Ən böyük işlər böyük xəyallar qurma
xüsusiyyəti olan insanlar tərəfindən həyata keçirilmişdir.
Uilliam Russell
Xəyal hər hansı vəziyyət və ya hadisəni zehnidə canlandırma deməkdir. Xəyal qurmaq müvəffəqiyyət və fərdi inkişafın ayrılmaz tərkib hissəsidir.
Böyük işlərin xəyallarını qurun. Xəyal qurarkən şərtlənməyin. Müsbət şeyləri xəyal edin. Kiçik işlərin böyük fərqlər yaratdığına diqqət edin. Xəyallarınızı sizə ilham qaynağı olacaq yerlərdə qurun. Xəyallarınızı unutmayın. UPD.Xəyal pərisi haqqında maraqlı fakt Böyük Britaniyanın "Deyli Teleqraf" qəzeti yazır ki, ağıllı fikirlər insan beyninə, çətin ki, nahardan sonra gələr. Bu məsələyə həsr olunmuş tədqiqatın nəticələrinə görə, ofis işçiləri günün ikinci yarısında qərar qəbul etmək iqtidarında olmuşlar. Aparılan sorğunun nəticələrinə görə, günün ən səmərəsiz vaxtı 16:33-dür. Rəyi soruşulanların 92 faizinin fikrincə, onlar günün ikinci yarısında ruh düşkünlüyü hiss edirlər. İlham pərisinin gəlişi isə 22:04-ə təsadüf edir. 1,5 minə yaxın adamın iştirak ediyi sorğu göstərmişdir ki, insanların 25 faizi gecə yarısına kimi yatmayıb ilham pərisini gözləməyə hazırdır. Bir çoxlarının isə beyninə ən gözəl fikirlər duş qəbul etdikdən sonra gəlir.
Həyatda düşüncə hərəkətdən öncə gəlir. Reallaşdırılması planlanan bütün layihələr əvvəlcə zehində canlandırılır, daha sonra tətbiq olunur. Məsələn, televizor ixtira etmə fikri əvvəlcə xəyal edilmiş, sonra praktikada tətbiq olunmuşdur. Fateh Sultan Məhməd İstanbulu fəth etməyin əvvəl xəyalını qurmuş, daha sonra düşüncələrini həyata keçirmişdir. Yenə telefonun ixtirası, kompüterin ixtirası əvvəl zehnidə canlandırılmış, sonra praktikada tətbiq olunmuşdur.
Jül Vern "Bir adamın xəyal edə biləcəyini başqasının reallaşdırması çətin deyildir", - deyir. Elmi-fantastik janrın əsasını qoyan yazarın həyatına baxsanız, bunun örnəklərilə dolu olduğunu görərsiniz.
"Hava şarı ilə beş həftə", "XX əsrdə Paris", "Yerin mərkəzinə səyahət", "Dünyadan aya", "Dəniz altında 20 min lyö", "80 gün Yer ətrafında səyahət" kimi əsərləri onlarla ixtiranın toxumunu daşıyırdı. Dalbadal o qədər roman yazırdı ki, Fransada bir çoxları Jül Vernin bir şəxs, vəkil Pyer Vernin oğlu deyil, bir cəmiyyət olduğunu güman edirdi. Elektrik stul, sualtı gəmi, vertolyot, təyyarə, qazma texnikası, raket və kosmosa uçuş kimi yeniliklər onun ideyalarının bəhrəsi idi. Bir çox ixtiraçının Jül Vernə ithafən söylədiyi sözlər boşuna deyildi. İlk dəfə Şimal qütbünə təyyarə ilə uçan Admiral Riçard Börd "Mənə Jül Vern yol göstərdi", - deyirdi. Sualtı dünyasının atası hesab olunan Simon Leyk isə "İşığım Jül Vern oldu", - deyərək onun yazdıqlarının önəmini vurğulayırdı.
Sadalanan bu kimi faktları nəzərə alan Albert Eynşteyn xəyal gücünün bilikdən daha önəmli olduğunu söyləyir. Onun sözləri, sizcə necə, xəyal qurmağın müvəffəqiyyətə qazanmadakı rolunun ən gözəl təcəssümü deyilmi?
Böyük nəticəyə gedən yol böyük düşüncədən başlayır. Halbuki insanların əksəriyyəti sadəcə düşünür, böyük düşünən insanlar isə azlıq təşkil edir.
