Həzrət Zəhranın (s.ə) həyat tərzi

Həzrət Zəhranın (s.ə) həyat tərzi

Məsumların (ə) həyat tərzi biz Əhli-beyt (ə) davamçıları üçün həmişə örnək olmuşdur. Xüsusilə də Həzrət Fatimə (s.ə) ilə İmam Əlinin (ə) ailəsi və orada tərbiyə alan nurani insanların həyatı. Müşrətək həyatda mühüm olan şey — fədakarlıqdır. Xanımın (s.ə) ailəsində olan fədakarlıq dalğası hamıya sirayət etmişdi.



Bir səhər İmam Əli (ə) buyurur: “Fatimə can! Yeməyin varmı ki, aclığımı aradan aparsın?”. Cavab verir: “Yox. Atamı nəbi və sizi imam seçən Allaha and olsun ki, iki gündür ki, evdə kifayət qədər yeməyimiz yoxdur. Olanı sizə və övladlarıma vermişəm. Özüm bu yeməklərdən az da olsa, istifadə etməmişəm”. İmam (ə) təəssüflə buyurur: “Fatimə can! Mənə niyə xəbər etməmisən ki, ərzaq dalınca gedim?” Xanım (s.ə) buyurdu: “Ey Əbəlhəsən! Mən Allahımdan həya edirəm ki, səndən elə bir şey istəyim ki, ona gücün çatmasın”.

Həzrət Fatimə (s.ə) biz müsəlmanlara tövsiyə edərdi ki, insan hər bir kəsin qarşısında xoş əxlaq olmalıdır. Təkcə dostlarının deyil. Xanım (s.ə) buyurur: “Möminə xoş üz göstərməyin mükafatı — behiştdir, düşmənə və davakar insanlara xoş üz göstərmək insanı atəşin əzabından saxlayar”.

Səlman Farsi nəql edir: “Bir gün Fatiməni (s.ə) gördüm ki, başında sadə bir çadrası vardır. Təəccüb edib dedim: “Çox təəccüblüdür! İran padşahının və Roma çarının qızı qızıl kürsüdə əyləşir və əyinə zərli paltar geyinir. Bu isə Rəsulallahın qızıdır! Nə başında bahalı çadra vardır və nə də əynində gözəl paltarı!”. Həzrət Fatimə (s.ə) buyurur: “Ey Səlman! Allah zinətli paltarları və qızıl kürsünü Qiyamət günü mənim üçün hazırlamışdır”. Xanım (s.ə) atasına Səlmanın bu təəccübünü söyləyir və buyurur: “Ya Rəsulallah! Səlman mənim paltarımın sadələyindən təəccüb etdi. Səni məbus edən Allaha and olsun ki, artıq 5 ildir ki, evimin xalçası qoyun dərisindəndir. Gündüzlərin dəvəmiz onun üzərində ələf yeyir və gecələri onun üstündə yatırıq. Balışımız isə xurma liflərindəndir”.

İnsanların bir çoxu Allah bəndəsi olduğunu iddia edirlər. Ancaq kiçik bir çətinliyə düşən kimi şikayət edərlər. Halbuki Xanım (s.ə) bu qədər əziyyət qarşısında şükürdən başqa bir şey etmir.

Əsma binti Əmis nəql edir: “Rəsullah (s) Fatimənin (s.ə) evinin qapısını döyür və buyurur: “Haradadır mənim Həsən və Hüseynim?”. Xanım (s.ə) buyurur: “Səhəri etdik o halda ki, evimizdə yemək üçün heç bir şeyimiz yox idi. Biz hər bir halda Allaha şükür edirik”.

Yeməyin ədəbi ilə bağlı Həzrət Zəhra (ə) buyurur: “Dörd əməl vacib əməldir:

1. Pərvərdigara mərifət əldə etmək (yəni, bütün nemətləri Ondan bilmək).

2. İlahi nemətlərə razı olmaq.

3. Yeməyin əvvəlində “Bismilləhir-Rahmənir-Rahim!” demək.

4. Sonra Allaha şükür etmək.

Dörd müstəhəb əməl vardır:

1. Yeməkdən əvvəl dəstəmaz almaq.

2. Sol tərəfi üstə əyləşmək.

3. Oturan halda yemək yemək.

4. Üç barmaqla yemək yemək.



Dörd əməl ədəbin nişanəsidir:

1. Qarşısında olan yeməkdən götürmək.

2. Tikəni kiçik etmək.

3. Yeməyi yaxşı çeynəmək.

4. İnsanların üzünə az baxmaq”.

Bəli, Həzrət Fatimə (s.ə) — Rəsulallahın (s) bir parçası idi, onun nurani tərbiyə çeşməsindən sirab olmuşdu. Onun rəftarı, əməli və danışığı — Peyğəmbərin (s) rəftar və əməli idi. Xanımın əxlaq və rəftarından örnək alaq və o Həzrət (s.ə) kimi Allahın sevimli bəndəsi olmağa çalışaq.

 

Top