Yəqin ki, hamınız görmüsünüz. Avtomobillərdə sürət göstəricisi var (Buna başqa cür spidometr də deyirlər). O boyda avtomobilin sürətini balaca bir əqrəb göstərir. Özü küçük olsa da, gördüyü iş böyükdür. Sürücü işini ona görə nizamlayır. Bizim biliyimizi, bacarığımızı, qabiliyyətimizi gösərən “əqrəb də“ dilimizdir. O danışmağa başlayanda xarakterimizdə nə varsa, ortaya çıxır. Artıq “əsl üzümüzü“ uzun müddət gizləmək də mümkün olmur. Bəlkə də bir az riyakarlıq və ya bir az yalanla bu müddəti uzatmaq olur, ancaq bu da çox çəkmir, “papaq düşür, keçəl görünür“…
Elə isə nə edək, danışmayaqmı? Təbii ki, danışaq. Ancaq ağzımızdan çıxan sözlər ürək sındırmasın, ara vurmasın, boşboğazlığa aparıb baş şişirtməsin, kimisə ələ salmasın, kimisə aldatmasın… Bir sözlə dilimizin nə qabiliyyətləri, nə də qəbahətləri bitib tükənmək bilmir.
Bəzən dilin sayəsində iki küsülü barışır, nəticədə küskün könüllərə sevgi dolur. Bəzən ana duası kimi təcəlli edir, bir övladın taleyi dəyişir. Bəzən kiməsə şahidlik edir, bir insanın həyatı dəyişir...
Bəs yalan danışanda, lənət oxuyanda, qiybətlərlə kirlənəndə, xoş olmayan sözlərə bulaşanda… Hamısı hesab dəftərinə “mənfi xallar“ kimi qeyd edilir və az da yaşasa, çox da yaşasa, gördüyü işlərin hesabını verəcəyi gündə peşmanlığa səbəb olur...
Dil bütün varlığımızın, ruh dünyamızın, elmimizin, qabiliyyətimizin göstəricisidir. Dilin ən böyük məharəti isə əslində sükutdur. Ancaq susmaq o qədər də asan deyil. İllah da o adam cahildirsə, onun üçün susmaq qeyri-mümkündür. Əgər o adam cahildirsə, danışmaq lazım olsa da, olmasa da, danışacaq. Bilən insanların yanında bilmədiyi mövzulardan bəhs edib özünü alçaltmaqmı deyirsiniz, yoxsa, ağzına nə gəldi danışıb durduğu yerdə başqasının əhvalını pozmaqmı, nə istəsəniz, var cahilin dilində...
Ondan tələb olunmayan mövzularda ağıl verməyə çalışır, ya da birinin ona faydası dəyə biləcəyini hiss etsə, maddi problemlərindən danışaraq ondab “mədəd umur“. Danışmağa heç bir şey tapmasa, cürbəcür təlxəkliklər edərək insanları güldürməyə çalışır. Boş-boş danışır, nəsə umduğu adamları mədh edir, qəzəblənəndə isə ağzından çıxanları öz qulaqları belə eşitmir. Nə dediyini özü belə xatırlamır. Ancaq iş doğrudan da danışmaq lazım olan bir məsələyə gələndə (məsələn, səhv edəndə üzr istəmək, bir yaxşılıq görəndə təşəkkür etmək və s. kimi) cahil susmağa üstünlük verir.
Dili ilə verdiyi o qədər zərəri görmür, ancaq insanların xeyrinə iki kəlmə söz danışmaq zəhmətinə də qatlaşmır. “Batili təsvir etmək də batildir“ qaydası ilə bu qədərlə kifayət edək. Cahili özü ilə baş-başa buraxıb gələk ağlı başında olan insanların dilindən necə istifadə etməsinə...
İnsan istəsə, dilini ən gözəl yerlərdə istifadə edə bilər. Ancaq bunun üçün insan əvvəlcə ruh dünyasını kamilləşdirməli, cahillik əlamətlərindən sıyrılmalıdır. İş yenə də gəlib çox kitab oxumaq məsələsinə çıxdı. Nə edək, oxuyub öyrənmədən olmur bu işlər. Əgər bir insan özünü yetişdirirsə, artıq onun söhbətindən doymaq olmur. Dərdi olana təsəlli verməkdə, qəlbinə su səpməkdə də məharətlidir. Küsülüləri onlar barışdırır. Åžirin dilləri ilə onlar düzəldir insanların arasını. Gülər üzləri bizə çoxdan unutduğumuz şükrü xatırladır. Dua etməyə başlayanda səmalar lərzəyə gəlir, öyrəndiklərini öyrədəndə mələklər də, məliklər də onlara qulaq kəsilir...
Bəli, dil təkcə bir vasitə, bir alətdir. Onu səsimizlə birləşdirərək sözlər, cümlələr meydana gətirən bizik. Nə töksək qəlbimizə, o da çıxar dilimizə...
Biz gözəl əxlaq zinəti ilə bəzəndikcə dilin dönüb durduğu mövzular da dəyişir, gözəlləşir. O vaxta qədər isə ən yaxşısı çox qəlb sındırmamq üçün susmaqdır. Nə deyiblər “danışmaq gümüşdürsə, susmaq qızıldır...“
Mənbə: Zaman qəzeti