Qalib olmaq - güclü olmaq deyil, haqlı olmaqdır

Qalib olmaq - güclü olmaq deyil, haqlı olmaqdır

Bu dünyada haqqı üçün savaşa qalxanların hamısı qalib olmur, amma haqqı üçün savaşa qalxıb öldürülənlərin heç biri də məğlub deyil. Məsələ bu dünyada qalib və ya məğlub olmaqda deyil, sənin öz mübarizəndə haqlı, ya haqsız olmağındadır. Haqlı olmaq, qalib olmaqdır, udsan da, uduzsan da. Haqsız olan öz rəqibini yurudundan didərgin salsa da məğlubdur, öldürsə də.
Məsələyə müxtəlif prizmalardan yanaşma var, eyni mənzərəyə bu tərəfdən baxarsan, bir cür görünər, yuxarıdan və ya əks tərəfdən baxarsan, hər şey tamamən fərqli görünər. Sənin hansı bucaqdan baxmağından da çox şey asılıdır.

***

İki nəfər savaşır, biri səlahiyyət sahibidir, əmrində ordular var, o biri tək-tənhadır, amma Haqqa söykəndiyini söyləyir. Uğrunda ölüm-qalım savaşına girdiyin amal sənin dəyərindir. Hər kəs öz amalı üçün savaşır.

Məqam kimin üçün səlahiyyətdir, kimin üçün vəbaldır, məsuliyyətdir. Adam var, bir addım yuxarı qalxan kimi aşağıdakıları ayaqları altına alıb ayaqlayır, adam da var, yuxarı qalxdıqca çiyninə qoyulan yükün məsuliyyəti altında əzilir. Vicdanlı adam özünü əmri altında olan hər kəsə qarşı məsul görür, vicdansız əmri altında olanları az qala şəxsi əmlakı hesab edir. Və beləcə əvvəlcə narazılıq, ardınca da savaş başlayır. Hər kəs də kürəyini bir güc mərkəzinə söykəyir, kimi vəzifəsindən güc alır, kimi Allahdan.

***

İnsanın haqlı və ya haqsız olduğu qanunlarla təsbit olunur. Qanunların təməlində isə din faktoru aparıcı rol oynayır. Bəşər tarixində müsbət rol oynamış bütün dövlətlərin qanun kitabının mərkəzində Allahın əmrləri durur. Allahın əmrləri güclünün maraqlarını təmin etmək üçün deyil, yer üzündə əmniyyət, aşayişi hakim qılmaq üçündür. Ədalət Allahın bəndələrinə əmridir, gücdür, ədaləti olmayan zalımdır. Zalım- Allahın düşmənidir. Allahın düşməni, bu dünyaya sultan da ola bilər, amma kim olur-olsun, sonu məğlubiyyətdir, kədərdir, peşmançılıqdır, sonsuz bir iztirabdır.

***

Həzrəti- İbrahimi (ə.s.) Nəmrud oda atdırmışdı. Bir quş dimdiyində su daşıyıb oda atırdı. Güldülər, “Sənin dimdiyin nədir ki, gətirdiyin su da od söndürə?” Quşun cavabı çox ibrətli oldu: “Mən də bilirəm ki, gətirdiyim su bu odu söndürən deyil, amma heç olmasa, bu hərəkətimlə öz sıramı, öz mövqeyimi göstərmiş oluram. Hər kəs görsün ki, mən kimin tərəfindəyəm.”

Əslinə qalanda baş verən hadisələrə müdaxilə məsələsində çoxumuz elə o quş qədər iqtidar sahibiyik, amma onun qədər cəsarətli, onun qədər ədalətli deyilik. Bəli, haqlının tərəfində olmaq və bu mövqeyi çəkinmədən hər kəsə nümayiş etdirə bilmək insanlıq borcudur.

***

Kim nə eləyirsə, özünə eləyir, ədalət də bir gün öz sahibinə dönür, zülm də. Həqiqi ağıl insana Allah-Təalanın rizasını, rəğbətini qazandıran ağıldır. Allahın rizasını qazandırmayan, şeytandan uzaqlaşdırmayan, cəhənnəmdən qurtarmayan ağıl fəlakətdir. Allah sevdiyi qullarını dəstəkləyər, Ondan üz çevirmişləri isə mərhəmətindən məhrum edər. İnsan üçün Allahın mərhəmətindən məhrum olmaq ən böyük fəlakətdir, ən ağır dərddir.

Bəşər tarixində cahilliyi, azğınlığı, Allah dostlarına düşmənliyi ilə tanınmış o qədər zavallı fironlar, padşahlar, sultanlar var ki. İnsan üçün azğınlığın son həddi özünü Allah elan etməkdir, bəşər bunun da şahidi olub. Bu cür azğınlar Allah dostlarına zülm ediblər. Amma Qurani-Kərimdə bildirildiyi kimi, onların bir hiylələri varsa, Allahın da onlara qarşı bir planı var. Bu baxımdan tarix ibrət səhnələri ilə zəngindir. Özünü Allah, Peyğəmbər elan etmiş zalımları Allah rəzil, rüsvay edib, ələ salıb, elə bir hala gətirib ki, vicdanı olan hər kəs o aqibətdən özünə nəticə çıxara bilir.

