Baxmaq yetməz, görmək gərək

Baxmaq yetməz, görmək gərək

Təsəvvür edin ki, bir dəstə uşaq məktəbdən qaçır. Və siz də yolda onlarla rastlaşıb məktəbin, elmin nə qədər gözəl, gərəkli olduğunu izah edirsiniz.

Onlar da hamısı bir səslə dediklərinizi təsdiq edirlər və söyləyirlər ki, elə sənsiz də bunları bilirik. Əgər siz “Bir halda ki, bilirsiniz, daha məktəbdən niyə qaçırsınız?” — soruşsanız, hərəsi bir bəhanə gətirəcək. İndi özünüz təsəvvür edin: elmin də, məktəbin də insan üçün çox böyük fayda gətirdiyini bilən şagird məktəbdən qaçırsa, onda elmin nə qədər gərəkli olduğuna inanmasından nə fayda?

İbadət də belədir. İnanmıram ki, bu gün yurdumuzun harasında olursa-olsun, bir soydaşımızı yolundan saxlayıb Allah-Təala haqqında bir neçə şey soruşmaq istəsən, heç tərəddüd etmədən “Allaha da qurban olum, Onun kitabına da” deyəcək. Amma Allahın buyurduqlarını yerinə yetirmək məsələsi ortaya gələndə dərsdən qaçan şagird kimi bir şey uydurmağa çalışacaq.

Qurani-Kərim bütün elmlərin açarıdır. İnsan ağlının məhsulu deyil, Allah kəlamıdır. Bütün dərdlərin dərmanıdır. Biz bunu bilirik, amma nə edəsən ki, bu müqəddəs kitab bizə görə ancaq ölü üstündə “Yasin” oxumaq üçündür. Təsəvvür edin ki, birisi xəstələnib və həkimin yanına gedir. Həkim də onun diaqnozunu müəyyənləşdirib resept yazır. Xəstə də həmin resepti cibinə qoyub evinə gedir və həmin reseptdən şəfa gözləyir.

Müqayisə edin: cibdə gəzdirilən reseptin o xəstə üçün nə qədər faydası varsa, oxunmayan, kəlmə-kəlmə, hərf-hərf öyrənilməyən, hər sirrin açarı, hər dərdin dərmanı kimi bilinməyib bir güncdə saxlanan Qurani-Kərimin də bizə o qədər xeyri var.

Uşaq elmin faydasını bildiyi halda dərsdən qaçırsa, xəstə yatağına uzanıb əlində tutduğu reseptdən çarə gözləyirsə, hər birimiz Allaha və Onun birliyinə inanıb, əmrlərini yerinə yetirmiriksə, demək, qarşıda çox işlər durur.
Top