Həcc əməlinin hikmətləri və özəllikləri

Həcc əməlinin hikmətləri və özəllikləri

Allah Təala müsəlmanların qibləsi kimi ən qədim məbəd olan Kəbə evini təyin etmiş və hər il onu ziyarət etmək üçün vacib əməl olan həcc əməlini və müstəhəb əməl olan ümrə əməlini müəyyən etmişdir.
Kəbə evi dünyada olan ilk məbəd olmuşdur ki, müasir zamana qədər də hörmət və müqəddəsliyi insanlar tərəfindən qorunur. Həcc elə beynəlxalq bir fenomendir ki, dünyanın hər yerindən olan müsəlmanları bir yerə toplayır, irq, dil və rəng fərqliliyinə baxmayaraq, hamıya eyni dəyər verir. Həcc ziyarəti
Onların hamısı eyni əməlləri yerinə yetirər və bu yolda bir-birinə həmrəy olarlar. Əlbəttə ki, insanlara bu əməli öyrədən Həzrət Peyğəmbər (s) olmuşdur. O Həzrətdən (s) əvvəl də həccə bənzər əməllər yerinə yetirilirdi. Ancaq Allah Təalanın buyurduğu və qəbul etdiyi həcc əməlini məhz İslam Peyğəmbəri (s) öyrətmiş və əhkamlarını insanlara bəyan etmişdir.
 Həcc əməlinin əsil hikməti ondadır ki, bu ibadət başqa ibadətlərə bənzəmir və onu ildə cəmi bir dəfə yerinə yetirirsən. O da müəyyən bir zaman və vaxt çərçivəsində, müəyyən məkanda yerinə yetirilməlidir.
Bu ibadət ona görə dəyərlidir ki, insanın həm cismini və həm də ruhunu imtahana çəkər və nə qədər iman sahibi olduğunu ortaya çıxardar. İnsan Səfa və Mərvə arasında səy edərkən, daş atarkən həm cismi və həm də ruhi ilə imtahana çəkilər.
Hər bir ibadətdə olduğu kimi, bu ibadətin də öz əhkam və hökmləri vardır. Onlar tərtiblə, bir-birinin ardınca yerinə yetirilməlidir.
Başqa ibadətlərdən onunla fərqlənir ki, bu ibadətdə xüsusi geyimlər geyinilir, qüsl alınır, təharətli olmaq şərtdir. Güzgüyə baxmaq olmaz, heyvanları, hətta ən kiçik həşəratları belə öldürmək olmaz, dırnaq tutmaq olmaz, saç kəsmək olmaz və sair kimi hökmlər onu başqa ibadətlərdən fərqləndirir.
Həcc əməlinin əsil hikməti – möminin təqva və imanının nə qədər xalis olmasını ortaya çıxartmaqdır. Çünki bu əməldə o, Allahın hüzurundadır və dindaşları onu tək qoymur. Bütün dünya müsəlmanları onun kimi eyni əməlləri yerinə yetirir və eyni paltarı geyinirlər. Heç kəsə istisna edilmir. Heç kəs bir başqasından üstün və ya alçaq deyildir.
Həcc əməli beynəlxalq bir əməl olduğu üçün dünya müsəlmanlarının həmrəyliyinə səbəb olur. Ona görə də bu əməlin həm ibadi, həm ictimai və həm də siyasi faydaları vardır. (Həvzəh)
Hədislərimiz buyurur ki, hər kim həcc əməlini yerinə yetirər, Kəbə evini ziyarət etmək qəsdinə malik olarsa – Allah ona behiştdə görüşməyi vəd edər.
 
 
Mənbə: Deyerler.org
Top