Tarixdən bu cür ibrətli örnəklərdən bir neçəsini diqqətinizə təqdim edirik.

***

Həzrəti-Məhəmmədin (s.ə.s.) bu dünyaya təşrifi ərəfəsində baş vermiş Fil hadisəsi haqda Quranda da ətarflı bilgi var. Yəmən tərəflərdən Əbrəhə adlı birisi Kəbəni dağıtmaq niyyətinə düşür. Məqsədi də budur ki, bu Allah evi yer üzündən silinəndən sonra insanlar onun ölkəsindəki məbədə ziyarətə gələr, o da çoxlu sərvət qazanar. Böyük bir qoşunla Kəbə üzərinə yürüşə çıxır, amma Allah-Təalanın göndərdiyi quşlar o qoşunu darmadağın edir, Əbrəhə də ölür. Əbrəhənin qoşunundan iki əsgər kor olur və qalan bütün ömürlərini Kəbənin qapısı ağzında dilənməklə keçirir.

***

Həzrəti İbrahim büt dünyasına üsyan edib insanları bir olan Allaha iman etməyə çağırırdı. Nəmrud da özünü Allah elan eləmişdi. Həzrəti İbrahimi oda atdıran Nəmrudu Allah-Təala bir topal ağcaqanadla məğlub etdi. Ağcaqanad onun burnundan girib beyninə yetişdi və Nəmrud başını daşlara vura-vura gəbərib getdi. İstehzaya baxın: özünü Allah elan etmiş zavallı bir topal ağcaqanadla həlak oldu.

***

Rəsulullah (s.ə.s.) yaxın dostu Həzrəti Əbubəkrlə birlikdə Məkkədən çıxıb Mədinəyə hicrət edəcəkdi, amma onu izləyən Məkkə müşriklərindən qurtarmaq üçün Mədinə səmtinə deyil, tamamilə əks istiqamətə yol aldılar. Gəlib Sevr mağarasında daldalandılar. O dövrdə ərəblər arasında ən geniş yayılmış peşələrdən biri də ləpirçilik idi. Bu işin professionalları dəvənin qığını iyləyib onun cinsini, haradan gəlib haraya getdiyini, dişidirsə, hamilə olub-olmadığını müəyyən edə bilirdilər. Bu məsələdə o qədər inkişaf etmişdilər ki, bir proqnozları belə yanılmırdı. Havanı iyləyə-iyləyə, izləri yoxlaya-yoxlaya gəlib Sevr mağarasının ağzına çatdılar. İzçi yanılmamışdı. Kafirlər ən qəddar düşmənlərini əliyalın halda sığındıqları mağaranın ağzında yaxalamışdılar. Mağaranın içindəkilərlə qapısı ağzına gələnlər arasına Allah-Təala keçilməz bir sədd çəkdi. Müşriklər baxdılar, mağaranın ağzındakı hörümçək torunu gördülər və dedilər ki, əgər Məhəmməd (s.ə.s.) bura girsəydi, bu tor dağılmış olmalı idi. Amma haradan ağıllarına gələydi ki, bu tor Allah-Təalanın əmri ilə bir az əvvəl hörümçək tərəfindən tamamlanıb. Kilometrlərlə yolu addım-addım gələn kafirləri Allah-Təala bir hörümçək toru ilə aldadıb geri göndərdi. Bu istehzanı ancaq sonsuz İdrak Sahibi düşünə bilər.

***

Hər kəs üçün bu hadisələrdən çıxaracağı ibrətlər var:

Allah namaz qılmağı, Ona səcdə etməyi əmr edir, qılmayanı, səcdə etməyəni sürüm-sürüm süründürər; oruc tutmağı əmr edir, tutmayanı aclığa məhkum edər; zəkat verməyi əmr edir, verməyəni qapılarda dilənçi edər...

***

Nəmrud da, Firon da, Əbucəhl də çoxdan gəbərib getdilər. Amma nəmrudlar, fironlar, əbucəhllər bu gün də bu yer üzündən əskik deyillər. Onlar gələcək, gedəcəklər, amma hər zaman da qarşılarına bir Haqq dostu çıxıb, onlarla savaşacaq. Unutma, qalib olmaq, güclü olmaqla olmur, haqlı olmaqla olur.

Sənə düşən də o quş kimi rəngini, yerini, sıranı, mövqeyini, kimin yanında dayandığını bəlli etməkdir. Özünə bax və qərarını ver: Sən kimsən, kimin tərəfindəsən?

Müəllif: ƏLİ ÇƏRKƏZOĞLU
Mənbə: Zaman qəzeti

Top