Azərbaycan ədəbiyyatında magik realizm

Azərbaycan ədəbiyyatında magik realizm

Magik realizm (bəzən “cəlbedici realizm”, “mistik realizm” də adlandırılır) cərəyanına mənsub yazıçıların əsərlərində müxtəlif sehirli, əfsanəvi varlıqların, magik əşyaların, mənsub olduğu xalqın, inandığı dinin mistik əhvalatlarının, obrazlarının əksi, əsərdə zamanın mücərrəd bir məfhuma çevrilməsi və s.  məqamlar mühüm yer tutur. Q.Q.Markes, A. Karpentiyer, X. Kortasar, M.Bulqakov kimi dünyaca məşhur yazıçıların əsərləri magik realizm cərəyanına dünya ədəbiyyatında özünəməxsus yer qazandırmışdır. Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında bu cərəyanın təsiri  Y. Səmədoğlunun, Elçinin, Anarın, İ. Hüseynovun, K. Abdullanın, İ. Fəhminin, M.Cəfərlinin və b. yaradıcılığında izlənilir.
Yusif Səmədoğlu
Yusif Səmədoğlunun “Deyilənlər gəldi başa” əsəri magik realizmin gözəl nümunələrindən biri kimi diqqəti cəlb edir. Əsərdə lal-kar Səməndərin mistik bir dünya ilə əlaqədar olması, qırx şəhidlə bağlı əfsanənin xatırlanması, Səməndərin yaşının bilinməməsi kimi elementlərlə yanaşı yazıçı əsərə folklorumuzdan gələn magik bir obrazı – hal anasını da daxil etmişdir.  Xalq inanclarına görə hal anası hamilə qadınların ciyərini çıxarıb çaya aparır,  orda yuyub balaları ilə yeyir. “Əsatirlər, əfsanələr və rəvayətlər” kitabında hal haqqında aşağıdakı məlumat verilmişdir: “Hal nənəsi su dibində, şır dibində olur. O, arvaddan əmələ gəlib. Əvvəl öz uşağını yeyib. Sonra yeddi gün yeddi uşaq yeyib. Sonra da düşüb zahıların üstünə. Gündüz arvad olur, gecə hal nənəsi…Zahı tək qalmamalıdır. Onun yanına şiş, qayçı, bıçaq qoyurlar ki, hal anası onu aparmasın. Zahı yatan otağın divarlarına cızıq çəkirlər. Hal anası başını acadan uzadıb deyər ki, ay arvad, ver uşağını əmizdirim. Əgər zahı uşağını əmizdirməyə versə, uşaq halın südündən əmsə, o saat öləcək, ya da dəli – cinli olacaq. Zahı uşağı verməyəndə hal anası onun  ciyərini çıxarıb aparır, çayda suya çəkir, zahı ölür. Onda deyirlər ki, zahını hal apardı. Bu vaxt gərək tez gedib suyu qılınclayalar, göyə güllə atalar, evdəki suları boşaldalar ki, zahının ciyərini hal suya çəkə bilməsin. Belə eləsələr, zahı ayılar.”
Qeyd edək ki, Hal anası magik personaj kimi  Mövlud Süleymanlının “Köç” əsərində də işlənilmişdir. Əsərdə Bəkil anasını hal aparmaması üçün çayın suyunu qılınclayır, hətta hal kişidən, kişi səsindən qorxduğu üçün oğlan  olduğunu düşmənlərdən gizlətsələr də, Bikə adı altında qız  övlad kimi yaşamağa məhkum olan bu gənc anasını qurtarmaq üçün çarəsiz qalıb qışqırır.

“– Bikə, tez ol, bıçaqla suyu doğra, ananı hal aparır. Bikə qurşağa qədər suya girdi, suyu eninə-uzununa doğramağa başladı...

Qışqır, suyu doğraya-doğraya bağır, kişi səsi lazımdır”
Əsərdə hal anasının zühuru ilə ətraf aləm də qəribə şəkildə dəyişməyə başlayır. O səsi ilə, nəfəsi ilə yalançı bahar, yalançı dirilik gətirir və təbiətin də nizamı pozulur.

“– Dünya, qurdun ulasın sənin! – Hal anasıydı, belə dedi, səsinin, nəfəsinin dibiylə güldü, hava açıldı. Əslində bu Hal anasının səsinə görə idi, hər şey aldanıb dingildəməyə başlamışdı. Çiçəklər az qalırdı kökündən çıxsın, ona görə də vaxtsız böyüdü hamısı, qoxuları dörd yana ah kimi yayıldı, qoz ağacının çevizləri qaqqıldaşa-qaqqıldaşa yetişdi, almalar vaxtından-vədəsindən əvvəl yetişdi…”
 Yusif Səmədoğlunun “Deyilənlər gəldi başa” əsərində hal arvadının bütün spesifik keyfiyyətləri qabarıq verilmiş, hətta, onun insanları idarə etdiyi, haqq divanına çəkdiyi göstərilmişdir.

“Hal arvadının cəzası belədir: kimi ki, dünyadan vaxtsız aparıb qara torpaq altındakı Sarı hamama gətirir, qiyamət gününə qədər, göydəki günəşin son qızmar zərrəsinin soyuyub buza dönəcəyi ana qədər, bütün kainatın işığı çözəlib sönənə qədər o bəndənin yaddaşını, xatirələrini yoxa çıxardıb xırda-xırda gümüş mücrülərə yığır, gecə-gündüz torpaq altından qalxan atəşlərin ətrafında saxlayır.”

