Səhv etdikdən sonra peşmançılıq necə olmalıdır

Səhv etdikdən sonra peşmançılıq necə olmalıdır

Heç kim səhv etmək istəməz. Amma səhv etmək imtahanın əhəmiyyətli hissəsidir. İnsan səhv edərək öyrənir və çox vaxt da bir hərəkətin səhv olduğunu onu etdikdən sonra anlayır. Səhv insanın ayrılmaz bir hissəsi olduğuna görə bu mövzu haqqında daha geniş şəkildə düşünmək lazımdır: «Səhv etdikdən sonra o səhvi bir də etməmək üçün nə etmək lazımdır?», "İnsan etdiyi səhvdən Allaha necə sığınmalıdır, Allahdan necə bağışlanma diləməlidir?", «Qurana görə edilən səhvdən sonra peşimançılıq hissi necə olmalıdır?», «Səhv edən insan özünü günahkar saymalıdırmı?», "İnsan etdiyi səhvi düzəltdikdən sonra unutmalıdır, yoxsa həmişə o səhvin peşmançılığını çəkməlidir?", «O səhvi bir daha təkrarlamamaq üçün necə tədbirlər görməlidir?», «Səhvini necə düzəltməlidir?» Allah Quranda insanlara bütün bu sualların cavabını vermişdir. Buna görə də insan səhv etdikdən sonra nə etməli olduğunu Qurana görə müəyyən edə bilər. 

«Səhv etdikdən sonra o səhvi təkrarlamamaq üçün nə etmək lazımdır?»
Allahdan qorxan bir insana səhvi olduğunu deyəndə qüruruna fikir vermədən o səhvi düzəldər. Bu çox əhəmiyyətli bir mömin əlamətidir. Əgər səhvini qavradığı halda qavramamış kimi davranırsa, bilə-bilə doğru davranmaqda tərəddüt edirsə, bu onun möminliyini şübhə altına alır. Çünki Allah qorxusu insanı səhv hərəkətdən çəkindirər. "İnsanlar nə deyər?", «alçalaram?», «hərəkətimi dərhal dəyişdirməklə səhvimi qəbul etmiş vəziyyətə düşərəm?», «insanların mənə  etibarı zədələnər?», «belə etsəm qürurumu qırmış olaram?» kimi nəfsinə yönəlmiş planlar qurmaz. O anda ancaq Allah Qatında olan vəziyyətini düşünər. Allahın razılığına uyğun olmayan rəftardan imtina edib, Allahın bəyənəcəyi rəftar göstərəcəyini bilərək sevinclə səhvini düzəldər.
Beləliklə, səhvdən imtina etmək bundan ibarətdir. Çətin bir şey yoxdur. Bu işə günlər, həftələr ayırmaq lazım deyil. Səhv hər nə qədər böyük olursa-olsun, insan verdiyi qərarla Allahın ən çox razı qalacağı davranışı mənimsəməklə, Allahn izni ilə,  o səhvi də ortadan qaldırmış olar.

O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yada salıb (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini (gördükləri işin pis olduğunu) bildikdə (tövbədən sonra) bir daha ona qayıtmazlar..(Ali İmran surəsi, 135)

"İnsan etdiyi səhvdən Allaha necə sığınmalıdır, Allahdan necə bağışlanma diləməlidir?"
Allah Quranda «sadiq bəndələrindən başqa» heç kimin xilas olmayacağını bildirmişdir (Hicr surəsi, 40). İnsan səhv etdiyi zaman onu Allaha ən çox yaxınlaşdıran davranış da səmimiyyətdir. İnsan Allaha nə qədər təmiz, səmimi və dürüst şəkildə yönəlirsə, səhvini də o qədər yaxşı anlayır və peşman olur. Əgər bu səhv o adamın Allah qarşısındakı acizliyini və Allaha möhtac olduğunu daha yaxşı qavramasına vəsilə olubsa, bu da o adamın səmimiyyətini göstərir. Səhvi üçün Allahdan qorxub-çəkinirsə, axirətdə bu rəftarına görə məsul olacağını bilirsə, acizliyini qəbul edərək Allahın lütfünə və bağışlayıcılığına sığınırsa, Allahın izni ilə, bu Quran əxlaqına uyğun əxlaqdadır. Bu insan Allaha tövbəsini qəbul etməsi və özünü bağışlaması üçün canı-qəlbdən dua edər. Bir daha eyni səhvi təkrarlamamaq üçün Allaha səmimi olaraq söz verər.

