Son, kamil və cahanşümul bir din, mədəniyyət və həyat sistemi olan İslam dini uca yaradıcımız Allah-Təalaya,onun nazil etdiyi müqəddəs kitabımız Qurani-Kərimə və bu ilahi vəhyin insanlara çatdırılması üçün Allah tərəfindən vəzifələndirilən son peyğəmbər Həzrət Məhəmmədin sünnəsinə əsaslanır. Bu iki qaynaq həyatın bütün sahələrində bəşəriyyət üçün yol göstərici və hidayət rəhbəri, güc mənbəyi olmuşdur. Qurani-Kərim və Rəsulullahın sünnəsi bir-birini tamamlayan bütündür və bir bütün olaraq ələ alınmalıdır.
Yer üzərindəki bütün müsəlmanların əsrlər boyu -Allahı, onun müqəddəs kitabı olan Qurani-Kərimi və İslam peyğəmbəri Rəsulullah Məhəmmədi, ümumi olaraq İslamı böyük, müqəddəs və toxunulmaz bir dəyər olaraq qəbul etdiklərini bilən — İslam və müsəlman düşmənləri böyük təəssüf hissi ilə qeyd etmək istəyirik ki, hər zaman bu dəyərləri təhqir etmişlər və heç bir haqları olmadan bu dəyərləri təhqir etməyə davam edirlər. 14 əsrdən artıq İslama və qarşı qaldırdıqları düşmənçilik bayrağını bu gün də müxtəlif formalarda dalğalandırırlar. Əsrlərdir, illərdir İslamı və müsəlmanların dəyərlərini təhqir edərək dünya gündəmini məşğul edən Qərb mədəniyyətinin bəzi nümayəndələri son olaraq da keçən həftələrdə bilərək Quranı, Rəsulullahı, müsəlmanların anaları, namusu, şərəfi və qeyrəti olan Rəsulullahın xanımlarını və Rəsulullahın səhabələrini açıq şəkildə təhqir edən video materialları dünya ictimaiyyətinə təqdim etdilər. Bu pis niyyətli insanlar bununla sadəcə İslama düşmənçilik etməklə qalmır, eyni zamanda öz barbarlıqlarını, mənəviyyatsızlıq və mədəniyyətsizliklərini ortaya qoyaraq yer üzərində fitnə və fəsad çıxardırlar. Və bunu edənlər özlərini (multiculturel) çox mədəniyyətli, yüksək və inkişaf etmiş, tolerant və azad mədəniyyətin, inkişaf etmiş iqtisadiyyat, müasir texnika və analoqu olmayan texnalogiyanın, hür və azad, demokratik yaşayış tərzinin sahibləri olaraq qələmə verib dünyanı öz bildikləri təkqütblü pozğun qlobal dəyərlər fonunda istiqamətləndirənlərdir. Sual olunur: Budurmu sizin çox mədəniyyətli həyat tərziniz, budurmu sizin ümumbəşəri humanist dəyərləriniz ki, siz digər mədəniyyətlərin, digər dinlərin insanlarına, nümayəndələrinə yuxarıdan aşağı, təhqiramiz baxışlarla baxırsıniz? Budurmu sizin yüksək və inkişaf etmiş mədəniyyətiniz ki, kişi ilə kişini, qadınla qadını evləndirib insan haqları, insan azadlıqları fonunda insan soyunu, insan nəslini kəsib, yox etməyə çalışırsınız? Budurmu sizin inkişaf etmiş müasir texnika və analoqu olmayan texnalogiyanız ki, siz onunla yer kürəsini bombalayıb ölkələri, şəhərləri, dini abidələri, mədəniyyət ocaqlarını xarabalığa çevirirsiniz, soyqırımlar törədərək dünyanı işğal edir, sakinlərini zəhərləyib məhv edirsiniz. Budurmu sizin qurduğunuz tolerant və azad mədəniyyətiniz ki, bu mədəniyyətdə heç bir mənəviyyata, heç bir əxlaqa, heç bir dəyərə hörmət yoxdur, nə oldu axı siz daha tolerantlı idiniz?
