İbrahim peyğəmbər hansı oğlunu qurban kəsmək istədi?

İbrahim peyğəmbər hansı oğlunu qurban kəsmək istədi?

Sual: Həzrəti İbrahim hansı oğlunu qurban etmək istədi? İsmayılı, yoxsa İshaqı? Bu barədə Quranda dəqiq məlumat yoxdur, amma Tövratda var. İslam alimlərinin bu məsələyə münasibəti nədən ibarətdir?

Cavab: İslam alimləri arasında həzrəti İbrahimin qurban kəsilməsi əmr olunan uşağının kim olduğuna dair bir həmfikirlik yoxdur. Belə ki, bəzi alimlər onun İsmayıl əleyhissəlam olduğunu bildirdikləri halda, bəzi alimlər İshaq əleyhissəlam olduğunu ifadə ediblər. Bəzi alimlər isə hər iki qrupun dəlillərinə yer ayırmış, “Hansının qurban edilmək istəndiyini ən yaxşı Allah bilir”, – demiş və hər hansı bir fikir irəli sürməmişlər.


Həm yəhudilər, həm də müsəlmanlar yekdilliklə qəbul edirlər ki, İbrahim peyğəmbərin birinci oğlu İsmayıldır. Quranın Saffat surəsinin 100-cü ayəsində İbrahim peyğəmbərin: “Rəbbim, mənə saleh bəndələrdən olacaq bir övlad qismət et” formasındakı duasına yer verilmiş, 101-ci ayədə isə bildirilmişdir ki, onun bu duası qəbul olunub və ona mülayim xasiyyətli bir övlad bəxş edilib. Buradan başa düşmək olur ki, İbrahim peyğəmbərin əvvəllər heç bir uşağı olmayıb. Elə isə duasının müqabilində ona əta olunan uşaq İsmayıl əleyhissəlamdır. Həmin surənin 102-ci və davam edən digər ayələrində o uşağın qurban edilməsi məsələsi və nəticədə həm uşağın, həm də İbrahim peyğəmbərin özünün bu imtahandan müvəffəqiyyətlə, yəni, üzü ağ çıxdıqları məsələsi təsvir edilib. Deməli, İbrahim peyğəmbərin gördüyü yuxuda qurban kəsilməsi əmr olunan oğlu elə onun ilk oğlu olan İsmayıldır. Eyni zamanda qeyd edək ki, həmin ayələrin davamındakı 112-ci ayədə İbrahim peyğəmbərə ikinci bir müjdə kimi gələcəkdə peyğəmbər olacağı bildirilən İshaq haqqında da xəbər verilmişdir.

Aşağıdakı məqamlara da diqqət yetirmək lazımdır:

Allah Təala İbrahim peyğəmbərə yaşı xeyli ötmüş və sonsuz olan xanımı Sara anamızdan bir övladı olacağını xəbər verdiyi vaxt həmin uşağı “müdrik bir uşaq (ğulamin alimin)” kimi təsvir edib (Hicr, 15/33; Zariyat, 51/28). Əlavə olaraq, İbrahimin Sara anamızdan dünyaya gələn bu uşağının İshaq əleyhissəlam olması məsələsində də heç bir fikir ayrılığı mövcud deyil. Lakin yuxarıda da qeyd edildiyi kimi, qurban edilməsi əmr olunan uşaq haqqında “mülayim xasiyyətli bir uşaq (ğulamin halim)” ifadəsi işlədilib. Həqiqətən də, bu uşaq atasının onu qurban kəsəcəyini eşitdiyi vaxt bu hal qarşısında: “Ata, sənə nə əmr olunursa, onu yerinə yetir. İnşallah məni səbr edənlərdən görəcəksən” (Saffat, 37/102), – deyə cavab vermiş və ona verilən həlim xasiyyətlilik xüsusiyyətini sübuta yetirmişdir.
Top