Kapitalizmin gülüşü də saxtadır

Kapitalizmin gülüşü də saxtadır

Demək olar ki, hər kəs qısa və ya uzaq məsafəyə təyyarə ilə səyahət etmişdir. Bu səyahətdə olmayanlar belə mütləq bu səhnəni televizor izlərkən görmüşdür. Təyyarə qapısının girəcəyində bir və ya iki stüardessa dayanaraq sərnişinlərlə göz təması qurub onları gülər üzlə qarşılayır və “xoş gəlmisiniz” deyirlər. İsti bir qarşılama təyyarəyə minənləri çox xoşbəxt edər. Əslində bu qarşılama içdən gələn bir qarşılama deyil, şüuraltına verilən bir mesajdır. Stüardessa qapıda sərnişinləri qarşılamaqla “sən burada qonaqsan mən isə ev sahibiyəm, sən təyyarəni istədiyin kimi istifadə edə, zərər verə bilməzsən, sənə nə təqdim olunsa onunla kifayətlənərsən” mesajını verir.

Hətta su və ya meyvə suyu istədiyimizdə stəkanı yarımçıq doldururlar, heç kim də buna etiraz etmir. Halbu ki, evimizdə uşağımızdan su istədikdə stəkanı yarım doldurub gətirsə, onu geri qaytarıb suyu tam şəkildə doldurtdururuq. Hələ üstəlik yarım saat danışıb suyu yarım doldurmaq olmaz kimi nəsihətlər veririk. Təyyarədə isə savadlısı, savadsızı, heç kim bu hərəkətə etiraz etmir. Çünki qapıda stüardessa şüur altına “buranın hakimi mənəm” mesajını vermişdir. Həm də bunu heç bir çətinlik çəkmədən bir təbəssümlə bacarmışdır.

Həmçinin mediada yer alan reklamların ən cəzbedici görünəni bank reklamlarıdır. Nə qədər dostcanlı, nə qədər sevimlidirlər. Hər çətin vəziyyətdə qaçaraq gedə biləcəyimiz tək ünvan olduqlarının mesajını verirlər. Ən yaxın dost kimi görünürlər. O reklamlardan sonra insan banka gedib vəzifəli şəxslərlə oturub çay içərək dərdləşmək istəyir. Təbəssümləri ilə, görünüşləri ilə süniləşən bu insanları qara gün dostu hesab edərsiniz. Halbuki gerçək həyatda reklamda göründüklərinin tam əksidirlər. Əllərinə düşsəniz reklamda göstərdikləri təbəssüm bir kənara qalsın, canavarlaşaraq insanın həyatını qurudarlar.

Bank reklamlarından gsm operatorları reklamlarına, içki reklamlarından hər cür təlabatların reklamlarına qədər hər yerdə saxta gülüşlərdən istifadə edilir.

Saxta gülüşləri Orta Asiyada yerləşən ölkələrin yerli rəqslərini ifa edən qızlarda da görmək mümkündür. Rəqs edən qızlar səhnəyə çıxdıqları zaman sanki düyməyə basaraq dərhal gülümsəməyə başlayırlar. Rəqs edərkən baxsanız bu qızların heç bir dərdi yox imiş kimi görünürlər, işlərini də son dərəcə zövqlə icra edirlər zənn edərsiniz. Gülümsəyərək etdikləri rəqslərlə insanları qısa müddətə əyləndirirlər. Amma rəqs bitib səhnədən ayrılarkən yenə düyməni basıb lampanı söndürürmüş kimi üzlərində qeyri-məmnun bir ifadə ilə səhnədən uzaqlaşırlar.

“Gözəl bir gülüş qaranlıq evə girən günəş işığına bənzəyər” (Tolstoy). Qloballaşan dünyada yalnızlaşan insan qaranlıqlara qərq olmuş iç dünyasını bir təbəssümlə aydınladacaq günəş işığına möhtacdır. Kapitalizm insanı ən həssas tərəfindən yaralamağı yaxşı bacardığı üçün gülüşü sektorun hər sahəsinə yerləşdirmişdir. Təbəssümə möhtac insan da saxta gülüşlərə aldanaraq bu sektorun oyuncağına çevrilir. Arnold Glashow “Gülüş əks təsiri olmayan yeganə ağrıkəsicidir” deyir. 

İslamda hədəf cəmiyyəti bir-birinə yaxınlaşdırmaq, birlik və bərabərliyi təmin etməkdir. Peyğəmbər (s.ə.s.) bu təsiri bildiyi üçün ümmətinə nümunə olması baxımından bu gözəl davranışı çətin zamanlarında belə buraxmamışdır. Deyə bilərik ki, gülümsəmək Peyğəmbərimizin heç tərk etmədiyi bir sünnətidir. Cərir (r.a.) belə rəvayət edir: “Rəsulullah (s.ə.s.) müsəlman olduğum gündən bəri nə vaxt ehtiyacım olsa mənimlə görüşərdi. Məni görüb də təbəssüm etmədiyini heç görmədim” (Buxari-Müslim).

Gülümsəmək qarşındakına güvən verir. Bir uşağa təbəssüm etdiyiniz zaman sizə doğru yaxınlaşar.
Güvən, istilik verən bir duyğunun içini kapitalizm boşaldaraq öz mənfəətləri üçün istifadə etməkdədir. Bu səbəbdən bu gülüşlər xarici çox gözəl bəzədilmiş amma içi boş hədiyyə qutusuna bənzəyir.

Xarici bir alimin gözəl sözü var: “Gülən üz qızıl ɑçardır”. Kapitalizmin ağaları da insanların duyğularını istismar etmək üçün xüsusilə reklamlarda saxta açarlarını bir növ çilingər ustalığı ilə istifadə edirlər. İslam dini duyğuların belə istismar edilməsini qadağan etmişdir. Peyğəmbər (s.ə.s.) təbəssümlə belə olsa bir müsəlmanın qardaşını aldatmasına icazə verməmişdir. “Bizi aldadan bizdən deyildir” deyə buyurmuşdur.

“Gülər üzlə insanlara salam verməyin sədəqədir” (Camius-Sağir, 4/1513). Salamlar slm deyərək 3 hərfə sığışdırılarkən sədəqə savabı qazandıran gülümsəmələr aldadanların üzlərinə taxdığı maskalara çevrildi. Salamlarımızı sədəqə savabı qazandıracaq təbəssümlə bəzəyib, saxta gülüşlərə möhtac etmədən birlik və bərabərliyimizi artırması duası ilə…

Xədicə Şahin
«Bizim ailə» jurnalı
Top