Bir hədisi şəriflərində Rəsulullah bu dünyanı uzun bir səfər zamanı insanın dibində oturduğu ağac kölgəsinə bənzədir.
Çox poetik və elə poetik olduğu qədər də düşündürücü tablodur, elə deyilmi? Hələ bu harasıdır? Başqa bir yerdə də dünya həyatı yuxuya bənzədilir. İnsan öldükcə yuxudan ayılırmış.
Şair də “uzun, incə bir yoldayıq“ deyir. Uzun, incə yolun bir hissəsi də bu dünyaya düşür. Yəni bu dünya o uzun, incə yolun çox qısa bir hissəsidir.
Ölümlə ayılırıq, ölümlə oyanırıq. Ölüm Allah-Təalanın ədalətinin təcəllisidir, ölüm haqdır, qaçılmazdır. Ölüm o “uzun, incə yolun“ bir mərhələsindən başqa bir mərhələsinə bizi ötürən qapıdır. Amma bir şey də var ki, o uzun, incə yolu biz getmirik, o yol özü bizi aparır. Əgər bizdən olsaydı, durduğumuz yerdəcə mıxlanıb qalar, dünyaya dördəllə yapışardıq. Həm də nə yaxşı ki, bütün bunlar bizim iradəmizin üstündə, Allah-Təalanın ədaləti ilə tənzimlənmiş həqiqətlərdir.
Ağıllı adam oturub dincini aldığı o ağacın kölgəsində gedəcəyi mənzili, keçəcəyi yolları düşünər. Bura nə var ki, rahatdır, oturmusan. Gün başını yandırmır. Amma qarşıda nələr, nələr gözləyir səni. Hər şeyin hesabını soruşacaqlar, aldığın nəfəsin də, o ağac kölgəsinin də, ağacdan ovcuna düşən o gözəl nemətin də, hər şeyin hesabını...
Elə isə ölümün o üzündəki həyat haqqında məlumat sahibi olmaqda, özümüzlə götürməli olduğumuz yol azuqəsi haqqında məlumatlanmaqda, bilgi sahibi olmaqda gecikməməliyik. Təsəvvür edin ki, baş verib-verməyəcəyi ehtimal edilən zəlzələyə qarşı hər birimizin zəlzələ çantası olması lazımdır. Bəlkə də görməyə ömrümüzün yetməyəcəyi bir zəlzələ üçün belə hazırlıq işləri görülməlidirsə, bəs onda hər kəs üçün qaçılmaz olan və mütləq qovuşacağımız ölüm adlı bu son üçün niyə məlumatlanmayaq və hazırlıq görməyək?
Ölümdən sonrakı həyat hələ bəşəriyyətin erkən çağlarında belə qəbilə halında yaşayan insanlar tərəfindən bir reallıq, həqiqət kimi qəbul edilmişdir. Ölən üçün ən gözəl şəkildə məclis keçirilməsi, qəbrin ətrafında tonqal qalanması və çiçəklərlə bəzənməsi insanın ölməyən ruhuna sayğının ifadəsidir. Bəzi coğrafiyalarda ölü üçün kurqan tikilmiş, məzara yeni həyatında ölüyə lazım olacağı düşüncəsi ilə zinət əşyaları, ərzaq, geyimlər, atı, silahları və sənəti ilə bağlı alətlər qoymuşlar. Bu gün arxeoloji qazıntılar nəticəsində ortaya çıxan mənzərələr bizə hələ qədimdən bəri insanların ölümdən sonrakı həyata inandıqlarını sübut edir.
