Müasir Türk ədəbiyyatında cümhuriyyətin qurulmasından sonra, yəni 1923-cü ildən etibarən Qərbi Avropanın təsiri altında bir sıra şeir topluluqları formalaşmağa başlamışdır. Bu topluluqlardan biri də türk cəmiyyətində vacib və əhəmiyyətli ictimai-siyasi hadisələrin, sosial, mədəni dəyişikliklərin baş verdiyi zaman dilimində, XX əsrin ilk yarısında ortaya çıxan Qərib ədəbi cərəyanı və ya «birinci yeni şeiri”dir. Orxan Vəli Kanık, Oktay Rüfət Horozcu və Melih Cövdət Anday üçlüsünün təmsilçiliyi ilə yaradılan Qərib hərəkatı cümhuriyyət sonrası türk şeirinin dönüş nöqtələrindən biri hesab olunmuşdur. Orxan Vəli Kanığın rəhbərliyi altında qurulan ədəbi topluluğun əsası 1940-cı illərdə qoyulmuşdur. Şair yaxın dostları Oktay Rüfət Horozcu və Melih Cövdət Anday ilə bərabər həm forma, həm məzmun baxımından zamanın poetik ənənəsindən fərqli bir anlayış sərgiləmişdir. Belə ki, yaxın dost olan bu üç şair 1937-1938-ci illərdən etibarən müxtəlif qəzet və jurnallarda yeni tərzdə novator şeirlər dərc etdirməyə başlamışlar. 1941-ci ildə Orxan Vəli Kanık dostu Cahit Yamaçın tövsiyəsi ilə üç şairin imzasını daşıyan Qərib adlı ortaq şeir kitabı çap etdirmişdir. Yeni tərzdə yazdıqları şeirləri bu ortaq kitabda bir araya gətirən şairlər klassik ənənəyə, keçmiş poetik qaydalara qarşı çıxmış və ədəbiyyata yeni şeir anlayışını gətirmişlər. Kitabda Orxan Vəlinin iyirmi dörd, Oktay Rüfətin iyirmi bir və Melih Cövdətin isə on altı şeiri yer almaqdadır. Qərib ədəbi topluыu da adını məhz bu kitabdan almışdır. Şeir kitabının müqəddiməsi Qərib ədəbi hərəkatının manifestosu, bəyannaməsidir və cərəyanın əsas poetik xüsusiyyətlərini, istəklərini, tələblərini özündə ehtiva etməkdədir. Orxan Vəli Kanık eyni zamanda 1939-cu ildə Varlıq jurnalında „Şeirə dair” adıyla dərc etdirdiyi yazılarını bəzi dəyişikliklər edərək ortaq kitabın müqəddiməsinə əlavə etmişdir. Kitabın ikinci nəşrində isə Orxan Vəli özünün qələmə aldığı “Qərib üçün” adlı məqaləsinə də müqəddimədə yer vermişdir. Kitab üç şairin imzasını daşısa da, müqəddimədəki düşüncələr tamamilə Orxan Vəli Kanığa aiвdir. Hətta Melih Cövdət bu düşüncələrə və ədəbi tənqidlərin bir çoxuna qoşulmamış, aralarında fikir ayrılığı olmuşdur. Avropa ədəbiyyatından təsirlənən Qərib ədəbi hərəkatının əsas xüsusiyyətləri aşağıdakılardır:
1. Danışıq dilini şeirə gətirmək, sadə dildə yazmaq
2. Atalar sözü, məsəl, folklor, şifahi xalq ədəbiyyatından faydalanmaq
3. Şeirdə ölçü, bölgü və qafiyəyə qarşı çıxmaq, mənaya əhəmiyyət vermək
4. Sərbəst vəzndə yazmaq
5. Şeirdə ironiya və istehzaya yer vermək
6. Gündəlik həyatdakı hadisələri, sıradan insanların problemlərini, sevinclərini, qəribəliklərini əks etdirmək
7. Arqo ifadələrdən, jarqonlardan istifadə etmək
8. Kiçik insan tipini yaratmaq
9. Şeirdəki bütün qayda-qanunları rədd etmək və poeziyanın musiqi, rəsm kimi incəsənət sahələri ilə əlaqəsini kəsmək
10. „Şeir xalqa səslənməlidir” şüarıyla hər şeyi şeirin mövzusuna çevirmək
Sürrealizm və dadaizmdən təsirlənən şairlər şüuraltı, xəyal, yuxu, uşaqlıq həyacanı, gənclik istəyi kimi mövzulara tez-tez müraciət etmiş və şeirin duyğulara deyil, ağıla səslənməsi vacibliyini vurğulamışlar. Sadə dildə yazan Qəribçilər şeirin bütün poetik ənənələrdən, qaydalardan uzaqlaşması labüdlüyünü dilə gətirmişlər. Qərib poetikasına görə şeirdə ahəng üçün qafiyə və vəznə ehtiyac yoxdur. Şeir bütünlüklə mənadan ibarətdir və o, insanın duyğularına deyil, ağlına səslənməkdədir. Keçmişə tənqidi gözlə və istehzayla baxan Qəribçilər üçün əsas meyar şeirdəki kəlimələr, sözlər deyil, onun arxasında dayanan güclü mənadır, həqiqətdir.
