Hamımız sənət insanlarının möminlər tərəfindən lənətləndiyini bilirik. İslam dinində musiqinin, rəssamlığın, heykəltaraşlığın, teatr və kino sənətinin, bəzi hallarda ədəbiyyatın da haram buyurulduğu bildirilir.
Quranda bütün bunların açıq-aşkar haram olduğuna dair heç bir ayə yoxdur. Lakin müxtəlif ayələrin ümumi mənası özündə ehtiva edir ki, sənətin dinə, Allaha və onun peyğəmbərinə bağlı olmayan bütün növləri haramdır.
İslamda ən güvənilən hədis kitabı olan “Səhih-Buxari”də belə deyilir: “Rəsm çəkənlərə qiyamət günü əmr olunacaq ki, çəkdikləri rəsmə can versinlər. Əlbəttə, onlar öz rəsmlərinə can verə bilməyəcəklər və dəhşətli əzaba məruz qalacaqlar”.
Yenə “Səhih Buxari”də deyilir: “Rəsulullah buyurdu: ümmətim arasında fərçləri, ipəyi, şərabı və çalğı alətlərini halal qəbul edən bir toplum olacaqdır”. Bu hədisə görə, peyğəmbər çalğı alətlərinin halal hesab edilməsindən nigarandır. Başqa bir hədisə görə isə peyğəmbər nəfəs alətlərinin səsini duyunca barmaqları ilə qulaqlarını qapayarmış.
Bütün hədis kitablarına görə, rəssamlar, musiqiçilər, aktyorlar, aktrisalar, rejissorlar kafirdirlər. Möminlər hədislərlə yanaşı, Quran ayələrini də əsas gətirirlər. İsra surəsinin 64-cü ayəsində Allah Şeytana buyurur: “Onlardan kimi bacarırsansa səsinlə yerindən oynat!” Məhz bu surədə “səsinlə yerindən oynat” ifadəsi ilə bütün növ çalğı alətlərinin və insanı məst edən digər səslərin haram buyurulduğu bildirilir.
Maidə surəsi 90-cı ayədə “Şərab da, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir” deyilir. Buna əsasən, Quranın bütün izahlarında heykəllərin haram buyurulduğu göstərilir, çünki bu ayədəki “büt” kəlməsi ilə bütün heykəllərin və ümumən heykəltaraşlığın günah olduğu düşünülür.
Professor: "İslam mədəniyyəti" termini düzgün anlayış deyil, dinlər mədəniyyət yaratmır"
Bu mövzuda dindar kəsimin böyük bir qismi belə hesab edir ki, musiqi insanı məst etdiyi üçün, insana həzz verdiyi üçün haramdır. Hər hansı bir canlı rəsminin çəkilməsi isə Allahın işinə qarışmaq hesab olunur və insanın bir canlı rəsmi çəkməsi ilə Allahllıq iddia etdiyi düşünülür. Heykəltaraşlıq da eyni səbəblə haram sayılır. Aktyor sənətinin isə müxtəlif səbəblərə görə haram olduğu izah edilir. Belə ki, aktyorların və aktrisaların eyni səhnədə olması günahdır. Səhnədə olan kəslərin tamaşaçıları ehtiraslandıra biləcəyi üçün bu, yolverilməz əməl sayılır. Ayrıca insanın başqalaşması, özündən başqa xarakter, başqa tale uydurması dinin qanunlarına zidd hesab olunur.
Bu zaman ortaya çoxlu cavabsız suallar çıxır. Bildiyimiz kimi, başda əzan olmaqla, bütün Quran ayələri müəyyən bir avazla oxunur. Əgər musiqi ümumilikdə haramdırsa, niyə dini ayinlər məhz musiqi ilə icra edilir? İnsanların hisslərini, duyğularını, gündəlik yaşamlarını, ailə-məişət problemlərini, ümumbəşəri hadisələri, müxtəlif taleləri, yaşantıları ehtiva edən musiqilər islamdan qat-qat əvvəl yaranıb. Necə olur ki, islam dini qədimdən gələn sənətin avazını özününküləşdirir, amma sənətin özünü haram buyurur?
Məgər ilk dini inanclar da elə rəsmlərlə, heykəllərlə yaranmadımı? İnsanlar rəsmlər çəkdilər, heykəllər düzəltdilər və bunlara sitayiş etməyə başladılar. Bütün bunların baş verdiyi zamanlarda Yer kürəsində heç bir təkallahlı din mövcud deyildi.
Ən qəribəsi isə odur ki, bir müddət əvvəl Türkiyənin televiziya verilişlərinin birində musiqi sədaları altında dinin qayda-qanunlarından danışan adam qəzəblə musiqinin haram olduğunu deyirdi. Az sonra evlərin, binaların, ictimai yerlərin bər-bəzəkli olmasının haram olduğunu bildirdi və bu dəm ekrana Kəbənin ehtişamlı müasir memarlıq nümunəsi kimi görüntüsü gətirildi.
Bir başqa təzad isə odur ki, Quranda Həzrət Süleymanın heykəllər düzəltdirdiyi qeyd olunur. Məgər bu möminlər Həzrət Süleymandan daha çox dindardırlar, yoxsa Həzrət Süleyman günah edib?
Yeri gəlmişkən, bir əhvalat nəql edim. Bir hədisə görə, evdə rəsm və it saxlandığı zaman evə mələklər gəlməzlərmiş. Bu hədisi eşitdikdən sonra ölümdən qorxan mömin bəndələrdən biri evində müxtəlif rəsm əsərləri və it saxlamağa başlayıb. Onun mömin dostları bunu görüncə hiddətlənib və onu qınayıblar. O isə belə cavab verib: “Əzrayıl da bir mələkdir, mən evimdə it və rəsm əsəri saxlayıram ki, Əzrayıl evimə gəlməsin və mən ölməyim!”
Müəllif: Orxan Bahadırsoy
Mənbə: sputnik.az