Yaradıcılığı tale, taleyi də yaradıcılıq olanlar

Yaradıcılığı tale, taleyi də yaradıcılıq olanlar

Ədəbiyyata kişilər qədər qadınlar da həmişə töhfələr verib. Onların arasında Nobel və digər nüfuzlu ədəbi mükafatları alanlar da az olmayıb. Elə Azərbaycan ədəbiyyatının yükü də kişilərlə bərabər, qadınların da çiyninə düşüb. Çağdaş ədəbiyyatımızda da sevilən və tanınan imzalar az deyil. «Müzakirə”mizdə qadınların ədəbiyyatdakı fəaliyyətinə toxunduq.
Qəbuledilməz termin
Yazıçı-publisist Nəriman Əbdülrəhmanlının fikrincə, ədəbiyyatda qadın və kişi ayrımları yoxdur. Belə ki, kimin yazmasından asılı olmayaraq, yaxşı əsər var: „Ona görə də “qadın ədəbiyyatı” mənim üçün qəbuledilməzdir. Bununla yanaşı, Azərbaycan ədəbiyyatında öz qələmlərini təsdiq etmiş, yazdığı əsərlərlə özlərinə yer tutan qadın yazıçılarımız var. Onların yaradıcılığını ədəbiyyatımızın uğuru hesab edirəm». 
Qadın yazarın taleyi
Ədəbiyyatşünas alim Rüstəm Kamalın fikrincə, ədəbiyyatda bölgü düzgün deyil. Belə ki,  ədəbiyyatı fərdlər, istedadlar, şəxsiyyətlər yaradır: „Dünya ədəbiyyatında elə qadın yazarlar var ki, onların əsərlərini məmnuniyyətlə oxuyuram. Məsələn, Marina Svetayeva. O, son dərəcə böyük şairdir. Dünyada Nobel mükafatı alan qadın yazarların sayı da, adı da bəllidir. Onlar keyfiyyətcə bir çox kişilərdən daha keyfiyyətli mətn ortaya qoyublar». Tənqidçi hesab edir ki, hazırda qadın yazarların kişi yazarlarla bərabər təbliğ və çap olunmaq, həmçinin mükafat almaq imkanları var: “Ümumiyyətlə, ədəbi cameyə üçün nə varsa, hər ikisinə bərabər şamil olunur. Bu mənada qadın və kişi yazarlar arasında heç bir ayrı-seçkilik yoxdur. Bizdə kifayət qədər özünü ifadə etmək istəyən, özünü ədəbiyyata həsr edən qadınlar var. Onların varlığı məni son dərəcə sevindirir. Müasir Azərbaycan ədəbiyyatında, ümumiyyətlə, qadın yazarların kəmiyyət və keyfiyyətcə üstün fəaliyyəti xoşuma gəlir”.
Yaradıcılığı tale, taleyi də yaradıcılıq olanlar
R.Kamalın fikrincə, bizdə bəzən mentalitetdən gələn yanaşmalar da mövcuddur: «Qadın yazarlar bir qədər ya kişi yazarların kölgəsindədir, ya o qədər də ciddiyə alınmır. Ola bilsin ki, bu mənada qadınların yaradıcılığına ikili yanaşma var. Bu da bəzən qadın yazarları bir qədər kənarda qoyur. Bəzi yazarlar var ki, istedadlıdır, ancaq bacarıqlarından istifadə etmək miqyası zəif olur. Görürsən ki, bəzən hekayə, şeir yazır, kitab da nəşr etdirirlər, ancaq hadisə yaratmaq istəmirlər. Elə bil, onların işində bir ədəbi təşviş, xof var. Bununla belə, bir neçə istedadlı xanım var ki, onlar heç də kişilərdən geri qalmırlar. Ancaq çap olunmaq, reklam edilmək, təbliğ olunmaq kimi məsələlərdən yaranan problemlər bizim qadınlara da sirayət edib. Bəzən kişilər ədəbi mühitdəki maneələrə sanki dözümlə yanaşır və ya bunları dəf edib irəli gedə bilirlər. Ancaq xanım yazarlar daha tez sınırlar. Mən onlara bunu rəva bilməzdim. Elə bilirəm ki, onlar rus, türk, Avropa, hətta İran ədəbiyyatından da örnək götürməlidirlər. Sadəcə, hazırda Azərbaycan ədəbiyyatının cəmiyyətdəki statusu bir qədər sual altında qalıb”.