David Şvartz "Böyük düşünməyin sehri" adlı kitabında Amerikadakı böyük şirkətlərdən birinin işəgötürmə departamentinə aid statistik göstəricilərdən bəhs açaraq, maraqlı məqama toxunur. Belə ki, şirkətin ildə on min dollar məvacib verdiyi işlərə müraciət edənlərin sayı, ildə əlli min dollar məvacib verilən işlərə müraciət edənlərin sayından 50-250 qat daha çox olmuşdur. İnsanların çoxu ucuz işlərə müraciət edirlər. Bunun mənası çox açıqdır: Çoxumuz böyük işlərin xəyallarını qurmaqdan belə çəkinirik.
C. Maksvelin gözəl sözü var: "Kor bir adamın dünyası onun yalnız toxunma hissiyyatından ibarətdir. Uğurlu bir adamın dünyası isə xəyalları boyu uzanır. Böyük xəyallarla yaşayanların uğurları da böyük olur".
Böyük uğurları əldə etmək üçün böyük işlərin xəyalını qurur.
Həyatda heç bir riski olmayan ən zövqlü və yeganə işdir, xəyala dalmaq. Xəyal dənizində gəmi batmaz. Lakin şərtlənmələriniz zamansız və məkansız bu müstəvidə sizi manevr etmənizə çətinliklər yaradacaq dayaz sahillərə götürər.
Xətti proqramlaşdırmanın atası hesab olunan amerikalı riyaziyyatçı Corc Bernard Danziqin başından keçmiş bir hadisə şərtlənmələrin həyatımızdakı təsirinə gözəl nümunədir.
"Berklidə Kaliforniya universitetinin riyaziyyat fakültəsinin tələbəsiydim. Həmişə olduğu kimi sinfə gec girdim və lövhədəki iki sualı ev tapşırığı bilərək dəftərimə köçürdüm. Həmin axşam sualları həll etməyə çalışarkən bunun professorun verdiyi ən çətin tapşırıq olduğunu gördüm. Hər gecə bu məsələləri həll etmək üçün saatlarla çalışdım. İnad edirdim. Birdən beynimdə şimşək çaxdı və hər iki məsələni həll etdim. Ertəsi gün cavabları dərsə apardım. Professor masanın üzərinə qoymamı istədi. Masanın üzərində xeyli vərəq var idi. Mənim vərəqlərimin bunların arasına qarışacağını düşünüb, sakitcə yerimə oturdum.
Altı həftə sonra, bir bazar səhəri qapımızın döyülməsilə yuxudan oyandım. Qapıda professoru görüncə çaşıb qalmışdım.
"Corc, Corc!", - deyə səsləndi, "Məsələləri həll etmisən". "Təbii ki,...", -deyərək cavab verdim, "Həll etməli deyildimmi?"
Professor lövhəyə yazılmış o iki sualın ev tapşırığı olmadığını və dünyanın qabaqcıl riyaziyyatçılarının indiyə qədər həll edə bilmədiyi ən çətin iki sual olduğunu bildirdi. Bir neçə gün içində ikisini birdən həll etdiyimə inanmırdı. Əgər kimsə mənə bu sualların həll edilə bilinməyən iki sual olduğunu söyləsəydi, zənnimcə onları heç vaxt həll edə bilməzdim".
Bir də bəzi insanların bədbin xəyalları vardır. Onlar iş qurtarmadan istənilməyən nəticə ilə qarşılaşacaqlarını və onların üzərində buraxacağı təsiri xəyal edərlər. Belə xəyal isə insanı hədəflərindən uzaqlaşdırar, bədbinliyə sürükləyər və hərəkət etmək üçün lazımi ilham qaynağını özündə tapmamasına səbəb olar. Beləcə narahatçılıqlar başlayar və daxili motivasiya yox səviyyəsinə enər.
Madəm şüuraltımızı öz istəklərimiz yönündə istiqamətləndirmə şansına sahibik, niyə müsbət işlərin yerinə ideallarımızı baltalayacaq bədbin xəyallara baş vururuq?
Maykl Cordan "Mən heç vaxt uğursuz olsam, nələr olacağını düşünmərəm. Çünki bunları düşünməyə başladığınızda istər-istəməz, fikirlərinizi mənfi nəticə üzərinə cəmləşdirərsiniz. Əgər bir işə atılıramsa, müvəffəq olacağımı düşünürəm, uğursuz olarsam, nə olacağını yox."
Özünüzü olmaq istədiyiniz şəkildə xəyal edin. Hər zaman nikbin xəyalların arxasınca gedin. Görəcəksiniz, xəyallarınıza qovuşacağınız gün çox uzaqda deyildir.
