Qumar

Qumar

Qumar pul ya da maddi dəyəri olan bir şeyin orta qoyulması ilə oynanılan, qarşılığında isə tərəflərdən biri və ya bir neçəsinin maddi gəlir qazandığı oyunlara verilən ümumi addır. Onu hobbi adlandıranlar da var, əyləncə, istirahət, məşğuliyyət növü hesab edənlər də, xəstəlik sayanlar da. Qumarı başqa sözlə azart oyun adlandırılır.

Haram oyun
Bu oyunun iştirakçıları öz pullarını artırmaq üçün risk edirlər. Əksər hallarda uduzub-uduzmamaq iştirakçıların öz əllərində deyil. Uduzandan sonra udmaq ümidiylə yenidən oynamaq istəyirsən. Amma bəxt həmişə adamın üzünə gülmür. Qumar müxtəlif məkanlarda müxtəlif cür oynanılır. Totalizatorlar, kazinolar, bukmeker kontorları, qumarxanalar belə məkanlara misal ola bilər. Qumar oynamaq İslam da daxil olmaqla bütün dinlərdə şeytan əməli hesab edildiyindən haram buyrulub. Dinə görə, şeytan qumar vasitəsilə insanlar arasında ədavət və kin, düşmənçilik salır. Bu düşmənçilik bəzən oyun iştirakçılarından kiminsə öldürülməsilə nəticələnə bilir. Bir çox hallarda isə qumarda bütün var-yoxunu uduzanlar müflisləşməyə dözə bilməyib intihara əl atmağa məcbur olurlar ki, bu da dinə zidd əməl sayılır. Dinə görə, qumar evləri, ailələri dağıdır, varlıları zəlil, kasıb, hətta dilənçi edir, oyun iştirakçılarını borca salır. Qumar yolu ilə qazanılan pul-para haram gəlir hesab edilir. Ümumiyyətlə, İslam dinində bu haram oyunu oynayanların öz həyatlarınıı qumar masası arxasında itirdikləri göstərilir. Bu oyun qumarbazı o dərəcədə şirnikləndrir ki, o, son ana qədər ya udmağa ya da uduzmağa məcbur olur. Halbuki, yazılmamış qanuna görə, bir gün udan, mütləq o biri gün uduzacaqdır. Ümumiyyətlə, qumar oyunlarının tarixi xeyli uzağa gedib çıxır. Şərqdə aşıq-aşıq oynamaq, it boğuşdurmaq, xoruz döyüşdürmək, Qərbdə zər atmaq kimi oyunlar əslində azart oyunlar olub. Dindarların «şeytan çarxı» adlandırdıqları «ruletka»nın tarixi isə 1655-ci ildən başlayır. Bu gün dünyada at yarışları, futbol, əlbəyaxa döyüş növlərinə «stavka» etmək aludəçiliyi geniş miqyas alıb.  

Qərbdə hamı oynayır
Qərbin bəzi ölkələrində hamı qumar oynayır. Kazinolar, totalizatorlar, bukmeker kontorlarında imkanları, peşəsi, vəzifəsi, yaşı, cinsi fərqli olan insanlar özlərini (həm də bəxtlərini) sınayırlar. Bu qumarxanalardakı «stavka»larda 10 min dollar yatıranlar da olur, 1 dollara bəxtini sınayanlar da. Qərbdə hesab edirlər ki, kazinoya getmək yalnız qumar oynamaq demək deyil, həm də istirahət və əyləncə ilə məşğul omaqdır. Doğrudan da xaricdəki kazinolar müştəriləri cəlb etmək üçün müxtəlif şou-proqramlar, pulsuz içki və furşetlər, maraqlı əyləncələr təklif edirlər.

Kazinolar şəhəri
Bu gün dünyada iki şəhər kazinolarının məşhurluğuna görə bütün dünyada tanınır. Bunlar Amerikanın Las-Veqas və Monako Krallığının Monte-Karlo şəhərləridir. «Casino de Monte Carlo» 1862-cı ildən zadəganlar və sahibkarlar arasında məşhurdur. Bu kazinoda 300-dən çox qumar oyunu üçün məkanlar var.
Dünyadakı məşhur qumarxanalarından biri də Londondakı «Clermont Club»dur. Kluba getmək istəyənlər əvvəlcədən ərizə yazıb üzv olmalıdırlar. Böyük Britaniyanın kral ailəsin üzvləri də bu kazinoyya gəlirlər.
Dünyanın ən bahalı kazinolardan biri də Baham adalarında yerləşən «Atlantis Resort»dur. Burada slot-maşın, ruletka, kreps, blekdjek oynamaq üçün onlarla masalar var. Kazinoda çox imkanlı qonaqlar üçün VIP zallar da fəaliyyət göstərir.

Dünyanın "mərc xəstəsi" olan xalqı
Hazırda ingilislər dünyada ən həris mərc qoşanlar, amerikalılar isə qumar biznesindən ən çox gəlir götürən xalqlardır. İngiltərədə futbol oyunlarına pul qoymaq xəstəliyə çevrilib. Təkcə Londonda 300-dən çox bukmeker kontorları fəaliyyət göstərir. Bumeker kontorları oyunlara yatırılan məbləğdən öz faizini götürür, bir hissə vergiyə çıxılır, qalan məbləğ oyunların düzgün proqnozunu vermiş bir və ya bir neçə qalibə çatır. Bukmekerlə oynayanlar qoyduqları pulun onlara nə qədər xeyir gətirəcəklərini əvvəlcədən bilirlər.   

Azərbaycanda hələ ki yasaq edilib

Azərbaycan Respublikasının qanunvericiliyində qumar oyunmaq yasaq edilib. Keçmiş sovetlər dövründə qumar və qumarxanalar (kazino, totalizator və s.) qadağan olunmuşdu. Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən sonra biznesin bu sahəsi dirçəlməyə başladı. Bakı və Azərbaycanın digər iri şəhərlərində kazinolar, «Amerika ruletkası», «Poker» və başqa oyun aparatları quraşdırılan məkanlar açıq-aşkar fəaliyyətə başladı.
Amma 1998-cə ildən respublikamızda bu cür oyunlar qadağan edildi. O zaman hökumət qadağanı tətbiq edəndə bunu kazinoların və digər qumarxanaların  mənəvi dəyərlərə, milli mentalitetə zidd olmasıyla əsaslandırdı. Cəmiyyət isə bu qərarı müsbət qiymətləndirdi.  

Qumar oynayanı cərimə gözləyir
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə, qumar oynamaq ictimai qayda, ictimai təhlukəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xəta sayılır. Həmin məcəllənin 309-cu maddəsinə əsasən, pul, şey və başqa sərvətlərlə qumar oynamaga, idman yarışlarında və başqa yarışlarda iştiraka görə, qumara qoyulmuş pulun (şeyin) xüsusi şəxslər tərəfindən qəbul edilməsinə görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul, şey və başqa sərvətlər müsadirə edilməklə və ya edilməməklə minimum əmək haqqı məbləginin 15 mislindən 20 mislinədək miqdarda cərimə nəzərdə tutulub.

Mənbə: modern.az
Top