Ədəbiyyatşünas alim etiraf edir ki, kişilərin içində qadın yazarlara qarşı bir qısqanclıq var: „Bir az bilməzlikdən gəlməyimiz də var. Biz heç vaxt “qadın kişi səviyyəsində yazırmı» deyə müqayisə etməməliyik. Bu mənada bütün müqayisələr qüsurludur. Sadəcə, qadınların ifadə dili fərqlidir. Bu da gözəldir. Onların ifadə resurslarının və dil imkanlarının fərqliliyi, fikrimcə, ədəbiyyatı zənginləşdirir. Elə bilirəm ki, sovet dönəmindən fərqli olaraq, indiki Azərbaycan ədəbiyyatında istedadlı xanımlar daha çoxdur. Hesab edirəm ki,  Azərbaycan ədəbiyyatının sovet dönəmində təqdim etdiyi qadın yazarların 99 faizi zamanın sınağından çıxmadı”.
Tənqidçi hesab edir ki, ədəbiyyatımızdakı istedadlı xanımların varlığı ədəbi mühiti gözəlləşdirir, rəng qatır: „Çox istərdim ki, qadın yazarlar kişilərin cəsarət edib baş vurmadığı mövzulara baş vursunlar. Çünki onlar bəzən daha cəsarətli olurlar. Onlar bu millətin dünyagörüşünü formalaşdırmağa davam etsinlər: “Yazar işbazlardan  fərqli olaraq ləyaqətli, yerini bilən, sözün rəngini, ətrini dəyərləndirən xanım yazarlar ədəbi məkanda bir qədər ədəb-ərkan gözləyirlər. O qadınları ədəbiyyatın üfüqlərinə çəkmək, onları fərqli yerdə görmək cəhdləri də azdır. Sanki bu da onların passivləşməsinə, pessimist olmasına rəvac verir. Ola bilsin ki, bu məsələdə psixoloji məqamlar da var. Qadınların nəşr olunan kitabları haqqında ədəbi orqanlarda səviyyəli müzakirələr getmir. Eyni zamanda, bu xanımların özlərinin də fərqlənmə cəhdləri zəifdir. İndi ədəbiyyatda reklam da önəmlidir. Kişi yazarlar özlərini daha yaxşı reklam etdirirlər. Bu məsələdə də xanımlar uduzur. Kişilərin özlərinin reklamına səbirlə yanaşırıq, qadınlar özlərini reklam edəndə mənfi münasibət bildiririk. Bu da onların yaradıcılığına təsir edir. Bununla belə, qeyd edirəm ki, Azərbaycan ədəbiyyatında çox istedadlı xanım yazarlar var və ədəbiyyatımızı sevməkdən ötrü xanım yazarlarımızı sevmək lazımdır. Çünki xanım yazarın taleyi kişi yazarların taleyi ilə eyni müstəvidə deyil. 19-cu əsrdə də belə idi, 20-ci əsrdə də. İndi 21-ci əsrdir və yenə də elədir.  Çünki qadın yazarın yaradıcılığı taledir, taleyi də yaradıcılıqdır».
Qadınlar arasında həmrəyliyin zəifliyi
Gənc yazar Aysel Əlizadəni ədəbiyyatımızda qadınların hazırkı fəaliyyəti qane edir: „Sadəcə, qadınlar arasında həmrəylik bir qədər azdır,  bir-birlərinin əsərlərinin müzakirələri zəifdir. Məsələn, kişilərin bir kitabı çap olunursa, digər kişi həmkarları həmin əsər haqqında fikir bildirməyi özlərinə borc bilirlər. Ancaq qadın yazarlar dostluqda daha sadiqdirlər. Bir-birinin arxasınca danışmaq, bir-birini bəyənməmək kimi tərzləri yoxdur. Onların mühiti daha kübar mühitdir. Dostluqda səmimi, dürüstdürlər, bir-birinə mənəvi dəstək var. Ancaq müzakirələr azdır. Bununla məşğul olmuruq. Normal ədəbi mühitdə, əslində bu işi tənqidçilər görər. Kişilər bu mənada bir-birinin kitabına dəstək verib müzakirəyə çıxarırlar. Qadınlarda bir az bu ənənə yoxdur”.
