Yaşadığımız Dünya Xəyaldır, Yoxsa Gerçək?

Yaşadığımız Dünya Xəyaldır, Yoxsa Gerçək?

Müəllif: Beyza Bayraktar

Beş duyğu orqanımız olmasaydı, yaşadığmız dünyanı qavraya bilməzdik. Biz gözümüzün gördüyü, əlimizin toxunduğu, burnumuzun qoxuladığı, dilimizin daddığı, qulağımızın eşitdiyi bir dünyanı tanıyırıq. Ancaq bu gün elm bizə bunu söyləyir: «Hisslərimiz yalnız elektrik siqnallarının beynimizdə yaratdığı təsirlərdir.» Buna görə xarici dünyadakı insanların, rənglərin, sahib olduğumuz hər şeyin yalnız beynimizə çatan surəti ilə təmasda oluruq.

Məsələn, bir çiçək düşünək: Çiçəyin qoxusu, görünüşü, toxuması ilə əlaqəli elektrik siqnalları sinirlərimiz vasitəsilə beynimizə çatır və orada çiçəyi əmələ gətirir. Əgər beyinə gedən siqnallar kəsilsə, çiçəklə bağlı hisslərimiz itər və çiçəyi qavramamız da mümkün olmaz. Buradan da anlayırıq ki, bizim çiçək hesab etdiyimiz şey, əslində beynimizə çatan hisslər toplusudur. Xaric aləmdə çiçək vardır, ancaq biz çiçəyin xarici aləmdə necə olduğunu heç  zaman bilə bilmərik. Yəni bu «hisslər toplusu»nun xaricimizdə var olan əsli ilə heç bir şəkildə təmasda  ola bilmərik. Çünki heç bir zaman beynimizin xaricinə çıxma, bu hisslərdən başqa bir şeylə təmasda olma imkanımız yoxdur.

Çiçəyin əslinə çata bilərikmi?

Nümunə verdiyimiz çiçəyin əsli ilə, eləcə də xarici aləmdə var olan nə varsa, onların əsli ilə heç bir zaman təmasda ola bilmərik. Həyatımız boyu sadəcə beynimizə çatan elektrik siqnalları ilə təmasda olduğumuz üçün  yalnız zehnimizdəki hissləri tanıyırıq. Bizə məlum olan yeganə dünya zehnimizin içində olan, orada çəkilən, səsləndirilən və rəngləndirilən, bir sözlə zehinimizdə meydana gələn dünyadır.

Yuxularımız bu mövzunu anlamaq baxımından çox gözəl nümunədir. Yuxuda tamamilə gerçək kimi görünən hadisələr yaşayır, insanlar, obyektlər, mühitlər görürük. Amma bunların hamısı yuxuda vardır və hisslərdən başqa bir şey deyil. «Yuxu» kimi «gerçək dünya» da zehnimizdə yaşanır. Yuxuda zehnimizdəkinin xaricində heç bir şey yoxdur, gerçək dünyada isə xarici aləmdə var olan maddənin əslinə heç bir zaman çata bilmərik, yalnız beynimizdə əmələ gələn surətini tanıyırıq.

Elektrik siqnallarını qəbul edən beynimizin özü də bir hissdir

Beynimiz də qolumuz, ayağımız və ya istənilən digər əşyalar kimi maddi dünyanın bir hissəsi olduğuna görə onun da yalnız bizə çatan surəti ilə təmasda oluruq. Bu mövzunu daha yaxşı açıqlamaq üçün yuxu ilə bağlı bir nümunə verə bilərik: Bir yuxu gördüyümüzü düşünək. Yuxuda xəyali bir bədənimiz olacaq, xəyali qolumuz, xəyali orqanlarımız, xəyali gözümüz və xəyali beynimiz. Yuxu əsnasında  bizə «harada görürsən?» deyə sual versələr,  «beynimdə görürəm» deyə cavab verəcəyik. Amma əslində gerçək bir beyin yoxdur, yalnız xəyali bir bədən, xəyali kəllə və xəyali beyin vardır. Yuxumuzdakı mənzərəni görən iradə isə yuxudakı xəyali beyin deyil, ondan daha "üstdə" olan bir varlıqdır.

