Kimi dindirsən, uşaqlığında şeir də yazıb, aşiq də olub. O ilk sevgi, ilk duyğu bir yaz yeli kimi başımızdan ötüb keçib, ancaq o ilıq xatirəsi ömür boyu bizimlə qalıb.
Bəlkə də, o işin faydası, hikməti tamam başqa məcrada, başqa yöndədir. Həyatın gözəlliyini dərk etmək üçün bizə bir nemət kimi gələn o uşaq sevgisi könlümüzün ilk çiçəklənməsidir. O sevgi ilə biz həyatı sevirik, xoşbəxtliyin nə olduğunu anlamağa çalışırıq. Duyğular bizdən asılı deyil, onları bir nemət kimi Allah ruhumuza, könlümüzə yerləşdirir və biz o duyğuları yaşaya-yaşaya, onların dadını damağımızda hiss edə-edə fəsildən-fəslə, mərhələdən-mərhələyə adlayıb, ömür yolunu keçirik.
Həqiqətən də, çox az adam tapılar ki, o uşaqlıq sevgisinin dadı damağında qalmamış olsun.
Böyüyürük. Yaradılışımızın tələbi olaraq ailə qururuq. Kimisə fərqləndiririk, seçirik, onu özümüzə duyğu ortağı, ömür-gün yoldaşı edirik. Qaşa, gözə, boy-buxuna sözlər qoşulur, hamısı könül oxşamaq üçündür. Ailə sevgisi həyatımızın böyük bir hissəsini əhatə edir. Ailə insan üçün bir cənnət guşəsi də ola bilər, bir cəhənnəm çuxuru da. Səhv etmirəmsə, Hüqo deyib: “Xoşbəxt adam odur ki, səhər işinə, axşam evinə tələsir“.
Sevginin ilkinliyini, bakirəliyini, təravətini saxlamaq sevməyin özündən də çətindir. Gərək adiləşməyə, gərək təravətini itirməyə, həmişə təzə, həmişə yeni qala. Hər gün o sevgi də bizimlə yenidən doğulmuş kimi ola. O ailədə övladlar dünyaya gəlir, qayğılar, ağrılar iki dəyirman daşı arasında üyüdülən kimi o iki fərd arasında əridilir, yoxa çıxarılır. Ailə bir-birinin ağrısını, acısını azaltmaq üçündür, bir-birinə ağrı, acı çıxarmaq üçün deyil. Təbii ki, sevgi bu məsələdə çox vacibdir. Ancaq bəzən bu duyğu aparıcı olmaya da bilər. Çünki illər ötdükcə çox şey rəngini, mahiyyətini, dadını dəyişir. İnsan öz vəzifəsini anlayır, öz borcunu başa düşür və həyat yoldaşını Allahın əmanəti kimi qəbul edir. Bu düşüncəyə sahib olandan sonra o ailəyə zaval yoxdur.
Dinimizdə ailə, onun idarəçilik qanunları çox üstün tutulan mövzulardan biridir. Ailə quran fərdlər bir-birini tamamlayar, bir-birində rahatlanar, bir-biri ilə təskinlik tapar. El-obamızda deyildiyi kimi, insan bəzən öz doğma anası ilə paylaşa bilmədiyi sirrini, dərdini ailəsi ilə bölüşür. Təbii ki, tərəflər öz borclarını və vəzifələrini anlamalı və yerinə yetirməyə çalışmalıdırlar. Hər şey sevgi ilə olmur ki?! Bəzən insan bu anlayışla, bu şüurla öz vəzifəsinin, borcunun verdiyi məsuliyyət hissi ilə yaşayır və illər keçdikcə hər şey öz yerini elə rahat, elə gözəl tutur ki, hələ desən, o münasibətlərin içində sevgi adlı bir çiçək də boy verə bilir.
Peyğəmbərimiz həyat yoldaşı seçərkən onun inancını əsas götürməyi bizə tövsiyə edir. Əgər qarşı tərəf Allahı tanıyırsa, Ondan haqqı ilə həya edirsə, qorxursa, demək, izdivac xeyirli olacaq. Ən azı ona görə ki, bu, Peyğəmbərimizin buyruğuna uyğundur.
Qapını açanda, elə bil, bir cənnət guşəsinə girirsən. Təbəssümlü bir çöhrə qarşılayır səni. Salamını qəbul edir, irəli yeriyib, əlindəkiləri alıb bir tərəfə qoyur. Hər şey hazır şəkildə səni gözləyirmiş: “Yorulmusanmı? Çay gətirimmi? Acmamısan ki?“
Lap yorulmuş olsan belə, hər şey bir andaca unudulub gedəcək. Gün boyunca bu çöhrə, bu münasibət üçün darıxmısan. Bəli, belə ailə, belə bir yuva insana ancaq cənnəti xatırladır.
Mənbə: Zaman qəzeti