Dünyanın sonu olacaqmı?
«Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)! («Əraf» surəsi, ayə 54)
Düşün…
Kainat necə yaranıb? Bu sual qədim zamanlardan insanları düşündürən ən aktual məsələlərdəndir. Elə indi də bu mövzu hər kəsi maraqlandırır. Bütün bu varlıq aləmi necə yaradılıb? Yaradılış prosesi necə baş verib? Əslində, yaradılış barədə düşünəndə insan Yaradanını xatırlayır, Onun əzəmətini anlayır və bütün bu kainatın boş yerə ərsəyə gəlmədiyini dərk edir. Allah-Təala buyurur: «O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): «Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru! » («Ali-İmran» surəsi, ayə 191). Qeyd edək ki, Quranda yaradılışla bağlı açıqlanan bütün məqamlar müasir elmlə, elmi postulatlarla tam şəkildə uyğun gəlir. Elə bir təsdiqlənmiş elmi kəşf yoxdur ki, hansısa bir ayə ilə ziddiyyət təşkil etmiş olsun. Amma əlbəttə, elmi mənbələrlə dini mənbələrdə irəli sürülən fikirlərin ifadə dili bir-birindən müəyyən cəhətlərinə görə fərqlənir.
Qoca dünya 6 gündə yarandı?
Həm Quran, həm də müasir elm kainatın yaş məsələsində eyni fikirdədir. Kosmoloqlar kainatın yaşını 16-17 milyard il hesablayırlar. Quranda isə kainatın 6 gündə yaradıldığı açıqlanır. İlk baxışdan fərqli görünən bu zaman göstəriciləri arasında, əslində, çox qəribə bir uyğunluq var. Həqiqətdə, kainatın yaşı ilə bağlı əlimizdə mövcud olan bu rəqəmlər bir-birini tamamlayır. Yəni kainat, Quranda bildirildiyi kimi, 6 gündə yaradılıb və bu müddət bizim zamanı səciyyələndirdiyimiz milyardlarla ilə bərabərdir. Başqa sözlə, 6 gün dedikdə hər bir sutkası 24 saatdan ibarət olan gün deyil, «dövr», «dövran», «mərhələ» mənalarını ifadə edən və milyardlarla ilə bərabər olan «gün» nəzərdə tutulur. Ərəb dilində «yəum», yəni «gün» sözü geniş zamanı ehtiva edən bu mənaları da ifadə edir. Bu baxımdan, kainatın yaradılış prosesinin 6 mərhələdə baş verdiyi aydın olur ki, bu da elmi nəzəriyyələrlə təsdiqlənir.
Yaradılış mərhələləri
Xristianlıqda yayğın olan görüşə görə, kainat Allah tərəfindən «heç nədən» (latınca — «Creatio ex Nihilo») yaradılıb. Allah beləcə yoxluqdan varlıq ərsəyə gətirib. İslam da yaradılışla bağlı buna bənzər görüş irəli sürür. Var olan hər şeyi yaradan — Allahdır! Amma bu o demək deyil ki ətrafımızda gördüyümüz hər şey ani olaraq birdən yaradılıb. Mövcudat aləmi tədricən yaradılıb və əslində, elə indi də bu proses — yaradılış prosesi davam etməkdədir. Burada Allah ilkin səbəb — səbəblər səbəbi kimi çıxış edir. Yəni hər bir şey Ondan qaynaqlanır, bütün səbəblərin səbəbi — Odur! Bu baxımdan yaradılış aləmində varlıqlar mərhələlərlə ərsəyə gəlib. Quranda qeyd olunan «mərhələlər» məsələsi Bibliyada da göstərilir və elə «gün» sözü ilə ifadə olunur. Amma orada 6 deyil, «7 gün» haqqında bəhs edilir. Bununla belə, diqqətlə oxuduqda şahidi oluruq ki, yaradılış prosesi elə Qurandakı kimi məhz «6 günə» baş verir, 7-ci gün isə Allah bütün işlərindən çəkilib, bu günü mədh edir, müqəddəs elan edir. Bibliyada yaradılış mərhələləri aşağıdakı qaydada təsvir olunur:
Birinci gün: göyün və yerin, işıq və qaranlığın yaradılışı
Başlanğıcda Allah göyləri və yeri yaratdı. Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı. Allah dedi: «Qoy işıq olsun». İşıq oldu. Allah gördü ki, işıq yaxşıdır. Sonra O, işığı qaranlıqdan ayırdı. Allah işığı «gündüz», qaranlığı isə «gecə» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, birinci gün idi.