Qavrayan kimdir?

Beyni analiz etdikdə digər canlı orqanlardakı kimi zülal və yağ molekullarından ibarət olduğunu görürük. Yəni beyin adlandırdığımız ət parçası görüntüləri seyr edib şərh edəcək, şüuru meydana gətirəcək, qısası «mən» dediyimiz şeyi yarada biləcək bir gücə sahib deyil. İnsanın ruhu alındıqda beynin adi ət parçasından başqa bir dəyəri qalmır.

Qarşımıza çıxan gerçək açıqdır: Görən, eşidən və hiss edən varlıq maddədən üstün bir varlıqdır. Bu varlıq nə canlıdır, nə maddədir, nə də görüntüdür. Bu varlıq bədən görüntümüzdən istifadə edərək qarşısındakı hisslərlə təmasda olur. Bu varlıq «ruh»dur. Allah Quranda belə bildirir: 

Səndən ruh haqqında soruşurlar. De: “Ruh Rəbbimin əmrindəndir. Sizə yalnız az bir bilik verilmişdir”. (İsra surəsi, 85)

Ruhumuzun gördüyü hisslərin mənbəyi 

Biz maddəni yalnız xəyalımızda görürük, xarici aləmdəki əsli ilə heç bir zaman təmasda ola bilmərik. Maddə bizim üçün hiss olduğuna görə «süni» bir şeydir, yəni bu hiss başqa bir güc tərəfindən edilməli, daha açıq desək yaradılmalıdır.Yaşadığımız maddi kainatı yaradan və davamlı yaratmağa davam edən üstün Yaradıcı vardır. O Yaradıcı bizə endirdiyi kitab vasitəsilə Özünü, kainatı və bizim niyə var olduğumuzu izah edir. O Yaradıcı Uca Allahımızdır.

Göylərin və yerin sabit və möhkəm olmadığı, Allahın yaratması ilə var olduqları və O yaratmağa son verdiyi an yox olacaqları bir ayədə belə bildirilir:

Həqiqətən, Allah göyləri və yeri tərpənməsinlər deyə, tutub saxlayır. Əgər tərpənsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır. (Fatir surəsi, 41) 

Allah bizə şah damarımızdan daha yaxındır

Allahın varlığını gözlərimizlə qavraya bilmərik. Amma Allah bizim daxilimizi, xaricimizi, baxışlarımızı, düşüncələrimizi bütünlüklə əhatə etmişdir. Ondan xəbərsiz bircə söz belə söyləyə bilmərik, hətta nəfəs belə ala bilmərik.

Allahın bizə göstərdiyi hissləri seyr edərkən, yəni həyatımıza davam edərkən də bizə ən yaxın olan varlıq, Allahın Özüdür. Quranda keçən "İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq." (Qaf surəsi, 16) ayəsinin sirri də bu gerçəkdə gizlidir. Bir insan öz bədəninin əsli ilə təmasda olduğunu zənn etdikdə və izlədiyi hər anın zehnində gerçəkləşdiyini düşünmədikdə bu önəmli həqiqəti qavraya bilməz. Çünki "özü" zənn etdiyi yer beynidirsə, xarici aləm kimi qəbul etdiyi yer də  özündən  20-30 sm. uzaqlıqda yerləşir. Amma maddənin yalnız beynindəki surəti ilə təmasda olduğunu qavradığı zaman, artıq  daxil, xaric, uzaq, yaxın kimi məfhumlar mənasını itirər. Allah onu hər tərəfdən əhatə etmişdir və ona «sonsuz yaxın»dır.

 

Top