Özünə qlobal və fövqəl güc deyən heç bir rejim, fikir, düşüncə və idarəçilik mexanizması demokratiya adına, söz, vicdan və mətbuat azadlığı adına bizim Allahımızı, bizim Quranımızı, bizim Peyğəmbərimizi, bizim dəyərlərimizi, namus və şərəfimizi təhqir edə bilməz, buna haqı da yoxdur. Çünki Allah, Quran və Peyğəmbər müsəlmanın əqidəsidir, etiqadıdır, həyatımızın mənasıdır, uğruna fəda olacağımız, sahib olduğumuz hər şeyi fəda edə biləcəyimiz namusumuz, şərəfimiz, qeyrətimizdir və ən nəhayət bizim toxunulmaz dəyərlərimizdir. Dəyərlər təhqir edilməz, onlara hörmət edilməlidir. Din, etiqad və vicdan azadlığına hörmət edilməlidir. Axı biz müsəlmanlar heç kimin əqidəsini, etiqadını, dinini, mədəniyyətini, kitabını, peyğəmbərini, təhqir etmirik, onları terrorist adlandırmırıq, onların dəyərlərinin karikaturalarını çəkmirik, onlara hörmətlə yanaşırıq. Bunu bizə dəyər olaraq qəbul edib iman gətirdiyimiz Allah-Təala Qurani-Kərimdə buyurur: “Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər.”(əl-Ənam 108) Bunu bizə onların təhqir etdiyi və inkar etdikləri Allah öyrədir, bunu bizə onların təhqir edib yandırdıqları Qurani-Kərim öyrədir, bunu bizə onların təhqir etdikləri Rəsulullah (s.ə.s) öyrədir. Müsəlmanın mədəniyyəti budur. Bu, bizim dəyərlər, o da onların dəyərləri. Daha doğrusu dəyərsizlikləri. Qərb fəlsəfəsinin yox edə bilmədiyi və bilməyəcəyi yeganə bir sistem və nizam vardır ki, o da İslamdır. İslamı yox edə bilmirlər. Çünki İslam Allahın nizamıdır, ilahi sistemdir, Allahın qoruması altındadır. İslamdan qorxurlar. Ona görə də hər il, hər gün bir şey çıxarırlar. İslamafobiya, İslam terrorizmi, İslami radikallıq, İslam fanatizmi, İslam fundamentalizmi, İslam geriçiliyi, İslam, İslam, İslam… Başqa dərdləri və başqa gündəmləri yoxdur. İkili standart üzərinə qurulmuş siyasi sistemləri iflasa uğramışdır. Faiz üzərinə, haram üzərinə qurulmuş iqtisadiyyatları çökür, zina üzərinə qurulmuş həyat sistemləri nəsillərini, soylarını yox edir, İslamın və müsəlman ölkələrinin günü-gündən inkişafını görüb müsəlmanları qısqanırlar, ölkəmizə-dövlətimizə də eyni qısqanclıqla yanaşırlar. İslama və müsəlmanlara böhtan və iftira ataraq dünyada fitnə-fəsad çıxarırlar.
Biz müsəlmanlar olaraq İslama və müsəlmanların dəyərlərinə edilən təhqirləri qəbul etmirik, şiddətlə qınayırıq və bu təhqirlərə etiraz edirik. Dəyərlərimizə həqarət edən bu hörmətsiz və dəyərsiz zehniyyəti lənətləyirik. Lakin burada bu etirazımızı edərkən bir məsələni də qeyd etmək istəyirik ki, biz etirazımızı sivil və mədəni şəkildə etməliyik və belə də edirik. Hissiyyata qapılmamalı və hər cür təxribatdan uzaq olmalıyıq, fitnə-fəsada yol verməməliyik, səbirli, təmkinli və müdrük olmalıyıq. Biz müsəlmanlara yaraşan da elə budur. Çünki bu dəyərlərimizə bu təhqirləri edənlərin də elə əsas məqsədləri dünyada, xüsusilə də müsəlman ölkələrində qalmaqallar yaratmaq, əhali arasında çaxnaşma və fitnə-fəsad törətməkdir ki, buna imkan verməmək lazımdır. Biz müsəlmanlar dəyərlərimizə sahib çıxaraq buna imkan verməyəcəyik. Biz müsəlmanlar yer üzərində sülhün, əminamanlığın və barışın təminatçısı olaraq bəşəriyyəti fəlakətdən qoruyacağıq. Bunu onların təhqir etdiyi, bizimsə dəyər olaraq qəbul etdiyimiz dəyərlərimiz əmr edir.
Müəllif: Elşad Mahmudov
Mənbə: irfandergisi.com