Halala haram, harama halal demək kimə nə fayda verər?

Halala haram, harama halal demək kimə nə fayda verər?

Cəmiyyətdə halal-haram məsələsinin çox da yaxşı dərk edildiyini demək hələ tezdir. Bu məslədə nəhəng şairimiz Sabir demişkən, “Qarışıqdır hələlik millətin istedadı…”

Sözü uzatmayaq, məsələyə keçim. Haram, lüğətdə qadağan etmək, məhrum etmək mənalarını verir. “Haram” deyəndə ağlımıza ən əvvəl ət və ət məhsullarının İslami qaydalara uyğun olaraq kəsilib istehsal edilib-edilməməsi gəlir, amma mənəviyyatımızda bu daha geniş məna kəsb edərək İslam dininin, başqa sözlə, Allahın (C.C.) bizə qadağan etdiyi şeylərdir.

Halal-haram məsələsində ən təhlükəli şey isə, zənnimizcə, halal-haramı öz nəfsimizə görə izah və şərh etmək cəhdidir və çox təəssüf ki, hələ də bu sahədə çox kəm-kəsirimiz var. Halbuki bütün bu cəhdlər nəfsin müdafiəsindən başqa bir şey deyildir. Müqəddəs kitabımız halal və haram arasında kəskin sədd çəkmiş, nəyin halal, nələrin haram olmasını açıq-aydın göstərmişdir. Bununla da kifayətlənməmiş, halal və haramı müəyyən etmək yollarını göstərmiş, harama görə cəzaları da qeyd etmişdir. Məsələn:

"… O (Allah) sizə ölmüş heyvanı, (axar) qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir. Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!.." (“Bəqərə,”, 2/172-174)

"Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!" (“Bəqərə,”2/188)

"…Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir…" (“Bəqərə,”2/275)

“…dikinə qoyulmuş daşlar (bütlər və ya Kəbənin ətrafındakı bütpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi. Bunlar günahdır…” (“əl-Maidə,” 5/3)

Sosialist dövründən qalan, spirtli içkilərin güya hamiya qadağan edilmədiyi, yalnız içki içməyi bacarmayan adamlara haram buyurulduğu haqlda məlum rəvayətlər vardır. Halbuki Kitabımız bu barədə açıq hökm verir:

“Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?” (“əl-Maidə,” 5/90-91)

Haram və halal haqqında bu qədər qısa məlumatdan sonra yekun olaraq bunu demək istəyirəm: haram-halal sərhəddinin yalnız Allah tərəfindən müəyyən edildiyi (“Nəhl,” 16/118), heç kəsin bu barədə hökm vermək hüququnun olmaması qeyd edilir. Halal və haramı ağıl gücü ilə, öz istəyi və anlayışı ilə izah etmək insanı küfrə salmağa kifayətdir. İslamın haram elan etdiyi bir şeyi halal saymaq böyük bir xətadır, Allahın hökmlərini əleyhinə çıxmaqdır ki. Bunun da nəticəsi çox qorxunc və dəhşətlidir.

Bir də tərsini düşünək: Allahın halal dediyi şeyləri insanlara haram saymaq da vardır və bu daha böyük xətadır.

Halala haram, harama halal demək kimə nə fayda verər?
Top