Peyğəmbərimiz (s.ə.v) buyurur: «Cəsur mömin ölüm gəldiyi zaman onu çox sevdiyi dostunu qarşıladığı kimi qarşılayar.»
Allah'ın insanların ölüm anında ruhlarını təslim almaqla vəzifələndirdiyi Əzrail (ə.s) həm Allah'ın yaratdığı üstün mələklərdən biri olduğu, həm də Müsəlmanın ən çox arzu etdiyi şeylərdən biri olan Allah'a qovuşmasına vəsilə olduğu üçün Müsəlmanın ən yaxın dostlarından biridir. Allah bir ayədə ölüm mələyindən belə bəhs edir:
"De: “Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaq, sonra da Rəbbinizə qaytarılacaqsınız!”" (Səcdə surəsi, 11)
Peyğəmbərimiz (s.ə.v) Müsəlmanın ölümlə bağlı düşüncələri haqda belə buyurub:
"…Mömin Allah'a qovuşmağın ölüm ilə mümkün olduğunu bilir. Allah'a qovuşma arzusunda olan mömin ölümə sevgi bəsləyər. Ölüm sevənin sevdiyinə qovuşması üçün vasitədir…"
"İnanclı birinin ölümlə kədərlənəcəyini zənn etməyin, onun üçün ölüm bir evdən digər evə köçməkdir."
"Ölüm heçlik və yox olma deyil. Ölüm bədəndən xilas olub sonsuzluğa qovuşmaqdır."
Hz. Mövlana da belə deyir: "Ölüm yaradılanın Yaradana qovuşmasıdır, Şəbi Əruzdur." və «Allah ilə olduqdan sonra ölüm də, ömür də xoşdur.»
Səmimi Müsəlmanların Əzrailə (ə.s) və ölümə qarşı münasibətləri bu şəkildədir. Ölüm Allah'ın hər canlı üçün xüsusi olaraq yaratdığı çox hikmətli hadisədir. Dünyadakı təlimin bir parçası olan imtahan mühitinin sirri bu hikmətli hadisədə gizlidir. İnsan bu dünyada başına gələn saysız hadisələrlə sınanır və bu imtahandakı uğuru nisbətində əbədi həyatında cəza və ya mükafata qovuşacaq. Müsəlmanın ölümdən çəkinməsi kimi bir vəziyyətdən söz gedə bilməz. Çünki Peyğəmbərimizin (s.ə.v) də bildirdiyi kimi:
"Ölümün özü üçün xeyri olmayan mömin yoxdur. Mömin təqva sahibi də olsa, günahkar da olsa, ölüm mütləq ona xeyirlidir."
"Ölüm möminin canına hədiyyə, ona verilən ən böyük nemət, ruhuna çatan gözəl qoxudur."
"Ölüm möminin rahatlığıdır, sevincidir, qənimətidir."
Ölümün yaradılması da Uca Rəbbimizin qullarına olan mərhəmətindəndir. İnsanın mütləq öləcəyini bilməsi dünyadakı imtahanını asanlıqla verməsini, dünyanın keçici yer olduğunu anlamasını təmin edir. Peyğəmbərimiz (s.ə.v) buyurur ki:
"Ölümü düşünün, ölümü düşünmək nəfsi təmizləyib qəlbi qəflətdən oyadar…"
"Ən ağıllı insan ölümü ən çox düşünən, ölümə hazırlıq görən, şərəf və etibarıyla gedəndir."
Bədiüzzaman Səid Nursi həzrətləri də belə söyləmişdir: "Ölümü düşünməmək qəlbin paslı olmasından, ölüm qorxusu da haqqəl-yəqinliyin (qəti imanın) azlığından irəli gəlir." Ölüm çox düşünülsə, paslı qəlblərin pası açılar, Allah'a daha çox yaxınlaşmağa vəsilə olar və ölümün qorxulu hadisə olmadığı aydın olar, inşaAllah.
Heç kim öləcəyi vaxtı, yəni dünyadakı imtahanının nə zaman sona çatacağını bilə bilməz. Ölüm Quranda bizə bildirildiyi kimi «vaxtı müəyyən edilmiş bir yazıdır». (Ali İmran surəsi, 145) Bu müddət bəzən uzun, bəzən də qısa olur. Əslində ən uzun təyin etdiyimiz müddət belə nadir hallarda 70-80 ildən çox davam edir.
Bu səbəbdən, insan qarşısında uzun ömür olduğunu düşünüb gələcəyə dair planlar qurmaq əvəzinə, ölümü düşünməli, Allah'ın əmrlərini yerinə yetirməklə məsul olduğunu və hesab günü bütün etdiklərinin hesabını verəcəyini bilərək, Quranın və Peyğəmbərimizin(s.ə.v)sünnəsinin rəhbərliyində və onun göstərdiyi yola uyğun olaraq yaşamalıdır. "Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!(Ənbiya surəsi, 35)
Allah'a dönəcəyini bildiyi halda, sonsuz həyatı üçün hazırlıq görməməsi, bunun üçün ona verilən bu tək və son fürsəti qaçırması və əbədi olaraq Cənnətdən məhrum qalması insan üçün həqiqətən də çox acınacaqlı bir vəziyyət olar.
Ölüm mütləqdir, varlığı mübahisəedilməz bir gerçəkdir. "Allahın həqiqi vədi kimi hamınızın dönüşü Onadır." (Yunus surəsi, 4), "Hər kəs ölümü dadacaqdır. Sonra da Bizə qaytarılacaqsınız." (Ənkəbut surəsi, 57) Elə isə bu gerçəyin dünyadakı hər şeydən daha vacib olduğunu yaxşı anlamaq lazımdır. İnsanın, həyatında qarşısına çıxa biləcək hadisələr üçün əvvəlcədən hazırlıq gördüyü kimi, hətta daha artığını ölüm və ölümdən sonrakı həyatı üçün görməsi ən məntiqli davranış olacaq. Hz. Osmanın (r.ə) "Ölümə gücünüzün çatdığı ən xeyirli əməllərlə hazırlaşın" kəlməsi Müsəlmanın ölümə necə hazırlıq görməli olduğunu açıqlayır.
Hər insan ölümündən sonra qarşılaşacağı hadisələrlə də təkbaşına qalacaq. İmam Rəbbani həzrətləri deyir ki: "Ölmək fəlakət deyil. Öldükdən sonra başına gələcəkləri bilməmək fəlakətdir." Bu səbəbdən, Allah'dan uzaq yaşayan insanlar üçün ölüm ən böyük kabusdur.
Əbədi qurtuluşu istəyən insanlara Allah Quranda belə əmr edir:
Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabahı üçün nə etdiyinə baxsın. Allahdan qorxun! Həqiqətən, Allah nə etdiklərinizdən xəbərdardır. Allahı unudan, buna görə də (Allahın) onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir.(Həşr surəsi, 18-19)
Başqa bir ayədə, mələklərin əbədi qurtuluşa qovuşacaq insanların ruhunu belə alacağı bildirilir:
O kəslər ki, tər-təmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: “Sizə salam olsun! Əməllərinizə görə Cənnətə girin!”(Nəhl surəsi, 32)
Müəllif: Beyza Bayraktar