Qu quşu dərhal uçaraq arabanı havaya, durnabalığı üzərək suyun dibinə və xərçəng geriyə gedərək özünə doğru çəkməyə başlayır. Nə qədər güc sərf etsələr də, arabanı konkret bir yerə yönləndirə bilmirlər.
Dəqiq düşünün. Nə olmaq istəyirsiniz. İstəkləriniz eyni istiqamətdə, birinin reallaşdırılması digərinə kölgə salmayacaq şəkildə olsun. Və bütün varlığınızı hədəfinizi reallaşdırmağa həsr edin. Nəzərləriniz, əsla başqa yerə yönəlməsin.
Aleksandr Qreham Bell "Bütün fikrinizi etməkdə olduğunuz işin üzərində mərkəzləşdirin. Günəş şüaları bir yerə mərkəzləşmədən oranı yandırmaz", - deyir. Demək, bütün fəaliyyətləriniz hədəflərinizin ətrafında dövr edəcək. Lakin...
Hal-hazırda üzərində işlədiyiniz obyekt bu fəaliyyətlər üçün bir zərgər dəqiqliyi tələb edən həyatınızdır. Etdiyiniz hər hansı boş vermənin fakturasını ödəyəcək sizsiniz. Bu məramda mütləq planlı və proqramlı olmasınız.
Diqqət etsəniz, iş həyatında insanların çoxu mövcud şəraiti bəyənməz, giley-güzar edərlər. Çünki, başqalarının tətbiqini məcburi qıldığı qərarlar heç də hər kəsə xoş gəlməz. Bəzən ən mükəmməli fikirləşərsiniz, amma nadfilə, kimsə sizi dinləməz. Təşəkkür edilib, təriflənmək yerinə, məzəmmət olunub tənqidçi bilinərsiniz. Üzülməyin, çarə qılın. Gələcək planlarınız haqqında düşünün. Yoxsa həyatın hökmüdür, öz gələcəyi haqqında planları olmayanlar başqalarının planlarına tabe olarlar.
"Qələm ağlın dilidir", - deyirlər. Çəkilin hər kəsdən uzaq bir məkana. Gözlərinizi yumun. Xəyal mexanizminizi hərəkətə gətirin. Düşünün və yazın. Hansı sahədə, nəyi, nə vaxt və necə reallaşdırmaq istəyirsiniz. Hədəflərinizin yazılı olması çox önəmlidir, çünki bu, özünüzlə bağladığınız müqavilə mahiyyəti daşıyır.
Qeydiyyat kitabçanızda beş başlıq qeyd edin. "Maddi durumum", "Xüsusi qabiliyyətlərim", "Vəzifələrim", "İnsanlarla münasibətlərim" və "Əsərlərim". Hər başlığı ayrı-ayrılıqda ələ alın.
Maddi vəziyyətim. Bir neçə evim olacaq, aylıq gəlirim_______olacaq. Dostlarıma böyük hədiyyələr verəcək imkana sahib olma...
Vəzifələrim. Müdir, şirkət sahibi, millət vəkili, nazir, elmlər namizədi, professor,...
Qabiliyyətlərim. Bir neçə dildə danışmaq, musiqi alətlərinin ən az birində ifa edə bilmək, sürətli kitab oxumaq qabiliyyəti,..
İnsanlarla münasibətlərim. Hər zaman gülərüz olmaq, güclü dostluqlar qurmaq, hər kəsə önəm vermək,...
Əsərlərim. Şeir, roman, hekayə, məqalə, kitab yazmaq. Məktəb, xəstəxana açmaq...
Seçdiyiniz hədəfləri zaman planlamasına görə sıralayın. Öhdəsindən gəldiyiniz işlərin üzərindən xətt çəkin. Hədəflərinizin reallaşacağı günə kimi qeyd kitabçanızı itirməyin.
Hədəflərinizə qovuşmada ən əsas kriterilərdən biri bu hədəflərə bütün varlığınızla bağlanmanızdır. Türkiyənin məşhur yazarlarından Həkimoğlu İsmayılın insanın hədəflərinə bağlanması mövzusunda tövsiyələri çox mənalıdır:
"Sizdən biriniz roman yazarı olmağı hədəfləyirsə, olimpiadalara qatılacaq bir idmançı surəti ilə çalışmalıdır. İçinizi roman doldurmalıdır. Çörəyin, pendirin qiymətini unutmalısınız. Başqa şeyləri ağlınızdan silməlisiniz. Hündürlüyə tullanma məşqləri edən adam futbolçu ola bilməz. Roman yazarı olmaq istəyən ümumdünya miqyasında tanınacaq yazar olmağı qarşısına məqsəd qoymalıdır. Arada bir qaçan olimpiada rekordu qıra bilməz. Hər kəs gəzib-əylənərkən, o çalışmalıdır.