Mövlud Süleymanlının yaratdığı hal anası obrazı inanc və rəvayətlərdən tanıdığımız mifik obrazdır, belə demək mümkünsə “klassik hal anası”dır. Lakin Yusif Səmədoğlunun yaratdığı Hal anası artıq modifikasiaya uğramış bir obrazdır. Bu əsərdə hal anası hamilə qadınların qorxduğu bəsit mifik bir canlıdan bütün canlıları haqq divanına çəkən bir ilaha çevrilir.
yazıçı Anar
Anarın “Gözmuncuğu” povestində də magik realizmin elementlərinə rast gəlinir. Əsərin qəhrəmanı, el arasında “bəd nəzər” adlanan qüdrətə sahib olan Əhliman bu sayədə əfsanəvi Diri baba ilə görüşə nail olaraq ondan Hörmüzd olduğunu və öz daxilindəki Əhrimənlə daim mübarizə aparmalı olduğunu öyrənir. Süjet irəlilədikcə yazıçı əsərə bəd nəzərdən əlavə digər magik elementlər də daxil edir: göz muncuğu və qədim, dünyanın sonu haqqında məlumatın yazıldığı xalça. Anarın bir insanın cismində birləşən Xeyir və Şərin təcəssümü olan qəhrəmanı öldükdən sonra yenidən dirilir. Qeyd edək, bu sadəcə bir ölünün xortlaması deyil, reinkarnasiyadır. Buddistlərin təliminə görə insan öldükdən sonra onun ruhu yenidən dünyaya gələrkən dəyişilib tam fərqli bir həyat yaşayır. Dirilənin Xeyirmi yoxsa Şərmi, Əhrimənmi yoxsa Hörmüzdmü olduğunu müəyyənləşdirməyi oxucuya həvalə edən yazıçı əsər boyu təhkiyə vasitəsilə bu iki zidd qüvvəni fərqləndirir. Əsərdə Xeyir I şəxsdə, Şər III şəxsdə təsvir olunur. Anar bununla Şəri də Xeyirin vasitəsilə müşahidə edərək insanın əsas qayəsinin, mayasının Xeyir olduğunu vurğulayır. Qəbirdə dirilən Əhlimanın monoloqu da maraqlıdır. Bu monoloq həm I, həm də III şəxsdə qələmə alınıb. Demək, dünyaya həm xeyir, həm də şər birgə qayıdır. Bunlardan hansının üstünlük əldə edəcəyi isə sirdir.
Kamal Abdulla
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında magik realizm cərəyanında yazılmış əsərlərdə ruhlarla, reinkarnasiya ilə əlaqədar məqamlar üstünlük təşkil edir. Kamal Abdullanın “Sehrbazlar dərəsi” əsərində dərvişlər sehrbazlıq və nekromantiya – ruh çağırma ilə məşğul olurlar. Romanda Səyyah Sehrbaz cəllad Məmmədqulunun ruhunu çağırır. Səyyah Sehrbazın ruhlar haqqında söylədikləri şaman inamlarına tam uyğundur. “Dünyada hələ doğulmamış,

amma hökmən doğulacaq adamların da ruhları olur. Bu hələ doğulmamış adamların ruhları yəqin ki, bizim ətrafımızda gəzib – dolaşır, doğulub bu dünyada artıq yaşamış adamların ruhları ilə təmasa girməyə cəhd edir...onlardan bir uşaq həvəsi  və bir uşaq inadı ilə dünya barədə, buradakı məmləkətlər barədə, həyat barədə nəsə öyrənmək istəyirlər. Ölmüş adamların ruhları bəzən səbr və təmkinlə, bəzən də hövsələsiz bir halətdə bildiklərindən və bilmədiklərindən, eşitdiklərindən və eşitmədiklərindən onlara bəzi – bəzi şeylər danışır, danışdıqca da ağızlarını açıb böyük hörmət və izzət ilə, intəhasız maraq və şövq ilə onları dinləyən, onlardan nəsə öyrənmək istəyən və dünyaya gəlmələrinin növbəsini gözləyən, bəzi zaman gözləməyə səbrləri çatmayan bu hövsələsiz ruhlara məyus – məyus, acı – acı baxırlar.”( 1, 62.). K. Vəliyevin “Elin yaddaşı, dilin yaddaşı” kitabında şaman inamlarına dair verilən məlumatlara əsasən şamançılıqda ölən adamın ruhu başqa, yeni doğulan insanın bədəninə girərək dünyaya təkrar gəlir. Ruh heç kəsin gözünə görünmədən ətrafda dolaşır. Ruhlarla ancaq şamanlar təmasda ola bilərlər. Onlar insanlarla ruhlar  arasında vasitəçidirlər. Deməli, Səyyah Sehrbaz  da şamandır. Uzun zamandan bəri Ağ dərvişin ruhunun yenidən dünyaya gəldiyini bilən və onu axtaran  Səyyah Sehrbaz Cəllad Məmmədqulunun övladını görən zaman Ağ dərvişin reinkarnasiyası olduğunu anlayır və Cəllad Məmmədqulunun ölümündən sonra uşağı götürərək Sehrbazlar dərəsinə aparır.
 
 
Müəllif: Elnarə Qaragözova
Top