Lakin hər kəs gördüyü haqsız işdən sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir! (Maidə surəsi, 39) Mən ancaq tövbə edənləri, yaxşı işlər görənləri və (Tövratda buyurduqlarımı) bəlli edənləri əfv edərəm. Mən tövbələri qəbul edənəm, mərhəmətliyəm! (Bəqərə surəsi, 160) Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə isə, Rəbbin tövbədən sonra (onları) bağışlayandır, rəhm edəndir! (Əraf surəsi, 153)

«Qurana görə etdiyin səhvdən sonra peşimançılıq hissi necə olmalıdır?»,
«Səhv edən insan özünü günahkar saymalıdır?», "İnsan etdiyi səhvi düzəltdikdən sonra o səhvi unutmalıdır, yoxsa həmişə onun peşmançılığını çəkməlidir?"
İman etməyən insanlarla Allahdan qorxan möminlərin etdikləri səhvdən sonra keçirdikləri narahatlıq hissi çox fərqlidir. İman etməyən insanlar səhv edəndə bir saniyə belə düşünmədən, laqeydliklə həyatlarına davam edirlər. Nə Allah qarşısında peşmançılıq, nə səhvlərini düzəltmə, nə də bir daha təkrarlamamaq üçün tədbir görmə ehtiyacı hiss etmirlər. Möminlər isə çox həssas vicdana sahibdirlər. Vicdanlarına uyğun olmayan ən kiçik bir hərəkət belə çox böyük narahatlıq keçirmələrinə səbəb olur. Allahdan qorxduqları üçün Allahın razı olmayacağı hərəkətləri etməməyə ciddi səy göstərirlər. Ancaq bu narahatlıqlarını yenə də Allaha sığınaraq, Quran əxlaqı ilə hərəkət edərək ortadan qaldırırlar. Cahiliyyə cəmiyyətində olduğu kimi narahat olduqları üçün depressiyaya düşmürlər. Səhvlərini emosiyaları ilə dəyərləndirib, qəmginliyə, əziyyətə, pessimizmə, ya da ümidsizliyə qapılmırlar. Bu narahatlıq onlarda çox dərin və şiddətli peşmançılıq hissi meydana gətirir. Ancaq bu, "şeytani" deyil, «rəhmani» peşmançılıqdır.

Bəzi cahil insanlar «peşmançılıq» deyəndə «insanın özünə qapanması, ətrafındakı insanlardan uzaqlaşması, sonsuz günahkarlıq hissi ilə yaşaması, depressiyaya düşməsi və həyatında bundan sonra həmişə bu səhvin əzabını çəkməsi» kimi başa düşürlər. Bu "şeytani peşmançılıq" formasıdır. Bu peşmançılıq o səhvin düzəlməsinə gətirib çıxarmır. Ancaq şirk əsaslı peşmançılıq yaşanır. Möminlər isə yaşadıqları dərin və mənalı peşmançılıqla səmimiyyət qazanırlar. Allahın izni ilə Allaha daha da yaxınlaşır, Allaha daha dərindən dua edirlər. İman coşğuları, Quran əxlaqını yaşamaqda qətiyyətləri, Allaha olan bağlılıqları, axirətə olan inancları, Allah qorxuları daha da artır. Hər mövzuda daha əxlaqlı və düzgün davranmaq üçün daha səmimi qərarlar verir, daha çox səy göstərəcək şövq və enerji qazanırlar. Cahil insanlar hər şeyi Allahın yaratdığını bilmədikləri və qədərə iman etmədikləri üçün həyatlarının sonuna qədər yaşadıqları peşmançılıq və günahkarlıq  hissindən xilas ola bilmirlər. "Əgər belə etməsəydim, bu gün bu vəziyyət də olmazdım", «Bu adam mənə belə etməsəydi, mən indi başqa yerdə olardım» kimi hal-hazırdakı vəziyyətlərinə heç bir faydası olmayacaq fərziyyələr üzərində düşünüb kədərlənirlər.