Quldurlar Az və Öz adlı iki qardaşı qaçırıb, gözləri bağlı şəkildə uzun müddət yol getdikdən sonra ətrafı daşla hörülü bir otaqda həbs edirlər. Otağın kiçik bir pəncərəsi vardı və oradan yalnız göy üzünü seyr etmək mümkün idi.
Qardaşlar harada olduqlarını bilmirdilər. Öz çox yorulduğuna görə bir az keçməmiş yuxuya dalır. Az isə həm onu qorumaq, həm də olacaqlardan xəbərdar olmaq üçün oyaq qalır.
Bir müddət sonra yuxudan oyanan Öz Aza dönərək "Mən yatarkən nələr baş verdi?", - deyə soruşur. Az heç bir şeyin baş vermədiyini bildirir. Öz isə Azın cavabına qane olmayaraq, "Yatdığım müddətdə heç bir şey görüb, heç bir şey eşitmədinmi?", - soruşaraq onu yenidən suala tutur.
"Yox.", - cavabını verir Az, "Sadəcə pəncərəyə bir quş qonmuşdu". Öz həyəcanla yenidən Aza yönəlir:
- Necə quş idi?
- Bilmirəm, adi bir quş idi. Tam görmədim, sadəcə dimdiyini gördüm.
- Dimdiyi necə idi?
- Nə bilim, diqqət etmədim.
- Çox nahaq. Əgər o quşun dimdiyinə diqqətlə baxsaydın, indi harada olduğumuzu bilərdik.
- Dimdik kiçik bir şeydir. Ona baxıb harada olduğumuzu necə müəyyən edə bilərsən ki?
- Baxıb qiymətləndirməyi bilənlər üçün dünyada kiçik bir şey yoxdur.
Əgər quşun dimdiyi uzun idisə, bu, bizim Almanın şimali şərqindəki bataqlıq ərazidə olduğumuzu göstərir, çünki uzun dimdikli quşlar suyun dibindəki qurdları və kiçik qabıqları yeyərək yaşayırlar. Əgər quşun dimdiyi qısa, incə və sivri olarsa, bu, onların ağac qabığındakı böcəkləri yeyib yaşadığını göstərir. Demək, bizi cənubdakı meşəlik bölgəyə qaçırıblar. Əgər dimdiyi əyri və çarpaz uclu idisə, bu, onların şam qozaları ilə qidalandıqlarını və müvafiq olaraq bizim qərbdəki şamlıq ərazidə olduğumuzu göstərir. Əgər dimdiyi qısa, qalın və güclü idisə, demək dimdiklərilə toxumların və çəyirdəklərin sərt qabıqlarını qırırlar. Bu da bizim şimal-qərb bölgəsində yerləşdiyimizi göstərir. Harada olduğumuzu bilməyimiz qurtuluşumuz yolunda ilk addım ola bilər.
Həyat yolçuluğunda heç bir işi bəsit görməyin. Kiçik şeylər üzərinə qurulmuş böyük xəyalların başdöndürücü nəticələri gözlər önündədir.
Müasir animasiya kinematoqrafiyasında çoxsaylı nağıl və multiplikasiyaların ustadı hesab olunan Uolt Disney cizgi film çəkimlərinə əmisinin qarajında başlamış, Mikki Maus obrazı üzərində böyük xəyallar qurmuşdu. Həm yaşadığı, həm də vəfatından sonrakı dövrlərdə şirkətinin uğur qazanması heç bir şeyin kiçik görülməməsinə ən gözəl nümunə deyilmi?
Hazırda "Uolt Disney"də dünyanın ən bacarıqlı animatorları işləyir. Bütün cizgi filmləri nəhəng studiyalarda 150-200 nəfər tərəfindən hazırlanır. Hər saniyə üçün 25 şəkil çəkilir və cizgi filminin hər dəqiqəsi 6000 ABŞ dollarına başa gəlir. Yaponiya istehsalı cizgi filmlərində bu göstərici 3500-4000 ABŞ dolları təşkil edir.
Fransa və Yaponiyada istehsal olunan cizgi filmlərinə çəkilən xərclərin 70%-i dövlət və özəl qurumlar tərəfindən qarşılanır. Ancaq illik 60 milyard ABŞ dolları məbləğində satış həcmi olan "Uolt Disney" isə qeyri qurumlardan dəstək almadan fəaliyyət göstərir.
