Özünüzü kəşf etdikcə, bacaracağınıza inamınız artar qabiliyyətləriniz haqda böyük düşünərsiniz. Planlar qurar, müvəffəq olmanın yollarını araşdırarsınız. Hər əngəlin aşılacağını qəbullanarsınız, ancaq kasıblığın, əsla. Dəfələrlə zənginlərin böyük əksəriyyətinin öncələr kasıb həyat yaşadıqlarını eşitməyinizə baxmayaraq, varlı olmaq ölüm kimi inanılmaz gələr sizə. «Dediklərinə haqq verirəm, amma lazımi maddi dəstəyi haradan tapaq...», "Çox fikirlərim var, ancaq heyf ki, bunları reallaşdırmaq üçün maddi imkana sahib deyiləm", «Onların ataları zəngindir, müvəffəqiyyətlərinin təməlində bu yatır»… Ümid edirəm, böyük əksəriyyətin bura əlavə edəcəyi düşüncəsi var. «Kasıblıqdan qurtuluş yoxdur» şüarını hər kəsə qəbul etdirmək üçün nə qədər də istəkli görünürsünüz. Ya yollar aramaq, heç olmasa xəyallarınıza qonaq olurmu?
Xəyalınızda canlandırdığınız filmlərdə hər zaman varlı rolundasınız. İlk səhnəsindən varlı və yardımsevər iş adamı… Bəs, Sahib olunan var-dövlət necə əldə edildi… Nədənsə, ssenariyalarda buna yer verilmir. Beləcə, xəyalların qidalandığı «Armud biş, ağzıma düş» arzusu «Halva-halva deməklə, ağız şirin olmaz» həyati gerçəyilə toqquşur və xəyallar sadəcə xəyal olaraq qalır. Xəyalınıza canlılıq qazandırmaq üçün yol aramağı nədən düşünmürsünüz?
Napoleon Hill «Düşün və zəngin ol” əsərində „Milyon dollarım olsaydı, nə edərdim?” adlı hekayəyə yer verir. Tədris sistemindəki problemləri həll etmək istəyən Frenk Qanzalus çıxış yolunu yeni universitet açmaqda görür. Lakin bu iş üçün milyonlarla dollara ehtiyacı vardır. İlk ilini sadəcə düşünməklə keçirən Qanzalus bir şənbə günü qəti qərara gəlir: “Lazmı məbləği bir həftə içində mütləq tapmalıyam». Təcili olaraq qəzetlərə zəng edərək, «Milyon dollarım olsaydı, nə edərdim?» adlı seminar verəcəyini bildirir.
Təyin olunmuş gündə seminar təşkil olunur və Qanzalus düşüncələrindən iştirakçılara bəhs açır. Seminar qurtardıqdan sonra bir nəfər ona yaxınlaşır və «Adım Filip Denfort Armordur», — deyir, «Seminarını bəyəndim. Mən inanıram ki, sənin milyon dolların olsaydı, düşüncələrini həyata keçirərdin. İnandığımı isbat etməyimi istəyirsənsə, sabah səhər ofisimə gəl, lazımı milyon dolları mən tədarük edərəm.» Beləcə, hazırda İllinoys Texnologiya Universiteti adlanan Armor Texnologiya Universitetinin təməlləri atılır.
Axtarsanız, bir yolunu siz də taparsınız. Sadəcə düşüncə planında hərəkət olmaqla kifayətlənməyin, mütəmadi olaraq bu düşüncələri həyata keçirməyə başlayın.
Boşluqları axtarın.
Daimi arayış içində olun. Çarles H. Duellin «Artıq yeni olacaq bir şey yoxdur. İxtira ediləcək hər şey ixtira olunmuşdur» düşüncəsi fikirlərinizə hakim olmasın. Ehtiyac olduğu halda, başqalarının fikir vermədiyi və ya əhəmiyyətsiz olaraq gördüyü işlər mütləq mövcuddur. Tapın və ehtiyacları qarşılayın.
Arnaud Karsenti Dyuk Universitetində oxuyarkən tələbələrin böyük əksəriyyətinin ortaq problemini aşkar edir. Yay tətilinə gedərkən tələbələrin əşyalarını qoyacaq yer axtarması. Bu, çoxlarının diqqətini çəkməsə də, Arnaud üçün ilham qaynağı olur. Beləcə, o, tətillərində tələbələrin əşyalarını saxlamaqla məşğul olan ‘’Colegeboxes İnc.’’ şirkətini qurur. 1998-ci ildə kiçik bir həmlə ilə təsis edilən şirkət hazırda ABŞ-ın otuzdan çox universitetində fəaliyyət göstərir.