Yazar bunu qadın yazarların bir-birinə qısqanclığı kimi dəyərləndirmir: “Bu, qısqanclıq deyil. Kişi yazarlarda bir-birinə gizli qısqanclıq daha çoxdur. Dedi-qodu daha çox kişi mühitindədir. Bir-biri ilə görüşüb bir məclisdə oturar, ancaq bir-birini bəyənməzlər. Ancaq qadın yazarların mühiti daha sağlamdır. Qadın yazarlar daha çox öz işləri ilə məşğul olurlar. Bir az da qayğıları artıqdır – ailə var, uşaqlara baxırlar, karyera haqqında da düşünürlər… Örnək kimi qadın yazarların yaradıcılığını bəyənirəm».
A.Əlizadə qadınların yaradıcılığını feminist ədəbiyyatı adlandırır. «Qadın yazarların əsərləri dünyada feminist ədəbiyyatı kimi qarşılanır. Müəllifi qadın olduğu üçün bu, feminist mövzuda müzakirə olunur. Feminist ədəbiyyatı deyəndə orada mütləq qadın qeyd olunur. Çünki söhbət qadının yaradıcılığından gedir. Ancaq feminist ədəbiyyatın özü Azərbaycanda yox səviyyəsindədir. Bizdə qadın problemi ədəbiyyata daşınmayıb. Bununla bağlı çox az örnək var. Hər şeydən yazırıq, ancaq cəmiyyətin həqiqi yarasından — qadın, kişi, ailə problemlərindən qalaq-qalaq kitab yazmalı olduğumuz halda yazmırıq”.
Yazar hesab edir ki, ədəbiyyatın ailələrə birbaşa təsiri ola bilər: „Bir dəfə “Diktator ata” adlı yazı yazdım. Yazı nəşr olunandan sonra bir çox gəncdən «Atam o yazını oxuyandan sonra otağına çəkilərək özünə qapanıb» tipli məktublar aldım. Bundan sonra münasibətlərdə xeyli dəyişiklik oldu. Hesab edirəm ki, kişilər özlərini kənardan görməlidirlər. Məncə, biz bu problemləri ədəbiyyatda göstərməliyik”.   
Ədəbiyyatın cinsi yoxdur
Şairə Fərqanə Mehdiyeva da „qadın-kişi ədəbiyyatı” bölgüsünün əleyhinədir: «Qadınların elə şeirləri var ki, onların altından imza qoymasaq, bilinməz ki, onu qadın yazıb. Yəni qadınların çox cəsarətli şeirləri var. Ümumiyyətlə, mənə elə gəlir ki, ədəbiyyatın, şeirin, nəsrin cinsi yoxdur». Bu gün qadınların ədəbiyyatımızda fəallığına gəlincə,  F.Mehdiyeva hesab edir ki, ədəbiyyata ciddi yanaşmayanlar daha çox ədəbiyyata can atırlar: «Belələrinin fəallığı daha çoxdur. Amma ciddi yazanlar öz küncünə çəkilib. Məsələn, nə haqq, nə mükafat, nə titul istəyirlər. Düzdür, veriləndə titul da, mükafat da verilir. Ümumi mənzərə belədir ki, tam ciddi ədəbiyyatla məşğul olanlar mətbuatda çap olunurlar, kitabları çıxır. Sözün abrına, həyasına hörmət qoyanlar ömrü boyu ədəbiyyata nə maddiyyat kimi baxıblar, nə də titul gözləyiblər. Onlar sırf ədəbiyyata xidmət edərək öz yolları ilə gediblər. Bu gün də yollarına belə davam edirlər».
 
 
 
Müəllif: Təranə Məhərrəmova
Mənbə: kaspi.az
Top