Möminlər isə etdikləri hər səhvdən dərs alırlar. Onlar da "İndiki ağlım olsaydı, əsla elə düşünməzdim, ya da elə davranmazdım" deyərlər, amma hadisələrin Allah o şəkildə dilədiyi üçün və qədərdə o şəkildə yazıldığı üçün elə olduğunu heç vaxt unutmurlar. Dəfələrlə eyni hadisəni yaşasalar da, hər dəfə hadisələrin eyni şəkidə nəticələnəcəyini bilirlər. Buna görə də möminlərin peşmanlığında "şirk yoxdur". Özlərini qınayarkən, nəfslərini tənqid edərkən və etdiklərinə görə peşmanlıq keçirərkən, bunların hamısının qədərdə olduğu üçün o şəkildə reallaşdığını unutmurlar. Buna görə də cahiliyyə insanlarında olduğu kimi «xilas ola bilmədikləri günahkarlıq hissi ilə yaşamırlar». Keçirdikləri peşmanlıq hissi də «Niyə etdim?», «Kaş ki, etməsəydim...» kimi Qurana uyğun olmayan məntiqə əsaslanmır. Hər şeyin yalnız Allah dilədiyi üçün yaradıldığının şüurundadırlar. Ən böyük səhvləri elsələr də, ən böyük zərərlərə səbəb olsalar da, bütün bunları Allahın yaratdığını, hamısının qədərin bir hissəsi olduğunu və hamısında insanlar üçün bir çox xeyir və hikmət olduğunu bilirlər. Buna görə də o səhvdən sonra həyatlarını günahkarlıq hissi içərisində keçirmirlər. Həm Allahdan qorxaraq, həm də Allahın rəhmətinə sığınaraq, səmimi olduqlarını bilərək, əllərindən gələnin ən yaxşısını etmək üçün həmişə səy göstərirlər.
 
Əlbəttə ki, etdikləri səhvləri unutmurlar. Ancaq bu «unuda bilməmələrindən» qaynaqlanmır. İmanın və Allah qorxusunun bir gərəyi olaraq səhvləri möminlərin daha gözəl əxlaqa sahib olmalarına vəsilə olur. Möminlər də səhvlərini elə buna görə unutmurlar. Bir mövzuda bəlkə bir dəfə səhv edərlər, amma həyatlarının sonuna qədər o səhvi unutmaz və o hadisədən aldıqları dərsdən nəticə çıxararaq təkrar etməkdən çəkinərlər.
Cahiliyyə insanları isə təvəkkül edə bilmədikləri, qədərə və Allahın hər şeyi xeyirlə yaratdığına inanmadıqları üçün səhvlərini unutmaq istəsələr də bacaramazlar. Həyatlarının sonuna qədər həmişə o səhvlərinin təsiri alltında qalaraq, onun peşmanlığı ilə yaşayarlar.

(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır; (Əla surəsi, 14) Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) təngə gəlib sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir! (Tövbə surəsi, 118)
 