Hadisələrə fərqli yöndən baxın.
Həyat yolçuluğunda qarşılaşdığınız hadisələrin sizə təqdim etdiyi saysız fürsətlər var. Yenilik arayışını mütəmadi canlı tutan və hadisələrə müxtəlif aspektlərdən baxan insanlar bunu daha yaxşı anlayarlar.
Corc de Mestral — Adını çox eşitməsək ərsəyə gətirdiyi məhsulu çoxlarımızın tanıdığı isveçrəli mühəndis. 1948-ci ilin bir günündə Mestral iti ilə gəzintiyə çıxır və itinin tüklərinə bəzi otların yapışdığını görür. Əslində bu, böyük əksəriyyətimizin çox vaxt qarşılaşdığı və fikir vermədiyi fürsətlərdən biri idi. Qarşıda iki seçim var idi. Tükün ot yapışan hissəsini kəsib ataraq iti danlamaq və ondan bir də belə şeyə yol verməməsini tələb etmək. Ya da otları incələyib, necə yapışdıqlarını araşdırmaq. Mestral ikinci yolu seçdi və otları mikroskop altında incələdi. Beləcə də əldə etdiyi məlumatlar işığında velkroyu (ayaqqabılarda bağ əvəzinə işlədilən yapışqan hissə) ixtira etdi.
Amerikalı ilahiyyatçı və redaktor Albert Eliyah Dunninqin gözəl sözü var: «Böyük fürsətlər hər kəsin qarşısına çıxar, lakin çox insan onların fərqində deyildir». Daim oyanıq olun və qarşılaşdığınızın məqamların sizə nələr pıçıldadığına qulaq kəsilin. Unutmayın ki, tapılan çox şey axtaranların qarşısına çıxıb.
Mövcud işlərin bənzərini qurmağa çalışın
Bu, bəlkə də yolların ən rahatıdır. Ortada illərdir əldə olunan təcrübələr var. Yenilərinin arayışına çıxmadan onlardan istifadə edə bilərsiniz. Lakin bu məramda önünüzə başqa düşüncə çıxar. İşləmək istədiyiniz sahədə div şirkətlər mövcuddur. Əziləcəyini bilərək, məzkur işlə məşğuliyyət məntiqsizlik olmazmı?
Əzmli və qərarlı olduqdan sonra, əsla...
ABŞ-ın Stenford Universitetində doktorantura təhsili alan Larri Peyc və Serqey Brin 1995-ci ildə işlədikləri ofisdə «Google» internet axtarma saytı qurarkən sektorda «Yahoo», «Altavista», «Hotbot» və «Excite» kimi nəhəng şirkətlər var idi.
1998-ci ilə qədər ən yaxşı internet axtarma saytı olaraq bilinən "Altavista.com", həmin ili «CMGI» adlı ABŞ şirkəti tərəfindən 2,4 milyard dollara satın-alınmışdır. «Digital Eqvipment» kompüter şirkəti tərəfindən kompüter təchizatı ilə əlaqədar məlumat vermək məqsədilə qurulan sayt bir müddət sonra internet axtarma saytı halına gəlmiş və internetin ulduzu olmuşdu. Lakin sonralar istifadəçilərinə yeni imkanlar təqdim etmədiyi və arxivini zənginləşdirmədiyi üçün daim yenilik arayışı və əzmi içində olan «Yahoo» və «Yahoo»nun qurucusu David Filonun dəstək verdiyi «Google» ilə rəqabətə tab gətirə bilmir və 2003-cü ilin fevralında «Overture» adlı şirkətə satılır. Beləcə, «Google» məzkur sektora daxil olarkən sahənin ən güclü şirkətindən birini geridə qoyur. Mütəmadi olaraq xidmətlərini genişlədən «Google»u, nəhayət «Microsoft» və onun dəstəkləyən «Yahoo» da güclü rəqib olaraq görməyə başlayır. Bazara arama saytı olaraq girən, lakin sonralar digər internet layihələrinə də açılan «Google»a qarşı birgə mübarizə aparaq məqsədilə bu iki şirkət arasında 2005-ci ilin 12 sentyabrında anlaşma imzalanır.
