Boşanmaq

Boşanmaq

Ailələr cəmiyyətin ana sütunlarıdır. Onlar nə qədər möhkəm olsa, cəmiyyət bir o qədər sağlam olar. Ailə iki nəfərin qurduğu bir müəssisədir. Ailə sağlam bir cəmiyyətin formalaşması üçün qoyulan bir kərpicdir. Necə ki, sağlam ailələrdən sağlam cəmiyyət formalaşır. Ailə kralların belə girə bilmədiyi bir qaladır. Ancaq çox təəssüflər olsun ki, bu gün cəmiyyətimizdə bu ailə qalası yıxılmaqda, boşanmaların sayı sürətlə artmaqdadır.
Ailənin dağılmasını yalnız İslam deyil, bütün səmavi dinlər xoş qarşılamamışdır. Hətta kitab əhli sayılan xristianlara görə kişi həyat yoldaşını yalnız əxlaqsızlıq səbəiylə boşaya bilər. Digər səbəblərdən dolayı qadını boşamaq haramdır. Ancaq İslam bütün sahələrdə orta yolu tutduğu kimi bu mövzuda da orta yolu tutaraq nə xrıstıanlar kimi boşanma hadisəsini bu qədər mümkünsüz etmiş, nə də yəhudilər kimi heç bir ciddi səbəb olmadan boşanmağı mübah görmüşdür. Dinimizə görə bir kişinin müəyyən səbəblərdən dolayı həyat yoldaşını boşaması hər nə qədər halal olsa da, bu, digər halalardan çox fərqlənir. Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “Halalların Allaha ən sevimsiz olanı boşanmadır.”[1] Yəni hər nə qədər boşama caiz olsa da, ancaq bu hadisə heç də Allahın razı qaldığı bir əməl deyil.
Ümumiyyətlə İslama görə heç bir ciddi səbəb olmadan qadını boşamaq ən azından məkruh sayılmışdır. Hətta bəzi alimlər bunun haram olduğuna dəlillər gətirmişlər. Bu, həddi aşmaq, günahsız bir müsəlmana edilən zülmdür. Halbuki Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində: “Müsəlman müsəlmana əsla zülm etməz…”[2] buyurmuşdur. Heç bir ciddi səbəb olmadan kişinin həyat yoldaşını boşaması qadına qarşı haqsızlıq etməkdir. Təbii ki, boşanma hadisəsinə səbəb yalnız kişi deyil, bəzən qadın da ola bilər. Ailənin qorunub saxlanılmasında qadının rolu çox böyükdür. Hətta heç bir ciddi səbəb olmadan boşanmağı istəyən qadına cənnət haramdır. Belə ki, Peyğəmbərimiz (s.ə.s) bir hədisində belə buyurur: “Heç bir zərurət olmadan ərindən boşanmaq istəyən qadına cənnətin qoxusu haramdır.”[3]
Hər bir ailədə müəyyən problemlər, kiçik münaqişələr ola bilər. Heç bir problem, münaqişə, söz-söhbət olmayan uzun ömürlü ailə tapmaq hər-halda mümkün olmayacaq dərəcədə azdır. Hətta  ümumiyyətlə heç yoxdur. Demək ki, ailədə baş verən bəzi kiçik söz-söhbətlərin olması təbii bir haldır. Əsas məsələ ailə zəminində baş verən kiçik münaqişələri böyütməməkdir. Xırda bir hadisəni dağa çevirməməkdir. Bunun üçün tərəflərin bir-birlərinə güzəştə getmələri şərtdir. Əks halda xırda bir məsələ daha da böyüyər və ailənin dağılmasına gətirib çıxarar.
 
Hər hansı bir səbəbdən dolayı boşanmağı çarə olaraq görən ər-arvad əsasən bir-birlərini günahkar görürlər. Qadın kişini, kişi də qadını günahkar görür. Deyək ki, tərəflərin hər hansı birinin günahı səbəiylə ailə boşanmağa qərar verdi. Bəs bu ailədən dünyaya gələn Allahın onlara bir əmanət olaraq verdiyi uşaqların nə günahı. Himayəyə sevgiyə, şəfqətə ehtiyyacı olan bu körpələrin günahı nədir. Ata şəfqətindən, ana məhəbbətindən məhrum böyüyən bu uşaqların vəbalını kim daşıyır. Öz tay-tuşları içərisində boynubükük gəzən, atalı ola-ola özünü yetim hiss edən bu uşaqların günahı nədir?
Statistikaya əsasən boşanma səbəblərinin başında maddi problemlər gəlir. Əslində məsələ bir az daha dərindən araşdırıldığı zaman əsas səbəb heç də bu deyildir. Bu yalnız səbələrdən bir ola bilər. Əsas səbəb mənəvi aclıqdadır. Maddiyyatı bəhanə gətirərək daha lüks bir həyat yaşamaq üçün ailəni dağıtmaq mənəviyyatsızlıq deyimli? Öz şəhvətlərinə əsir düşərək zina edən və bu səbəbdən ər-arvadın boşanması mənəvi səbəb deyimli? Teleserialların təsirində qalaraq ər-arvadın bir-birini bəyənməməsi, bunun nəticəsində ailənin dağılması mənəvi səbəb deyimli? Milli-mənəvi dəyərlərimizə zidd olan televiziya proqramlarının təsiri ilə bir çox ailələrin uçurumda olması mənəvi səbəb deyilmi?
Sadaladığımız bütün amillərin nəticəsi olaraq bu gün ölkəmizdə son 8 ildə boşanmaların sayı iki dəfə artaraq 10 faizə çatıb. İfrat modernizm “qəhrəmanlığıdır” ki, ötən il dünyaya gələn 155 min körpənin 26 min nəfəri nikahdankənar doğulub. Məgər bütün bunlar mənəvi səbəb deyilmi?
Güclü bir qala olan ailənin dağılmaması yalnız və yalnız dini və milli dəyərlərimizə qayıtmaqla mümkündür. İslamın ailəyə nə qədər dəyər verdiyini yaxşı anlamaq və bu dəyəri ayaqlar altına atmamaqla mümkündür. Quranın et dediklərini etmək, etmə dediklərini etməməklə mümkündür. Hz. Peyğəmbərin (s.əşs) yoluna tabe olmaqla mümkündür.


Mənbə: irfandergisi.com
Top