Qəribçilərə görə şeir bu günə qədər varlı təbəqənin istəyi, zövqü üçün yazılmışdır. Yeni şeir isə bu anlayışı alt-üst edərək xalqın zövqünə səslənməkdədir. Bu səbəblə də “kiçik insan” şeirin mərkəzinə yerləşdirilmişdir. „Kiçik insan”ı görməzdən gələn klassik şeir sadəcə varlı təbəqənin zövqünü dilə gətirməklə yetinmişdir.
Qəribçilər yeni düşüncələriylə, ortaya qoyduqları poetik anlayışla klassik şeirə qarşı çıxmış, Nazim Hikmətin sosialist-realist şeirini, “Beş hecaçılar”ı, Əhməd Haşimin lirikasını rədd etmişlər. Orxan Vəli „Şeir Türkiyədə yeni yarandı və bu günə qədər heç bir şəkildə şeir mövcud deyildi” ifadəsiylə keçmişi tamamilə yox hesab etmişdir. Onların bu davranışı XX əsrdə Qərbi Avropada geniş yayılmış dadaizm adlı modernist cərəyanın təsiri altında qaldıqlarının bir göstəricisidir. Keçmişə aid olan hər şeyin silinməsi prinsibi ilə yola çıxan Qəribçilər şeirlərində bu düşüncəni əks etdirən nümunələr verməyə çalışmışlar.
Orxan Vəli Kanık keçmiş poetik ənənənin hansı səbəblə yox edilməsi vacibliyini aşağıdaki şəkildə açıqlamışdır:
“Quruluşu təməldən dəyişdirmək lazımdır. Biz illərdən bəri zövqümüzə, səviyyəmizə və iradəmizə hökm etmişik; onları yaradan və formalaşdıran ədəbiyyatın cansıxıcı, hədsiz təsirindən qurtulmaq üçün ədəbiyyatların bizə öyrətdiyi hər şeyi unutmalıyıq, atmalıyıq. O ruhu atmaq, o səviyyəni itirmək, o zövqü unutmaq məcburiyyətindəyik. Sadəcə gözəllik konsepsiyamız deyil, bütün araşdırmalarımızın istiqaməti dəyişməlidir. Yeni elementlər, yeni materiallar, yeni ədəbi üsullar tapmalıyıq.”Qəribçilərin dünyagörüşünü, şeir anlayışını, düşüncələrini yazdıqları lirik parçalardan görə bilərik. Buna misal olaraq Orxan Vəli Kanığın məna zənginliyi baxımından seçilən məşhur „İstanbulu dinləyirəm” şeirindən bir nümunə vermək mümkündür:
İstanbulu dinləyirəm, gözlərim bağlı;
Öncə xəfif bir rüzgar əsir;
Yavaş-yavaş sallanır
Yarpaqlar, ağaclarda;
Uzaqlarda, çox uzaqlarda,
Suçuların heç durmayan çınqırakları;
İstanbulu dinləyirəm, gözlərim bağlı.
Dili sadədir. Şeirdə sevgili olaraq düşünülən İstanbula qarşı dərin bir həsrət vardır. İstanbul vasitəsilə biz gündəlik həyatdakı sadə insanların vaxt keçirdiyi məkanlarda dolaşır, onların yaşadığı həyat tərzi ilə yaxından tanış oluruq. Eyni zamanda bu İstanbul gəzintisi oxucunu mənəvi yolculuğa dəvət edərək onu ruhunun dərinliklərinə endirməkdə, öz daxili dünyasına aparmaqdadır.
Qərib hərəkatı türk şeirinə gətirdiyi yenilik və dəyişikliklərlə təsirini günümüzə qədər davam etdirən bir ədəbi cərəyandır. Qərib topluluğu Türk ədəbiyyatında güclü məktəb yaradaraq həm 40-cı illər, həm də sonrakı dövr şairlərinə təsir göstərmişdir. 1940-cı illərin ikinci yarısında cərəyan ilk dövrlərdəki təsirini itirsə də, 1949-cu ildə Ankarada topluluğun mətbu orqanı olaraq nəşr olunan “Yarpaq” jurnalıyla təkrar canlanmışdır. Lakin 1950-ci il 15 iyun tarixində „Yarpaq” jurnalının bağlanması və 14 noyabr Orxan Vəli Kanığın ölümü Qərib cərəyanının sonunu gətirmişdir.
Orxan Vəlinin ölümündən sonra topluluğun digər təmsilciləri Melih Cövdət Anday və Oktay Rüfət Horozcu yeni axtarışlara başlamış və “İkinci yeni” şeirinin təsiri altında qalmışlar. Qərib topluluğuna sonradan Rüştü Onur və Müzəffər Tayyib Uslu da daxil olmuşdur. Mətin Eloğlu isə həm Qərib şeirinin davamçısı, həm də təmsilçisi olaraq on ilə yaxın bu ənənəni davam etdirmişdir.