Qurani-Kərimdə buyurulur ki, övladlarınız və sərvətiniz sizin üçün fitnədir. Burada işlədilmiş “fitnə” sözü çox çətin, qazanılması ağır olan imtahan anlamındadır. Göründüyü kimi, Allah-Təala bizi əmanət olaraq verdiyi dünya neməti ilə, övladlarla imtahana çəkir. Yəni qazanmaq qədər əlimizdə, ovcumuzda olanları yönləndirmək, haraya, niyə və necə sərf etmək də çox önəmli məsələdir. Bəzən deyirlər ki, övlad böyütmək bir növ borc vermək kimidir, yəni sən onu böyüdürsən, qocalanda da o sənə baxacaq. Amma Quran məntiqində bu cür yanaşma doğru deyil. Əgər fikir vermisinizsə, valideynə və ya övlada zəkat vermək düzgün sayılmır. Övladın valideynə baxması Allah-Təalanın əmridir. Valideyn sevgisi, insanlıq borcu bir tərəfə dursun, bizim üçün hər şeyin fövqündə Allah-Təalanın əmri var. Ola bilsin ki, bir valideyn heç övladına əməlli-başlı baxmayıb, özü yeyib, onu yedirməyib, yaxşı geyindirməyib, hər gün qəlbini qırıb, yad, ögey münasibət bəsləyib. O uşaq da bütün bunları xatırlaya-xatırlaya və bu yadlığın, ögeyliyin altında əzilə-əzilə böyüyüb. Əgər o övlad dinindən, Allah-Təalanın buyurduqlarından xəbərdardırsa, Allahı düşünərək öz valideyninə hörmət edəcək.
Bəli, valideynin övlad üzərində haqqı çox böyükdür. Allahın qəzəbi valideynin qəzəbi ilə, Allahın rəğbəti valideynin rəğbəti ilə birlikdədir. Demək istədiyimiz odur ki, məsələyə fərqli mənzərədən baxanda daha səmərəli nəticə əldə etmiş olarıq.
Məsələn, bir valideyn öz övladını Allah-Təalanın imtahanı kimi qəbul edirsə, ona düzgün tərbiyə verirsə, onu gözəl yetişdirirsə, yəni öz valideynlik borcunu layiqincə yerinə yetirirsə, yaxşı olar ki, bu əməllərin qarşılığını övladından yox, Allahdan istəsin. Əgər diqqət yetirmisinizsə, valideynə laqeyd münasibət üçün Cinayət Məcəlləsində qınaqdan başqa, heç bir cəza nəzərdə tutulmayıb. Amma Allah-Təala Qurani-Kərimdə əmr edir ki, valideynlərinizdən biri və ya hər ikisi sizin yanınızda qocalarsa, onlara “uf” belə deməyin. Təbii ki, buradakı “qocalarsa” ifadəsinin altında çox mətləblər dayanır. Yəni qocalıb əldən düşmüş, hər cür qayğıya, baxıma möhtac olan valideynlər sizi nə qədər incitsə belə, onlara qarşı sözlə də olsa, etiraz haqqını Allah-Təala övlada verməyib. Məsələyə bu prizmadan yanaşmaq ən doğru haldır.
Fikrimizi əsaslandırmaq üçün başqa bir məqama da toxunaq: Allah-Təala övlad verəndə valideynin ürəyinə də bir mehr duyğusu salır. Siz bu halı təkcə insanda deyil, qapınızdakı heyvanlarda, quşlarda da görə bilərsiniz. İnsan isə yaradılmışların ən gözəlidir. Valideynin qəlbinə yerləşmiş o İlahi duyğu övladın əziyyətini belə, adama unutdurur.
Bəli, övlad imtahandır, onun üçün hər şeyin gözəli seçilməlidir. Övlada haqsızlıq etmədiyimiz kimi, ona görə başqalarına da haqsızlıq etmək olmaz.