Hədəfə bağlanmaq, onunla bir vəhdət halına gəlmək, yatarkən, gəzərkən, hətta gündəlik fəaliyyətləri həyata keçirərkən hər zaman hədəfini düşünmək lazımdır. Düşünməkdən yuxularınız qaçacaq və əzminiz əsla tükənməyəcək.
Karfagen Romaya gedən dəniz ticarət yolunu Qərbi Siciliya və Şimali Afrika vasitəsilə nəzarətdə saxlayırdı. Bu da öz növbəsində Romanın ticarət fəaliyyətlərini çətinləşdirirdi. Dolayısıyla, necə olursa olsun, Karfagen məğlub edilməli idi. Romalı senator Markus Porsius Katon (e.ə. 234 -149) da bunu heç bir şəkildə ağlından çıxartmırdı və tam 30 il nə mövzuda danışırsa, danışsın, xitabını "Delenda est Carthago!" (Karfagen mütləq dağılmalıdır!) ifadəsilə bitirirdi. Hər şeyini hədəfinə həsr etmişdi. Beləcə bir müddət sonra hədəfinə qovuşmuş və Karfagen ilə müharibəni qalib olaraq başa vurmuşdu.
Hədəfinizi daim xatırladacaq yollar seçməniz hər gün sizə böyük enerji verəcək, fəaliyyətlərinizi hədəfiniz istiqamətində yönəldilməyə təşviq edəcəkdir. İstər hədəfinizi danışaraq lentə qeyd etməniz və hər gün bunu dəfələrlə dinləməniz və ya hədəflərinizi kiçik kağızlara yazaraq müxtəlif yerlərə asmanız, ya da fikirləşəcəyiniz başqa bir yol. Mahiyyəti nə olursa, olsun, mütləq sizə hədəflərinizi xatırladacaq bir yol seçin.
1997-ci ildə "Hewlett-Packard" şirkəti ilə Massaçusets Texnologiya İnstitutunun birgə həyata keçirdiyi layihənin nəticələrinə əsasən, görərək məlumatların yadda qalmasının eşitməyə nisbətən daha effektiv olduğu ortaya qoyulmuşdur. Beləki, əldə edilmiş nəticələr hər hansı bir məlumatın eşitmə yolu ilə keçici hafizəyə qeyd olunma surətinin 640.000 b/san, qalıcı hafizəyə qeyd olunma surətinin 2 b/san ikən, bunun görmə yolu il müvafiq olaraq 1.300.000 b/san və 40 b/san təşkil etdiyini göstərirdi.
Elə isə hədəflərinizi sizə xatırladacaq yollar seçərkən gözlə görünən vasitələrə baş vurmağınız daha məqsədə uyğun olardı. Aşağıdakı əhvalat bu fikrin təsdiqləyir.
4 iyul 1952-ci il. 34 yaşlı qadın Sakit okeanına dalaraq Katalina adasının 21 mil qərbindəki Kaliforniyaya doğru üzməyə başladı. Əgər müvəffəq olsa, bu uğura ilk imza atan qadın olacaqdı. Adı Florens Çadvik olan bu üzgüçü İngiltərə və Fransa arasındakı La-Manş boğazını hər iki yöndə üzüb keçən ilk qadındı.
O səhər su bədəni donduracaq qədər soyuq idi və elə duman vardı ki, Florens onunla bərabər hərəkət edən qayıqları çətinliklə görə bilirdi. Milyonlarla insan televiziya ilə onu izləyirdi. Dondurucu soyuğa və köpək balığı təhlükəsinə baxmayaraq tam 15 saat üzdü. Artıq Kaliforniyaya sahillərinə çatmağa yarım mil qalmışdı. Birdən Florens anası və məşqçisinin olduğu qayığa yaxınlaşaraq, onu sudan çıxarmalarını istədi. Öz növbəsində həm anası, həm də məşqçisi Kaliforniyaya yarım mil qaldığını xatırladıb çıxmamağı üçün israr etsələr də, heç bir şəkildə onu razı sala bilmədilər.