Sektorun gəlirliliyi artdıqca şirkətlər həm keyfiyyətli, həm də prestijli cizgi filmlərinin çəkiminə yönəldilər və "Oskar" mükafatına layiq görülən uğurlu filmlərə imzalarını atdılar. Hətta, 2003-cü ildə ən yaxşı animasiya filmi nominasiyası üzrə "Oskar" mükafatına layiq görülən "Uolt Disney" istehsalı "İtmiş balıq Nemo" cizgi filminin bilet satışları 850 milyon dollara çatdı. Qəribə orasıdır ki, bu göstəricini sadəcə 11 "Oskar"lı "Üzüklərin sahibi" filmi üstələyə bildi.
Müqayisə edin. Borc olaraq götürülmüş 500 dollarla qurulmuş şirkət və illər sonra sadəcə bir filmindən milyonlarla ifadə edilən qazanc. Heyrətamiz deyilmi?
Elə isə, bu uğurların müəllifinin məsləhətinə qulaq kəsilin: "Xəyal qura bilirsinizsə, onu reallaşdırın, hər şeyin bir siçanla başladığını unutmayın." (Uolt Disney)
Mikelancelo hələ 13 yaşında ikən bir balıq şəkli çəkmək istədiyi zaman balıq bazarına gedib, saatlarla balıqların üzgəclərini, formalarını, gözlərinin rəngini nəzərdən keçirər, sonra oturub rəsmlərini çəkərdi. Düzəltdiyi heykəllərin uğurlu alınması insan bədəni üzrə apardığı uzun müddətli araşdırmalarına əsaslanır. Mikelancelodan bəhs edən bir çox mənbədə, onun anatomiya tələbəsi kimi çalışdığını, Mediçi sarayında tanış olduğu bir cərrahla uzun müddət anatomiya araşdırmalarını apardığını oxuya bilərsiniz. O, daxili orqanları da görmə istəyi ilə insanın xarici görüşünü mükəmməl şəkildə əsərlərinə yansıtdı. Çünki insan bədənini ən incə detallarına qədər tədqiq etməsi və tanıması əsərlərinə güc qatardı.
Siz də xəyal qurmaq üçün uzaq bir yerə çəkilməyin. Müvəffəq olan insanların ən çox olduğu yerlərə gedin və orada xəyal edin! Universitetə imtahan vermək istəyirsinizsə, universitetlərin önünə gedin. Dərsdən çıxan tələbələri nəzərdən keçirin. Özünüzü onların yerinə qoyun. Xəyallarınızın başqaları tərəfindən reallaşdırılmış olduğunu görmək sizə güc verəcəkdir. Zəngin olmağın xəyallarını qurmaq istəyirsinizsə, varlı insanların çox olduğu yerlərə və ya iş adamlarının işlək olduğu küçələrə gedin. Özünüzü onlar kimi xəyal edin. Əgər düşündüklərinizi başqaları artıq çoxdan reallaşdırmışlarsa, bunu siz də reallaşdıra bilərsiniz. Düşünün. İstəklərinizi həyata keçirdiyiniz zaman nələr əldə edəcəyinizi, həyəcanınızı, sevincinizi, yaxınlarınızın sevincini düşünün. Daha çoxunu xəyal etməkdən çəkinməyin.
Benjamin Franklinin çox bəyəndiyim bir sözü var: "Siz beyninizi böyük xəyallarla doldurun. Beyniniz sonra cibinizi pul ilə dolduracaqdır."
Jurnalistlər 1972-ci il Olimpiadalarında 7 qızıl medala layiq görülən amerikalı üzgüçü Mark Spitzdən müvəffəqiyyətinin sirrini soruşurlar. Girdiyi bütün müsabiqələrdə uğurlu olacağından əmin olimpiada qalibinin verdiyi cavab çox maraqlıdır: "Normal olaraq insan üzməyə başladığı an və üzərkən üzməyi düşünər. Halbuki mən gəzərkən, yatarkən, yemək yeyərkən, bir sözlə hər an üzməyi düşünür və üzürdüm."
Siz də daim xəyallarınızı düşünün. Unutmayın, daima eyni nöqtəyə düşən damla qayanı dələr, ancaq coşqun və bol sulu sellər heç bir iz qoymadan axıb gedərlər.
Ancaq beyinin aydınlaşdığı vaxtı dəqiq bilmək heç də hamıya kömək etmir. Sorğu müəyyənləşdirmişdir ki, insanların 58 faizi ən yaxşı ideyalarını qeyd etməsələr, yadda saxlaya bilmirlər. Doğrudur, qadınlar bu baxımdan daha diqqətlidir. Onlar kişilərə nisbətən daha tez-tez qeydlər aparırlar. Yaşı 35-dən yuxarı olanların 30 faizi qeydlər üçün kağızdan və yaxud elektron qurğulardan deyil, ovuclarının içindən istifadə edirlər.