Təbii ki, bu saydıqlarımız İlahi qanunlara uyğun inanclar deyil. İslam dinində ölüyə yeni həyatında maddi şeylərin deyil, hələ dünyada ikən qazandığı mənəvi sərvətin fayda verdiyi xüsusi vurğulanır. Bütün peyğəmbərlər öz ümmətlərini ölümdən sonrakı həyat üçün hazırlıq görməyə çağırmışlar. Həşr meydanında insanların toplanacağını, dünyadakı bütün əməllərinə görə hesaba çəkiləcəklərini, gözəl əməlləri çox olanların cənnətə, digərlərinin isə günahları dərəcəsinə uyğun cəhənnəmə göndəriləcəyini elan edərək, onları bu dünyada xeyirli insan olmağa təşviq etmişlər.
Hər müsəlman bunlara səmimi qəlbdən inanır. Öldükdən sonra dirilmək elmi baxımdan da inkar olunmayan həqiqətdir. Əslinə qalanda biz hər gecə yatarkən yarıölü vəziyyətində olmuruqmu? Səhər oyanınca dirilib yenidən həyata qayıdırıq. Biz öləndən sonra ətimiz çürüyəcək, sadəcə skeletimiz qalacaq, təkrar dirilib skeletimizin canlı insana dönməsini imkansız hesab edirsinizmi? Niyə imkansız olsun axı? Hər il yazqabağı qupquru, skeletə dönmüş ağac və budaqlarının çiçək və yarpaqlarla bəzənməsi Allah üçün necə asan bir işdirsə, insanları yenidən diriltmək və Həşr meydanında toplamaq da elə asandır. Həm də insanı yenidən diriltmək onu ilk dəfə yaratmaqdan çətin deyil ki? Bir damla sudan əti, sümüyü, qanı, saçı, dırnağı, damarları… hər birisini ayrı-ayrı yaratmayıbmı? Yoxsa hazır skeletin üzərinə ət libası geyindirmək Ona çətinmi gələcək? Haşa və kəlla! Təbii, insanın bunlara inanıb-inanmamaq haqqı var, amma söhbətin bu yerində bir misal söyləyim, siz də eşidin və düşünün...
Sürətlə getdiyiniz bir yolun üstündə böyük bir tunel olsa və o tunelə girməkdən başqa çarəniz olmasa, bu tunel haqqında hər cür bilgiyə ehtiyacınız olarmı, olmazmı? — Əlbəttə, olar. Uzunluğu nə qədərdir, içində işıq sistemi varmı, havalandırma kifayət qədədirmi, bu tunel hansı səmtə doğru uzanır? Doğru, yanlış, hər bilgiyə inanırsınız. Bəli, sürətlə qət etdiyimiz bu ömür yolunda ağzını açıb bizi gözləyən qəbir qapısına doğru irəliləyirik. Yolu dəyişdirmək, içəri girməmək kimi bir seçimimiz, imkanımız da yoxdur. Elə isə bu uzun tunellə bağlı xəbər verən peyğəmbərlərin sözlərinə qulaq asmalıyıq. İnanıb-inanmamaq hər kəsin öz işidir, amma vicdanı olan inanmasın görüm necə inanmır...
Kor bir insana Günəşin işıqlarından, rənglərdən, çiçəklərdən bəhs etsəniz və o, bunları inkar etsə, öz aləminə görə haqlıdır. Çünki bunların heç birini görmür. Amma onun görməməsi heç də o demək deyil ki, bu dediklərimiz yoxdur.
Bir yəhudi Həzrəti Əlidən soruşur:
— Ya Əli! Əgər sənin söylədiyin bu axirət həyatı yoxdursa?
Həzrəti Əlinin cavabı qısa, amma olduqca mənalıdır:
— Əgər yoxdursa, mən bir şey itirmərəm, amma varsa?
Bəli, yollarda azuqəsiz qalmayın, o biri tərəf üçün də düşünün və azuqə tədarükü görün. Ölüm gerçəyini düşünməməyə çalışmaq və bu gerçək haqqında yoxmuş kimi davranmaq məsələnin çözümü deyil. Ölüm elə bir gerçəkdir ki, həyat sadəcə onun sayəsində düşünülə, idrak edilə bilir.
Mənbə:Zaman qəzeti