1995-ci ildə işlədikləri ofisdə iki gənc tərəfindən qurulan şirkət hal-hazırda internet arama xidmətləri göstərən şirkətlər arasında aparılan mövqeyə sahibdir. Beləki, 2005-ci ilin göstəricilərinə əsasən, internet arama saytları arasında «Yahoo» və «Microsoft» aid «MSN”in xüsusi çəkisi, müvafiq olaraq 23 və 12 % təşkil edərkən, „Google“un xüsusi çəkisi 45 % olmuşdur.
Göründüyü kimi, heç bir divin varlığı əzmimizi qırmamalıdır. İsrarla istədikdən sonra istəklərinizə qovuşacağımız ən çox yaxındır.
Dua edin.
Duanın həyatımızdakı təsiri danılmazdır. Randolf S. Börd tərəfindən aparılan araşdırma bu reallığı bir daha ortaya qoymuşdur.
San-Fransisko xəstəxanasında kardioloq olaraq çalışan Börd 393 xəstəni 192 və 201 nəfərdən ibarət iki qrupa ayırır. Müalicə müddətində sadəcə birinci qrupdakı xəstələrə dindar adamlar tərəfindən davamlı dualar edilir, lakin plasebo təsirini aydınlaşdırmaq üçün bu barədə xəstələrin heç birinə məlumat verilmir. Təcrübənin sonunda Börd dua edilməyən qrupun digərlərinə nisbətdə beş qat artıq antibiotikə ehtiyac duyduğunu və üç dəfə çox komplikasiya keçirdiyini aşkar edir.
Ümumiyyətlə, dua Yaradıcının tükənməz xəzinələrinin bir açarı, kasıb, yoxsul və qəlbi-qırıqların istinadgahı, iztirabla qıvrılıb duranların əmin sığmağıdır. Bu sığınağa addım atan, o sehrli açarı əldə etmiş sayılır, onun himayədarlığına dəlalət edən kasıb, miskin, aciz və möhtaclar umduqlarını əldə etmiş olurlar. Dualar bizə hədəf verir, şüurumuzu bəsləyir və könüllərimizi qanadlandırır.
Bir gün Peyğəmbər Əfəndimiz (s.a.v) Əbu Ümamə əl-Bahilinin məsciddə qəmgin vəziyyətdə oturduğunu görür. Hər kəsin dərdini öyrənib, dərdlərə məlhəm olan Allah Rəsulu Ümamədən qəmginliyinin səbəbini soruşur və „Kasıblıq“ cavabını alır. Bunun üzərinə O, Ümaməyə aşağıdakı duanı öyrədir: „Allahım qəmdən, kədərdən, hüzndən, tənbəllikdən, acizlikdən, qorxaqlıqdan, xəsislikdən, borc altında əzilməkdən və insanların mənə qələbəsindən Sənə sığınıram“.
Bu cümlələri tək-tək ələ alaraq, kasıblıqla əlaqəsini və insanlara hədəf verməsini birlikdə incələyək:
“Allahım qəmdən, kədərdən, hüzndən Sənə sığınıram”, -deyən insan yataraq gün keçirərmi? Qəm və hüznə sövq edəcək məqamlara aludə olarmı? Əksinə, bunlardan qurtulmanın yollarını araşdırar.
»Tənbəllikdən və acizlikdən Sənə sığınıram", — deyən insanın, bir kənarda, hətta bu yer peyğəmbər məscidi də olsa, oturması və başqalarının əlinə baxması tənbəllik və acizlik deyilmi?
«Qorxaqlıqdan və xəsislikdən Sənə sığınıram», sonra da «Borc altında əzilməkdən və insanların mənə qələbəsindən Sənə sığınıram’’. Görüldüyü kimi duanın bütün sözləri kasıblıqdan məscidə sığınan insana ondan qurtulma yollarını öyrətməklə yanaşı, eyni zamanda hədəf göstərir. Artıq bu mərhələdə qula düşən dua etdiyi şeyləri həyata keçirməkdir.
İstəklərinizi həyata keçirməyə çalışın. Yadda saxlayın ki, qəbullanmalarınızdan başqa heç bir məxluq sizi əngəlləyə bilməz.
Əngəlləri aşdınızmı, müvəffəqiyyət sizi izləyəcək, yeni dünyalara yelkən açacaqsınız. Maddi ehtiyaclarınız bir-bir ödənəcək.Ya könül rahatlığını necə əldə edəcəksiniz? Bunun üçün gözəl görməli və təvəkkül etməlisiniz. Gözəl görmək və təvəkkül etmək üçün kitabı səhifələməyə davam edin.