İkinci gün: qübbə və göyün yaradılışı
Sonra Allah dedi: «Qoy suların arasında bir qübbə olsun və suları bir-birindən ayırsın». Allah qübbəni düzəltdi və qübbənin altındakı suları onun üstündəki sulardan ayırdı. Belə də oldu. Allah qübbəni «göy» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, ikinci gün idi
Üçüncü gün: quru və torpağın, dənizlər və bitkilərin yaradılışı
Sonra Allah dedi: «Qoy göyün altındakı sular bir yerə yığılsın ki, quru görünsün». Belə də oldu. Allah qurunu «yer», su yığınlarını isə «dənizlər» adlandırdı. Allah gördü ki, bu, yaxşıdır. Sonra Allah dedi: «Qoy yer üzü bitkilər yetirsin: toxumlar bitirən ot-ələf və torpaqda hər növ bəhrəli ağaclar yetişsin. Ağaclar meyvə gətirsin və toxumları meyvələrinin içində olsun». Belə də oldu. Yer üzü bitkilər yetirdi: hər növ toxum bitirən ot-ələf və hər növ ağac yetişdi. Ağaclar meyvə gətirirdi və toxumları meyvələrinin içində idi. Allah gördü ki, bu, yaxşıdır. Axşam oldu, səhər açıldı; bu, üçüncü gün idi.
Dördüncü gün: gecə və gündüzün, zamanın və əlamətlərin yaradılışı
Sonra Allah dedi: «Qoy göy qübbəsində gecəni gündüzdən ayıran çıraqlar olsun. Onlar işarələri, fəsilləri və günlərlə illəri göstərsin. Qoy onlar göy qübbəsində çıraq olub, yer üzünə işıq saçsın». Belə də oldu. Allah iki böyük çıraq düzəltdi: gündüzü idarə etmək üçün böyük çıraq, gecəni idarə etmək üçün kiçik çıraq. O həmçinin ulduzları düzəltdi. Allah onları göy qübbəsinə qoydu ki, yer üzünə işıq saçsın
Beşinci gün: sürünənlərin və quşların yaradılışı
Sonra Allah dedi: «Qoy sular çoxlu canlı məxluqlarla qaynaşsın, yer üstündəki göy qübbəsində quşlar uçsun». Allah nəhəng su əjdahalarını və suda qaynaşan hər növ bütün sürünən canlı məxluqları, həmçinin hər növ bütün qanadlı quşları yaratdı. Allah gördü ki, bu, yaxşıdır.
Altıncı gün: heyvanların və insanın yaradılışı
Sonra Allah dedi: «Qoy yer üzü hər növ canlı məxluqlar — hər növ ev heyvanları, sürünən canlılar və çöl heyvanları əmələ gətirsin». Belə də oldu. Allah hər növ çöl heyvanlarını, hər növ ev heyvanlarını və yerdə sürünən bütün canlıları yaratdı. Allah gördü ki, bu, yaxşıdır. Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin»
Yeddinci gün: yeddinci günün mədh və müqəddəs edilməsi
Göylər və yer, oradakı hər şey beləcə tamamlandı. Allah yeddinci günə qədər gördüyü işləri qurtardı və yeddinci gün gördüyü işlərdən ayrılıb istirahət etdi. Allah yeddinci günə bərəkət verdi və onu təqdis etdi, çünki gördüyü bütün yaratma işini qurtarıb həmin gün istirahət etdi.
Bəs İslam Yaradılış haqqında nə deyir?
Yaradılışla bağlı Quranda və hədislərdə bir çox məqamlar açıqlanmaqdadır. Ümumilikdə, Quran təfsirçiləri dini mənbələrimizdə qeyd edilən həmin məqamları elmi nəzəriyyələr işığında şərh edirlər. Başqa sözlə, İslam mənbələrində irəli sürülən bu fikirlər yaradılış prosesinə dair elmi nəzəriyyələrlə tam uzlaşmaqdadır. İslam alimləri Quranda keçən 6 mərhələylə bağlı ümumi bir təsnifat da verirlər. Gəlin onlarla tanış olaq:
1. İlkin mərhələdə bütün aləm bir qaz şəklindəydi. Öz dövri hərəkəti ilə parçalanma baş verir və tədricən səma cisimləri — kürələr, planetlər ərsəyə gəlir.
2. İkinci mərhələdə həmin kürələrdə, planetlərdə təkamül prosesi nəticəsində özünəməxsus bir şərait formalaşır: bəziləri yanar qazlardan ibarət Günəş və s. ulduzlar şəklini alır, bəziləri həyat üçün əlverişli olacaq bir formaya düşür.