Hər kəs üçün maraqlı idi, bu əzmli üzgüçünün vaz keçmə səbəbi. Və Florens onu sual yağmuruna tutan media nümayəndələrinə bunları deyirdi: "Vaz keçməyimin səbəbi nə soyuq, nə də yorğunluq idi. Duman səbəbindən sahili görə bilmirdim. Sahili görə bilsəydim, müvəffəq ola bilərdim".
Görmə vasitəsilə ilə hədəflərini xatırladacaq yollar seçən insanlar arasında Qrey Uolterin yolu daha maraqlıdır. Uolter hədəflərini unutmamaq üçün onların baş hərflərini kiçik kağızlara yazıb, evinin müxtəlif yerlərinə asırdı. Yemək yeyərkən, üzünü yuyarkən gördüyü bu yazılar hədəflərini unutmamaqda ona kömək edirdi. Hədəflərin daim xatırlanması isə müvəffəqiyyəti özü ilə bərabər gətirmişdi.
Siz də hədəflərinizin baş hərflərini kiçik kağızlara yazın:
M Maşın almaq
Y Yazar olma
İ İngilis dili bilmə
Ş Şirkət sahibi olmaq
Bu kağızları hər yerə - evinizə, iş yerinizə asın. Gündə dəfələrlə təkrarlayın. Beləcə, şüuraltınıza yerləşən bu görüntülər fəaliyyətlə hədəflərinizə istiqamələndirmədə böyük rol oynayacaq.
Heç bir şey çətin deyil, əsas məsələ onu kiçik parçalara ayıra bilməkdir.
Henri Ford hər səhər Nyu-Yorkun cənub məhəlləsindən şimalda yerləşən məhəlləsinə piyada gedərmiş. Getdiyi yolda xeyli uzaq məsafədə idi. Bu idealist adam hər gün təkrarladığı gəzintini belə izah edir:
"Səhər evdən çıxanda yolun uzunluğunu əsla ağlıma gətirməzdim. Qabaqda gül mağazası var idi. Ora çatıb, yeni açılan gülləri qoxulamağı fikirləşirdim. Gül mağazasına çatanda qarşıda olan qəzet köşkünə çatmağı hədəfləyirdim. Görəsən aşağıdakı qəzetlərin manjetlərində nələr yazılıb. Köşkə çatdıqdan sonra qarşıda olan paltar mağazasına çatmağı hədəfləyirdim."
Henri Ford hər yüz metrdən bir özünə hədəf seçdiyi üçün davamlı qət etdiyi kilometrlərlə yolu gözündə böyütmədən bitirirdi. Beləliklə o, Hədəfə çatmağın ən qısa yolu onu parçalara bölməkdir sözünü özünə düstur edir və bu yolla böyük uğur qazanır. "Yolu qət etməyi asanlaşdırdığım kimi maşın istehsalını da asanlaşdıra bilərəmmi?" sualını özünə verir və cavab tapır - hərəkət edən konveyer üzərində maşın istehsalı.
Motor konveyer üzərində hərəkət edir. Bir işçi onun bir hissəsini, digər işçisi isə başqa bir hissəsini motora taxır. Hər işçi bir parça əlavə edəndə avtomobil sürətlə istehsal edilir. Amma heç bir işçi böyük bir maşını istehsal etdiyini düşünmür. İşçi sadəcə olaraq işinin şurup taxmaq olduğunu biləcək və ona əməl edəcəkdir.
"Hədəfə çatmağın ən qısa yolu onu parçalara bölməkdir". Elə isə siz də hədəflərinizi parçalara ayırın. Bütövlükdə sizə böyük görünən işlər addım-addım irəlilədikcə kiçiləcək. Hər gün edəcəyiniz işləri müəyyənləşdirin. Və bir günü də olsa, boş buraxmayın. Günlük görüləcək işlər sizə az gəlsə də, böyük xəyallarınızı reallaşmasına hamilədir. Unutmayın, dəryalar damlalardan meydana gəlir, amma damlaların dəryalaşacağı zamanı önləməyə kimsənin gücü yetməz.
Artıq planlarınızı qurdunuzmu, hərəkətə bu gündən başlayın. Özünüzü havanızda hiss edincəyə qədər gözləməyin. O ruh halı, əsla gəlməyəcək. Və bacardığınız qədər tez hərəkət edin. Əgər verildiyi vaxt ala bilməzsəniz, heç ala bilməyəcəksiniz. Unutmayın, günəş sadəcə sizin üçün dönmür.