 «Etdiyi səhvi bir də təkrarlamamaq üçün hansı tədbirlər görməlidir?»
Allah insana ağıl, vicdan, iradə və mühakimə qabiliyyəti vermişdir. Səmimi olan hər insana bu xüsusiyyətlərin qapısı sonuna qədər açıqdır. Qəlbən iman edən, Allahdan qorxan insan etdiyi səhvdən sonra ağlı və vicdanı ilə hadisəni dəyərləndirər, əskik və qüsurlu olduğu tərəfləri görüb qavrayar. Allah qorxusundan qaynaqlanan güc və iradə ilə bu mövzuda mükəmməl bir həssaslıq göstərər. Qarşısına çıxan hər hadisədə əlindən gələni edərək Quran əxlaqına uyğun olan əxlaqı tətbiq etməyə çalışar. Allahın razı olmayacağı əxlaqdan çəkinməkdə çox qərarlıdır və vicdanının səsini dinləyir. Qurana uyğun olmayacağını gördüyü davranışdan çəkinib Allaha sığınar. Bu insan əvvəl etdiyi səhvlərdən dərs almaqla kifayətlənməz, ağılla düşünərək və vicdanla qərar verərək edə biləcəyi səhvləri də düşünüb əvvəlcədən qiymətləndirər. Nəfsini yoxlayar, əskik olduğu tərəfləri müəyyən edib nəfsini o yöndə tərbiyə etməyə, tədbir almağa çalışar. Ətrafındakı insanların təcrübələrindən, səhvlərindən, xəbərdarlıqlarından nəticə çıxarar. İnsanları yaxşı, pis, gözəl və əskik tərəfləri ilə analiz edib, gördüyü qüsurları özü də təkrarlamamaq üçün çalışar. Quranda bildirilən ayələrə əsaslanaraq insanların nəfsində olan əskiklikləri öyrənər. Bu əskiklərin Qurana görə həll yolunu müəyyən edib, nəfsini bu şəkildə tərbiyə edər.

Nəfsində bir mövzuda böyük problem müəyyən edəndə, o məsələdə nəfsinə xüsusi diqqətlə yanaşar və xüsusi bir diqqətlə də nəfsini tərbiyə edər. Məsələn, əskikliyi qürurudursa, qürurunu əzəcək şəkildə davranar. Əsəbidirsə, həmişə mülayim, xoş münasibətli davranmağa çalışar. Qısqancdırsa, nəfsini əzər və həmişə başqalarının özündən qabağa keçməsinə şərait yaradar. Əgər insan bu qədər səmimi cəhdlə özünü düzəltməyə çalışsa, Allah ona bu səmimiyyətinin əvəzini həm dünyada, həm də cənnətdə verər. Allah nəfsinə qarşı apardığı mübarizədə ona kömək edəcək və səmimiyyətlə etdiyi səhvləri, inşaAllah, bağışlayacaq.

Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Möminlər deyirlər: ) «Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!» (Bəqərə surəsi, 286)
 
«Səhvini necə düzəltməlidir?»
İnsan Allaha qarşı səmimi olaraq səhvini ən gözəl şəkildə düzəldə bilər. Allaha qarşı səmimi olan insan Allahın izni və köməyi ilə ətrafındakı insanlara qarşı olan münasibətini də ən gözəl şəkildə düzəldər. Çünki Allahdan qorxub-çəkinən insana Allah səhvini düzəldə biləcəyi şərait yaradar və fürsət verər. Allah qorxusu o adamın üzündə dərin mənalı bir nur və səmimiyyətlə ortaya çıxar. Allahdan qorxan möminin üzündəki bu səmimi ifadə ətrafındakı insanların inamını qazanmaq, ürəklərində sevgi və hörmət meydana gətirmək üçün kifayətdir. Beləliklə, səhv düzəltmək üçün əldə ediləcək ən təsirli yol möminin Allaha qarşı olan səmimiyyəti ilə əldə edəcəyi yoldur.
Əlbəttə ki, mömin hər hansı bir mövzuda xətalı hərəkət etsə, bunun əksi olan gözəl sözlərlə və davranışlarla bu etibarı, hörməti və sevgini daim inkişaf etdirməli, səhvindən səmimi şəkildə peşman olduğunu və Allahdan qorxduğunu Quran əxlaqına uyğun davranışları ilə möminlərə göstərməlidir.
Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat gözləyir (Yunus surəsi, 26)
Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir! (Furqan surəsi, 70) Belələri yaxşı əməllərini qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və onlara verilmiş doğru vədə görə cənnət əhli içərisində olacaq kimsələrdir! (Əhqaf surəsi, 16) Həqiqətən, yaxşı əməllər pis işləri yuyub aparar. Bu, yada salanlara öyüd-nəsihətdir.". (Hud surəsi, 114)
Top