3. Üçüncü «gün», yəni növbəti mərhələdə planetlər sistemi, o cümlədən Günəş sistemi ərsəyə gəlir və Günəş — Yer kürəsi, Günəş — digər planetlər, eləcə də planetlərarası müəyyən müvazinətə dayanan qarşılıqlı münasibətlər sistemi formalaşır.
4. Sonrakı mərhələdə hər planetin özündə təkamül prosesi ilə özünəməxsus şərait ərsəyə gəlir və Yer kürəsində də həyat üçün əlverişli mühit yaranır.
5. Sonrakı mərhələdə Yerdə çeşidli bitkilər ərsəyə gəlir, nəbatat aləmi formalaşır: «Biz yer üzünü döşədik (orada hər şeyi yerbəyer etdik), orada möhkəm dayanan dağlar yerləşdirdik, hər şeydən (bütün meyvələrdən) müəyyən ölçüdə (lazım olan qədər) yetişdirdik
(«Hicr» surəsi, ayə 19).
6. Nəhayət, canlı aləm ərsəyə gəlir — heyvanlar və yaradılışın şah əsəri — İnsan yaradılır. Milyardlarla il davam edən, bir-birini dəyişən bu «günlər», bu dövrlər öz nəticəsinə buluşur — Allah-Təala Yer üzərində Öz xəlifəsi olacaq İnsanı ərsəyə gətirir.
Hər şey insan üçün
Beləliklə, yaradılış prosesi mərhələ-mərhələ, tədricən gerçəkləşir və bu aləm tam mənada İlahi qanunlar çərçivəsində öz varlığını sürməyə başlayır. İlahi təbiət qanunları bu kainatda hər bir hərəkəti idarə edir və heç bir zərrəcik bu qanunlardan bircə addım da kənara çıxa bilmir: «Həqiqətən, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi (və onun əhatə etdiyi hər şeyi) yaradıb hökmü altına alan, (bir-birini) sürətlə təqib edən gündüzü gecə ilə (gecəni də gündüzlə) örtüb bürüyən, günəşi, ayı və ulduzları əmrinə boyun əymiş halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır (nə qədər böyükdür)! («Əraf» surəsi, ayə 54).
Həqiqətən də bütün bunlar elə Allahın böyüklüyünü, ucalığını bizlərə anladan nümunələrdir. Quranda açıqlanan maraqlı bir məqama da diqqət yetirək. Yaradılış haqqında bəhs açıldıqda, Allah-Təala Yerdə olanların hamısının məhz insan üçün yaradıldığını, insanın ixtiyarına verildiyini bildirir: «Yer üzündə nə varsa, hamısını sizin üzün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir!
(«Bəqərə» surəsi, ayə 29).
Bütün bu ayələrdə diqqət yönələcək bir məsələ də var. Allah-Təala kainatın yaradılışını açıqlayır, bu varlıq aləminin əzəmətini göstərir və bununla düşünən insanlar üçün Öz əzəmətini, Öz ucalığını açıqlayır. İlahi qanunlara sarılmağa, Allaha itaət etməyə, Onun yolu ilə getməyə səsləyir: «Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan, hər işi yerinə qoyan (sahmana salan) Allahdır. Onun izni olmadan hez bir şəfaət edən ola bilməz. Bu, Rəbbiniz olan Allahdır. Ona ibadət edin. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz?
(«Yunus» surəsi, ayə 3).
Dünyanın bir sonu var…
Beləcə, yaradılış prosesi 6 mərhələni geridə qoyub, bugünkü füsunkar, əzəmətli, mükəmməl bir formaya düşüb. Amma kainatın mövcud sistemi də əbədi deyil, müəyyən bir dövrədəkdir. Bu kainatın yaradılışı İnsanın həyat sürməsi üçün münasib şəraitin yaradılması üçün idi. İnsan həyatı isə yalnız bu dünya ilə məhdudlaşmır. Qarşıda bizləri Qiyamət günü gözləyir. Yenə də 24 saatdan ibarət olmayan, böyük bir dövrü əhatə edəcək «gün»! Elə bir gün ki mövcud kainat sistemi aradan gedəcək, Qiyamətin qopmasıyla dünya həyatı sona çatacaq və tamamilə yeni bir həyat — axirət həyatı başlanacaq. Yaradılış aləminin növbəti — əbədi, sonsuz olan mərhələsi. Kimilər üçün əbədi səadət, kimilər üçünsə əbədi məşəqqət həyatı…
Mənbə: KARVAN jurnalı (ANS PRESS mətbuat evi)